Tarixi Azərbaycan torpaqları azad ediləcəkdir
Füzulinin işğalından
20 il keçir
Bunu dövlət başçısının göstərdiyi
qətiyyətli mövqe,
gündən-günə hərtərəfli
formalaşan qüdrətli
Azərbaycan Ordusu və xalqımızın
mübariz ruhu deyir
Ulu Azərbaycan torpağı minilliklər
boyu müxtəlif məşəqqətlərin şahidi
olub. Dünyanın
ən qədim tarixə malik
diyarlarından biri də Azərbaycanın
Füzuli rayonudur ki, ərazisində olan
Azıx mağarası (təəssüf ki,
20 ildir onun ermənilər tərəfindən məhv
edilib-edilmədiyi barədə dəqiq məlumata malik deyilik) ilk insan məskəni kimi bəşəri sivilizasiyanı heyran qoymaqdadır. Ötən
əsrin əvvəlində olduğu kimi, sonunda da
Qarabağ torpaqlarında minilliklərin
yaşıdı və şahidi abidələrimiz
şovinizm siyasətinin qurbanına çevrildi. İlk vaxtlar "mədəni" şəkildə
(keçmiş SSRİ-nin
beynəlmiləlçilik bayrağı altında) həyata
keçirilən bu çirkin
siyasət, nəhayət, ötən əsrin 80-ci illərindən
sonra açıq-aşkar, təcavüzkar
formada özünü
göstərdi. Məqsəd
yalnız Azərbaycan ərazilərini işğal
etmək deyildi. Burada etnik
təmizləmə siyasəti aparmaqla
yanaşı, əcdadlarımızın bu torpaqlardakı yadigarları - tariximizin
alt qatlarına məxsus maddi-mədəniyyət
abidələrimizi məhv etmək, əsrlərin izlərini
silmək, saxtalaşdırmaq, daha doğrusu, "özününküləşdirmək"
idi. "Böyük
Ermənistan" dövləti qurmaq üçün aparılan çirkin
siyasət Azərbaycanın, sözün əsl
mənasında, dilbər guşəsi olan
Qarabağın nəinki dağlıq hissəsində, onun digər ərazilərində də həyata
keçirildi.
Beləliklə, işğala məruz
qalan qədim yaşayış məskənlərimizdən
biri də ərazilərinin xeyli hissəsi 20 ildir Ermənistanın
silahlı birləşmələrinin nəzarəti
altında qalan, dünyanın etnoqraflarını bu gün də
heyrətdə qoyan Azıx mağarasının yerləşdiyi
Füzuli rayonudur.
Qarabağ dağ silsiləsinin cənub ətəklərindən
Araz çayına qədər maili düzənlik sahələri, Cəbrayıl,
Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə əhatə
olunan və qonşu İran İslam
Respublikası ilə həmsərhəd Füzulinin
tarixi çox qədimdir.
İnzibati ərazi kimi
əsası 1827-ci ildə
qoyulmuş rayonun ilk adı Qarabulaq olub. 1930-cu ildə sovet
hakimiyyəti bir sıra digər
yaşayış məntəqələrimizin adını dəyişdirdiyi
kimi, Qarabulağa da "əl gəzdirib": adı dəişdirilərək
Qaryagin qoyulub. Bu qondarma adı rayon 1959-cu ilə qədər
daşımağa məcbur oldu. Böyük söz ustadı, Azərbaycan ədəbi nəslinin
banilərindən biri Məhəmməd Füzulinin anadan
olmasının 400 illiyi şərəfinə
rayonun adının dəyişdirilməsi
yalnız füzulisevərlərin deyil,
xalqımızın ürəyincə oldu.
Axı qərib ellərdə məzarı qalan
böyük ustadın daha
çox haqqı çatırdı ki, Qarabağ ellərindən
biri onun adını
daşısın. Rayonun ərazisində müxtəlif dövrlərdə
Qaraköpəktəpədə, Qarabulaq
kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər
yerlərdə aparılan tədqiqatlar bir
daha təsdiqlədi ki,
Azərbaycan torpaqları ulu, qədim tarixini öz qoynunda, sinəsində, alt
qatlarında qoruyub saxlayır və dərin
köklərə malikdir.
Qarabağ ellərinin başı
üzərini "qara buludlar" alanda Füzuli rayonunun da taleyi
sual altında idi. Qarabağın zümrüd
tacı Şuşa əldən getmiş, Laçın "humanitar
koridor" adı altında zəbt olunmuş, Kəlbəcər beş
il mühasirədə boğularaq
köməksizliyindən düşmən əlinə keçmiş, Ağdamın isə
daşı daş üstə
qalmamışdı. Belə bir hərbi-siyasi
vəziyyətdə azğınlaşmış,
havadarlarına güvənən ermənilər irəliləyərək
Qarabağın aran yerlərini də zəbt
etməyə çalışırdılar.
Sürətlə
irəliləyən azğın düşmənin məkrli
siyasəti dünyanın sivil
xalqlarını çaşdırdığından müstəqilliyini
bərpa edən dövlətimizin yenidən imperiya
boyunduruğu altına keçmə təhlükəsi
yaranmışdı. O ağır və məşəqqətli
günlərdə ulu
öndər Heydər Əliyevin yeganə xilaskar
kimi görünməsi və
xalqımızın onun siyasi
hakimiyyətə yenidən qayıtmasını təkidlə
tələb etməsi və ümummilli liderin Azərbaycan oğullarını vətənimizin
müdafiəsinə çağırışı vəziyyəti
dəyişdi. Düşmənin sürətlə
irəliləməsinin qarşısı alındı. Üstəlik,
erməni quldur dəstələri zəbt
etdikləri ərazilərimizdən geri
çəkilməyə məcbur
edildi ki, bu da məhz müqəddəs
Füzuli torpaqlarında baş
verdi. Bu, həm
də Ali Baş
Komandanın ön cəbhədə əsgərlərlə
birlikdə düşmən qarşısına
çıxması nəticəsində orduda
yaranan vətənpərvərlik hisslərinin bərpası və ilk qələbəsi idi.
Füzulinin işğal
olunmuş digər rayonlardan
fərqi həm də ondadır ki, onun bəzi yaşayış məntəqələri
düşməndən azad edilmişdir. Rayonun işğaldan azad olunmuş ərazilərində salınan 13 qəsəbə
və 20 kənd Füzuli əhalisinin doğma torpaqla ünsiyyət
yerinə çevrilib. Həmin qəsəbələrdən
12-si işğaldan azad
edilən ərazidə yeni salınıb
və burada 51 min nəfər
məcburi köçkün ailəsi yerləşib.
1988-ci ildən
başlayan erməni təcavüzünə
qarşı barışmaz mübarizə aparan
Füzuli əhalisi doğma
torpaq uğrunda böyük itki verib. Müharibənin bu ərazidə əsas
ağırlığını rayonun
Yağlıvənd, Qacar, Divanallar,
Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli,
Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə,
Mollavəli kəndlərinin əhalisi çəkib. 1.100 nəfərdən
çox şəhid, yüzlərlə
itki vermiş Füzuli rayonunun 1.500-ə
yaxın əlil və şikəst övladı indi də Qarabağın qaytarılması uğrunda hər an
döyüşlərə atılmağa hazırdır və
onlar Ali Baş Komandanın əmrini gözləyirlər.
Axı düşməndən çox böyük zərbə alıblar. 20 il öncə
itkin düşmüş,
girov götürülmüş
113 füzulilidən bu gün
də soraq yoxdur.
Füzuliyə erməni təcavüzü nəticəsində
minlərlə uşaq zərər çəkib
ki, onlardan da 155-i yetim qalıb.
Acınacaqlısı
odur ki, Füzuli rayonunun da düşmən əlinə keçməsində
daxildəki ermənipərəst, xəyanət yolu tutan, ancaq itirdikləri vəzifənin geri qaytarılmasını düşünən
və bunun uğrunda
ermənilərlə hər an sövdələşməyə
hazır satqınların
da rolu az
olmayıb.
Təəssüf
ki, digər işğal
altına düşən ərazilərimizdəki kimi, Füzulidə də ilk
hədəfə alınan tarixi
yadigarlarımız oldu. Belə maddi-mədəniyyət
və tarixi abidələrimizdən biri də dünya
etnoqraflarının daim
marağını çəkən Azıx
mağarasıdır. Buradakı tapıntı üzərində
aparılan tədqiqatlar təsdiqləmişdir ki, o, ən azı, 350-400 min illik bir
dövrü əhatə edir.
Füzulidə
Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də
var idi. Babı
türbəsi (1273-cü il),
Aşağı Veysəllidə qülləvari Mirəli
türbəsi (XV əsr), Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Qarğabazar kəndindəki
Hacıqiyasəddin məscidi (1862-ci il), Karvansara (1864-cü il), Füzuli şəhərindəki Hacı
Ələkbər məscidi (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurları tariximizin dərin qatlarından soraq
verən, milli mədəniyyətimizin
inkişafını və ulu etnikə malik olduğumuzu təsdiqləyən
tutarlı faktlar idi.
Təəssüf ki, erməni vandalizminin qurbanlarına çevrilmiş
tarixin bu daş salnaməsinin sonrakı taleyi
bizə məlum deyil. Digər işğal olunmuş
rayonlarımızın ərazisindəki kimi,
burada da daşnak tör-töküntüləri
tarixi-memarlıq abidələrinə divan
tutmuş, müqəddəs ziyarətgahları
yerlə yeksan etmişlər. Bu isə torpağımızın hər
daşının, qayasının külünün
göyə sovrulması, yurd-yuvaların viran
qoyulması, bir sözlə, ermənilərin
vandalizm siyasətinin təsdiqidir.
Rayonun işğal
altında qalıb talan olunan
təkcə yuxarıda adları sadalanan
tarixi-mədəni, memarlıq abidələri deyil.
Ona
görə də rayonun inzibati
ərazisinə daxil olan
yaşayış məntəqələrində işğala məruz qalan
sosial, mədəni-məişət, həmçinin
kənd təsərrüfatı obyektlərinə də nəzər
salmaqla düşmənin bu
yerlərə vurduğu maddi
və mənəvi zərbəni hesablamış
olarıq. Rayonun ərazisi 1.386 kv.km, əhalisi 105 min nəfərdir.
Rayonda bir şəhər,
bir şəhər tipli
qəsəbə, 75 kənd və digər yaşayış məntəqələri
var idi. Bu yerlərdən axan
Köndələnçay, Qozluçay,
Çərəkan Xan Arazın hövzəsinin
çayları - qollarıdır.
İşğala qədər, yəni 23
avqust 1993-cü il tarixədək rayonda 70 kitabxana, 20 mədəniyyət
evi, 45 klub, xalq və dövlət dram teatrları, 685
çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi,
vərəm və dəri-zöhrəvi xəstəliklər
dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi,
38 məktəbəqədər müəssisə, 2 muzey,
stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və
digər obyektlər var idi.
Ulu öndər Heydər
Əliyevin bir
çağırışı ilə Füzulinin
indi bizdə olan ərazisi
o
ağır günlərdə işğaldan
azad edildisə, demək, təcavüzün
və separatizmin qurbanlarına çevrilmiş digər ərazilərimizi də
geri qaytarmağa qadirik! Bunu xalqımızla birlikdə Azərbaycan
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev də
deyir! Bunu həmçinin
Azərbaycanın dövlət başçısının
göstərdiyi qətiyyətli mövqe,
gündən-günə güclənib formalaşan
Azərbaycan Ordusu və
xalqımızın mübariz ruhu deyir!
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.
- 2013.- 24 avqust.- S. 7.