Bakı və Həştərxan
şəhərlərinin Nərimanov rayonları arasında uğurlu əlaqələr qurulmuşdur
Rusiya Federasiyasının Həştərxan
şəhərinin Nərimanov rayonundakı ulu
öndər Heydər Əliyevin adını daşıyan 11
nömrəli məktəbin şagird və
müəllim kollektivi Azərbaycanda səfərdədir.
AzərTAc xəbər
verir ki, məktəbin
kollektivi əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət etmişdir.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuşdur.
SSRİ-nin və Azərbaycanın xalq artisti, dünya
şöhrətli ifaçı Müslüm
Maqomayevin də məzarı ziyarət edilmişdir.
Məktəbin
kollektivi Şəhidlər xiyabanına gələrək
Vətənimizin azadlığı uğrunda
şəhid olan oğul
və qızlarımızın xatirəsini yad
etmişdir.
Daha sonra qonaqlar Dövlət Bayrağı Meydanında
olmuşlar. Onlara
bu meydan haqqında geniş məlumat verilmişdir.
Həştərxanlı məktəblilər
"Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi
"Baku Crystall Hall" haqqında
da ətraflı məlumatlandırılmışlar.
Qonaqlar Heydər Əliyev Mərkəzi ilə də tanış
olmuşlar. Onlar əvvəlcə ulu öndər Heydər Əliyevin 1969-cu
ildən 2003-cü ilədək
Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
xidməti istifadəsində
olan avtomobillərə
baxmışlar. Məlumat verilmişdir
ki, muzeydə sərgilənən eksponatlar
Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini
əks etdirir.
Qonaqlar daha sonra
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğuna gəlmişlər.
Gəzinti zamanı burada
aparılan abadlaşdırma
və bərpa işləri barədə
ətraflı məlumat
verilmişdir. Qonaqlar İçərişəhərdə
"Kiçik Karvansara"
abidəsinin təsviri
və dekorativ-tətbiqi
incəsənət mərkəzi
- "İncəsənət bağı"nda da olmuşlar.
Məktəbin kollektivi Qala kəndinə də səfər etmişdir. Burada Qala Abidə Kompleksi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Antik Əşyalar Muzeyi və digər tarixi abidələrlə tanışlıq qonaqlarda
xoş təəssürat
oyatmışdır.
Qonaqlara məlumat verilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən bu layihə ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, respublikamızın turizm mərkəzlərindən birinə
çevrilməsinə xidmət
edir.
Həştərxandakı ulu öndər
Heydər Əliyevin adını daşıyan
11 nömrəli məktəbinin
kollektivi İsmayıllı
rayonunda da ikigünlük səfərdə
olmuşdur. Bölgənin tarixi, mədəniyyəti,
etnoqrafiyası, füsunkar
təbiəti ilə daha yaxından tanışlıq qonaqların
yaddaşında dərin
iz buraxmışdır.
Rusiya
Federasiyasının Həştərxan şəhərinin Nərimanov
rayonundakı ulu öndər Heydər
Əliyevin adını daşıyan 11 nömrəli məktəb
ilə Bakının Nərimanov rayonunun bir sıra məktəbləri arasında
sıx əlaqələr vardır. Gələcəkdə də
məktəblərin əməkdaşlığı və tədris
ocaqlarının müəllim və şagird
kollektivinin qarşılıqlı səfərləri
nəzərdə tutulmuşdur.
Azərbaycan. - 2013.- 27 avqust.- S. 7.