ATƏT Parlament Assambleyasında ermənilərin işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşması məsələsi qaldırılacaqdır

 

Son vaxtlar Suriyadan qaçan erməni ailələrin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməsi məsələsi ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında qaldırılacaqdır.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova demişdir.

B.Muradova bildirmişdir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma ilə bağlı BMT-yə məktub ünvanlamışdır. Həmçinin bu məsələ ATƏT PA-da ciddi şəkildə qaldırılacaqdır. Çünki bir ölkədəki gərgin humanitar fəlakəti başqa regiona daşımaq düzgün deyildir. İşğal olunmuş ərazilərə bu qeyri-qanuni köçürmələr beynəlxalq prinsiplərə və konvensiyalara ziddir. Bu, ATƏT-in özünün keçirdiyi fakt-araşdırıcı missiya tərəfindən də təsdiq olunmuşdur. ATƏT PA-nın buraxdığı nəşrlərdə konkret olaraq Azərbaycanın işğal altında olan ərazilərinə nə qədər suriyalı erməninin köçürülməsi ilə bağlı rəqəmlər vardır. Biz elə qurumun özünün də təsdiq etdiyi bu faktları qaldıracağıq və Ermənistandan tələb olunacaq ki, bu qeyri-qanuni addımları dayandırsın.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 1.