Böyük idealların xilası naminə

 

"Sürət əsri"nin insanları həyatlarını zamanla mübarizədə keçirirlər. Açığı, elə bizim cəmiyyətdə də bir çoxları günlərini iş və məişət qayğılarına həsr edir, nəinki böyük ideallar barədə düşünməyə, hətta ətrafındakı gözəllikləri görməyə, duymağa vaxt tapmırlar. Vaxtla mübarizədə uduzanlar yaşadıqları bu fani dünyanın əsrarəngizliyinin, sadəcə, bir gülün nəfis ətrində, bir ağacın titrəyən zərif yarpaqlarında, bir quşun nəğməsində, bir çeşmənin gur şırıltısındaE intişar tapdığını görməkdən məhrumdurlar.

Etiraf etməliyik ki, ali insani hisslərin saxta ideallarla əvəzlənməsi, milli-mənəvi dəyərlərin aşınmaya məruz qalması, xeyirxahlıq, mərhəmət, insanpərvərlik kimi nəcib keyfiyyətlərin nisbətən kölgədə olması təəssüratını yaradan acı həyat reallıqları ilə tez-tez üzləşirik. Qarşısıalınmaz  "qloballaşma" dalğaları üzərində üstümüzə ayaq açan yabançı həyat tərzi cəmiyyətdə böyük idealların ucuzlaşmasına, insanlar arasında mənəvi uçurumun dərinləşməsinə gətirib çıxarır.

 

Xeyirxahlıq - sağlam həyat fəlsəfəsi

 

Fəqət, inkarolunmaz bir həqiqət də var: müasir dünya nə qədər praqmatik, maddiləşmiş olsa da, mənəvi meyar və ideallar qətiyyən aktuallığını itirmir. Humanizm və insanpərvərliyə əsaslanan yüksək insani dəyərlər təsir gücünu qoruyub saxlayır. Mənəvi kamillik zirvəsinə ucalmış şəxsiyyətlər öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edir, mənalı ömür yolu ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı yanğısı ilə yanaşırlar.

Kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bizim günlərdə milli ənənə və dəyərlərin qorunub saxlanılması, gənc nəslin vətənpərvər ruhunda tərbiyəsi, mədəniyyətin, incəsənətin inkişafı və dünyada təbliği, cəmiyyətin mənəvi-intellektual intibahı yönündə əzmkar fəaliyyət göstərən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır.

"Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik, insanlar arasında uçurum yaradır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuşlaşması, onların saxta ideallarla əvəz edilməsidir" - deyən Mehriban xanım Əliyeva yüksək milli-mənəvi və bəşəri idealların qorunmasını hazırkı qloballaşma şəraitində xüsusilə vacib sayır. Azərbaycan insanı Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən savab və xeyirxah əməllərin nə qədər müstəcəb olduğunu dərk edir, özlərinin yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa çalışır.

Humanizm prinsiplərinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu bu gün kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi-mənəvi hamisi kimi çıxış edir. Xeyirxahlıq, mərhəmət, ehtiyacı olanlara yardım göstərmək, haqqı daim uca tutmaq Azərbaycan xalqına  xas olan ülvi və saf mənəvi meyarlar kimi fondun fəaliyyətində də parlaq xətt təşkil edir. Fond insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə həm də cəmiyyətdə yalnız sağlam ənənələrin bərqərar olmasına, zəngin əxlaqi dəyərlərin daim yaşamasına çalışır.

Hər bir insanın həyatda yaşam fəlsəfəsinin olduğunu deyən Mehriban xanım Əliyevanın fikrincə, heç də vacib deyil ki, kimsə bu fəlsəfəni sözlərlə izah etsin. Bu həyat fəlsəfəsi istər-istəməz, onun hərəkətlərində, əməllərində özünü büruzə verəcəkdir. Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsinin əsasında isə çox sadə bir ideya, əməl durur: insanlara yaxşılıq! Azərbaycanın birinci xanımı haqlı olaraq hesab edir ki, xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür.

Azərbaycan xalqının ölkənin birinci xanımına olan böyük rəğbət və ehtiramının sirrini də elə bunda axtarmaq lazımdır. Əlbəttə, böyük mənəvi idealların xilası naminə təmənnasız şəkildə həyata keçirilən missiyasının gözə çarpdırılmaması xoşməramlı səfirimiz üçün bir qədər əlçatmazdır. Çünki "Etmək istədiyin yaxşılıqları heç vəchlə gözə çarpdırmaq olmaz" düşüncəsi ömür boyu onun əsas həyat kredosu olmuşdur. Lakin Mehriban xanım Əliyeva, özü də söylədiyi kimi, belə bir imkandan məhrumdur: "Birinci xanım statusunda elə bir xeyriyyəçillik aksiyası keçirə bilmirəm ki, bu, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur".

 

İrs-varislik ənənəsi

 

Filosoflar əsrlər boyu böyük şəxsiyyətlərin obrazının həyat qayəsini açmağa çalışarkən son nəticədə belə qənaətə gəlmişlər ki, başlıca tərbiyəvi amil şəxsiyyətin formalaşdığı mühitdir. Hər bir şəxsiyyətin formalaşmasında onun doğulub boya-başa çatdığı mühit və ailə dəyərləri sözünü deyir. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva görkəmli söz ustadları Mir Cəlal, Nəsir İmanquliyev, akademik Arif Paşayev, mərhum şərqşünas alim, professor Aida xanım İmanquliyeva kimi işıqlı insanların mənəvi-genetik irsinin daşıyıcısıdır. O, milli-mənəvi dəyərlərin göz bəbəyi kimi qorunduğu, dünya mədəniyyətinin mükəmməl incilərinə böyük sayğı göstərildiyi elitar mühitdə tərbiyələnmiş, dahi şəxsiyyət Heydər Əliyevin ailəsində həyat məktəbi keçmiş, nəcib insan, nurlu ürək sahibi akademik Zərifə xanım Əliyevadan görüb-götürmüşdür. Bəli, Mehriban xanım Əliyevanın həyat dərsi aldığı böyük şəxsiyyətlərin hər biri insanlar üçün əlçatmaz olmuşdur. Belə olan təqdirdə, Mehriban xanım yerinə yetirdiyi nəcib missiyanı özünün könüllü seçiminə necə çevirməyə bilərdi?!

Azərbaycanın birinci xanımı öz əzmkar fəaliyyəti ilə həm də Heydər Əliyev irsinin təbliğinə və gələcək nəsillərə çatdırılmasına, ümummilli liderin həyata keçməyən böyük arzularının, ideallarının gerçəkləşməsinə çalışır. Fikrimizcə, Mehriban xanım Əliyevanın bir sıra xarici səfərlərdə ulu öndərin yanında olması, onun fitri idarəçilik məktəbini yaxından əxz etməsi, düşüncələri ilə tanış olması faktı da diqqətdən qaçırılmamalıdır. Heydər Əliyevin parlaq şəxsiyyətinə, xarakter cizgilərinə, ideallarına yaxından bələd olması Mehriban xanım Əliyevaya ümummilli liderin zəngin ideya-siyasi irsinin yaşadılması və təbliği kimi çətin bir missiyanın öhdəsindən layiqincə gəlməyə imkan verir.

Qərinələr boyu fərdin xarakterinin formalaşmasına təsir göstərən mühüm amillər sırasında onun doğulduğu bürcün də təsiri insanlığın səmimi və qudsal inanclarından olmuşdur. Düşünürəm ki, Azərbaycanın birinci xanımının Qız bürcü altında dünyaya göz açması da, onun xarakterində xoş izlər buraxmışdır. Bu bürc altında doğulanlar, adətən, mehriban, mərhəmətli, ədalətli, xeyirxah, çalışqan olur, həyat reallıqlıqlarına obyektiv baxışı ilə seçilirlər. Heydər Əliyev Fondunun prezidenti də məhz bu keyfiyyətləri ilə ona üz tutmuş insanların mənəvi hamisi, qayğıkeşi qismində çıxış edir, imkan daxilində insanların problemlərinin həllinə dəstək verir.

Heydər Əliyev Fonduna üz tutmuş hər bir vətəndaşın müraciətinə böyük həssaslıq və diqqətlə yanaşılır, imkan daxilində həllinə yardım göstərilir. Bu, həm də fondun insan hüquq və azadlıqlarının müdafiəsində layiqincə dayanan ictimai təşkilat olduğunu göstərir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi fondun insanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşacağını əminliklə bildirir: "...Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq".

 

"İtə ataram, yada satmaram"...

 

Milli-mənəvi dəyərlərin, mədəniyyətin, ümumilikdə, xalqa məxsus böyük sərvətin qorunub saxlanılması tarixən Azərbaycan ictimai təfəkküründə milli ideya səviyyəli, aktual məsələlərdən biri olmuşdur. Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayev "Bir gəncin manifesti" əsərində böyük əziyyətlə toxuduğu xalçanın - sənət incisinin əcnəbiyə qismət olmasını istəməyən Sona xalanın dili ilə demişdi: "İtə ataram, yada satmaram". Bu yanaşma, əslində, qəlbi Vətən eşqi ilə döyünən böyük Azərbaycan ziyalısının xalqın maddi-mənəvi sərvətlərinə necə böyük ehtiramla yanaşmasının, milli irsin qorunub saxlanılması vacibliyi ilə bağlı cəmiyyətə verdiyi mesajın təcəssümü kimi daim həyatiliyini  qoruyub saxlayır.

Görünür, kökdən gələn ziyalı yanğısı və təəssübkeşliyidir ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva həm də Azərbaycan mədəniyyətinin böyük hamisi kimi çıxış edir, onun qorunub saxlanılmasına, inkişaf etdirilməsinə çalışır. İctimai əhəmiyyətli böyuk layihələrin reallaşdırılmasına köklənmiş bu fəaliyyət, əslində, 20 ilə yaxın bir dövrü əhatə edir. Hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunu yaratmış Mehriban xanım Əliyeva yüksək təşəbbüskarlığı, idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətin böhrandan çıxarılmasına köməyini əsirgəməmişdir.

2004-cü ildən ictimai əsasda Heydər Əliyev Fondunun yaradılması isə bu sahədəki fəaliyyətə yeni təkan olmuşdur. Azərbaycanın birinci xanımının mədəni sahədə fəaliyyətinin mühüm istiqamətlərindən biri də respublikanın görkəmli şəxsiyyətlərinin yubileylərinin beynəlxalq miqyasda - nüfuzlu təşkilatlar səviyyəsində keçirilməsidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illik yubileyi keçirilmiş, Parisdə UNESCO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli ifaçılar - mərhum Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. Bundan başqa, Mstislav Rostropoviçin, Şostakoviçin, Bülbülün yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir. Dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin səhnələşdirilməsi haqqında Vyana kamera teatrı ilə razılığın əldə edilməsi də xalqımızın milli mədəniyyətinin dünyada təbliği yolunda mühüm hadisədir.

Bundan başqa, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası bu missiyanın təqdirəlayiq məqamları kimi vurğulanmalıdır.

Azərbaycanın birinci xanımının milli muğamlarımızın öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti də qürur doğurur.  Hələ 2005-ci ilin martında Parisdə - UNESCO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda, Bakıda Beynəlxalq Muğam mərkəzinin təməlinin qoyulması fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir. Azərbaycana məxsus muğam incilərinin toplandığı alboma "Qarabağ xanəndələri" adının seçilməsi də təsadüfi olmayıb konkret siyasi məzmun daşımışdır. Bununla Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Albomda Şərqin əvəzsiz ifaçılarından Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun və Əbülfət Əliyevin ifasında səslənən bənzərsiz muğam sənəti nümunələrinin yer alması dinləyicilərin zövqünü oxşayır.

Mehriban xanım Əliyevanın Azərbaycanın musiqi incilərinin dünyada təbliği istiqamətindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır. Xarici ölkələrə səfərləri zamanı milli mədəniyyətin tanıdılması və təbliğinə xidmət edən müxtəlif tədbirlər, təqdimatlar, aksiyalar təşkil edən Azərbaycanın birinci xanımı nümayəndə heyətinin tərkibində Azərbaycanın gənc istedadlarının olmasına da diqqət yetirir. UNESCO və digər beynəlxalq təşkilatlar səviyyəsində təşkil olunan müxtəlif tədbirlərdə çıxış edən gənc muğam və vokal ifaçılarımız xalqımızın necə zəngin mədəniyyətə, incəsənətə, musiqiyə malik olduğunu bir daha nümayiş etdirirlər. Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyli kimi dahilər yetirmiş Azərbaycan xalqı bu tədbirlər vasitəsilə gənc nəslin istedadlı nümayəndələrini də dünyaya tanıtmaq imkanı qazanır.

Bu məqamda Azərbaycan təmsilçilərinin Almaniyada keçirilmiş "Evrovizion-2011" musiqi yarışmasında parlaq qələbə qazanması, 2012-ci ildə isə həmin müsabiqənin Bakıda yüksək səviyyədə təşkil edilməsi faktı üzərində xüsusi dayanmaq istərdim. Bu müsabiqə, əslində, zəngin Azərbaycan mədəniyyətinin və musiqisinin, o cümlədən dinamik inkişaf edən respublikamızın Avropaya təqdimatı üçün yaxşı imkanlar açmışdır. Bu müsabiqənin Avropada heyranlıqla, təəccüblə qarşılanması, xalqımızın qonaqpərvərliyi barədə fikirlərin hələ də dillərdən düşməməsi müsabiqəyə hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın əzmkar xidmətlərinin nəticəsidir. Müsabiqə ən yüksək səviyyədə keçirilməklə milli musiqimizin, mədəniyyətimizin, insənətimizin çoxmilyonlu auditoriyada təbliğinə xidmət etmişdir. Beləliklə, 2011-ci ildə Almaniyadan qələbə estafetini qəbul edən Bakı bir il sonra möhtəşəm şou ilə dünyanın diqqətində olmuşdur.

Mədəniyyət sahəsində həyata keçirilmiş mühüm layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inşasıdır. 2008-ci ilin mayında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və UNESCO-nun sabiq Baş direktoru Koişirio Matsuuranın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun dəstəyi ilə inşa olunmuşdur. Bundan başqa, 2009-cu ilin martında fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyinin açılması da mədəni sahədəki qlobal layihələr sırasında xüsusi vurğulanmalıdır. Muzeydə Azərbaycanın gənc, avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır.

Heydər Əliyev Fondunun Azərbaycan xalçaçılıq sənətinin tarixi şöhrətinin, zəngin ənənələrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır. Fondun dünya xalçaçılıq sənətinə misilsiz töhfələr verən, Azərbaycan xalçaçılığının zəngin ənənələrini yaşadan, istehsal etdiyi malları dünyaya çıxarmaqla bu qədim el sənətinin fəal təbliğatçısına çevrilən "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinə qayğısı bu nadir sənət incisinə diqqətdən irəli gəlir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2008-ci ildən Qəbələdə keçirilən və xoş ənənə halını alan beynəlxalq musiqi festivalları da ecazkar musiqi sənətimizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Bir müddət əvvəl başa çatmış V Qəbələ Beynəlxalq musiqi festivalının yaratdığı xoş təəssüratlar isə iştirakçıların və tamaşaçıların yaddaşından hələ də silinmir.

 

Arzuların çin olduğu ünvan

 

Təhsil işçisi kimi deyə bilərəm ki, hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı  şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bəşəriyyətin xilasına yönəlmiş ideallar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilər. Heydər Əliyev Fondunun 9 il müddətində həyata keçirdiyi layihələr sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması məhz bu reallığa söykənir.

Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə 2005-2007-ci illər ərzində Azərbaycanın müxtəlif regionlarında 250-dən çox yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Keçmiş ittifaqın iqtisadi cəhətdən ən qüdrətli dövründə belə Azərbaycanda bir ildə bu qədər məktəb tikilməmişdi. Fəqət, Heydər Əliyev Fondu bu fantastik göstəriciyə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Fondun son illər əldə etdiyi uğurlu nəticələrdən biri də Azərbaycanda təhsillə bağlı problemlərin həllində UNESCO kimi nüfuzlu beynəlxalq təşkilatın imkanlarından geniş istifadə olunmasıdır. Geniş imkanlara malik bu nüfuzlu beynəlxalq təşkilatın ölkəmizin təhsil problemlərinin həllində yaxından iştirakı, təşkilatla birgə reallaşdırılan müştərək layihələr uğurlu nəticələrlə zəngindir. 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda UNESCO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransın keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir.

Uşaq müəssisələrinin, internat məktəblərinin, xüsusilə də kimsəsiz körpələrin Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzində olması onun böyük xeyirxahlığının daha bir əyani nümunəsidir. Məhz bu xeyirxahlıq missiyası nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrimiz "Bir gəncin manifesti" povestindəki azyaşlı Baharın acı taleyini yaşamırlar. Heydər Əliyev Fondunun təşəbbüslərinə cəmiyyət üzvlərinin də fəal dəstək verməsi kimsəsiz uşaqları savadsızlıqdan, xəstəlikdən, aclıqdan və digər fəlakətlərdən qoruyur. Mehriban xanım Əliyevanın böyük qəlb sahibi olmasının nəticəsidir ki, internatlarda, uşaq evlərində 18 yaşı tamam olan - müstəqil həyata qədəm qoyan yeniyetmələr taleyin ümidinə buraxılmır, imkan daxilində mənzillə təmin olunurlar.

Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir. Hər gün fonda ünvanlanan yüzlərlə məktubun bir çoxu insanların sağlamlıqla bağlı problemlərindən bəhs edir. Fond hər müraciətə müsbət cavab vermək imkanında olmasa da, vətəndaşların sağlamlıqla bağlı problemlərinə diqqətlə yanaşmağa çalışır. Şəhid, məcburi köçkün və aztəminatlı ailələrin problemlərinə həssaslıqla yanaşır, ilk növbədə, bu kateqoriyadan olan insanlara köməyi zəruri hesab edir.

 

Qadın hərəkatının önündə

 

Dünyada dəyərlər də çoxdur, bu dəyərləri ifadə edən anlayışlar da. Amma heç bir anlayış qadın sözünün ifadə etdiyi dəyərləri öz məzmununda mərkəzləşdirmək imkanında deyil. Hansı dildə yazılmasından asılı olmayaraq, qadın adı Tanrının insanlara bəxş etdiyi ən ali keyfiyyətlərin ifadəçisi kimidir. Bu ad zərifliklə qüdrətin birləşdiyi, dünyanı qoruyan ali duyğuların başlandığı, pisliklərin öz ömrünü başa vurduğu andır. Qadın itirilmə təhlükəsi qarşısında qalan müqəddəsliklərin mühafizinə çevrilib. Yaxın-uzaq tarix qadın zəkasının, müdrikliyinin, təmkininin bəzi hallarda hətta insan tələfatı ilə nəticələnə biləcək böyük münaqişələrin, toqquşmaların qarşısını aldığı nə qədər faktlara şahiddir?!

Vaxtilə böyük alman yazıçısı Yoxan Volfanq Höte demişdi: "Siz bizə gözəl analar verin, biz sizə istedadlı gənclər yetişdirək". Bu gün müharibə şəraitində yaşayan Azərbaycanda anaların, ümumilikdə, qadınların üzərinə böyük vəzifələr düşür. Bir müəllim olaraq hesab edirəm ki, bu, ilk növbədə, cəmiyyət üçün layiqli vətəndaşların yetişdirilməsi vəzifəsidir.

Ümumilikdə, Azərbaycan qadınları üzərlərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq, qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub. Bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb. Hazırda ölkədə 100-ə yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Ölkə rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün də etibarlı zəmin formalaşdırır.

Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun şəxsində Azərbaycan qadınının UNESCO və İSESCO kimi mötəbər qurumlarda etibarlı nümayəndəsi, nəcib və xeyirxah elçisi vardır. Azərbaycanda "birinci xanım" institutunun geniş mənada məhz 2003-cü ilin oktyabrından sonra formalaşması, bunun Mehriban xanım Əliyevanın adı ilə bağlı olması faktı da xüsusi vurğulanmalıdır.

Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin, bir sözlə, ölkə həqiqətlərinin dünyada təbliği və tanıdılması ilə məhdudlaşmır, eyni zamanda, dünya mədəni irsinin qorunmasına, bəşəriyyəti ciddi narahat edən qlobal problemlərin həllində mövqelərin yaxınlaşdırılmasına xidmət edir.

2008-ci ilin yayında Bakıda UNESCO və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda forumda çıxış edən Mehriban xanım Əliyeva Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında daim mühüm rola və mövqeyə malik olduqlarını xüsusi vurğulamışdır: "Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir".

Bütün bunlarla yanaşı, Azərbaycanın birinci xanımı müxtəlif beynəlxalq tədbirlərdə ölkə həqiqətlərinin fəal carçısı kimi çıxış etməklə yanaşı, həm də parlaq şəxsiyyətində Azərbaycan qadınına xas nəcibliyi, zəngin daxili mədəniyyəti, ziyalılığı, humanizmi, sülhpərvərliyi təcəssüm etdirir. Beynəlxalq ictimaiyyətdə Azərbaycan qadınının yüksək intellektual-mədəni səviyyəsi, milli və bəşəri dəyərlərə bağlılığı ilə əlaqədar dolğun, obyektiv qənaət formalaşır.

Mehriban xanım Əliyeva valideynləri üçün layiqli övlad, istedadlı həkim, dəyərli alim, sədaqətli ömür yoldaşı olmaqla yanaşı, həm də qayğıkeş anadır. Onun geniş dünyagörüşü, nəcibliyi, sadəliyi və qayğıkeşliyi, mənəvi bütövlüyü, kristal xarakteri, yüksək daxili "Mən"i, mütərəqqi dəyərlərə bağlılığı bu ocaqda böyüyüb boya-başa çatmış insanların da həyatında silinməz izlər buraxmışdır.

Antik yunan filosofu Heraklit yazırdı ki, "Hər bir insanın xasiyyəti onun taleyidir". Başqa sözlə, hər bir insanın xarakteri onun taleyini müəyyənləşdirir. Xarakter insanın mənəvi keyfiyyətini, fərqli cəhətlərini, obyektiv həqiqətə münasibətini də ifadə edir. Bu mənada, Mehriban xanım Əliyeva uzərinə götürdüyü missiya ilə həyat kredosunu yüksək mənəvi keyfiyyətlər üzərində qurduğunu, bəşəriyyətin nicatına çalışan böyük şəxsiyyətlərlə bir sırada addımladığını nümayiş etdirir.

 

 

Nurlana ƏLİYEVA,

 

YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor

 

Azərbaycan. - 2013.- 27 avqust.- S. 2.