Heydər Əliyev
Fondunun dəstəyi ilə uşaqlar üçün
xeyriyyə aksiyası keçirilmişdir
Avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının əyləncə
mərkəzlərindən birində
uşaq evləri və internat məktəblərinin sakinləri üçün xeyriyyə aksiyası keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə
paytaxtımızın üç uşaq müəssisəsindən 150 uşaq iştirak etmişdir.
Tədbirdə iştirak edən
uşaqların sevinclərinin həddi-hüdudu yox idi. Meydançada
sürüşənlərin, oyuncaq atlar üzərində, yelləncəklərdə
əylənənlərin, maşın sürənlərin, su hövzəsindəki oyuncaqları idarə
edənlərin, cəngəlliyə düşənlərin,
hədiyyə udmaq istəyənlərin və
bu kimi digər əyləncələrlə
məşğul olanların səsləri bir-birinə
qarışmışdı. Hamı şən, coşqun əhval-ruhiyyədə idi. Hər kəsin üzündən sevinc yağırdı.
Xətai
rayonundakı 3 nömrəli uşaq evindən gəlmiş Leyla
Qədirova doyunca oynadığını,
hər şeyin çox
yaxşı, maraqlı olduğunu bildirmişdir. Bir neçə
əyləncəyə qatıldığını deyən Leyla qorxulu tuneli
xüsusilə vurğulamış, orada həyəcan
anlarını yaşasa da,
tuneldən uğurla keçdiyini
demişdir. Bu
bacarıqlı qız maşını da
cəsarətlə sürmüşdür.
Leyla Qədirova Heydər Əliyev Fondu tərəfindən belə tədbirlərin
mütəmadi keçirildiyini demiş və göstərilən böyük diqqət və qayğıya
görə minnətdarlığını bildirmişdir.
Uşaqlar deyir,
gülür, əylənir, oyun məkanlarını tez-tez
dəyişirdilər. "Uddum, mən hədiyyə
qazandım!" deyən 2 nömrəli uşaq
evindən Nadir Qurbanov
isə "Stinky feet"də hədəfə
düşmüşdü. Onun sevinci yerə-göyə
sığmırdı.
Tramplindən sürüşən
uşaqlar isə məkana çatanda ağız dolusu "hər şey yaxşıdır" deyə
sevinclərini ətrafdakılarla
bölüşürdülər.
Bolluca əylənən uşaqlar
vaxtın necə keçdiyini hiss etmədiklərini
bildirirdilər.
Mərasimin sonunda uşaqlar nahar etmiş və onlara Heydər Əliyev Fondunun
hədiyyələri təqdim olunmuşdur.
Azərbaycan. - 2013.- 27 avqust.- S. 5.