Yaponiya hökumətinin dəstəyi
ilə Şəkidə peşə təlimi məktəbinin
təmiri layihəsi reallaşmışdır
Avqustun 27-də
Şəkidə Yaponiya hökumətinin
"Ot kökləri və insan təhlükəsizliyi qrant
yardımı proqramı" çərçivəsində
həyata keçirilən "Şəki şəhərində
peşə təlimi məktəbinin binasının təmiri"
layihəsinin başa çatması
münasibətilə mərasim keçirilmişdir.
Tədbirdə
Yaponiyanın ölkəmizdəki səfiri Şusuke
Vatanabe, Təhsil Nazirliyinin
rəsmiləri, şəhər rəhbərliyi və
ictimaiyyətin nümayəndələri iştirak
etmişlər.
AzərTAc
xəbər verir ki, mərasimdə
çıxış edən təhsil naziri
Mikayıl Cabbarov Prezident
İlham Əliyevin məqsədyönlü
siyasəti sayəsində son illər ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində
bir sıra mühüm
qərarların qəbul edildiyini diqqətə
çatdırmışdır. Qeyd etmişdir ki, ölkə
iqtisadiyyatının sürətli inkişafı ixtisaslı kadrlara tələbatı da
artırmışdır. Odur ki, peşə təhsili sahəsində
islahatların sistemli şəkildə davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Nazir bildirmişdir
ki, 1966-cı ildə yaradılmış
və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən peşə
məktəbində bu günədək əsaslı
təmir işləri aparılmamışdır. Diqqətə çatdırılmışdır ki, müasir avadanlıqla
təchiz edilən peşə məktəbində növbəti
tədris ilindən başlayaraq bir sıra ixtisaslar üzrə
kadr hazırlığına
başlanılması planlaşdırılır. Şəki rayonunun turizm potensialı
nəzərə alınaraq bu təhsil
müəssisəsində turizm və
xidmət sahələri üzrə yeni
ixtisasların tədris edilməsi üçün
müvafiq şərait yaradılmışdır.
Qeyd olunmuşdur
ki, Təhsil Nazirliyi
peşə təhsili sisteminin əhatə
dairəsinin genişləndirilməsi və kadr
hazırlığı prosesinin keyfiyyətinin
yüksəldilməsi məqsədilə "Müasir
Azərbaycan peşəkarları" layihəsinin icrasına
başlamışdır. Bu layihə
çərçivəsində müasir
tipli pilot peşə
təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur.
Mərasimdə
çıxış edən səfir Şusuke
Vatanabe icrası başa
çatan bu layihə
üzrə Yaponiya səfirliyi ilə
"Şəki Ekologiya və Təhsil Mərkəzi"
İctimai Birliyi
arasında 2013-cü ilin fevralında qrant müqaviləsinin
imzalandığını diqqətə
çatdırmışdır. Bildirilmişdir
ki, layihənin əsas məqsədi Şəki
peşə məktəbində oxuyacaq tələbələrin
təhsil şəraitini yaxşılaşdırmaqdır. Məktəbdə
Şəkidən və qonşu rayonlardan olan tələbələr
təhsil alacaqlar. Layihənin ümumi dəyəri 122 min
513 ABŞ dolları təşkil edir.
Mərasimdə
Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Şəki
Şəhər İcra Hakimiyyəti
arasında əməkdaşlığın uzun
illərdir ki,
uğurla davam etdiyi diqqətə
çatdırılmışdır. Yaponiya
hökumətinin qrant yardımı
proqramı çərçivəsində hazırkı layihə
də daxil olmaqla indiyədək
Şəkidə müxtəlif sahələri əhatə edən
13 layihə üzrə qrant müqaviləsinin
imzalandığı bildirilmişdir. Bu əməkdaşlığın gələcəkdə
də davam etdiriləcəyinə əminlik
ifadə olunmuşdur.
Məktəbin
açılışını bildirən rəmzi
qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları
layihə çərçivəsində görülmüş
işlərlə tanış olmuşlar.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 3.