Uğurlu xarici
siyasət strategiyası
Son
10 ildə Azərbaycanın beynəlxalq arenada
nüfuzu daha da yüksəlib
Xarici siyasətdə
varislik ənənələrinin
qorunması, diplomatiyanın əsas istinad
mənbəyi olan təməl prinsiplərinin
dəyişməz qalması Azərbaycanın hazırkı
çoxşaxəli uğurlarını təmin edən amillər
sırasında xüsusi vurğulana
bilər. Cənab İlham Əliyev ulu öndərin böyük
uzaqgörənliklə irəli sürdüyü
xarici siyasət kursunu
yeni dövrün tələblərinə
uyğun davam etdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə,
müstəqil siyasət yeritməklə milli
maraqlarını maksimum səviyyədə
qorumasına nail olmuşdur.
Ermənistanın
dünya miqyasında təcavüzkar
dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın
ərazi bütövlüyünü təmin
etmək, dünya siyasətini istiqamətləndirən
iri dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, beynəlxalq ictimaiyyətdə
respublikamızda həyata keçirilən mütərəqqi
ruhlu iqtisadi və demokratik islahatlar barədə
dolğun təsəvvür yaratmaq, xaricdə güclü
diaspor və lobbi
formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici
siyasətinin prioritet məqsədləri
sırasında xüsusi vurğulana
bilər. Azərbaycan son illərdə
regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf
etdirmək siyasətinə üstünlük
vermiş, sivil qaydalara əsaslanan enerji
diplomatiyası həyata keçirmişdir.
Azərbaycan Prezidenti xarici siyasətin
ardıcıllığını və çevikliyini
təmin etmək üçün ilk növbədə diplomatik
korpusun fəaliyyətinin yeni
dövrün tələblərinə
uyğunlaşdırılmasını təmin etməyə
çalışmışdır. Müasir beynəlxalq
münasibətlər sisteminin incəliklərinə
dərindən bələd olan cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın səfirlikləri
qarşısında duran vəzifələri
bir daha diqqətə
çatdırmış, erməni lobbisinin
cəfəng təbliğatının zərərsizləşdirilməsi
baxımından hücum xətti üzərinə
qurulan çevik
diplomatiyanın həyata keçirilməsini vacib
saymışdır.
Prezident İlham
Əliyev bildirib: "Xarici
siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir.
Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə,
ölkə qarşısında duran əsas
məsələdir. Bildiyiniz kimi, məsələ uzun
illərdir öz həllini tapmır, ədalət,
beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik
davam edir. Azərbaycan
bu məsələnin həlli üçün bütün
imkanlardan istifadə edir
və etməlidir. Diplomatik səylər
gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin
həlli üçün öz
rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar
atılır. Əgər müstəqillik dövrünə nəzər
salsaq görərik ki,
bu 20 il ərzində
Ermənistan ilə Azərbaycan arasındakı fərq, yəni,
uçurum daha da böyük olmuşdur. Növbəti illərdə bu fərq yalnız və yalnız
böyüyəcək və Azərbaycanın
üstünlükləri daha da görünəcəkdir".
Prezident İlham
Əliyevin xarici siyasət
konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində
artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin
Azərbaycanın tərəfində olduğunu
etiraf edir, Ermənistanı
təcavüzkar dövlət kimi
tanıyırlar. Xatırlatmaq yerinə
düşər ki, Azərbaycanı
AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri
nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul
etdiyi rəsmi sənəddə Ermənistan
təcavüzkar dövlət kimi
tanınmış, Azərbaycan torpaqlarının işğal altında
saxlanılmasının yolverilməz olduğu
vurğulanmışdır. Təşkilatın
1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin
ermənilər tərəfindən işğal
olunduğu və separatçı qüvvələrin
Dağlıq Qarabağ bölgəsinə
nəzarət etdiyi göstərilmiş,
münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin
və silahlı qüvvələrin işğal
olunmuş ərazilərdən
çıxarılmasının vacibliyi
vurğulanmışdır. Bu tələblər
AŞ PA-nın 2005-ci il 1690 saylı
tövsiyəsində də öz əksini
tapmışdır. ATƏT-in
faktaraşdırıcı missiyası nümayəndələrinin
2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə
səfəri zamanı isə orada ermənilərin
kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı
təsdiq olunmuş, bu
fakt təşkilatın yekun
hesabatında özünə yer
almışdır.
Ötən
illərdə Azərbaycanın haqlı mövqeyi
təkcə Avropa Şurasında deyil, BMT, Avropa Birliyi, ATƏT,
NATO, İƏT, GUAM və digər beynəlxal təşkilatlarda
da dəstəklənmişdir. 2010-cu il noyabrın 19-20-də Lissabonda
keçirilmiş NATO-nun
zirvə görüşünün yekun bəyannaməsində region
ölkələrinin, o cümlədən Azərbaycanın
ərazi bütövlüyü, müstəqilliyi
və suverenliyi dəstəklənmiş,
münaqişələrin məhz bu
prinsipləri nəzərə almaqla həllinin
vacibliyi vurğulanmışdır. Avropa Parlamenti tərəfindən
qəbul edilmiş "Avropa
İttifaqının Cənubi Qafqaz üçün strategiya
ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun
ətrafındakı ərazilərin işğal
altında olması faktı təsdiq edilmişdir.
Qətnamədə həmçinin Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən
çıxarılması, doğma
torpaqlarından didərgin düşmüş
qaçqın və məcburi köçkünlərin
tezliklə öz daimi
yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb
olunmuşdur.
Ümumiyyətlə,
rəsmi Bakının yürütdüyü
prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı beynəlxalq
səviyyəli müzakirələrin son vaxtlar yenidən
intensivləşməsi müşahidə olunur.
Aşkar
görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər
fonunda Cənubi Qafqazdakı münaqişə
ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə
mənfi təsir göstərməklə yanaşı,
bölgədə iqtisadi və siyasi maraqları olan
dövlətlərin mənafelərini ciddi
şəkildə təhdid edir.
Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq
səciyyə daşıması da məhz
bu amillə şərtlənir.
Beynəlxalq
hüquq normalarına,
qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan
xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini
son illərdə daha da inkişaf etdirməyə
nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq
təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir.
Rəsmi Bakı tarazlı xarici
siyasətlə regionda siyasi-hərbi
qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq,
qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya,
ABŞ və Avropa dövlətlərinin regionda toqquşan
maraqlarının optimal şəkildə
uzlaşdırılmasına
çalışmışdır. Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini
qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin
xarakterində hansısa şübhə və tərəddüdlərə
yer qoymur.
"Bir ölkə ilə yaxşı münasibətlərdə
olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq
lazımdır" - deyən cənab İlham
Əliyevin milli maraqları maksimum dərəcədə qorumaqla
nüfuzlu dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlıq
münasibətləri qurur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq
prinsipləri əsasında, diplomatik
danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan
qaldırılması zərurətini diqqətə çəkən
rəsmi Bakı Azərbaycanın geosiyasi
rəqabət meydanına çevrilməsinə, hansısa
dövlətə hərbi güc tətbiqində
platsdarm ərazi kimi
istifadə edilməsinə heç zaman yol verməyəcəyini
qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.
Ulu öndərin
balanslı xarici siyasət kursunu
inamla davam etdirən
dövlət başçısı İlham
Əliyev ötən illərdə dünya
siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, inkişaf etdirmək,
beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək
istiqamətində sistemli fəaliyyət
göstərir. Son illərin bir sıra hadisələri
deməyə əsas verir ki,
cənab İlham Əliyev istər ABŞ
və Qərbə, istərsə də Rusiyaya
münasibətlərdə Azərbaycanın mənafeyinə
xələl gətirə biləcək bütün
məqamları çevik və adekvat reaksiya ilə aradan qaldırmağa nail
olmuşdur.
Rusiya Prezidenti
Vladimir Putinin bu yaxınlarda ölkəmizə səfəri
bir daha ölkələrimiz
arasında əməkdaşlığın bütün
istiqamətlərdə uğurla inkişaf etdiyini göstərdi.
Bu səfər bir daha təsdiqlədi ki, iki qonşu dövlətin
mövqeyi bir çox regional və beynəlxalq
məsələlərdə üst-üstə düşür. Prezident İlham Əliyev iki
ölkə arasındakı münasibətləri belə
xarakterizə etdi: "Bugünkü
səfər bizim münasibətlərimizin
nə dərəcədə dinamik, uğurlu inkişaf etdiyini, ölkələrimizin və
xalqlarımızın amallarına nə dərəcədə
uyğun olduğunu bir daha nümayiş
etdirir. Səfər çərçivəsində
biz münasibətlərimizin çox geniş gündəliyini
nəzərdən keçirdik,
qarşılıqlı maraq doğuran bütün məsələləri
müzakirə etdik və münasibətlərimizin
gələcək inkişaf
yollarını qeyd etdik.
Rusiya ilə Azərbaycan arasında
münasibətlər dostluğa, mehriban qonşuluğa,
xalqlarımızın tarixinə, onların ortaq
taleyinə, bu gün
isə həm də qarşılıqlı maraqlara,
möhkəm bazaya əsaslanır.
Siyasi sahədə münasibətlərimizin
necə inkişaf etməsindən çox razıyıq. Biz
beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar
kimi əməkdaşlıq edirik. Bu gün
bu məsələyə xüsusi
diqqət yetirildi. Biz bir-birimizi beynəlxalq qurumlarda
dəstəkləyirik və gələcəkdə də beynəlxalq
təşkilatlarda qarşılıqlı dəstək siyasətini
davam etdirəcəyik".
Beynəlxalq
münasibətlər sistemində xüsusi
çəkisi olan İtaliya
ilə də qarşılıqlı faydalı münasibətlərin
bütün strateji əhəmiyyətli
sahələrdə inkişaf etdirilməsi
Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. Bu da
təsadüfi deyildir - İtaliya
bu gün Avroranın ən
böyük və nüfuzlu
dövlətlərindən biri olmaqla yanaşı, həm də demokratik-siyasi mərkəz statusunda
çıxış edir. Rəsmi Roma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də ilk gündən ədalətli və beynəlxalq
hüquq normalarına söykənən mövqe tutmuşdur.
İtaliya Nazirlər
Şurasının Prezidenti Enriko Leta cari
ayda Bakıya səfəri zamanı
ölkəsinin mövqeyini bir daha ifadə etdi: "Dağlıq Qarabağ
münaqişəsi başlayanda mən
universitetdə oxuyurdum, beynəlxalq
münasibətlər üzrə təhsil alırdım. Ona görə də mən bu
problemlə tanışam. Münaqişə 20 ildən çoxdur davam edir. Bu da
çox uzun bir müddətdir. Mən çox gözəl anlayıram ki, bu münaqişənin
bundan sonra da belə səmərəsiz davam
etməsi nə dərəcədə qorxunc
bir fikirdir. İtaliya bu münaqişənin
beynəlxalq praktikaya uyğun
həlli istiqamətində səylərini əsirgəməyəcəkdir.
Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq
ictimaiyyət tərəfindən dəstəklənən bir həll olmalıdır. Ənənəvi olaraq biz bu
münaqişəyə böyük diqqət
yetirmişik. Bizim
diplomatlarımız bu məsələni
diqqət mərkəzində saxlamışlar və ənənəvi
olaraq müxtəlif təkliflər irəli
sürülmüş və nəzərdən
keçirilmişdir. Gələn il Avropa İttifaqına İtaliya sədrlik edəcəkdir. Bu, bizim üçün böyük bir məsuliyyətdir. Sizi
əmin etmək istərdim ki, biz bu münaqişənin
beynəlxalq səviyyədə həllinə nail
olmaq üçün
əlimizdən gələni edəcəyik".
Uzun illər regionda siyasi orbitr rolunda
çıxış etməyə iddialı olan
bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu
tərəfdaş kimi yanaşmaq
məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq
və təhdid dilində danışmağın mənasızlığını
dərk etməsi bu gün
Azərbaycanın diplomatiyasının ən mühüm
uğurlarından biri kimi
vurğulana bilər.
İrili-xırdalı bir çox
dövlətin respublikamızla hesablaşması, ölkəmizin
mənafeyini nəzərə alması, ilk
növbədə, qətiyyətli, inamlı, praqmatik,
dünya siyasi
arxitekturasının reallıqlarına cavab
verən xarici siyasətin nəticəsidir.
Ölkə
iqtidarının xalqın dəstəyinə arxalanması, hər
bir məsələdə milli
maraqları önə çəkməsi sayəsində Azərbaycanın
xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı
yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.
Elnur
HACALIYEV
Azərbaycan. - 2013.- 27 avqust.- S. 1.