Muğam televiziya müsabiqəsinin üçüncü həftəsi maraqlı ifalarla yadda qalmışdır

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Beynəlxalq Muğam Mərkəzində IV muğam televiziya müsabiqəsi keçirilir.

AzərTAc xəbər verir ki, təsniflər həftəsinin ikinci konsert proqramı üzrə səhnəyə çıxan gənc xanəndələr tərəfindən "Qatar", "Bayatı-Qacar", "Bayatı-Şiraz" və digər təsniflər ifa edilmişdir. Peşəkar münsiflər heyətinin böyük səbir və həvəslə dinlədiyi gənclər istedadlarını nümayiş etdirmişlər.

Artıq dördüncü dəfədir ki, sənətsevərlərin görüşünə gələn muğam yarışmasında diqqəti cəlb edən məqamlardan biri də iştirakçıların SMS-lər vasitəsilə deyil, professional münsiflər heyəti tərəfindən qiymətləndirilməsidir.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən müsabiqə ölkəmizdə muğam sənətinə, musiqi və mədəniyyətimizə göstərilən qayğının bariz nümunəsidir.

Avqustun 6-dan başlanan müsabiqə muğamsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Müsabiqənin bütün konsertlərinin Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalı ilə canlı yayımlanması isə bu auditoriyanın əhatə dairəsini  gündən-günə genişləndirir.

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 7.