Xeyirxahlıq və
mərhəmət işığında
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın
tanınmış oğul və qızlarının adı ilə
bağlı tarixi abidələrin bərpasını
yalnız keçmişə hörmət və tarixi həqiqətin
bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik
ruhunda tərbiyə
etməyin əsas elementi, azərbaycançılıq
ideologiyasının inkişafı kimi qiymətləndirir.
Bununla yanaşı, fond xarici ölkələrdəki unikal mədəniyyət
abidələrinin bərpası prosesində də yaxından
iştirak edir.
Fond
Fransada Dünya Mədəni İrs siyahısına daxil
edilmiş Versal sarayını, Parisdə on dördüncü
əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin,
İkinci Dünya müharibəsində
dağılmış Berlin şəhər sarayının,
Romada Müqəddəs Pyotr və Marsellina sərdabəsinin,
həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan
orta əsrlər əlyazmalarının, bərpa olunmasına
kömək etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs
Arxeologiya üzrə Papa Komissiyası arasında
imzalanmış Anlaşma Memorandumuna əsasən, hazırda
fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata
keçirilməsinə dəstək verir.
2012-ci ildə
"Eurovision" mahnı yarışmasının Bakıda
yüksək səviyyədə keçirilməsi də məhz
Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Müsabiqənin keçirilməsi üzrə təşkilat
komitəsinə rəhbərlik edən Azərbaycanın
birinci xanımının yüksək təşkilatçılığı
sayəsində respublikamız nəinki bu məsuliyyətli
işin öhdəsindən uğurla gəlmiş, eyni zamanda,
milli mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu
da təsdiqləmək imkanı qazanmışdır.
2013-cü ilin mayında isə fondun təşəbbüsü
ilə Bakıda "Eurovision" kitabının və
filminin prezentasiyası keçirilmişdir.
2013-cü il
iyulun 13-də fondun təşəbbüsü ilə
Fransanın Kann şəhərində "Azərbaycan
Kannda" mədəniyyət günlərinin keçirilməsi
mili mədəniyyətimizin təbliği baxımından
mühüm əhəmiyyətə malik olmuşdur. Heydər
Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin
təşkilatçılığı ilə baş tutan mədəniyyət
günlərinin rəsmi açılışında Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva iştirak etmişdir. Azərbaycan mədəniyyətinin
Kannda tanıdılması ilə bağlı işlər şəhərin
müxtəlif yerlərində ölkəmizin təbliğinə
həsr olunan posterlərin və banerlərin vurulması ilə
başlamışdır. İlk tədbir - 4-cü beynəlxalq
"Qız qalası" festivalının
açılışı La Kruazetdə olmuşdur. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları
salamlayaraq Kann şəhərində başlayan Azərbaycan mədəniyyəti
günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti
və adət-ənənələrimizin təqdim
olunacağını bildirmişdir.
Fondun təşəbbüsü
ilə 2013-cü il iyulun 24-dən avqustun 6-dək Qəbələdə
keçirilmiş V Beynəlxalq Musiqi Festivalı da uğurlu nəticələrlə
yadda qalmışdır. Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın festival iştirakçılarına
ünvanladığı təbrik məktubunda deyilir: "Beynəlxalq
mədəni əlaqələr, qarşılıqlı mədəni
inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətlərinin
əsas prioritetlərindən biridir. Biz zəngin mədəniyyətimiz
vasitəsilə ölkəmizi dünyada tanıtmağa nail
olmuşuq, bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə
böyük maraq göstərir. Mən də
UNESCO-nun xoşməramlı səfiri kimi dünya mədəniyyəti
xəzinəsini olduqca dəyərli əsərlərlə zənginləşdirmiş,
xalqımızın mədəni irsinin dünyada təbliğ
olunmasına, dünya mədəniyyət nümunələrinin
ölkəmizdə tanıdılmasına xidmət edən,
xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini
artıran layihələri daim dəstəkləyəcəyəm.
Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq
Musiqi Festivalının keçirilməsi ənənəvi
xarakter almışdır. Bu gün Qəbələnin adı
beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin
adları ilə bir sırada yer alır. Dünyanın
bir çox ölkəsindən çoxsaylı musiqiçilərin
iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni
irsimizin zəngin ənənələrinin qorunub
saxlanılması ilə yanaşı, müxtəlif ölkələri
təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq
üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsinə öz töhfəsini
verir".
Heydər
Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət
Fondunun layihəsi əsasında IV muğam televiziya müsabiqəsinin
başlaması da milli irsə bağlılığın səmimi
təcəssümüdür. Ümumilikdə 500-dən
çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə
vəsiqə almış, onlardan 21-i isə Bakı səhnəsində
ifa etmək hüququ qazanmışdır.
Bəşəri
sevginin təzahürü...
...1998-ci ilin
iyunu idi. Respublika sarayında (indiki Heydər Əliyev adına
saray) Rusiyanın məşhur balet ustaları Nadejda Pavlova və
Vyaçeslav Qordeyevin, habelə Moskvanın "Rus baleti"
Dövlət Teatrının iştirakı ilə balet gecəsi
keçirilirdi. Azərbaycanın Milli Qurtuluş Gününə
həsr olunmuş gecənin əsas təşkilatçısı
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti
Mehriban xanım Əliyeva idi. Konsertdə ulu öndərimiz, həmin
vaxtlar ölkəmizin Prezidenti olan Heydər Əliyev də
iştirak edirdi. Nadejda Pavlova və Vyaçeslav Qordeyev
"Rus baleti"nin artistləri ilə birlikdə
Çaykovskinin, Qriqin, Hendelin və digər xarici bəstəkarların
baletlərindən partiyaları ifa etdilər. Uğurlu
çıxışlardan sonra Heydər Əliyev incəsənət
xadimləri ilə görüşüb dedi:" Sizin
hamınızı gözəl
çıxışınız münasibəti ilə təbrik
edirəm. Bu gün bizdə incəsənət bayramı,
balet bayramıdır. Rus baletinin gözəl ustaları Nadejda
Pavlova, Vyaçeslav Qordeyev və bütün bu qədd-qamətli,
qəşəng balerinalar Bakıya ilk dəfə gəlmişlər.
Siz bu gün çox əla rəqs etdiniz. Yəqin hiss etdiniz
ki, tamaşaçılar sizi səhnədən buraxmaq istəmirdilər.
Mən çox şadam ki, siz öz gözəl
sənətinizi bizim tamaşaçılarımıza,
xalqımıza göstərdiniz. Çünki siz
böyük incəsənət ustalarısınız və
sizinlə hər görüş estetik zövqdən
başqa, həm də böyük hadisədir."
Həmin ilin
noyabrında yenə Respublika sarayının səhnəsində
bənzərsiz milli geyimlərin füsunkar gözəlliyi
göz oxşayır, hərarətli musiqi ürəkləri
riqqətə gətirir, coşgun rəqslər hamını
valeh edirdi. Həmin gün burada xalq artisti İqor Moiseyevin rəhbərliyi
ilə dünya şöhrətli Rusiya Dövlət Akademik
Xalq Rəqsləri Ansamblının konserti oldu. Məşhur
baletmeystrin truppası da Bakıya Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun dəvəti ilə gəlmişdi. Konsert "Yay" adlı sürətli, eyni zamanda,
lirik rus rəqsi ilə açıldı. Cənublulara xas
olan ehtirasla ifa edilən "Yay"dan tutmuş insanda
nikbinlik, xoş əhval-ruhiyyə yaradan "Araqon
xotası"nadək hər bir rəqs nömrəsi sürəkli
alqışlarla qarşılandı. Rəqs sənətinin
qızıl fonduna daxil edilmiş həmin rəqslər
və digər nömrələrin əksəriyyəti
Bakı tamaşaçısına yaxşı tanış
idi. Bunlar "Qədim şəhər
Kadrili", moldovanların "Cok" rəqslərindən
süita, yunan "Sirtaki"si, italyan rəqsi "Siciliya
tarantellası", xüsusi artistlik məharəti tələb
edən kalmık rəqsi və Argentina
çobanlarının bütün dünyada daim
heyranlıqla qarşılanan "Qauço" rəqsləri
idi. Köhnəlməyən və öz
orijinallığını həmişə saxlayan bir rəqs
- Rusiyanın əməkdar artisti Aleksandr Matus-Marçukun ifa
etdiyi "İki körpənin güləşməsi"
adlı nanay xalq oyunu tamaşaçılarda məftunluq hissi
və şən gülüş yaratdı. Gözəl və
yumor hissi ilə ifa olunmuş "Fin polkası", xoş
ovqat və rəqs etmək həvəsi yaradan yəhudi
"Hava-nagıla"sı, al-əlvan geyimləri, rəvan hərəkətləri
ilə insanı valeh edən Misir rəqsi, habelə
"Yuroçka" məzəli belorus rəqsi
salondakıları ürəkdən sevindirdi. Xüsusi
qeyd olunmalıdır ki, İqor Moiseyevin Bakı
tamaşaçısına şəxsi hədiyyəsi
üslubca orijinal və mürəkkəb motivlərlə zəngin,
Azərbaycan xalq rəqsi olan "Çobanı"nı məharətlə,
əsl Şərq jestləri ilə ifa etməsi oldu ki, bu da
tamaşaçıları son dərəcə fərəhləndirdi.
Konsertin sonunda
İqor Moiseyev salondakılara müraciət edib dedi: "13
illik ayrılıgımız sizə bəslədiyimiz xoş
hissləri və sizin bizə səmimi
duyğularınızı əsla azaltmayıb. Bunu biz
bugünkü uğurdan və bizi necə
qarşılamağınızdan görürük." O,
salonda əyləşən Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin
təşəkkürünü bildirdi. "Ansambl bu dəvətə
də cavab vermişdir, Bakı, kollektivimizi həmişə
yaxşı qəbul etmiş və o, buraya həmişə ən
səmimi hisslərlə gəlmişdir. Mən də,
truppamız da, xoşbəxtik ki, əlaqələrimiz nəinki
qırılmamışdır, hətta möhkəmlənmişdir."
"Rusiya
ulduzlarının nümayişi" adlı, daha sonra Rusiya
Dövlət Akademik Kamera Orkestrinin - "Vivaldi-orkestr"in
"Uşaqlar gələcəyimizdir" devizi altında və
s. xeyriyyə konsertləri, sonralar Azərbaycanda keçirilən
Qəbələ Musiqi Festifalları, F.Şopen,
D.Şostakoviç, M.Rostrapoviçin yubiley gecələri də
gənc nəslin
musiqi zövqünün formalaşmasına və
hərtərəfli inkişafına xidmət edirdi.Və
bütün bunların hamısı elə ən intellektual
sahələrdə məhz birinci olan Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın fədakar əməyinin
bəhrələri idi.
Vədlə
əməlin vəhdəti
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin
fəal deputatı kimi həm də öz seçiciləri
qarşısında verdiyi hər bir vədi əməli
işi ilə doğruldur. Azərbaycanın birinci
xanımı qısa müddətdə deputatı olduğu Xəzər
rayonunda böyük layihələrin həyata keçirilməsinə
nail olmuşdur. Məhz onun təşəbbüsü və dəstəyi
ilə yaradılan "Xəzər rayonunun İnkişaf
Fondu" Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək
əməli fəaliyyətə başlamışdır. Fondun məqsədi rayonun potensialından səmərəli
istifadə etməklə iqtisadiyyatın davamlı
inkişafı, əhalinin məşğulluğunun
artırılması, gənclərin ictimai fəaliyyətə
cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi,
mövcud turizm resurslarından daha səmərəli istifadə
edilməsi, tarix və mədəniyyət abidələrinin
qorunması və bərpası sahəsində layihələrin
həyata keçirilməsidir.
2004-2013-cü
illərdə fondun yaxından köməkliyi ilə rayonun Zirə,
Binə, Türkan, Qala və digər qəsəbələrdə
yollar çəkilmiş, habelə onların su təchizatı
yaxşılaşdırılmış, abadlıq-quruculuq
işləri həyata keçirilmişdir. Fondun
maliyyə vəsaiti hesabına, həmçinin dini və
tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi
abadlaşdırılmış, insanların asudə
vaxtlarını səmərəli keçirməsi
üçün parklarda lazımi şərait
yaradılmışdır. 2010-cu il iyulun 7-də
Bakının Türkan qəsəbəsində Heydər
Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər
səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin
açılışı olmuşdur.
Regional
inkişafa xidmət edən sosial layihələr
sırasında Qaradağ rayonu Lökbatan qəsəbəsində
20 min sakinin su təminatının
yaxşılaşdırılmasına imkan verən su kəmərinin
çəkilişini, Şamaxı rayonunda müvəqqəti
məskunlaşmış məcburi köçkün ailələri
üçün 16 mənzilli yaşayış
binasının inşasını, istilik sistemi, ev əşyaları
və zəruri avadaqlıqla təmin edilməsini xüsusi
qeyd etmək lazımdır.
Xüsusi
vurğulamaq istərdim ki, fondun bu sahədəki əzmkar fəaliyyətini
deputatı olduğum Xətai rayonunun çoxsaylı sakinləri
də qabarıq hiss edir, böyük rəğbət və
ehtiramla qarşılayırlar. Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə son illər
rayonda bir sıra təhsil və mədəniyyət müəssisələri
əsaslı təmir olunmuş, bir çox insanın
müalicəsinə kömək göstərilmişdir.
Milli
Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın 2007-2013-cü illərdə 3
dəfə amnistiya təşəbbüsü ilə
çıxış etməsi də yüksək insani dəyərlərin,
mərhəmət hissinin cəmiyyətə
aşılanmasına, ictimai şüura hakim kəsilməsinə
yönəlmişdir.
Amnistiya qərarlarının qəbulu ilə
bağlı ölkədə formalaşmış müsbət
ənənənin Heydər Əliyev Fondu tərəfindən
geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin
ictimai şüurda möhkəmlənməsinə xidmət
edir. Ümummilli liderin humanist siyasətinə yüksək sədaqət nümayiş etdirən fondun prezidenti Mehriban
xanım Əliyevanın 2013-cü ilin mayında ulu öndər
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
amnistiya təşəbbüsü irəli sürməsi də
cəmiyyətdə böyük rəğbətlə
qarşılanmışdır.
Heydər
Əliyev Fondunun millətin fiziki və mənəvi
sağlamlığı, milli-genetik ruhunun qorunması naminə
həyata keçirdiyi sosialyönümlü layihələr
sırasında səhiyyəyə yardım, bu sahənin
infrastrukturunun yeniləşdirilməsi, vətəndaşlara
göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi də
mühüm yer tutur. İxtisas etibarilə tibb elminin incəliklərinə
dərindən bələd olan Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində
mövcud olan problemləri daha yaxşı görməklə,
ictimaiyyəti həmin problemlərin həlli istiqamətində
səfərbər etməyə, ələlxüsus,
tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara
yüksək diqqətlə, həssaslıqla yanaşmağa
çalışır.
Azərbaycanda
kimsəsiz uşaqlar üçün nəzərdə
tutulmuş müəssisələrə sığınan
körpələrin problemlərinin həlli bu gün Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qarşıya
qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı" bilavasitə fondun prezidentinin təşəbbüsü
və rəhbərliyi ilə hazırlanmış, Bakıda və
ətraf qəsəbələrdə yerləşən
uşaq evi və internat məktəblərdə mövcud
problemlər öyrənilmiş, onların aradan
qaldırılması üçün konkret işlər
görülmışdır.
Fondun
"Diabetli uşaqlara ən yüksək qayğı" və
"Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə
daha böyük rəğbətlə
qarşılanmış, bu xəstəliklərdən əziyyət
çəkən insanların, ələlxüsus da, körpələrin
və uşaqların şəfa tapmasına, pulsuz müayinə, müalicə almasına
imkan yaratmışdır. Azərbaycanın birinci
xanımının dəstəyi ilə ölkədə bir
sıra yeni tibb müəssisələri, o cümlədən
Talassemiya Mərkəzi inşa olunaraq insanların istifadəsinə
verilmişdir.
Beynəlxalq
miqyasda fəaliyyət göstərən, Rusiya, ABŞ,
Türkiyə və Rumıniyada filialları olan fond müxtəlif
ölkələrdə təbii fəlakətlərdən, o
cümlədən zəlzələdən ziyan çəkən
insanlara da yardım edir.
Pakistanda zəlzələdən ziyan çəkən
insanlara humanitar yardımın göstərilməsi bu
missiyanın Azərbaycan hüdudları ilə məhdudlaşmadığını
göstərir. Həmin tədbirlərin
davamı olaraq 2012-ci il iyunun 14-də - Beynəlxalq Donorlar
Günündə Pakistanda talassemiya, hemofiliya və qan xərçəngindən
əziyyət çəkən xəstələrin müalicəsi
ilə məşğul olan bir neçə xəstəxananı
özündə birləşdirən Həmzə Xeyriyyə
Fonduna Heydər Əliyev Fondunun adından xüsusi
qanköçürmə və kiçik laboratoriya ilə təchiz
olunmuş bir təcili tibbi yardım avtomobili, habelə 2 min
qan köçürmə paketi təqdim edilmişdir.
Ümumilikdə,
fondun həyata keçirdiyi müxtəlif layihələr son
nəticədə insanlara səmimi yaxşılıq kimi bir
müqəddəs istəyin reallaşdırılmasına
yönəlmişdir. Azərbaycanın birinci xanımı
"Busıness-Year" jurnalına müsahibəsində bu məqsədi
daha dolğun şəkildə ifadə edərək
demişdir: "Uğur xatirinə uğur, hakimiyyət xatirinə
hakimiyyət və amnistiya mənim üçün heç
vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur
ki, ehtiyacı olan insanlara kömək edəsən. Bu kömək
müxtəlif cür ola bilər. Bəziləri itirdiyi
sağlamlığını qaytarmağa
çalışır, bəzisi təhsil almaq, digəri muzey
yaratmaq istəyir, biri isə gələcək nəsillər
üçün abidələri qorumaq istəyir. Bəzən infrastruktur dəyişikliklərini
müdafiə etmək zərurəti yaranır, bəzən də
maraqlı layihələrin təşkilati dəstəyə
ehtiyacı olur. Ən əhəmiyyətlisi odur ki, biz həm
böyük layihələrin həyata keçirilməsi ilə,
həm də insanlara kömək etməklə məşğuluq".
İdman,
gözəllik, sağlam gələcək...
2002-ci ilin oktyabrında Mehriban xanım
Əliyeva Azərbaycanda Gimnastika Federasiyasının prezidenti
seçiləndən sonra federasiya ilk növbədə,
idmanın bu növünün inkişafı üçün
kompleks strategiya hazırladı. Bu strategiyanı iki bərabər
hissəyə bölmək olardı. Onlardan biri
gimnastikanın ölkədə son dərəcə geniş
yayılmış idman növünə çevrilməsinə,
digəri isə beynəlxalq əməkdaşlıq sistemi
yaradılmasına istiqamətləndirildi.
Ötən
illəri təhlil edərkən demək olar: ilk qələbə
ondan ibarət oldu ki, qısa müddət ərzində
Mehriban xanımın əzmkar rəhbərliyi sahəsində
Azərbaycan gimnastikasına olan münasibət istər
ölkə daxilində, istərsə də dünyada əsaslı
şəkildə dəyişildi. Əvvəllər adı
yalnız kagız üzərində mövcud olan federasiya,
indi işgüzar fəaliyyət göstərən, səlahiyyətli,
eyni zamanda, məsuliyyətli, səmərəli qərargaha
çevrildi. Federasiya idman gimnastikasının və
bədii gimnastikanın, akrobatikanın, tamblinqin
inkişafı, onların geniş yayılması və
gündəlik idman həyatına tətbiqi sahəsində
bütün işlərə başçılıq edərək,
Azərbaycan gimnastikasının gələcəyinin təmin
olunmasında əsas strateji xətti müəyyənləşdirə
bildi. Yalnız ölkənin daxilində vəziyyət dəyişdikdən
sonra burada yüksək səviyyəli beynəlxalq
yarışlar keçirilməsi barədə məsələlər
qaldırmaq mümkün idi.
Ardıcıl
uğurlara nail olduqdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənovun
başçılığı ilə Azərbaycan nümayəndə
heyəti Afinaya - Beynəlxalq Gimnastika Federasiyasının
74-cü Konqresinə çempionatı keçirmək məsələlərini
müzakirə etmək üçün tam səlahiyyətlə
yola düşdü. Forumun iştirakçılarına Azərbaycanda
bədii gimnastikanın inkişafından, mötəbər
yarışların təşkili və keçirilməsi sahəsində
Azərbaycanın imkanlarından ətraflı
danışıldı. Bundan sonra bədii gimnastika üzrə
dünya çempionatının keçirilməsi yeri kimi
Bakının namizədliyi irəli sürüldü. Beynəlxalq
Gimnastika Federasiyasının prezidenti cənab Bruno Qrandinin
başçılığı ilə nümayəndə heyəti
2003-cü ilin yazında Bakıya gəldi. Onlar
paytaxtımızın idman obyektlərinə baxdılar,
ölkədə idmanın inkişaf səviyyəsini
gördülər. Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidenti cənab İlham Əliyev nümayəndə heyətini
qəbul etdi. Milli Olimpiya Komitəsində
görüş zamanı nəinki Bakının dünya
çempionatını keçirməyə namizədliyi təsdiqləndi,
eyni zamanda, daha bir yüksək nüfuzlu bir turnirin - Dünya
Kubokunun mərhələ yarışının keçirilməsi
də Azərbaycana həvalə olundu. Həmin
yarış 2003-cü ilin avqustunda uğurla baş tutdu.
2004-cü ildəki Dünya Kuboku yarışları da idman
tariximizdə layiqli izlər qoydu.
İdmanımızın
bir-birini əvəz edən şanlı göstəriciləri
qürurverici amillərlə davam edirdi. 2005-ci ilin mayında Bədii
Gimnastika üzrə 27-ci Dünya Çempionatının təntənəli
açılış mərasimində Azərbaycan Gimnastika
Federasiyasının prezidenti Mehriban xanım Əliyeva
çıxışında qeyd etdi iki, bu gün Azərbaycanın
idman tarixində yeni səhifə açılır - ilk dəfədir
ki, Azərbaycanın paytaxtı Bakı şəhərində
bədii gimnastika idman növü üzrə dünya
çempionatı keçirilir. Bu şərəf başqa
idman növlərinə də nəsib ola bilərdi. Ölkəmizdə
son illər idmanın fantastik sürətlə inkişafı
bunu deməyə əsas verir və mən inanıram ki, bu, gələcəkdə
belə də olacaqdır. Lakin dünya miqyaslı belə bir
hadisə ilk dəfə məhz bədii gimnastikada baş
verir. Bədii gimnastika təkcə idman növü deyildir. Bədii
gimnastika gözəllik, zəriflik, yüksək sənət
rəmzidir. Biz bu çempionatın keçirilməsini
arzulayırdıq və arzumuz həyata keçdi... Mən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
xüsusi minnətdarlığımı bildirirəm. Ölkə
Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti kimi onun
gördüyü işlər göz qabağındadır.
Sözsüz ki, biz hamımız ona minnətdarıq. Gimnastika Federasiyasının rəhbəri, ölkə
Prezidentinin xanımı kimi mən xüsusi vurğulamaq istəyirəm
ki, onun qayğısı, yardımı, onun diqqəti
olmasaydı, yəqin ki belə bir çempionatın
keçirilməsi yalnız arzu olaraq qalardı. Çox
sağ olun, cənab Prezident!
Hörmətli
Mehriban xanımın rəhbərliyi ilə 2007-ci ilin iyununda
Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı
da parlaq nəticələrlə Bakıda keçirildi.
Xatırlatmaq yerinə düşərdi ki, Bədii Gimnastika
üzrə ilk Avropa Çempionatı 1978-ci ildə Madriddə
keçirilib. Bu idman növü ilk dəfə Olimpiya
proqramına Los-Ancelesdə keçirilmiş 13-cü Olimpiya
oyunlarında daxil edilib.
Mehriban
xanım Əliyevanın "Baku" jurnalına verdiyi
müsahibədəki bəzi məqamları bir daha
oxucuların diqqətinə çatdırmaq istəyirəm:
"Azərbaycan artıq böyük idman ölkəsidir.
İdmançılarımız Olimpiya oyunlarında, beynəlxalq
idman yarışlarında böyük uğurlar qazanırlar.
Azərbaycan idmanın müxtəlif növləri üzrə
Avropa və beynəlxalq səviyyəli yarışlara ev
sahibliyi edir. Bütün ölkədə Olimpiya idman kompleksləri
tikilir. Bu məqamda Avropa Komitəsinin Baş
Assambleyasının Birinci Avropa Olimpiya oyunlarının 2015-ci
ildə Bakıda keçirilməsi barədə qərarını
xüsusi qeyd etmək istəyirəm. Bu, mühüm tarixi qərardır."
Bakıda
keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin
birinci iclasında təşkilat komitəsinin sədri, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva bildirdi ki, biz Azərbaycanda
ilk Avropa oyunlarına ev sahibliyi etməkdən qürur duyuruq.
Avropa Olimpiya Komitəsinin bu qərarını ölkəmizin
son illər müxtəlif sahələrdə, o cümlədən
idmanda qazandığı uğurların tanınması kimi qəbul
edirik. Qeyd etməliyəm ki, Azərbaycan hökuməti və
xalqı bu oyunları dəstəkləyir. Biz ölkəmizin
Avropa Olimpiya ailəsinin tarixində əsas rol
oynayacağından çox həyəcanlıyıq. Biz
üzərimizə düşən məsuliyyəti
anlayırıq. Bu da öz növbəsində,
bizdən ilk təcrübənin uğurlu olmasının təminatını
tələb edir. Öz tərəfimizdən sizi əmin edə
bilərik ki, bu məqsədə nail olmaq üçün Azərbaycan
əlindən gələni etməyə hazırdır.
Bu səbəbdən biz ötən illərdə keçirilən
Olimpiya və regional oyunların təşkilatçılarının
təcrübəsindən bəhrələnməyə hazırıq.
Mehriban xanım Əliyeva təşkilat
komitəsinin rəhbəri kimi hazırlıq proseslərinə
ciddi nəzarət edir, tikinti obyektlərinə yerindəcə
baxış keçirir, cavabdehlərə müvafiq tövsiyə
və tapşırıqlarını verir. Belə ki, bu ilin
mayın əvvəlində "Olimpiya kəndi"ndə
Mehriban xanım hazırlıq işləri ilə
tanış oldu.
Bakının
Nizami rayonunda yerləşən, Birinci Avropa Oyunlarının
keçirilməsi zamanı istifadə olunacaq "Olimpiya kəndi"
382 min 397 kvadratmetr sahəni əhatə edir. Olimpiya
kəndi Avropa oyunlarının keçiriləcəyi əsas
idman komplekslərinə - Olimpiya stadionuna, Su idmanı növləri
mərkəzinə, Gimnastika kompleksinə və Hava
limanına yaxın olmaqla yanaşı, şəhərin
müxtəlif istiqamətlərinə gediş-gəlişin
rahat və sərfəli olduğu bir ərazidə yerləşir.
On üç yaşayış binasından,
yardımçı binalardan ibarət kompleksdə iki,
üç və dörd otaqlı 1161 mənzil var. Burada həmçinin
elektrik yarımstansiyaları, qazanxana, yeraltı su anbarı,
nasosxana, hər binanın maşın parkı mövcuddur.
Kompleksdə 3520 otaqdan əlavə, 42 min kvadratmetr sahəni əhatə
edən dupleks evlərin salınması üçün də
hazırlıq işləri görülüb. Koordinasiya komitəsinin
fəaliyyəti, burada çalışan yerli və beynəlxalq
ekspertlər üçün bütün lazımi şərait
yaradılıb. Burada müxtəlif toplantıların
keçirilməsi üçün böyük və
kiçik zallar, müxtəlif kabinetlər var. Kompleksdə
voleybol, basketbol meydançaları yaradılıb, qapalı
üzgüçülük hovuzu, trenajor zalı inşa
olunur. Həmçinin kütləvi informasiya vasitələri
təmsilçilərinin fəaliyyəti də nəzərə
alınıb. Bütünlükdə kompleksdəki hazırlıq
işləri 2014-cü ilin sonunadək başa
çatdırılacaq.
Hər
bir azərbaycanlıya, Azərbaycan vətəndaşına
bir daha bəyan olur ki, doğrudan da, Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikki Azərbaycan Gimnastika Federasiyasının
prezidenti Mehriban Əliyevanın Avropa oyunlarının təşkilat
komitəsinə sədrlik etməsinin bu oyunların lazımi
səviyyədə təşkilinə zəmin
yaratdığını əbəs yerə söyləməmişdi.
"Bizim
nəslin bəxti gətirib ki..."
Xalqımızın həqiqətən də,
öz Mehriban qızı ilə fəxr etməyə haqqı
var. Bu haqla da Mehriban xanım hansı xarici ölkəyə səfər
edirsə, hansı beynəlxalq tədbirdə iştirak edirsə,
bildirir ki, Azərbaycanın dinamik inkişafında məqsədyönlü
siyasi və iqtisadi islahatların, neft strategiyasının,
neft-qaz gəlirlərindən səmərəli istifadənin
və güclü sosial siyasətin rolu böyükdür. Bütün bunların mərkəzində insan
faktoru dayanır. İnsanın
azadlığını, təhlükəsizliyini,
yaşayışını təmin etmək dövlətin əsas
vəzifəsidir. Müstəqillik - bizim
xalqımız üçün çoxdan gözlənilən
qiymətli dəyər idi. Bizim
üçün dözümlülük, tolerantlıq,
multikulturalizm təkcə son zamanlar dəbdə olan sözlər
deyil. Bu, Azərbaycan xalqının
çoxəsrlik həyat tərzi və fəlsəfəsidir.
Bizim nəslin bəxti gətirib ki, Azərbaycanın
böyük dəyişiklik proseslərinin şahidi və
iştirakçısı ola bilər. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək
lazımdır.
Dilimizdə ocaq müqəddəs sözlər
sırasında gəlir. Azərbaycanlılar
tarixən müqəddəs məkanları, qudsal ziyarətgah
yerlərini ocaq adlandırmışlar. Bu
gün Heydər Əliyev Fondu da mənəvi dünyamızda
şölə saçan ocaqdır. Həm
də elə bir ocaq ki, hərarətinə təkcə Azərbaycan
deyil, həm də bir çox uzaq-uzaq diyarlar isinir.
Hüseynbala
MİRƏLƏMOV,
Milli
Məclisin deputatı, yazıçı-publisist
Azərbaycan. - 2013.- 25 avqust.- S. 3.