Muzeydə «Qafqaz İslam Ordusu və Bakının azad edilməsi – 95» mövzusunda sərgi keçiriləcəkdir

 

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) "Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 95" mövzusunda sərgi keçiriləcəkdir.

Muzeydən AzərTAc-a bildirmişlər ki, Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş sərgiyə hazırlıq işləri tamamlanmaq üzrədir.

1918-ci il sentyabrın 15-də general Nuru Paşanın rəhbərlik etdiyi  Türkiyə və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakını düşmən qüvvələrindən azad etmişdir.

Azərbaycanın müstəqilliyinə mane olmağa çalışan qüvvələr - ilk növbədə erməni şovinistləri və onlara havadarlıq edən bolşeviklər bütün vasitələrə əl atmış, o cümlədən soyqırımı törətmiş, 1918-ci ilin mart-aprel aylarında 50 mindən artıq azərbaycanlını məhv etmişlər. S.Şaumyanın başçılıq etdiyi erməni-bolşevik qoşunları şərqdən, qatı erməni millətçisi, minlərlə türk və azərbaycanlının qanına bais olmuş Andronikin qoşunları isə qərbdən hücuma keçmişlər. Belə şəraitdə, hətta Azərbaycan xalqının fiziki mövcudluğu sual altına alınmışdı. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk addımları xalqı qırğından qurtarmaq, öz milli dövlətini yaratmağa yönəlmişdir. Bir tərəfdən Müsəlman Korpusu adı ilə Azərbaycan hərbi hissələri yaradılır, digər tərəfdən güclü düşmənlərlə mübarizədə kömək edə biləcək tərəfdaş, müttəfiq axtarılırdı. Belə ağır şəraitdə Azərbaycan xalqının köməyinə qardaş türk xalqı gəlmişdir. 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə AXC arasında imzalanmış müqaviləyə əsasən Azərbaycana Nuru Paşanın rəhbərliyi ilə türk qoşunları gəlmişdir. Onlar yerli hərbi hissələrlə birləşərək düşmənə qarşı birgə mübarizə aparmışlar. İyun-sentyabr aylarında baş vermiş ağır döyüşlərdə əvvəlcə erməni-bolşevik, daha sonra Sentrokaspi diktaturası, nəhayət, erməni-ingilis qoşunları məğlubiyyətə uğradılmışdır. Sentyabrın 15-də Bakı şəhəri düşmənlərdən azad edilmişdir.

MATM-da Qafqaz İslam Ordusunun ağır, lakin şərəfli, xilaskar yürüşünü əks etdirən eksponatlar mövcuddur. Bu eksponatlar istər siyasi hadisələrin gedişi, istərsə də hərbi əməliyyatların miqyası barədə aydın təsəvvür yaradır. Ümumilikdə 100-ə yaxın eksponat, 20-yə yaxın məlumat stendləri, fotoşəkillər, maketlər, rəsm əsərləri və s. tamaşaçıya o dövrün hadisələrini tam təsəvvür etməyə imkan verir.

Sərginin təşkilində Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin, Yunus İmrə adına Türk Mədəniyyət Mərkəzinin, eləcə də Qafqaz Universitetinin professoru Mehmet Rıhtımın muzeyə kömək edəcəkləri gözlənilir.

Bir ay ərzində davam edəcək sərgiyə giriş pulsuz olacaqdır. Sərginin açılış günü barədə əlavə məlumat veriləcəkdir.

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 3.