Ermənistan forpostu
olduğu dövlətdən
incik düşüb
İşğalçı ölkə Rusiya ilə Azərbaycanın münasibətlərindən
ciddi narahatlıq duyur
Həyata keçirdiyi işğalçılıq siyasəti
ilə özünü
regional təcrid vəziyyətinə
salan Ermənistanın
yanlış xarici siyasəti bu ölkənin durumunu daha da ağırlaşdırır.
Erməni politoloq Ruben Tovmasyan
da bildirir ki, məhz yanlış
xarici siyasət son dövrlərdə Rusiya ilə münasibətlərin
gərgin məcraya yönəlməsinə səbəb
olub. Onun sözlərinə görə, Ermənistanın
Rusiyanın dəstəyindən
məhrum olması ölkənin vəziyyətini
xeyli pisləşdirəcək.
Hadisələrin gedişi isə Ermənistanla Rusiya arasında gərginliyin pik həddə çatdığını
göstərir. Bu fonda "Rusiya,
Ermənistandan rədd
ol!" şüarları
yenə bir neçə gündür
ki, Ermənistanı bürüyüb. Ölkədə müşahihə olunan bahalaşmaya etiraz edən, əsasən də gənclərdən
ibarət qrup problemin kökünü Rusiyanın Yerevana satdığı qazın
qiymətini artırmasında
axtarır. Etirazçılar hökumətdən tarifləri
aşağı salmağı
və Rusiya ilə dil tapmağı
tələb edirlər.
Əslində, Rusiyanın Ermənistandan çıxmasını
istəyən yalnız
sadə təbəqə
deyil. Ermənistanın rəsmi dairələrində
də antikreml meyillərinin artdığı
müşahidə olunur.
Bu, xüsusilə Rusiya Prezidenti Vladimir Putinin Bakı səfərindən sonra daha da intensivləşib.
Putinin üçüncü prezidentliyi
dövründə ilk səfərini
strateji müttəfiqi
Ermənistana deyil, Azərbaycana etməsinə
qısqanclıqla yanaşırlar.
Son 3 ildə nə
Rusiya Prezidentinin, nə də baş nazirinin Ermənistana səfər etdiyini xüsusi vurğulayan erməni mətbuatı diqqəti Moskvanın Bakı ilə münasibətlərini
dərinləşdirməsinə yönəldir. Vladimir Putinin
2008-ci ildə Rusiya Prezidenti postunu tərk etdikdən sonra Ermənistana baş çəkmədiyini
yazan ölkənin
"Jamanak" qəzeti
prezident Serj Sarkisyanın 2008-ci ildə
Moskvaya yola düşərək prezident
seçkilərində ona
açıq şəkildə
dəstək göstərdiyinə
görə xüsusi minnətdarlıq etdiyini xatırladıb:
"2010-cu ildə prezident
Dmitri Medvedevin səfəri
Ermənistana Rusiyanın
yüksək vəzifəli
şəxslərinin son səfəri
oldu. Üç il keçdi,
ancaq nə Rusiya Prezidenti, nə də baş nazir Ermənistana gəldi. Amma Rusiya Azərbaycanla münasibətlərini dərinləşdirmək
üçün fəal
çalışır".
"Jamanak" ehtimal edir ki,
Putinin Bakıya səfəri Moskvanın həyata keçirdiyi prosesin bir mərhələsidir
və bu baxımdan Bakı Putin üçün son stansiya
olmaya bilər: "Danışıqlar dövr
edir və Putin payızda Ermənistana gələ bilər. Payızda Ermənistanı fövqəladə
bir hadisə gözləyir. Bu, Avropa İttifaqı Şərq Əməkdaşlığının
noyabr ayında Vilnüs sammitində
Aİ ilə assosiativ
sazişin imzalanması
olacaq. Çox güman ki,
Putinin Ermənistana ehtimal olunan səfərində Yerevan qarşısında
şərt qoyulacaq və prosesin qarşısının alınmasına
çalışılacaq. Əgər noyabrın sonuna kimi Rusiya Prezidenti
Ermənistana gələcəksə,
o halda hesab etmək lazımdır ki, assosiativ sazişdən imtina təhlükəsi artır.
Putin yalnız triumfator kimi Ermənistana gələcək
və o halda Sarkisyanın assosiativ sazişdən imtina edəcəyinə əmin
olacaq. Əminlik yoxdursa, bu səfər olmayacaq".
"Jamanak" yazır ki, hər halda assosiativ sazişin imzalanması Rusiya Prezidentinin şəxsi məğlubiyyəti demək
olacaq.
Azərbaycan və Rusiya
arasında hərbi əlaqələrin inkişafı
da Ermənistanı narahat edir.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bu xüsusda bildirir: "Əgər Rusiyadan Azərbaycana silah satışına "sadəcə
biznes" kimi baxırlarsa, onda Ermənistanın Avropa Birliyi ilə assosiativ saziş bağlaması da biznes kimi qəbul
edilməlidir". Şavarş
Koçaryan daha sonra Rusiyaya sətiraltı sözlərlə
ilişib və bu ölkə ilə yollarının ayrıla biləcəyini vurğulayıb: "Ermənistanın
düşdüyü mürəkkəb
geosiyasi durumu nəzərə alaraq ölkə hakimiyyəti xarici bazarlara, o cümlədən Avropaya çıxmaq üçün
yollar axtarır". Şavarş
Koçaryanın bu sözləri sosial media səhifələrində ermənilər
tərəfindən böyük
dəstək alıb.
"Əhsən, Şavarş, axır ki, Rusiyanı yerində oturtdun".
Ermənistanın
"The Armenian Mirror-Spectator" jurnalı
isə yazır ki, Ermənistanın regionda Rusiyanın strateji müttəfiqi olmasına baxmayaraq, ilk səfərini Putin Ermənistana
yox, Azərbaycana edib: "Baxmayaraq ki, Putin seçildikdən
sonra Yerevan dəfələrlə
onu dəvət edib. Rusiyanın nəhəng siyasi
okeanında Ermənistan
balaca balıqdır".
Bütün bunlar Ermənistanın
Rusiyaya olan ümidlərinin tamam qırıldığını göstərir.
Elçin
CƏFƏROV
Azərbaycan. - 2013.- 24 avqust.- S. 7.