Böyük Britaniyanın «The Pıe News»
portalında Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə dövlət
proqramından bəhs edilmişdir
Böyük
Britaniyanın beynəlxalq təhsil sahəsi üzrə
peşəkarlar üçün nüfuzlu "The Pıe News" xəbərlər və biznesin təhlili portalında Prezident
İlham Əliyevin sərəncamı ilə
təsdiq olunmuş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində həyata keçirilən tədbirlər
haqqında məqalə dərc edilmişdir.
AzərTAc xəbər verir ki, məqalədə
dövlət proqramının məqsədi, Azərbaycanın
ehtiyacına uyğun prioritet
ixtisasların müəyyənləşdirilməsi, əhatə
olunan ölkələrin
coğrafiyası, indiyədək xaricə göndərilmiş
tələbələr və məzunların işlə təmin
edilməsi mexanizmindən söhbət açılır.
Müəllif hökumətin dəstəklədiyi
dövlət proqramı çərçivəsində azərbaycanlı
gənclərin Avropa, Şimali
Amerika, eləcə də təhsil sistemi inkişaf etmiş digər ölkələrdə oxumaq üçün təqaüdə
layiq görüldüyünü
vurğulamışdır. Qeyd edilmişdir
ki, Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən
proqram çərçivəsində Azərbaycanda
mühəndislik, informatika, hüquq, səhiyyə sahəsində mütəxəssislərə
olan ehtiyacın təmin edilməsi istiqamətində
gənclər dünyanın ən yaxşı universitetlərində
bu sahələr üzrə təhsilə
cəlb olunurlar. Proqrama marağın böyük olduğunu
bildirən müəllif vurğulamışdır ki, Prezident İlham
Əliyevin təşəbbüsü ilə 2007-ci ildən fəaliyyətə
başlayan xaricdə təhsil üzrə
dövlət proqramının əsas məqsədi azərbaycanlı
gənclərin yüksək ixtisaslı milli
kadrlar kimi
hazırlanmasıdır.
Məqalədə
məzunları işlə təmin etmək məqsədilə
Təhsil Nazirliyinin
planlaşdırdığı tədbirlərdən də bəhs
olunmuşdur. Diqqətə
çatdırılmışdır ki, xarici dil bilən, əsasən
də, informasiya-kommunikasiya
texnologiyaları, beynəlxalq diplomatiya, hüquq, biznesin idarə
edilməsi, sosial və siyasi
elmlər sahələrində bilik və
bacarıqlara yiyələnmiş yüksək ixtisaslı kadrlara ehtiyac vardır.
Dövlət proqramı çərçivəsində
xarici ölkələrə göndərilən
tələbələrin statistikasını nəzərə
çatdıran müəllif qeyd etmişdir ki, indiyədək
proqram üzrə ümumilikdə 1825 təqaüd
verilmiş və 533 nəfər məzun olmuşdur.
Azərbaycan. - 2013.-
27 avqust.- S. 3.