Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının 4 iclası keçirilmişdir

 

Avqustun 24-də Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının 4-cü iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Komissiyada təmsil olunan aidiyyəti qurumların nümayəndələrinin iştirak etdikləri tədbirdə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunmuşdur.

İclasda çıxış edən iqtisadi inkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev qeyd etmişdir ki, Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən hərtərəfli inkişaf strategiyası qısa müddətdə ölkəmizin sosial-iqtisadi inkişafını təmin etmiş, Azərbaycanın iqtisadi qüdrətini artırmış və ölkəmiz beynəlxalq iqtisadi sistemə inteqrasiya etmişdir. Əldə olunmuş siyasimakroiqtisadi sabitlik, ölkədə bərqərar olmuş demokratikazad cəmiyyət, insan hüquq və azadlıqlarına hörmət, habelə uğurlu milli sosial-iqtisadi inkişaf modeli Azərbaycanı beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevirmişdir.

Nazir Şahin Mustafayev bildirmişdir ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biriAvropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu münasibətlərin əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Azərbaycanın Avropa Qonşuluq Siyasətinə qoşulması ilə qoyulmuşdur. 2006-cı ildə bu siyasət çərçivəsində qəbul edilmiş Fəaliyyət Planı, 2009-cu ildə qoşulduğumuz Şərq Tərəfdaşlığı Təşəbbüsü, həmçinin enerji sahəsində əməkdaşlıq sənədləri Avropa İttifaqı ilə ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişlənməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin son 10 ildə Avropa Komissiyasına həyata keçirdiyi 5 səfər, habelə 2011-ci və 2012-ci illərdə Avropa İttifaqı Şurası və Avropa Komissiyası prezidentlərinin Azərbaycana səfərləri bu münasibətlərin inkişafına böyük təkan vermiş, bərabərhüquqlu və qarşılıqlı hörmət üzərində qurulmuş səmərəli əməkdaşlığı təşviq etmişdir.

Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev ötən il Aİ ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 41 faizi ötdüyünü, bu ilin ilk 6 ayında isə 43,7 faiz olduğunu vurğulamışdır. Son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 51 faiz və 36,5 faiz olmuşdur. Avropa İttifaqının 20 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, Aİ-nin 17 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılmışdır. Azərbaycanın sürətli inkişafı bir sıra Avropa ölkələrinə də investisiya qoyuluşu üçün imkan yaratmışdır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Trans-Adriatik Təbii Qaz Boru Kəməri layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir.

Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün geniş dialoq məkanı mövcuddur. Şərq Tərəfdaşlığı Təşəbbüsünün müxtəlif platforma və panelləri, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində Əməkdaşlıq Şurası, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, AVRONEST və digər təsisatlar çərçivəsində mütəmadi görüşlər keçirilir, Avropa Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığı Təşəbbüsünün mövcud vəziyyəti, tərəflər arasında hüquqi, siyasi, iqtisadi, ticari, sosial, regional əməkdaşlıq imkanları, Avropa İttifaqının müxtəlif yardım proqramları müzakirə edilir. Bundan əlavə, hazırda müvafiq dövlət qurumları tərəfindən Avropa İttifaqı ilə Assosiasiya Sazişi, Vahid Aviasiya Məkanı Sazişi və ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı üçün yeni imkanlar yaradan Müasirləşmə üzrə Strateji Tərəfdaşlıq Sənədi üzrə danışıqlar aparılır.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mövcud vəziyyəti, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində görülən işlər, müzakirə edilən sazişlər üzrə aparılan danışıqlar, habelə bu sahədə nəzərdə tutulmuş tədbirlər barədə Komissiya üzvlərinə məlumat vermişdir.

İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov çıxış etmişdir.

İclasda Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının işinin təkmilləşdirilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasına dair Tədbirlər Planı üzrə müvafiq qərarlar qəbul edilmişdir.

 

Azərbaycan. - 2013.- 25 avqust.- S. 4.