Bakıda gənclərin
məşğulluğuna həsr olunmuş
beynəlxalq konfrans keçirilir
Avqustun 27-də Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və
Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının Pan-Avropa Regional
Şurasının (PARŞ) birgə təşkilatçılığı
ilə "Gənclərin məşğulluğu və həmkarlar
ittifaqlarına cəlbi" mövzusunda
beynəlxalq konfrans öz
işinə başlamışdır.
AzərTAc
xəbər verir ki, iki gün davam
edəcək konfransda PARŞ-ın
icraçı katibi Qriqor
Qradyev ilə yanaşı, Belçika, Rusiya, Ukrayna, Belarus,
Qazaxıstan, Qırğızıstan, Moldova,
Gürcüstan və digər ölkələrdə
fəaliyyət göstərən milli həmkarlar
ittifaqlarının gənc liderləri iştirak
edirlər.
Konfransı açan AHİK-in sədri,
Milli Məclisin deputatı Səttar
Mehbalıyev tədbirin əhəmiyyətindən
danışmış və dünyada gənclərin
məşğulluq səviyyəsi haqqında məlumat vermişdir. Azərbaycan Prezidenti İlham
Əliyevin gənclərə göstərdiyi diqqət və
qayğını konfrans
iştirakçılarının diqqətinə
çatdıran Səttar Mehbalıyev ölkəmizdə son 10 ildə bir milyondan çox yeni iş yerinin
açıldığını, "Gənclər siyasəti
haqqında" qanunun qəbul edildiyini və gənclərlə bağlı
Milli Fəaliyyət Planının həyata
keçirildiyini
vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan
gənclərin məşğulluq şəbəkəsinə
daxil olmasına görə qabaqcıl
ölkələr sırasındadır. Məşğulluğun
dəstəklənməsi üzrə Milli
Fəaliyyət Planında gənclər arasında işsizliyin azaldılması, peşəyönümlü
təlimlərin keçirilməsi prioritet
təşkil edir.
Gənclərin
ölkə əhalisinin 37 faizini təşkil
etdiyini vurğulayan
AHİK sədri bildirmişdir ki, müvafiq Dövlət
Proqramına əsasən, bölgələrdə gənclər
mərkəzləri tikilib istifadəyə
verilir. Eyni zamanda, gənclərin xaricdə təhsili ilə
bağlı xüsusi Dövlət
Proqramı həyata keçirilir. Biz də çalışırıq ki, gənclərimiz Avropa
təcrübəsindən yararlana bilsinlər.
Hər il minlərlə gəncin təhsilini
davam etdirməsi üçün
konfederasiya tərəfindən təhsil
haqqı ödənilir.
Bu sahədəki problemlərə
də toxunan S.Mehbalıyev qeyd
etmişdir ki, bəzən
işəgötürənlər gənclərin
hazırlıq səviyyəsinin aşağı
olmasını bəhanə gətirərək onları
işə qəbul etmirlər. Bu problem diqqətdə saxlanılır. Biz bu istiqamətdə
işlər görürük. Məsələn,
gənclərimizin hələ tələbə olarkən müvafiq müəssisələrdə təcrübə
qazanmaları təmin edilir. Bu da gənclərin təhsilini
başa vurduqdan sonra işlə təminatına şərait
yaradır, - deyə AHİK sədri sözünü
tamamlamışdır.
Gənclərin
Həmkarlar İttifaqı hərəkatına cəlb edilməsi,
onların Həmkarlar İttifaqı siyasətinin
formalaşmasındakı rolu barədə
danışan PARŞ-ın icraçı katibi
Qriqor Qradyev bildirmişdir ki, gənclərin
işsizliyi dünyada
ən başlıca problemlərdən biridir. Odur ki, bununla bağlı
keçirilən beynəlxalq tədbirlər, eləcə də
Bakı konfransı mühüm əhəmiyyət
kəsb edir.
Qriqor Qradyev
vurğulamışdır ki, hazırda bir çox dövlətlərin
qarşılaşdıqları problemlərdən biri də gənc kadrların işlə təmin
olunmamasıdır. Beynəlxalq Həmkarlar İttifaqı
Konfederasiyasının əsas vəzifəsi odur
ki, bu problemləri aradan qaldırsın. O demişdir:
"Əminəm ki, konfransın sonunda biz əməli nəticələr
əldə edəcəyik".
Daha sonra konfrans öz işini müzakirələrlə
davam etdirmiş, işsizlik, gənclər arasında məşğulluğun,
qeyri-bərabərlik və kollektiv
maraqlarının təqdim olunması
çağırışlarına həmkarlar
ittifaqlarının təsiri, BHİK-in yeni planları və digər mövzularda
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.