Azərbaycan Diplomatik Akademiyasının nümayəndə
heyəti Argentinada səfərdə olmuşdur
Azərbaycan
Diplomatik Akademiyasının
icraçı prorektoru Fariz
İsmayılzadə, İctimai və Beynəlxalq
Əlaqələr üzrə İnstitutun
dekanı Anar Vəliyev və bu ali təhsil
ocağının argentinalı məzunu, hazırda isə
beynəlxalq proqramlar üzrə əlaqələndirici
Tomas Xerbasio avqustun 21-25-də Argentinada
səfərdə olmuşlar.
ADA-dan AzərTAc-a
bildirmişlər ki, Azərbaycanın
Argentinadakı səfirliyinin dəstəyi ilə baş tutan səfərin
məqsədi Argentinanın elm-təhsil mərkəzləri
ilə əlaqələrin inkişaf
etdirilməsinə dair müzakirələr
aparmaq və Xəzər bölgəsindəki
geosiyasi vəziyyətlə bağlı təşkil olunmuş seminarlarda iştirak etmək olmuşdur.
Səfər
çərçivəsində ADA-nın nümayəndələri
La Plata Dövlət Universitetinin, Belqrano, El Salvador və Rosario universitetlərinin, Santiaqo
Seria və Buenos-Ayres Texnologiya İnstitutunun
rektorları və professor heyəti ilə
görüşmüş, bu təhsil müəssisələri və ADA
arasında əməkdaşlıq imkanları, birgə layihələr, o
cümlədən müəllim və tələbə
mübadilə proqramlarının həyata keçirilməsi
üçün atılacaq addımlar barədə
müzakirələr aparmışlar.
Səfər
zamanı La Plata
Dövlət Universiteti ilə ADA
arasında anlaşma memorandumu
da imzalanmışdır.
Nümayəndə
heyəti, həmçinin Buenos-Ayresin Belqrano Universitetində La Plata Dövlət Universitetinin,
El Salvador və Belqrano universitetlərinin birgə təşkilatçılığı
ilə "Xəzər hövzəsində geosiyasi
proseslər" mövzusunda təşkil
olunmuş seminarda da iştirak etmişlər.
Seminarda
çıxış edən Fariz
İsmayılzadə və Anar Vəliyev
Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında baş
verən proseslər, enerji və infrastruktur layihələri, təhlükəsizlik
məsələləri, ərazi münaqişələri və
Azərbaycanın regional proseslərdəki
rolu barədə
danışmışlar.
Səfər
çərçivəsində ADA-nın nümayəndələri
Argentina Xarici
İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutu,
Argentina Elm, Texnologiyalar və Produktiv İnnovasiya Nazirliyinin
İKT sektorunun rəsmiləri, bu ölkənin beynəlxalq münasibətlər
üzrə tanınmış alimləri, jurnalistlər, tədqiqatçılar,
eləcə də Argentina Xarici
İşlər Nazirliyinin nümayəndələri
ilə də görüşərək Azərbaycanın xarici siyasət prioritetləri, regional
siyasətdəki rolu mövzularında fikir mübadiləsi aparmışlar.
Görüşlərdə gələcəkdə
argentinalı ekspertlərin iştirakı ilə Azərbaycanda
Latın Amerikası regionundakı proseslərlə
bağlı seminarların keçirilməsi planları da müzakirə edilmişdir.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.