Ürəyi ovcunda olan adam
Onun da
ürəyi ağrıdı. Adama elə
gəlir ki, bu yaşda, özü də
fəal idmanda olan bir insanın ürəyi qətiyyən
ağrımaz! Niyə ağrıyırdı, nə üçün ağrıyırdı - heç həkimlər də bilmədi. Eləcə
bir gün
ağrıdı, bir gün
yatdı, sonra durdu və
əvvəlki həyatına, fəaliyyətinə davam etdi. O, bütün bunları -
ağrımağı, xəstələnməyi heç xoşlamır. Ona
görə narahat olub
vəziyyətini soruşanlara həmişə
zarafatla belə deyir:
"Qorxmayın, pis adama
heç nə olmaz!"
"Pis adam"ın həyat yolu, yaxud öz adı
üçün dalaşan
Özünü göstərmək,
adını təsdiq etmək, hər cür
çətinliyi adlamaq və qalib gəlmək onun məqsədi
və həyat kredosudur. Hələ uşaq vaxtlarından içində
çağlayıb daşan bir enerji, bir
güc vardı. Bütün
çətinliklərə, ağrı-acılara baxmayaraq, onu hələ də
qoruyub saxlaya bilib.
Söhbət Azərbaycan
Güləş Federasiyasının vitse-prezidenti,
hamının yaxşı tanıdığı Elçin Cəfərovdan gedir.
O, 1959-cu ildə Ağdam rayonunda doğulub.
2002-2010-cu illərdə yunan-Roma güləşi
üzrə yığma komandanın baş
məşqçisi işləyib. İşlədiyi müddətdə
yetirmələrinin simasında beş dəfə
Avropa çempionu
(2005-2007-2008-2010), bir dəfə Avropa çempionatının gümüş
mükafatçısı (2010), üç
dəfə Avropa çempionatının bürünc
mükafatçısı (2006-2009), ikiqat
dünya çempionu
(2007-2009), iki dünya
çempionatının gümüş
mükafatçısı (2002-2006), iki dünya çempionatının bürünc mükafatçısı (2009),
Azərbaycan Yay Olimpiya
Oyunları tarixində ilk dəfə olaraq yunan-Roma güləşi
üzrə Olimpiya çempionu
(2004, Afina), Yay Olimpiya oyunlarının iki
gümüş
mükafatçısı (2008, Pekin) kimi nailiyyətlər əldə edib. 2004-2006-2007-ci illərdə Azərbaycan
Respublikasında "İlin ən
yaxşı məşqçisi" seçilib.
əməkdar məşqçidir.
Özü fərqli olduğu
kimi, idmana gəlişi
də hamıdan fərqlidir: "Dördüncü
sinifdən hazırda Bakıxanov qəsəbəsində yerləşən
Olimpiya İdman liseyinin 4-cü sinfinə gəlmişəm.
Valideynlərim buna qarşı idi. Çünki böyük qardaşlarım orta
məktəbdə əlaçı idilər, amma
mənim oxumaqla heç
aram yox idi. Yadımdadır, uşaqlardan
biri adımı lövhəyə
yazmışdı. Onunla dava
etdim. Elə bildim mənə
sataşır. Küsüb
tanımadığım bir yerdə məktəbin
hasarlarından kənara çıxdım. Axşamacan
gəzib-dolandım, hirsim soyuyanda
geri qayıtdım. Əvvəlcə burada futbolla məşğul
oldum. Bir gün gördüm özüm yaşda uşaqlar güləşlə məşğuldurlar.
Sonrakı məşqçim İsmayıl Çöpçüyevin
tövsiyəsi ilə güləşə başladım.
Altı aydan sonra məktəb
birinciliyinin qalibi oldum. Sonra Bakı və respublika birinciliyi oldu. Həyatımı bütünlüklə
yunan-Roma güləşinə
bağladım. Daha sonra
"Dinamo" cəmiyyətinə gəldim.
Hamının yaxşı tanıdığı Fikrət Tahirov məşqçim oldu.
"Dinamo"da
SSRİ çempionları Ülvi Quliyev və Füzuli
Musayevlə tanış olduq".
25
yaşın ağrısı
Həmsöhbətim Elçin Cəfərov keçdiyi yola nəzər salaraq deyir ki,
SSRİ dönəmində dünya, Avropa, Olimpiya oyunlarına çıxmaq çox çətin məsələ
idi. Buna baxmayaraq,
o zaman Azərbaycan çempionu, ümumittifaq
turnirlərinin və dəfələrlə SSRİ birinciliyinin mükafatçısı oldum. Sonra çox
böyük zədə aldım və iki dəfə əməliyyat olundum.
Altı ay idmanla məşğul
ola bilmədim. Hər gecə yuxuda özümü
idmanın ən yüksək nöqtəsində görürdüm. Səbirsizliklə həkimlərin
cavabını gözləyirdim. Altı aydan
sonra yenidən həkimə getdim və ən acı, gözlənilməz
qərarı onlardan eşitdim: dedilər ki, sənə
güləşmək olmaz! Beləliklə,
25 yaşında böyük idmanı zədə
üzündən tərk etməli oldum. Hər
şey öndə idi,
çox cavan
yaşında SSRİ idman ustası
adını da qazanmışdım. Amma nə etmək olardı? Taleyə boyun əyib "Dinamo"
cəmiyyətində məşqçi işləməyə
başladım. Eyni zamanda,
ali məktəbi başa
vurdum. Daha sonra orada baş
məşqçi və Olimpiya
ehtiyatı qüvvələri məktəbinin müdiri
oldum.
Dostları çoxdur - Rauf Əliyev,
Ceyhun Məmmədov, Akif
İsmayılov və başqaları. Onun
haqqında hamı ağızdolusu danışır. Uzun illərin mübarizəsi, çətinliyi,
sınaqları bu dostluğa,
münasibətə xüsusi bir rəng verir. Keçmiş millət vəkili,
idmançı, hazırda Oğuz RİH-in başçısı Eyvaz Qurbanov keçilən
yola nəzər salır:
- Peşəkar
idmana əsasən kasıb, imkansız ailələrin
uşaqları, balaları gəlir. Hamımız bu yolu keçmişik,
əziyyət çəkmişik, uduzmuşuq,
qələbə çalmışıq, bir
növ, özümüzü
həyatda təsdiq etmişik. Bu çətinliklər bizə əlavə stimul verib. Elçin
Cəfərovun həyat yolu dediklərimə
ən yaxşı nümunədir. O, nadir
məşqçilərdəndir ki, bu qədər tanınmış
idmançı yetişdirib. Beynəlxalq
yarışlarda ekranlardan onun
yaşantıları, həyəcanları hər kəsə
təsir edir. Bir
faktı da qeyd etməyə
dəyər: Elçin Cəfərov adi məşqçilikdən ölkədə
idman naziri vəzifəsinə
qədər yüksələn bir
insandır. Burada da onun yüksək intellekti,
təşkilatçılığı və əzmkarlığı
rol oynayıb.
"Bəziləri
dildə, bəziləri isə qolda güclü olur"
Onun idman
fəlsəfəsi elə özünün
həyat fəlsəfəsidir. İdmana,
idmançılara öz xarakterini,
dünyagörüşünü verməyə
çalışır. Deyir ki, idmançı təkcə qolunun
gücünə, əzələsinə güvənməli deyil! Onun zehni
işləməli, dünyagörüşü
olmalı və çoxlu kitab
oxumalıdır: "Uşaq vaxtı çox davakar olmuşam. Amma hər zaman haqqın tərəfində durmuşam. Ümumiyyətlə, kiminsə kiməsə
güc göstərməsini nə onda qəbul edə bilmişəm, nə də
indi".
O düşünür
ki, idmançı rejimə, nizam-intizama tabe olmursa, çox yüksək
nəticələrə nail ola bilməz. Bunun üçün dəmir nizam-intizam
olmalıdır. Əgər idmançı maksimum
10 il ərzində qarşısına qoyduğu məqsədə, yəni dünya, Avropa və Olimpiya çempionluğuna
çata bilmirsə, deməli, o, idmanla məşğul
olmayıb. Elə-belə gün keçirib: "Bu səbəbdən
yunan-Roma güləşi üzrə baş məşqçi təyin olunandan sonra bir neçə idmançı və məşqçiylə
vidalaşmalı oldum. Amma
nəticədə Fərid Mansurov,
Rövşən Bayramov, Vitali
Rəhimov kimi idmançılar yetirə bildik".
Dostu, Milli
Məclisin deputatı Ülvi Quliyev o günləri belə
xatırlayır:
- Mən tez-tez onun məşqlərinə
baxmağa gələrdim. Məşqdən
əvvəl Elçin idmançılara üz tutub deyərdi:
"Cəhənnəmə xoş gəlmisiniz".
Həqiqətən, qeyri-adi bir məşq prosesi gedirdi və nəticə hasil
olurdu. Yadımdadır, Fərid Mansurov Olimpiya
oyunlarından sonra ciddi
zədə almışdı. Amma Elçin Cəfərovun səyləri nəticəsində
o, yeni bir
qələbəyə imza atdı: ilk dəfə yunan-Roma
güləşi üzrə dünya çempionu adını qazandı".
Olimpiya çempionu
Fərid Mansurov müəlliminin zəhmətini,
əziyyətini unutmağın qeyri-mümkünlüyünü
söyləyir:
- Elçin müəllim zalda
məşqçi, məşqdən sonra
ən yaxın dostdur, yoldaşdır.
Hansı çətinliyimiz olsa, onun həlli üçün
bacardığını da edər,
bacarmadığını da!
Bir faktı deyim:
2004-cü ildə Afinada Olimpiya
oyunları vaxtı səhər yuxudan duranda gördüm ki, həyəcandan və gərginlikdən Elçin müəllimin üzündəki damar partlayıb, qan
axır..."
Elçin Cəfərov deyir ki, güləşdə
400-dən artıq fənd var. Bu fəndlərin hamısını bilməlisən
- həm hücumunu,
həm müdafiəsini. Elə uşaqlar
var ki, özünü
ailəsində, sinfində güclü
sayır. Gəlir, düşür milliyə
və onda görür
ki, ancaq öz kəndində, yaxud
çevrəsində birincidir. Sonra isə respublika var, ondan sonra
Avropa, dünya və Olimpiya yarışları. Başa
düşür ki, səhv
yoldadır. Amma elələri də olur ki, Avropa
və dünya birinciliyinin
qalibi adını qazana
bilir. Halbuki bir vaxtlar barələrində
deyirdilər ki, o
avaranın, bivecin biridir.
O qədər beləsini düz yola gətirmişik ki...
Elçin Cəfərov üçün "yaxşı
idmançı və yaxşı məşqçi" problemi həmişə mövcuddur:
"10 ilə yaxın yığma komandaya
məşqçilik etdim.
Sağlamlığımdan tutmuş,
uşaqlarımın böyüməsinə kimi
hər şeyi idmana qurban vermişəm. Tələbələrimdən
neçəsi Avropa və dünya
çempionları olub. Yetirmələrim iki Olimpiya oyunlarında iştirak edib. Onlar Azərbaycana bir
qızıl, iki gümüş medal gətiriblər.
Ona
görə də mən həm idmançı, həm də
məşqçi kimi idmanda
olan nəticələrimdən çox razıyam. İkincisi,
mənə etimad göstərib bu işə cəlb edənlərə - Prezident İlham Əliyevə, o vaxt bu işə gəlməyimə
xeyir-dua verən Əbülfəs Qarayevə,
bu günə qədər idmanın
başında duranlara, Güləş
Federasiyasının prezidenti Fazil Məmmədova təşəkkür edirəm.
Elçin Cəfərov
dünyanın bir çox
ölkəsində olub. Beynəlxalq
yarışların əksəriyyətində iştirak edib. Deyir ki, bütün
dövlətlər Azərbaycanı artıq idman
ölkəsi kimi qəbul edib.
Təsadüfi deyil ki,
2020-ci ilin Olimpiya
oyunlarına əsas ev sahibliyi
etməyə namizəd dövlətlərdən biri də Azərbaycandır: "Demək istəyirəm
ki, dünya bizə rəqibdir.
Bu yarışlarda iştirak
etmədən Azərbaycana qarşı münasibətin necə
olduğunu bilməyəcəksiniz. Həm
qorxurlar, çəkinirlər, həm də
istəmədən hörmət edirlər. Bunların
hamısını keçə-keçə özümüzü
sübut edirik ki, bəli, biz də
varıq!".
"Fala baxmaqla, kart açmaqla Olimpiya oyunlarına hazırlaşmırlar"
Bu da onun gəldiyi qənaətlərdən biridir. Qələbə üçün
ciddi hazırlaşmaq lazımdır! Diqqətin
ancaq nəticəyə yönəlməlidir.
Konkret olaraq düşdüyün rəqibin işini həll etməlisən. Ona görə səninlə düşəndə
sənin, o birisi ilə
düşəndə o birisinin
məsələsini "həll etməlisən". Ondan sonra təbii ki, sən qalibsən. Bir də
bu Olimpiya oyunları
elədir ki, orada əvvəlcədən
idmançıdan nəsə gözləyə bilməzsən.
Ani bir vəziyyətdir!
Gözünü açıb-yumursan və
görürsən ki, o,
uduzub gəlib oturub sənin
yanında. Gözləmədiyin idmançı elə bir sensasiya edir
ki, heyrətə gəlirsən! Bütün idman
növündə belədir. Görürsən 10 dəfə dünya çempionu olub, amma adi
bir idmançıya uduzur.
Ona görə də Olimpiya
oyunları nəticəsi gözlənilməz, sürprizli oyunlar
adlanır.
O, bir həqiqəti də vurğulayır ki, ikiqat, üçqat
Olimpiya çempionu
olmağı hansı idmançı arzulamaz
ki? Ancaq arzulamaqla iş bitmir: "Gedirlər və çox
vaxt uduzurlar. Bunun da bir
sıra səbəbləri var. Çəki
salma, xəstələnmə prosesi, yaxud yarışa iki gün qalmış zəhərlənmə.
Dünya və Avropa
çempionatları elədir ki, bir-iki gün qalmış
idmançını digəri ilə dəyişmək olar. Amma Olimpiya
oyunları belə deyil. Elə idman növləri var ki, hər idmançının özünün adına gəlir. O
idmançı da gedib
orada öz
adını doğrultmalıdır. Belə çıxır
ki, idmançı qalib
gələndə özü səbəbkardır,
məğlub olanda hamı
günahkardır. Ona görə də idmanda yazılmamış qanunlar
var və bu, həmişə
olacaq".
Bir
az da güləşin
tarixindən
Bu tarix
həm də Elçin Cəfərovun öz tarixidir. SSRİ
Güləş Federasiyasının tərkibində ilk dəfə 1959-cu ildə Azərbaycan
Güləş Federasiyası təsis olunsa
da, ölkəmizdə milli
güləşin tarixi qədimlərə
gedib çıxır. Hələ
eramızdan 2500 il əvvəl Misirdə
güləş ilə məşğul olurdular.
Qədim yunanlar da
idmanın bu növünü
sevirdilər. O vaxtlar adətən
qumla örtülü
meydançada güləşirdilər.
İdmançıların çılpaq bədənlərinə
qum yapışır və onların bədənləri
nisbətən az sürüşkən olurdu; bu zaman
idmançılar bir-birindən möhkəm yapışa
bilirdilər. Azərbaycanda da bu idman növü
geniş yayılıb. Peşəkar
güləşçilər Sali Süleymanov, Rəşid Yusifov
və başqalarının adı çoxlarına məlumdur.
1937-ci ildən milli güləş
üzrə rayon, şəhər və respublika yarışları keçirilir.
Azərbaycan güləşçilərindən
İ.Dadaşov, M.Babayev,
R.Məmmədbəyov, A.İbrahimov, A.Niftullayev, R.Hacıyev, T.Paşayev,
M.Allahverdiyev , X.İsayev,
K.Məcidov və başqaları dünya,
Avropa çempionatları və ya Olimpiya
oyunlarının, SSRİ birinciliklərinin qalibləri, yaxud mükafatçıları olublar. Azərbaycan idmanının
tarixindəki bu şərəfli adı
güləşçilərimiz qoruyub saxlaya biliblər. İndinin
özündə də yarışlarda Azərbaycan
komandasının qazandığı medalların çoxu güləş idman
növünün payına düşür.
Elçin Cəfərov deyir ki, yunan-Roma
güləşi ən qədim idman növüdür. İlk
dəfə olaraq 1896-cı ildə Olimpiya oyunlarının proqramına daxil olub. Həmin vaxt Olimpiya oyunlarında yeddi növ üzrə
mübarizə aparıblar. Səkkizinci güləş olub ki, kim
qalib gəlirdisə, o,
Olimpiya çempionu olurmuş. Yunan-Roma güləşi
bir az çətindir.
Burada qurşaqdan
yuxarı güləşirsən və onların da hər birinin müdafiəsi
var. Gərək bunların
hamısını bilib ustalıqla həyata
keçirəsən. Bu da
bir elmdir!
İdmançı idmanda bütün
fəndləri, nəticələri göstərir və qalib olur. O,
cavanlığını, sağlamlığını və biliyini verir idmana. O da idmanın alimidir. Bir çox
idmançılarımız Ukrayna, Belarus, Rusiya kimi ölkələrdə
çıxış edirlər. Kamandar Məcidov,
Vüqar Orucov Belarusa, qılıncoynadan İlqar
Məmmədov isə Moskvaya getdilər. Bizim məşqçilərimiz Türkiyə,
İran, ərəb ölkələri və
Avropada işləyiblər. Bu gün məşqçilərə
tələbat böyükdür. Hətta
bir neçə məşqçimiz Braziliyaya dəvət alıb. Şəxsən
mənə gəldikdə, dəvətlər olub, 2008-ci il Olimpiya oyunlarından sonra Londona dəvət ediblər. Amma
başqa yerlərdə
yaşamağım çətin məsələdir. Bu daha çox
səhhətimlə bağlıdır".
Kiçik
qardaşların savaş meydanı - Qarabağ
Hamı kimi, onun da
taleyinin bir Qarabağ dərdi var! Bu, həm itirilmiş
torpaqlardır, həm yerindən-yurdundan didərgin düşən
minlərlə insandır, həm də şəhid
qardaşıdır. Tanıdığımız insanların
çoxunun kiçik
qardaşı bu savaşda
həlak olub! Hər bir
evin ən istəklisi, ən seviləni və
ən çox təəssüb çəkən
uşaqları... İstər ailənin, istərsə
torpağın od-ocağını da qoruyan onlardır, Elçin
Cəfərovun kiçik qardaşı
Firəddin kimi. Elçin
Cəfərov kədərli düşüncələrini
bizimlə bölüşür:
-
Torpaqsızlıq böyük dərddir. Ümidini itirmək ondan da ağırdır. Hələ başa çatmayan bu davada yaxınlarımla
bərabər kiçik
qardaşımı da itirdim.
Dedi, döyüşmək
lazımdır! Anladım ki, kənara
çəkilmək mümkün deyil, kimsə döyüşməlidir!
Qardaşım döyüşdü və
şəhid oldu! Həm kədərlidir,
həm qürurverici. Nahaq
qan yerdə qalmır. O yerlərə
mütləq qayıdacağıq! Bunu kiçik qardaşların ruhu
istəyir...
Bir də son
olaraq Elçin Cəfərov
deyir ki,
idmançı kimi əldə edə bilmədiklərini
məşqçi kimi qazanıb:
- Hesab edirəm ki, hər bir yetirməmin qələbəsi mənimdir.
Belə bir fikir var: deyirlər, idmançı udanda
özü, uduzanda məşqçisi
uduzur! Mən bununla qətiyyən
razı deyiləm! Həm qələbəni, həm məğlubiyyəti
bölməyi bacarmalıyıq!
P.S. Bu günlərdə Elçin
Cəfərova iki
böyük sevinc qismət
olub. Orta məktəbi
bitirən iki övladı - Aytac və Elşən qəbul
imtahanlarını uğurla verərək
tələbə adını qazanıblar. Bu
münasibətlə redaksiyamızın kollektivi
adından onu təbrik edirik.
Bu xoşbəxtlik yəqin ona canındakı və ürəyindəki bütün ağrıları unutdura
biləcək!
Bəxtiyar
QARACA
Azərbaycan. - 2013.- 27 avqust.- S. 7.