Məktəb
zamanı gəlir
Tikinti-quruculuq işləri genişləndikcə
Qobustan daha müasir görkəm alır. Alternativ enerji
qurğuları, idman kompleksi,
yeni inzibati binalar, abadlaşdırılmış prospekt və küçələr, Heydər
Əliyev parkı, yeni məktəb
binaları, geniş
yaşıllaşdırma işləri Qobustanın müasir bölgələr sırasında inamla yer tutduğunu
xarakterizə edir.
Rayonda təhsilin maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində də
müəyyən işlər görülür.
Qeyd edək ki, Qobustanda 18 tam, 10 ümumi və 2 ibtidai məktəb
fəaliyyət göstərir. Ümumilikdə 4962 şagirdə
(2012-2013-cü tədris ilində) 609 müəllim dərs deyir.
Məlum olduğu kimi, son illər dövlət tərəfindən təhsilin
müxtəlif pillə və sahələrinin inkişafı üçün 15-dən çox
proqram işlənib həyata keçirilir. Bu islahatlar, şübhəsiz, Qobustan
təhsilinə də təsirsiz ötüşmür.
Xüsusi istedada malik
uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi üzrə Dövlət
Proqramına uyğun olaraq
rayonun ümumtəhsil məktəbləri
şagirdlərinin bilik və
bacarıqlarının qiymətləndirilməsi nəticəsində
müxtəlif sahələr üzrə 18 istedadlı şagird aşkar olunub və bu şagirdlər haqqında müvafiq
məlumatlar Təhsil Nazirliyinə göndərilib.
Qobustanda da
bildirdilər ki, müəllimlərin
işə qəbulunda tətbiq olunan yeni qaydalar şəffaflığı
təmin etməklə yanaşı, biliyi
və peşəkarlığı daha
yüksək olan kadrların seçilməsini
də şərtləndirir. Bu baxımdan
ixtisaslı müəllimlərə olan tələbata
uyğun işəgötürülmə,
vakant yerlərin şəffaf şəkildə
müəyyənləşdirilməsi çox
təqdirəlayiqdir. Qobustanın ümumtəhsil məktəblərində
38 müəllim işə qəbul edilib
və 18 müəllimlə ehtiyac olan ixtisaslar üçün birillik əmək
müqaviləsi bağlanıb.
Bu il rayonun tam orta
təhsil müəssisələrini bitirən 149 məzun tələbə
olmaq üçün
müxtəlif ali təhsil ocaqlarına sənəd
verib. Təqdirəlayiq haldır ki, 10 məzun hərbi təhsil almaq arzusuna düşüb.
Təhsil
ocaqlarının tikinti-təmir işləri ilə də maraqlandıq.
Rayon təhsil şöbəsinin müdir əvəzi İlqar
Alcanov bildirdi ki, mövcud məktəblərin
53 faizi yeni binalarda fəaliyyət göstərir. Heydər Əliyev Fondunun xətti
ilə rayonun Bədəlli və Çalov məktəbləri, regional
Dövlət Proqramına uyğun olaraq rayon təhsil
şöbəsi (2010), Poladlı, Nardaran,
Nabur, şəhər 2 nömrəli, Hilmilli, Təklə, Cəngi, Göydərə,
Cəmcəmli və Cəyirli məktəbləri üçün yeni
və müasir binalar
inşa olunub. Bütün məktəblər lazımi
avadanlıqla təmin edilib. Məktəb
kitabxanalarında zəngin dərslik fondu
yaradılıb. Heydər Əliyev Fondunun
xətti ilə təhsil ocaqlarına, həmçinin 140 adda didaktik plakat,
19 adda isə xəritə verilib.
Ümumtəhsil məktəbləri həm də İKT ilə
təchiz olunub.
Bunlarla bərabər,
Qobustanın Bəklə, Yekəxana, Təklə Mirzəbaba,
Təsi, Şıxzərli, Sündü,
Ərəbşahverdi məktəblərinin əsaslı təmirə,
yeni bina tikilməsinə
ehtiyac var. Bədəlli,
Nabur, şəhər 1 nömrəli tam orta məktəblərin
qızdırıcı sistemləri də təmir edilməlidir.
Qeyd edək ki,
ayrı-ayrı ixtisas fənləri üçün müəllimə ehtiyacı
olan məktəblər də az deyil. Sündü,
Cəmcəmli, Ərəbşahverdi, Ərəbqədim, Cəyirli
(əsas), Göydərə və digər məktəblər
kimya, riyaziyyat, fizika, coğrafiya, musiqi fənləri üzrə ixtisaslı
müəllimlərin yolunu gözləyir.
İ.Alcanov onu da bildirdi ki,
bütün boş
yerlər Təhsil Nazirliyinin vakant siyahısına daxil
edilib. Söhbət etdiyimiz
müəllimlər müvafiq bir tam orta
məktəbdə lisey sinfinin
açılması, yerli tələbat nəzərə
alınmaqla rayonda peşə məktəbinin
açılması zərurətini də söylədilər.
Qayğılar
nə qədər çox olsa da yeni
dərs ilinin yaxınlaşması istər
müəllimdə, istərsə də şagirddə xoş ovqat yaradır. Təhsil
ocaqları yenə qapılarını şagirdlərin
üzünə açacaq. Yenə səsli-küylü,
hər günü əziz məktəb həyatı
başlanacaq. Onu da qeyd edək ki, Qobustanın Çuxanlı (tam) və Cəyirli (əsas) məktəblərinin
yeni inşa edilmiş binalarında dərslərin
başlandığını bildirən zənglər ilk dəfə çalınacaq.
Telman
NƏZƏRLİ
Azərbaycan. - 2013.- 27 avqust.- S. 7.