Pakistanın nüfuzlu kütləvi informasiya
vasitələrində Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya həsr olunan «Yenilik
yaratmış qadın» məqaləsi dərc edilmişdir
Pakistanın
nüfuzlu ingilis dilli "Pakistan Observer", "Metro Watch" və urdu dilli "Daily Azkaar", "Kashmir Post" qəzetlərində,
həmçinin "DNA News" informasiya agentliyi və
"Centreline" jurnalında
tanınmış jurnalist, Pakistanın Sülh və Diplomatiya İnstitutunun icraçı direktoru
xanım Farhat Nurun
"Yenilik yaratmış qadın" adlı məqaləsi dərc edilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan
məqalədə tarix boyu
dünyanı saflaşdırmağa çalışan,
başqalarına yol açmaq
üçün təşəbbüs
göstərən qadınların olduğu,
onların yaşadıqları dövrdə mühüm
rol oynadıqları
vurğulanır. Bildirilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva cəmiyyətə
təsir göstərərək onu
müsbətə doğru dəyişdirməyə,
insanların qəlblərini fəth etməyə qadir olan xanımlardandır.
Müəllif
qeyd edir ki, ailə üzvləri - Azərbaycanın
tanınmış ziyalıları Mir Cəlal
Paşayev, Arif Paşayev və Aida İmanquliyeva hələ uşaqlıq
yaşından Mehriban xanıma insan dəyərlərinə hörmətlə
yanaşmağı, poeziya, mədəniyyət
və musiqini sevməyi, millətinə sadiq olmağı öyrətmişlər. Elə
ona görədir ki, Mehriban xanım Əliyeva öz
həyatını xalqının rifahı, milli
və dünya mədəni irsinin inkişafına həsr etmişdir.
Oxucuların
diqqətinə çatdırılır ki,
Mehriban xanım Əliyeva 2004-cü il mayın 10-dan ümummilli
lider Heydər Əliyevin adını
daşıyan fonda rəhbərlik edir. Fondun əsas məqsədinin ölkənin sosial, iqtisadi və mədəni
inkişafına dəstək vermək olduğunu
bildirən Farhat Nur Azərbaycanın
birinci xanımının təşəbbüsü
ilə ölkədə məktəblər, xəstəxanalar,
talassemiya mərkəzi, konsert
zalları, musiqi liseyləri, məscidlər
inşa edildiyini
vurğulayır. Uşaqlar və ahıllar evlərinə maddi
və mənəvi yardımlar olunduğu,
əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay
düşərgələrinin yaradıldığı,
qanvermə və insulin
paylaşdırılması proqramlarının həyata keçirildiyi barədə məlumat verir.
Məqalədə
fondun fəaliyyətinin prioritet
istiqamətlərindən olan mədəniyyət
sahəsində görülmüş
işlər - beynəlxalq müsabiqələr və konsertlər,
son illərdə inşa
edilən Muğam Mərkəzi və Niaqarada keçirilən muğam
günləri, digər çoxsaylı musiqi festivalları, Azərbaycan
mədəniyyəti, musiqisi və tarixi haqqında nəşrlər barədə
məlumatlar da yer
alır.
Azərbaycanın
birinci xanımının dinlərarası
dialoq mövzusunda beynəlxalq
konfransların təşəbbüskarı və təşkilatçısı
olduğunu, ölkəmizdə bütün dinlərin nümayəndələrinin
mehriban şəraitdə
yaşadığını bildirən jurnalist
vurğulayır ki, Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə bir
sıra dini məbədlər, ziyarətgahlar,
məscidlər və kilsələr yenidən qurulmuşdur.
Farhat Nur dünya irsinin qorunub saxlanması
istiqamətində Mehriban xanım
Əliyevanın gördüyü işlər
barəsində də ətraflı
məlumat verir və bu
sırada Strasburq kafedral
kilsəsinin yenidən qurulmasını, Luvr
muzeyində İslam İncəsənət
Mərkəzinin təsis edilməsini və Versal
sarayında təmir işləri
aparılmasını xüsusi
vurğulayır. Bundan başqa,
Heydər Əliyev Fondunun Haitidə mədəniyyət
məbədlərinin təmirinə və Fransa
Terror Qurbanları Assosiasiyasına maddi dəstək verdiyi bildirilir.
Məqalədə
həmçinin Azərbaycanın Gimnastika
Federasiyasının prezidenti olan Mehriban xanım
Əliyevanın nüfuzu sayəsində
müxtəlif vaxtlarda gimnastika
üzrə beynəlxalq yarışların Bakıda
keçirildiyindən, onun idmana
qayğısından, Heydər Əliyev Fondunun
olimpiya və paralimpiya
oyunlarının qaliblərini mükafatlandırmasından söhbət
açılır.
Pakistanlı
jurnalist Farhat Nur Mehriban xanım
Əliyevanın Avropanın ən mötəbər mahnı
müsabiqəsi olan "Eurovision
-2012"nin keçirilməsinə rəhbərlik
etdiyini vurğulayır və bildirir ki, Bakıya gələn
çoxsaylı turistlər Azərbaycan xalqının qonaqpərvərliyi
ilə yanaşı, yüksək səviyyədə təşkil
edilən müsabiqəyə və Bakının gözəlliyinə
heyran olmuşlar.
"Yenilik yaratmış qadın" məqaləsində
Mehriban xanım Əliyevanın Azərbaycan
folklorunun və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə
görə isə İSESCO-nun xoşməramlı
səfiri titullarına layiq görüldüyü barədə də məlumat
verilir.
Məqalənin
böyük bir hissəsi
Mehriban xanım Əliyevanın təşəbbüsü
və dəstəyi ilə Pakistanda həyata
keçirilən layihələrdən bəhs edir.
Müəllif yazır ki,
2007-ci ildə zəlzələdən zərər çəkmiş
Müzəffərabad şəhərində Heydər
Əliyev Fondu tərəfindən
qızlar məktəbi üçün müasir bina inşa edilmiş və
2012-ci ildə orada əsaslı yenidənqurma
və təmir işləri aparıldıqdan sonra
məktəbə Mehriban xanım
Əliyevanın adı verilmişdir. Bundan başqa,
2012-2013-cü illərdə Azərbaycanın birinci
xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə bir
sıra layihələr icra edilmişdir. Belə ki,
"Edhi Home" kimsəsizlər
evləri, "Akbar Care"
institutu, serebral iflic klinikası və Lakki
Marvat uşaq və
qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə
və müayinələr aparılmış, Saif
Fonduna maddi
yardımlar göstərilmişdir.
Peşavar şəhərində qan xəstəliklərinin müayinəsi ilə
məşğul olan Həmzə Xeyriyyə
Fonduna xüsusi
qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili
tibbi yardım avtomobili
və minlərlə qan
köçürmə paketi verilmişdir. Heydər Əliyev Fondu Pakistanın Xayber Paxtunxava əyalətində həyata keçirdiyi humanitar layihələr
proqramı çərçivəsində Xayber
Göz Fondunun nəzdində
fəaliyyət göstərən göz
klinikasının yeni blokunun
tikintisinə maddi yardım etmişdir.
Məqalədə
Mehriban xanım Əliyevanın təşəbbüsü
və dəstəyi ilə
2012-2013-cü illərdə Ramazan
ayında Pakistanın bütün əyalətlərində
kimsəsiz uşaqlar və ahıllar üçün iftar
süfrələri təşkil edildiyi, Lakki Marvat bölgəsində
Qurban bayramında yüzlərlə
qurbanlıq heyvanların
kəsilərək əhalinin kasıb təbəqələrinə
paylandığı da diqqətə
çatdırılır.
Müəllif
Azərbaycanın birinci
xanımının Pakistandakı humanitar
fəaliyyətinin iki qardaş
ölkə arasında münasibətlərin daha
da güclənməsinə və
genişləndirilməsinə xidmət etdiyini
vurğulayaraq məlumat verir
ki, Mehriban xanım
Əliyeva 2012-ci ildə Pakistanda həyata
keçirilmiş layihələrə
görə
bu ölkənin Qadın
Könüllülər Təşkilatı və "Daily Times" qəzeti tərəfindən
"Humanizm simvolu -
2012-ci ilin adamı" mükafatı ilə
təltif olunmuşdur.
Farhat Nur öz məqaləsində,
eyni zamanda, Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın dünya mədəni irsinin qorunub saxlanması
istiqamətində gördüyü
işlərə görə bir sıra
dövlətlərin orden və
medalları ilə təltif olunduğunu da xatırladır.
Məqalənin
tam mətni ilə aşağıdakı linklərdən
tanış olmaq
mümkündür: http://pakobserver.net/detailnews.asp?id=216359,
http://dnanews.com.pk/the-women-who-has-made-a-difference/,
http://azkaar.com.pk/dailyazkaar.php?start=12&year=2013&month=8&Day=24,
http://www.dailykashmirpost.com/index.php?date=2013-08-26&pg=7
Şahin
CƏFƏROV,
AzərTAc-ın
xüsusi müxbiri
Pekin
Azərbaycan. - 2013.- 27 avqust.- S. 3.