Şəkidə prezident seçkilərinə ciddi hazırlıq gedir

 

Şəki rayonunda fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələri dairə seçki komissiyalarının tərkibinə daxil olan seçki məntəqələrində oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim-planı"na uyğun davam etdirilir.

Seçkilər 113 saylı Şəki seçki dairəsi üzrə 27, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 40, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə 42 seçki məntəqəsində keçiriləcəkdir. Hər üç dairə üzrə seçicilərin ümumi sayı 108 min 93 nəfərdir. Hazırda seçici siyahılarının dəqiqləşdirilməsi davam etdirilir.

Dairə seçki komissiyalarından AzərTAc-a bildirmişlər ki, seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün məntəqələrdə hər cür şərait yaradılmış, binalar və xidməti otaqlar təmir edilmiş, seçki məntəqələri zəruri texniki avadanlıqla təchiz olunmuşdur. Məntəqələrin ərazisində seçkiqabağı təşviqat, habelə təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər ayrılmışdır. Bütün məntəqələr rabitə şəbəkəsi ilə təmin edilmişdir.

Səsvermənin gedişini izləmək üçün 113 saylı seçki dairəsində 15, 114 saylı seçki dairəsində 5, 115 saylı seçki dairəsində isə 7 məntəqədə veb-kameraların quraşdırılması nəzərdə tutulmuşdur.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 25 avqust.- S. 2.