Moldova ombudsmanı: Nə qədər
ki, Ermənistan əhalisi insanların öz fikrini sərbəst
ifadə etməsinə hədə və fiziki
zorakılıqla cavab verir,
bu ölkənin Avropa
İttifaqı ilə assosiativ sazişə
hazır olub-olmaması barədə fikirləşməyə
dəyər
Almaniyanın
"Tabula Rasa" nəşrində
jurnalist Ştefan Qrossun Moldova ombudsmanı Aureliya Qriqoriu ilə
müsahibəsi dərc olunmuşdur. AzərTAc
həmin müsahibəni oxuculara təqdim
edir.
-
Moldova Respublikası "Şərq tərəfdaşlığı"
proqramının iştirakçıları olan
ölkələr arasında bəlkə də ən
"nümunəvi" dövlət hesab
edilir. "Şərq tərəfdaşlığı"nın
bu il noyabr
ayında keçiriləcək zirvə toplantısında Avropa İttifaqı ilə Moldova
arasında assosiativ müqavilə bağlanması nəzərdə
tutulur. Siz öz ölkənizin Avropaya
yolunu necə qiymətləndirərdiniz?
- Moldova Respublikası demokratik
hüquqi dövlət qurmaq
məqsədini qarşıya qoymuşdur.
Buna görə də insan
hüquqlarına və əsas azadlıqlara ciddi
riayət edilməsi elementar baza prinsipi
olmalıdır. Bu prinsipə əsasən, dövlətdə vəzifə
tutan hər bir şəxs
ayrılıqda götürülmüş
hər bir vətəndaşın ləyaqətinə
hörmət etməyə və hüquqi
dövlətin təməli kimi bərabərlik
prinsipinə riayət etməyə borcludur.
Bundan əlavə, hər bir
insan onunla
bağlı qərarlardan müstəqil və qərəzsiz
məhkəmədə mübahisə qaldırmaq imkanına malik olmalıdır.
Moldova bu
istiqamətdə müəyyən uğurlara
nail ola bilmişdir, buna baxmayaraq demokratik təsisatların
inkişaf səviyyəsi və insan hüquqları ilə bağlı vəziyyət
hələ Avropa standartları səviyyəsindən
uzaqdır. Moldovada hakimiyyətin bütün səviyyələrində insan hüquqları mütəmadi olaraq pozulur. Bunun əsas səbəbləri ədliyyə
orqanlarında korrupsiyanın hökm
sürməsi, dövlət strukturlarında səmərəli
menecmentin azlığı və müstəqil
mətbuatın olmamasıdır. Məhkəmə, polis və hökumət müəssisələri
adi vətəndaşın müdafiəsini
lazımi dərəcədə təmin edə bilmirlər.
Avropa İttifaqı
Moldovanın inteqrasiya cəhdlərini
müxtəlif üsullarla, məsələn,
kreditlər və digər yardım ayrılması yolu ilə dəstəkləməyə
çalışır. Lakin
avropalıların bu səylərinə baxmayaraq, Moldova cəmiyyətində
vəziyyətin yaxşılaşması müşahidə olunmur. Həyat səviyyəsi, sosial müdafiə, səhiyyə və təhsilin
əlyetərlilik dərəcəsi ən çox
narahatlıq doğuran sahələrdir.
İslahatların yetərincə geniş
əhatəli olmaması və hərtərəfli götür-qoy edilməməsi insan hüquqları ilə bağlı vəziyyəti
pisləşdirir.
Mənim fikrimcə,
dövlət tərəfindən insan
hüquqlarının pozulması Moldovanın Avropaya
inteqrasiyası prosesi üçün
təhdiddir. Eyni zamanda,
ümid edirəm ki, gələcəkdə
vəziyyət yaxşılaşacaqdır.
- Avropa İttifaqı Ermənistanla da assosiativ saziş
bağlanmasına dair danışıqlar
aparır. Son hadisələri (məsələn,
Saak Nikoqosyanın işi
üzrə Bavariya əyalətinin
parlamentində debatları, habelə bu
yaxınlarda Sizin Ermənistana səfərinizi)
nəzərə alsaq, necə düşünürsünüz, bu ölkə assosiativ saziş bağlanmasına
hazırdırmı?
- Demokratik təsisatların yaradılması və
inkişafı postsovet dövlətlərinin
uzunmüddətli məqsədi kimi qalmaqda davam edir. Bu ölkələrdə
yenə də demokratiya
qıtlığı və insan
hüquqlarının pozulması müşahidə olunur. Buraya "dondurulmuş münaqişələr"dən
əlavə, korrupsiya, hakimiyyət
nümayəndələrinin "hüquqi
immuniteti", demokratik
proseslərin imitasiyası və insan
hüquqlarının geniş miqyasda pozulması aiddir.
Mən
Ermənistanda olmağımı, öz təcrübəmi
əsas götürərək deyə bilərəm ki, bu ölkədə qanunun aliliyi prinsipi kimi Avropa
dəyərlərinin tətbiq edilməsi barədə
danışmaq düzgün olmazdı. Ermənistanda
istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda birinci
yeri milli maraqlar tutur.
Hüquqi dövlət və insan hüquqları barədə bütün söz-söhbətlərə baxmayaraq, Ermənistan əyani şəkildə
göstərmişdir ki, orada
insan hüquqlarına hörmət edilmir. Bundan əlavə, hökumət orqanlarının bu sahədə vəziyyəti
yaxşılaşdırmaq arzusu yoxdur və yaxın gələcəkdə
çətin ki, nə isə dəyişəcəkdir.
Əks halda, Ermənistan hökumətinin
bir qadın və əcnəbi dövlətin
insan hüquqları üzrə müvəkkili
kimi mənə qarşı etdiyi hərəkətlərə nə ad vermək olar?
Yerevan parlamentindəki nitqimdən
sonra Ermənistan məni təqib etməyə
başlamış, insan
hüquqlarının əsas prinsiplərini bilərəkdən
pozmuşdur. Ermənistan mətbuatında
bu ölkəyə gələn hüquqşünaslara, ombudsmanlara
və hüquq müdafiəçilərinə
nəzarət etməyin zəruri olması barədə dərc
edilən yazıların şərhə ehtiyacı yoxdur. Nə qədər
ki, Ermənistan əhalisi insanların öz fikrini sərbəst
ifadə etməsinə hədə və fiziki
zorakılıqla cavab verir,
bu ölkənin Avropa
İttifaqı ilə assosiativ sazişə
hazır olub-olmaması barədə fikirləşməyə
dəyər.
Güman edirəm ki,
Avropa Şurası özü
üçün müəyyən nəticələr
çıxaracaqdır. Avropa dəyərlərinin tətbiqinin imitasiyası və
onların gündəlik həyatda real tətbiq
edilməsi arasında fərq qoyulmalıdır. Çox təəssüflə deməliyəm
ki, Ermənistanın siyasi
rəhbərliyi Avropa dəyərlərini
gündəlik həyatda tətbiq etməkdən hələ
çox uzaqdır.
- Siz Ermənistanla Azərbaycan arasında
münasibətləri necə təsvir edərdiniz? Azərbaycanın
bəzi rayonları hazırda Ermənistan tərəfindən
işğal edilmişdir.
BMT Dağlıq Qarabağın və onun
ətrafındakı yeddi rayonun
ərazisinin Ermənistan tərəfindən işğal
edilməsi faktını dəfələrlə tənqid etmişdir. Sizin fikrinizcə,
Ermənistan ilə Azərbaycan arasında etnik
münaqişəyə son qoymaq üçün
hansı tədbirlər görülməlidir?
-
Məlum olduğu kimi,
Avropa dövlətlərinin əksəriyyəti
tərəfindən imzalanmış beynəlxalq sənədlərdə,
o cümlədən BMT Təhlükəsizlik
Şurasının qətnamələrində, BMT Baş Məclisinin qətnamələrində
(2008-ci il), "AŞ PA-nın qətnaməsinin
layihəsi"ndə
(2013-cü il) birmənalı
olaraq qeyd edilir ki, Azərbaycanın
ərazisi Ermənistan tərəfindən işğal
edilmişdir. Mənim
fikrimcə, münaqişənin həll edilməsi üçün Ermənistan insan
hüquqlarına riayət edilməsinə dair
təsirli tədbirlər görməli, BMT qətnamələrini
yerinə yetirməli və BMT-nin digər
üzvü olan Azərbaycanın
BMT tərəfindən tanınmış sərhədləri
daxilində ərazi bütövlüyünə hörmət
etməlidir.
- Avropa dəyərlərinin
reallaşdırılması məsələsində Moldova Respublikası ilə Ermənistan
arasında əsas fərqlər nədən ibarətdir?
- Mənim
fikrimcə, əsas fərq ondan ibarətdir
ki, Ermənistandan fərqli olaraq Moldova Respublikası
həm milli, həm də beynəlxalq səviyyələrdə
Avropa dəyərlərinin
reallaşdırılması üzərində işləməyə
çalışır. Ermənistan isə özünün
sırf milli maraqlarını Avropa dəyərləri kanonlarından üstün tutur, bununla da, demokratik
prinsipləri və insan
hüquqlarını pozur.
- Xahiş edirəm, bu il iyulun əvvəlində
Sizin Ermənistanda olmağınızla
bağlı hadisələr barədə danışın.
- Mən Yerevana 2013-cü il iyulun 4-də "Qanunun aliliyi və sərhədlər barədə Avropa standartları: Avropa
Şurasının üzvü olan ölkələrdə hakimiyyət
orqanlarının baxışları" mövzusunda
Avropa elmi-praktiki
konfransında iştirak etmək üçün gəlmişdim. Mən "Dondurulmuş münaqişələr ərazilərində
insan hüquqlarına riayət edilməsi"
mövzusunda təqdimatla
çıxış etdim.
Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsinə
dair Avropa
standartları Avropa Birliyinin
sənədlərində müvafiq hüquqi normalarda təsbit
edilmişdir. Bu, həmin
standartların istənilən şəraitdə
reallaşdırılmasına təminat verir.
Mən bunu əsas götürərək
"dondurulmuş" münaqişələr
baş verən ərazilərdə insan hüquqlarının pozulmalarını identifikasiya etməyə risk etdim. Mənim məqsədim ondan ibarətdir ki, gələcəkdə
həmin zonalarda insan
hüquqlarının bu cür
pozulmasının qarşısı alınsın və həmin
münaqişələrin yalnız dinc
vasitələrlə tənzimlənməsi təmin edilsin. Mən Gürcüstan, Azərbaycan və Moldova haqqında öz məruzəmdə
beynəlxalq sənədlərə, "Promo-LEX"
assosiasiyasının nəşrlərinə, habelə Moldova Respublikası Prezidentinin
rəhbərliyi ilə 2012-ci ildə keçirilmiş
"Dövlət İdarəçilik Akademiyası" mövzusunda beynəlxalq konfransın
materiallarına istinad edirdim.
Ermənistanın Azərbaycana qarşı
yönəlmiş təcavüz siyasətinə mənim
şərhim BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (¹ 822 (1993), ¹
853 (1993), ¹ 874 (1993) və ¹ 884 (1993)), habelə BMT Baş Məclisinin 62/243 ¹-li
qərarının (mart 2008) məzmununa
tamamilə müvafiqdir.
Mən
çıxış edəndən sonra başa düşdüm ki, insan
hüquqlarının və əsas azadlıqlarının mühüm komponentlərindən biri olan qanunun
aliliyi prinsipi Ermənistanda
tətbiq edilmir. Hələ
bilavasitə parlamentin binasında
keçirilən tədbir zamanı mənim ünvanıma siyasi satqınlıq
və Azərbaycan təbliğatının
yayılması ilə məşğul olmağım barədə
yalançı ittihamlar səslənirdi (Qeyd etmək lazımdır ki,
Ermənistan parlamentinin vitse-spikeri
Elmine Nağdanyan
dünyanın 30-dan çox ölkəsini təmsil edən
iştirakçıları konfransın yekun
sənədində mənim çıxışımı
pisləməyə çağırdı, lakin
bu təşəbbüs dəstəklənmədi).
Bundan əlavə, məni öz nitqimə görə "cəzalandırmaq"
üçün tədbirlər görüldü. Mənim mehmanxanada
qaldığım nömrəyə zəng vurub
mənə fiziki zor tətbiq
ediləcəyi ilə hədələyirdilər. Mənim Facebook səhifəmə saysız-hesabsız
hədə və təhqirlər daxil olurdu. Ermənistan KİV-sində mənim
fotoşəklimi və bütün hüquq müdafiəçilərinə
münasibətdə zor tətbiq etmək
barədə çağırışlarla dolu
məqalələr dərc edilmişdi. Mənim
bu ölkədən getməyimi çətinləşdirdilər.
Sürücü məni aeroporta
aparmaqdan imtina edəndə
isə Moldova Respublikası Konstitusiya Məhkəməsinin hakimi və bizim nümayəndə
heyətinin üzvü cənab V.Pops məni həyatım üçün
təhlükəli vəziyyətdə atıb getdi. Yalnız Rumıniya (Avropa
İttifaqının üzvü kimi) və Gürcüstan
diplomatlarının təkidi ilə mənim həmin ölkədən
çıxmağım təmin edildi.
"Avropa standartları" üzrə Yerevanda aldığım dərsi heç vaxt unutmaram.
Ermənistanda qanunun aliliyi barədə tez-tez danışırlar. Bununla
belə, orada Avropa insan hüquqları konvensiyasının və
Ermənistanın qoşulduğu digər
beynəlxalq sazişlərin müddəaları mütəmadi
pozulur. Ermənistan insan hüquqları haqqında konvensiyanın üzvü olmaqla,
insanın əsas hüquqlarına ciddi
riayət edilməsi barədə öhdəliklər götürmüşdü. Mənimlə
bağlı hadisədə Ermənistan həmin
konvensiyanın aşağıdakı maddələrini pozmuşdur:
Maddə 1 - İnsan hüquqlarına riayət etmək
öhdəliyi.
Maddə 10 - Öz fikrini ifadə etmək
azadlığı.
Maddə 14 -
Ayrı-seçkiliyin qadağan edilməsi.
İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 4 nömrəli protokolun 2-ci maddəsi - Hərəkət
azadlığı.
Mən Moldovaya qayıdandan sonra da ünvanıma yeni hədələr
daxil olmaqda davam edir. O cümlədən,
müasir demokratiyanın beşiyi
sayılan ölkənin - ABŞ-ın vətəndaşları
olan ermənilərdən. Erməni diasporu mənim tutduğum
vəzifədən istefa verməyimə nail olmağa cəhd
göstərmişdir. Parlamentin insan hüquqları və etika
üzrə daimi komissiyasının
baxması üçün müvafiq iddialar təqdim
etmişdir.
Moldova parlamentinin
spikeri İqor Korman demişdir: "Qriqoriu ölkənin imicinə ziyan
vurmuşdur".
Parlament komissiyasının sədri
Mizin demişdir: "Qriqoriunun şikayəti peşəkar səviyyədə
tərtib edilməmişdir və bizim
ölkənin mövqeyini əks etdirmir".
Sual edilir,
BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrini
imzalamış ölkənin parlamentinin
spikerinə və parlamentin insan hüquqları və etika
komissiyasının sədrinə bu cür sözlər yaraşarmı? Axı, həmin
qətnamələrdə Ermənistanın təcavüzkar siyasəti
pislənilir və Azərbaycanın ərazi bütövlüyü
tanınır. Moldova KİV-sinin əksəriyyəti
vəziyyəti realistcəsinə qiymətləndirməkdən
və mənim Yerevandakı nitqimin əsasını
təşkil etmiş beynəlxalq sənədləri
öyrənmədən, erməni mətbuatında dərc
edilənlərin təsirinə düşmüşlər.
Mənim mənəvi simamı şübhə
altına alan Moldova mətbuatı
özü hadisələrin
tarazlaşdırılmış şəkildə
işıqlandırılması prinsiplərinə riayət etmir. Ünvanıma səslənən təhqirlər
mənim imicimə ziyan vurur
və ləyaqətimi alçaldır.
Çox təəssüflənirəm
ki, mənim hökumətim məni bu cür hücumlardan
müdafiə etmədi. Moldova Konstitusiyasına görə öz
vətəndaşlarının hüquqlarını müdafiə
etmək üçün cavabdeh
olan dövlət strukturları öz vətəndaşlarının
hüquqlarının Ermənistan tərəfindən
pozulmasına müqavimət göstərmirlər. Mənə
münasibətdə əsas insan
hüquqlarının pozulmasına beynəlxalq səviyyədə,
Moldova ilə Ermənistan arasında
münasibətlər səviyyəsində də bilərəkdən
susurlar.
- Siz bu hadisə ilə əlaqədar
Almaniyanın, Avropanın müvafiq beynəlxalq
təşkilatlarından necə reaksiya
gözləyirsiniz?
-
Vurğulamaq istəyirəm ki, mənim Yerevandakı
çıxışımın məqsədi "dondurulmuş" münaqişələr sahəsində,
xüsusən, Avropa ailəsinə üzv olmaq məqsədlərini
bəyan etmiş dövlətlərdə
insan hüquqlarının pozulmasına
beynəlxalq birliyin diqqətini cəlb etmək
idi.
Mənim nitqimi münaqişələrin dinc yolla tənzimlənməsinə
və insan hüquqlarına hörmət
edilməsinə çağırış kimi
başa düşmək lazımdır.
Ümid edirəm ki, Avropa Birliyi
və beynəlxalq birlik Ermənistanın
hərəkətlərini lazımınca qiymətləndirəcək
və bu nəticəyə gələcəklər
ki, mənə münasibətdə insan hüquqları pozulmuşdur
və mənim vətənimdə də bu
hüquqlar əvvəlki kimi pozulmaqdadır.
Həmçinin
ümid edirəm ki, mənim
çıxışım Avropa dəyərlərinin
reallaşmasına çağırış kimi
qəbul ediləcəkdir. İstənilən vəziyyətdə
insan hüquqlarına riayət edilməsi
hər şeydən üstün
olmalıdır.
Azərbaycan. - 2013.- 27 avqust.- S. 3.