Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Avqustun 24-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin media və ictimai əlaqələr şöbəsindən
AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın
22 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq
edilmişdir.
Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Ədalət Partiyası
tərəfindən irəli sürülmüş
İlyas Abbas oğlu İsmayılovun Azərbaycan
Respublikasının Prezidentliyinə namizədliyinin təsdiq
edilməsi haqqında məsələyə
baxılmışdır.
MSK İlyas Abbas oğlu İsmayılovun namizədliyinin təsdiqi
barədə qərar qəbul etmişdir.
İclasda Ədalət Partiyası tərəfindən
təqdim edilmiş Mütəllim Rəhimov həmin
partiyanın səlahiyyətli nümayəndəsi, Ayaz Əfəndiyev
isə maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə alınmışlar.
Mərkəzi Seçki Komissiyası namizədliyi özü tərəfindən irəli sürülmüş İlqar
Eldar oğlu Məmmədovun
namizədliyinin təsdiqi məsələsinə
baxmışdır. Bildirilmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq
Təcridxanasında saxlanılan İlqar Eldar oğlu Məmmədovun
namizədliyinin irəli sürülməsi barədə
müraciət 2013-cü il avqustun 19-da Mərkəzi Seçki
Komissiyasına daxil olmuşdur.
Qanunvericiliyin tələblərinə əməl
edilmədən İ.E.Məmmədov tərəfindən
göndərilməsi ehtimal edilən sənədlər
düzgün rəsmiləşdirilmədiyindən və həmin
sənədlərdə müəyyən səhv və pozuntular
olduğundan namizədliyin irəli sürülməsinin namizədliyi
irəli sürülmüş şəxsin iradəsinə
uyğunluğunun yoxlanılması, habelə yol verilmiş
qüsurların aradan qaldırılması məqsədi ilə
müraciət daxil olan gün təxirəsalınmadan dərhal
sürətli poçt xidməti vasitəsilə İ.E.Məmmədovun
saxlanıldığı istintaq təcridxanasına göndərilmişdir.
Göndərilmiş
sənədlərdə yol verilmiş qüsurlar qismən
aradan qaldırıldıqdan sonra iddiaçı tərəfindən notarial qaydada təyin edilmiş səlahiyyətli nümayəndə
tərəfindən 23 avqust 2013-cü il, saat 17.50-də Mərkəzi
Seçki Komissiyasına təqdim olunmuşdur. Namizədliyin irəli
sürülməsinin təsdiq edilməsinin mümkünlüyünün
yoxlanılması məqsədi ilə MSK tərəfindən
aparılmış araşdırma başa
çatmadığından və hazırda buna
dair təsdiqedici qərarın qəbul
edilməsi qeyri-mümkün olduğundan, lakin bu hal digər
namizədlərdən fərqli olaraq məhdud
imkanlara malik olan istintaq təcridxanasında
saxlanılan şəxsin maraqları ilə bağlı olduğundan Konstitusiyanın və seçki qanunvericiliyinin ruhuna uyğun olaraq Komissiya
iddiaçının maraqlarının xeyrinə
araşdırma başa çatanadək
müddətin uzadılmasını məqsədəmüvafiq
hesab etmişdir. MSK qeyd olunan müraciətə
baxılma müddətinin uzadılması və qərarın
surətinin maraqlı şəxslərə göndərilməsi
barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir
və 113 saylı Şəki şəhər seçki
dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə
də baxılmışdır.
MSK-nın
iclasında beynəlxalq qurumların təmsilçiləri və
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
AzərTAc
Azərbaycan.
- 2013.- 25 avqust.- S. 1.