İndi dünya Azərbaycanı
həm də qaz ixrac edən ölkə kimi tanıyır
Dünyanın
enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın
rolu ildən-ilə artır. İqtisadiyyatının
aparıcı sahəsi neft-qaz sənayesi olan ölkəmiz
müstəqillik qazandıqdan sonra karbohidrogenlərin
hasilatında mühüm irəliləyişlərə nail
olub.
Qazanılan müvəffəqiyyətlər ulu öndər
Heydər Əliyevin uzaqgörən iqtisadi siyasətinin və
bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Müəllifi
ümummilli lider Heydər Əliyev olan yeni neft strategiyası
öz bəhrələrini verir, onun uğurlu davamı bu sahədə
yeni zirvələrin fəth olunmasına, yeni qələbələrə
imza atılmasına imkan yaradır.
Dövlət
Statistika Komitəsinin məlumatına görə, təkcə
2003-2012-ci illərdə kondensat da daxil edilməklə, 347,4
milyon ton xam neft və 162,5 milyard kubmetr təbii qaz hasil edilib. 10,3
milyon ton avtomobil benzini, 20,5 milyon ton dizel yanacağı, 6,1
milyon ton ağ neft istehsal olunub. Neft
hasilatı 2,8, təbii qaz hasilatı isə
5,2 dəfə artıb.
Əsrlərdən bəri neft diyarı
kimi tanınan Azərbaycan son illərdə özünü
dünyaya həm də qaz ixrac edən ölkə kimi təqdim
edə bilib. Bu da ölkədə yeni
qaz yataqlarının kəşf edilməsi, hasilatın
çoxalması və mavi yanacağın digər ölkələrə
də satışı nəticəsində mümkün olub.
Məlumdur ki, dünyanın karbohidrogenlərlə
zəngin olan regionlarında bir çox köhnə qaz yataqlarının
gücü artıq tükənməkdədir.
Yeniləri isə heç də tez-tez kəşf
edilmir. Digər tərəfdən, əhali
ildən-ilə çoxalır və dünyada qaza olan tələbat
da buna paralel olaraq artır. Belə bir
şəraitdə son illərdə Azərbaycanda qaz
hasilatının artması və üstəlik, yeni-yeni
yataqların kəşf olunması böyük əhəmiyyət
kəsb edir.
Azərbaycanda qaz həm ARDNŞ-nin istismar
etdiyi, həm də xarici şirkətlərlə birgə
işlənən yataqlardan əldə olunur.
"Günəşli", "Bahar" və digər
köhnə yataqlardan çıxarılan mavi yanacaq, "Azəri",
"Çıraq", "Dərinsulu Günəşli"nin
səmt qazı və artıq 7 ildir "Şahdəniz"dən
əldə olunan hasilat sayəsində ölkəmizin
özünün enerji baxımından da müstəqilliyini təmin
etməsində mühüm rol oynayıb.
İxrac olunan qaz barədə söhbət
gedəndə, ilk növbədə, "Şahdəniz"
yada düşür. Bu,
hazırda dünyanın dəniz akvatoriyalarında işlənən
ən iri qaz-kondensat yataqlarından biridir. Əməliyyatçısı
olan BP-nin "portfel"ində isə ən böyük layihədir.
"Şahdəniz"in sübut
olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qaz
və 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilir.
BP-in məlumatına görə, 2006-cı ilin sonlarından,
yəni "Şahdəniz"də hasilata başlanandan indiyədək
yataqdan bazarlara təxminən 42,7 milyard kubmetr qaz və 11,3
milyon ton kondensat ixrac edilib. Bu ilin birinci yarısında
"Şahdəniz"in hasilatını 4,8
milyard kubmetr qaz və 1,26 milyon ton kondensat təşkil edib.
İndi Azərbaycan qazın ixracı
üçün də mükəmməl infrastruktura malikdir.
Ölkəmizin istər öz ərazisinə,
istərsə də xaricə qaz nəql etmək
üçün geniş kəmərlər şəbəkəsi
var və onlar getdikcə şaxələnməkdədir.
"Şahdəniz" qazına gəldikdə
isə, o, Azərbaycan, Gürcüstan və Türkiyə
bazarlarına nəql olunur. Əlbəttə, söhbət yatağın işlənməsinin
birinci mərhələsindən gedir. Bu mərhələ
çərçivəsində çıxarılan yanacaq Xəzərdən
sualtı borularla Səngəçal terminalına
gətirilir. Orada isə ilkin emaldan keçirilərək
Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) vurulur.
CQBK Azərbaycanda 443 kilometr və
Gürcüstanda 248 kilometr ərazidən keçərək
"Şahdəniz" qazını Türkiyə sərhədinədək
aparır. Türkiyə ərazisində
bu kəmərə daha 280 kilometrlik bir xətt birləşir
və Azərbaycan qazını Ərzuruma
çatdırır. Odur ki,
bütövlükdə bu kəmər
Bakı-Tbilisi-Ərzurum adlanır.
İkinci mərhələnin
qazının isə 2018-ci ildə alınacağı gözlənilir.
Həmin mərhələdə yataqdan ildə
16 milyard kubmetr qaz alınacaq. Bu, birinci mərhələnin illik
hasilatından az qala iki dəfə çoxdur. Odur
ki, dənizdə və quruda yeni infrastruktur yaradılacaq.
Xəzərdə iki yeni platforma tikiləcək,
sualtı borular çəkiləcək, Səngəçal
terminalında genişləndirmə işləri görüləcək.
Cənubi Qafqaz Boru Kəməri artan həcmləri
qəbul etmək üçün genişləndiriləcək.
Üstəlik, "Şahdəniz-2" qazını
Avropadakı istehlakçılara da çatdırmaq
üçün əlavə xətlər gərəkdir.
Qazın nəqli üçün zəruri
olan bu məsələlər indi öz uğurlu həllini
tapmaqdadır. Başqa sözlə, "Cənub qaz dəhlizi"nin marşrutu müəyyən olunub və buna
müvafiq də işlər aparılır. Əlbəttə,
ilk növbədə, CQBK-nın gücü artırılacaq.
CQBK Bakı-Tbilisi-Ərzurum xəttinin əsas
hissəsini təşkil edir. O, Azərbaycanın
13 bölgəsindən - Abşeron, Qaradağ, Hacıqabul,
Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux,
Tovuz, Şəmkir və Ağstafadan keçir. Yeni həcmləri qəbul etmək üçün
Hacıqabul rayonunun Muğan qəsəbəsi
yaxınlığından başlayaraq kəmərə paralel
olaraq yeni bir xətt tikiləcək.
Gürcüstan sərhədinədək
uzanan yeni kəmərin uzunluğu 387 kilometr olacaq.
Onun başlanğıcında bir ərsinləmə,
marşrutu boyu isə 5 siyirtmə stansiyasının tikintisi
planlaşdırılıb.
CQBK-nın Gürcüstan hissəsində
isə ölkənin Türkiyə ilə sərhədində
qısa kəmər,
bir ərsinləmə, iki kompressor, bir təzyiqazaltma və
bir təzyiqölçmə stansiyaları inşa ediləcək.
Beləliklə, genişləndirilmiş CQBK "Cənub qaz
dəhlizi"nin güclü bir qoluna
çevriləcək.
"Şahdəniz-2"dən əldə
olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10
milyard kubmetri Avropa ölkələrinə satılacaq.
Azərbaycan qazını Avropaya aparan yollar da məhz
Türkiyədən keçəcək. Azərbaycanla
Avropa arasında körpü yaratmaq rolu TANAP-ın - Trans Anadolu Qaz Boru Kəmərinin
üzərinə düşür. Keçən
ilin iyun ayında Azərbaycan və Türkiyə bu məsələyə
dair hökumətlərarası müqavilə imzalayıblar.
TANAP-ı bütün dünya yüksək
dəyərləndirir. İndi
hamıya bəllidir ki, bu layihənin də təşəbbüskarı
Azərbaycandır. Ən böyük
maliyyə yükünü və bütün texniki riskləri
də biz öz üzərimizə
götürmüşük. TANAP-ı
haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə
adlandırırlar.
Təsadüfi deyil ki, TANAP layihəsində
iştirak paylarının 80 faizi ARDNŞ-yə, qalan 20 faizi
isə Türkiyənin BOTAŞ və TPAO şirkətlərinə
məxsusdur. Kəmərin tikintisinin 2018-ci ilin əvvəllərində
başa çatacağı nəzərdə tutulur.
"Şahdəniz" qaz-kondensat
yatağının işlənməsində və
istismarında tərəfdaşlıq edən şirkətlərdən
3-ü TANAP-a qoşulmaq niyyətindədir.
Bunlar "Şahdəniz" layihəsinin əməliyyatçısı
BP, tərəfdaşlardan "Statoyl" və "Total"
şirkətləridir. BP və
"Statoyl" hər biri layihədə 12, "Total" isə
5 faiz payla iştirak etməyi nəzərdə tutublar. Bu fikrin reallaşması üçün
danışıqlar aparılır.
TANAP-ın uzunluğu təxminən 2000
kilometr olacaq. Kəmər Gürcüstan-Türkiyə sərhədindən
başlayaraq Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə,
Ərzincan və neçə-neçə digər bölgədən
keçəcək. 56 düymlük bu boru
xəttinin Avropaya çıxış nöqtələri
Yunanıstan və Bolqarıstan sərhədləri olacaq.
Türkiyənin özünün daxilində isə
kəmər Əskişəhər və Trakya bölgələrinə
çıxacaq. TANAP böyük
qazötürmə qabiliyyətinə malik olacaq.
Azərbaycan bütün dünyada
özünün etibarlı tərəfdaş olduğunu və
bu tərəfdaşlığın getdikcə möhkəmləndiyini
bir daha sübut edir. Konkret olaraq
sözügedən TANAP Türkiyənin və Azərbaycanın
enerji sahəsində bundan əvvəl Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə vüsət
alan, "Petkim"lə davam etdirilən əməkdaşlıq
və tərəfdaşlığını daha da möhkəmləndirəcək.
TANAP həyata keçiriləndən sonra
dünyanın yeni enerji qaynağına çevriləcək.
TANAP həm də Azərbaycanla Avropa
ölkələri arasında bir körpü olacaq.
Yəni Avropaya istiqamətlənən yanacağı TAP-a
(Trans Adriatik Qaz Boru Kəməri) məhz TANAP ötürəcək.
Qazın Avropaya nəqli üçün
TAP intensiv qiymətləndirmə nəticəsində bir
neçə kəmərin sırasından seçilib.
Bu kəmər başlanğıcını
Türkiyə-Yunanıstan sərhədindən götürəcək
və Albaniyanın ərazisindən, Adriatik dənizindən
keçərək İtaliyaya çatacaq. İtaliyada və Yunanıstanda kəmər həmin
yerlərdə mövcud olan qaz infrastrukturu ilə birləşəcək.
Hazırda "Şahdəniz"
konsorsiumu qaz satışı üzrə İtaliya və
Yunanıstanda bir sıra şirkətlərlə şərtlərini
razılaşdırıb. Bundan əlavə, Bolqarıstanda satışı həyata
keçirmək üçün danışıqlar
aparılır.
Gələcəkdə TAP-dan ayrılan
"qollar" Azərbaycanın qaz ixracını daha da
şaxələndirəcək. Qaz ixracının diversifikasiyası
üçün yaratdığı imkanlar Azərbaycanın
bu sahədə də şöhrətini bir daha artıracaq.
Xəzərdə zəngin ehtiyatlara malik
olan qaz yataqlarımız çoxdur. "Ümid" bunu təsdiqlədi. Əslində, geoloqlar "Şahdəniz"in Xəzərin
ölkəmizə məxsus sektorunda tək olmadığı
fikrini çoxdan, özü də inamla söyləmişdilər.
Əvvəlcə bunu "Ümid"in kəşfi
sübut etdi. ARDNŞ-nin öz daxili
ehtiyatları hesabına burada aparılan kəşfiyyat
işləri böyük müvəffəqiyyətlə nəticələndi.
Dənizin 58 metr dərinliyində
quraşdırılmış stasionar özüldən
qazılan birinci quyudan güclü qaz axını
alındı. Bu, Xəzərdə yeni, zəngin bir
qaz-kondensat yatağının olduğunu xəbər verdi.
ARDNŞ-nin heç bir xarici şirkətin
iştirakı olmadan bu yatağı təklikdə kəşf
etməsi və işləməsi son illərdə Azərbaycanın
sözügedən sahədə də necə gücləndiyini
şərhsiz sübut edən faktdır.
İlkin hesablamalara görə,
"Ümid"in çıxarıla bilən ehtiyatları
200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir.
Hazırda "Ümid" ümidləri
doğruldaraq qaz və kondensat verir.
"Ümid"in kəşfindən sonra
daha bir yataq haqqında xoş müjdə gəldi.
"Abşeron"u ARDNŞ, Fransanın
"Total" və GdT şirkətləri birgə işləyirlər.
Bu struktur Cənubi Xəzər neftli-qazlı
hövzəsinin Abşeron arxipelaqında, Bakıdan 85-100
kilometr şərqdə yerləşir. Azərbaycan
geofizikləri "Abşeron"u hələ 1960-cı ildə
aşkar etmişdilər. 1993-cü ildə
struktur axtarış qazmasına hazırlanmışdı.
1997-ci ildə blokun "Şevron" və "Total"
şirkətləri ilə birgə işlənməsinə
dair saziş imzalanmışdı. 2000-ci ildə
burada bir quyu qazılsa da, texniki səbəblərdən ləğv
edilmiş və 2005-ci ildə sazişə xitam verilmişdi.
Lakin əldə olunan geoloji-kəşfiyyat
məlumatlarının təkrar qiymətləndirilməsi
"Abşeron"u yenidən gündəmə gətirdi.
2009-cu ilin fevral ayında ARDNŞ-lə
"Total" arasında yeni bir saziş imzalandı. 2011-ci ilin yanvarında layihə dərinliyi 7200 metr
olan quyunun qazılmasına başlandı. Sentyabrda 6558
metr dərinlikdə Fasilə lay dəstəsi
açıldı. Quyuda aparılmış
geofiziki tədqiqat işlərinin nəticəsi müsbət
qiymətləndirilir. Mütəxəssislərin
ilkin hesablamalarına görə, "Abşeron"
yatağında 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində
karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.
2010-cu ilin oktyabrında ARDNŞ və BP Azərbaycan
şirkəti arasında "Şəfəq-Asiman"
perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və
işlənməsi haqqında Hasilatın Pay
Bölgüsü Sazişi (HPBS) imzalanıb.
2012-ci ildə "Gilavar" seysmik gəmisi ilə
həmin strukturda üçölçülü seysmik tədqiqat
proqramının başa çatdırılması da son illərin
nailiyyətlərindəndir. Çünki
bu, müqavilə ərazisində indiyədək
aparılmış ilk üçölçülü seysmik
tədqiqatdır. Hazırda əldə edilmiş məlumatların təhlili
aparılır.
Xəzərin Azərbaycan sektorunda
"Naxçıvan", "Babək" və digər
perspektiv strukturlar da mövcuddur. Gələcəkdə bu layihələrdən əldə
olunacaq fayda sayəsində Azərbaycanın dünyanın
enerji təhlükəsizliyinin təminatında rolu daha da
artacaq.
Ölkədə qaz hasilatının
durmadan yüksəldiyi, mühüm ehtiyat həcmlərinin
toplanılması üçün münbit şəraitin
yarandığı bir dövrdə yeraltı qaz anbarları
da mühüm əhəmiyyət daşıyır.
Hazırda Qaradağ və Qalmazda yeraltı
qazsaxlama anbarları fəaliyyət göstərir. Əhalinin və iqtisadiyyatın təbii qaza olan tələbatının
davamlı təminatında, ölkənin ixrac
potensialının genişləndirilməsində
mühüm rolu olan anbarların tutumunun genişləndirilməsi
qarşıya prioritet vəzifə kimi qoyulmuşdu. Bu vəzifə də uğurla yerinə yetirilib.
Respublikanın daxili qaz təchizatı
sisteminin yenilənməsi ARDNŞ üçün xüsusi
aktuallıq kəsb edir. "Azəriqaz"
İstehsalat Birliyi şirkətin tərkibinə daxil edildikdən
sonra ölkədə qazlaşdırmanın yeni mərhələsi
başlanıb. Bu məqsədlə
aparılan tikinti-quraşdırma və təmir-bərpa
işləri respublikanın bütün ərazisini əhatə
edir. Qaz təsərrüfatının,
paylayıcı sistemin dünya standartlarına
uyğunlaşdırılması, sahənin maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində
görülmüş təxirəsalınmaz tədbirlər
artıq öz bəhrəsini verməkdədir. Ötən müddət ərzində onlarca
yaşayış məntəqəsi
qazlaşdırılıb, minlərlə abonentə mavi
yanacaq verilib. Müxtəlif diametrli yeni qaz
kəmərləri çəkilib, qazpaylayıcı
stansiyalar quraşdırılıb, qaztənzimləyici məntəqələrdə
və qaz kəmərlərində əsaslı təmir
işləri aparılıb.
ARDNŞ-nin "Azəriqaz"
İstehsalat Birliyi ilə Almaniyanın "E.ON Ruhrgas AG"
şirkəti arasında Bakı şəhərində və
Abşeron yarımadasında qaz təchizatı sisteminin
müasirləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın
hazırlanması haqqında xidmət müqaviləsi
imzalanıb. Müqaviləyə əsasən, "E.ON
Ruhrgas" şirkəti tərəfindən qaz itkisinin
qarşısının alınması, habelə əhalinin
artımı və sənayenin davamlı inkişafı nəticəsində
gələcəkdə daha da yüksələcək tələbatı
ödəmək məqsədilə Bakı şəhəri
və Abşeron yarımadasında mövcud qaz təchizatı
şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi
və yenidən qurulmasını həyata keçirmək
istiqamətində aparılan layihələndirmə işləri
uğurla davam etdirilir. Avropanın ən böyük
enerji şirkətlərindən biri ilə belə bir əməkdaşlığın
qurulması, şübhəsiz ki, Bakı şəhəri və
ümumilikdə Abşeron yarımadasının qaz nəqli
infrastrukturunun inkişafına mühüm töhfə verəcək.
Ümumiyyətlə, son illərdə
ölkədə həyata keçirilən
qazlaşdırılma layihələri təqdirəlayiqdir.
Bu ilin investisiya proqramında da həmin məqsədlər
üçün xeyli vəsait nəzərdə tutulub. İlin sonunadək ölkənin ümumi
qazlaşdırma səviyyəsi 90 faizə çata bilər.
İşlər bu məqsədə yönəldilib.
Hərçənd ki, ölkənin bir hissəsini
dağlıq ərazilər təşkil edir, oraya qaz xətlərinin
çəkilişi texniki cəhətdən çətindir və çoxlu xərc tələb
edir. Bununla belə, əhalinin qazla təminatı
prioritet vəzifə kimi qarşıda durur. Yeni qaz boruları çəkilir, ölçü
mexanizmləri, sayğaclaşma tamamilə yeni səviyyədə
aparılır. Hazırda bölgələrdə
gedən işlər qarşıya qoyulan vəzifələrin
yerinə yetiriləcəyini deməyə əsas verir.
Təsadüfi deyil ki, son illərdə
ARDNŞ-nin əsas fəaliyyət istiqamətlərindən
birini Qaz Proqramının həyata keçirilməsi təşkil
edib. Proqram çərçivəsində
şirkətin müstəqil işlədiyi qaz-kondensat
yataqlarında quyuların yerləşmə şəbəkəsi
təkmilləşdirilib, yeni quyular qazılaraq istismara verilib,
mövcud kommunikasiyalar yenidən qurulub, boru xətləri
çəkilib, əlavə neft-mədən obyektləri
tikilib. Yeni tələblərə cavab verən mükəmməl
texniki sistemin yaradılması nəticəsində gündəlik
texnoloji sərf və itkilər minimuma endirilib, qazma və
istismar qurğuları modernləşdirilib, səmərəli
texnika-texnologiyalar
tətbiq edilib. Müasir idarəetmə
və nəzarət sistemləri ilə təmin olunmuş
yığım-nəql şəbəkəsi
yaradılıb, yeni kompressor stansiyaları tikilib, mövcud
stansiyalar genişləndirilib və yenidən qurulub. Odur ki, bu gün Azərbaycanın ən ucqar,
heç sovet dövründə də qaz almayan kəndlərində
mavi alov şölələnir.
Flora
SADIQLI
Azərbaycan. - 2013.- 28 avqust.- S. 1.