2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi «Milli
Şura» seçicilərin təşəbbüs
qrupu tərəfindən irəli sürülmüş Rüstəm Məmməd
İbrahimoviç İbrahimbəyovun
namizədliyinin təsdiq edilməməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
¹ 20/118
12
avqust 2013-cü ildə 157 nəfərdən
ibarət tərkibdə yaradılaraq "Milli
Şura" adlandırılan seçicilərin
təşəbbüs qrupu tərəfindən
2013-cü il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyi
irəli sürülmüşdür.
Namizədliyin
irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 22-də təşəbbüs
qrupunun nümayəndəsi tərəfindən
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
mövcud olmamasını və namizədin
təsdiq edilməsinin qeyri-mümkünlüyünü müəyyən etmişdir. Ona görə
də aşağıdakı faktiki və
hüquqi əsaslara görə namizədin
irəli sürülməsinin təsdiq edilməsindən imtina edilməlidir.
Belə ki, R.İbrahimbəyovun
namizədliyinin təsdiq edilməsi üçün təqdim
edilmiş sənədlər
araşdırılarkən onun eyni zamanda
iki dövlətin - Azərbaycan Respublikasının
və Rusiya Federasiyasının vətəndaşlığına
malik olmaqla ikili vətəndaşlığının
olması və başqa ölkələr
qarşısında öhdəliyinin
olmaması qənaətinə
gəlmək üçün
kifayət qədər
əsasların mövcud
olmaması, habelə Azərbaycan Respublikasının
ərazisində, özünün
qeyd etdiyi kimi, 74 il ərzində
daimi deyil, yoxlanılmış son 10 ildə
cəmi 1163 gün kiçik fasilələrlə
yaşaması müəyyən
edilmişdir. Göründüyü kimi, bu əsaslardan bir qismi Azərbaycan Respublikası
Konstitusiyasının 100-cü maddəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikasının Prezidenti seçilmək
üçün namizədlərə dair tələblərə ziddir.
Belə
ki, R.İbrahimbəyov 15 avqust
2013-cü ildə imzaladığı öhdəlik ərizəsində
Azərbaycan Respublikasının vətəndaşı
olmasını və 74 il ərzində Azərbaycanda
daimi yaşamasını göstərmiş,
Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı, eyni zamanda, Rusiya
Federasiyasının da vətəndaşı
olmasını və
13 avqust 2013-cü ildə həmin
ölkənin vətəndaşlığından imtina etməsi barədə ərizə ilə
Rusiya Federasiyası Federal
Miqrasiya Xidmətinin Moskva
şəhəri üzrə İdarəsinə müraciət
etməsini qeyd etmiş,
bu hallara dair Rusiya Federal
Miqrasiya Xidmətinin Moskva
şəhəri üzrə İdarəsinin 13 avqust 2013-cü il təsdiqedici
arayışını da öhdəlik
ərizəsinə əlavə etmişdir.
Rusiya
Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə
və səlahiyyətli səfiri tərəfindən
imzalanmış Mərkəzi Seçki
Komissiyasının sorğusuna 26 avqust 2013-cü il tarixli 894 saylı cavab məktubundan
görünür ki,
həqiqətən də R.İbrahimbəyov Rusiya
Federasiyasının vətəndaşıdır
və 13 avqust 2013-cü ildə həmin
ölkənin vətəndaşlığından imtina barədə ərizə ilə Rusiya Federasiyası Federal Miqrasiya İdarəsinə müraciət etmişdir. Məktubda o da qeyd
edilir ki, o, 6 fevral 1992-ci ildən Rusiya ərazisində yaşayış yeri üzrə qeydiyyata
alınmış və "Rusiya vətəndaşlığı
haqqında" 28 noyabr 1991-ci il tarixli 1948-1 saylı Rusiya Federasiyası Qanununun
13-cü maddəsinin 1-ci hissəsinə əsasən Rusiya Federasiyasının vətəndaşı
olmuşdur. R.İbrahimbəyovun
müraciətinə baxılarkən onun
vətəndaşlığına "Rusiya
vətəndaşlığı haqqında" 31 may 2002-ci il tarixli 62-FZ
saylı Rusiya Federasiyası Qanununun 20-ci maddəsinə əsasən
yalnız o halda xitam verilə və qeydiyyatdan
çıxarıla bilər ki, Rusiya Federasiyası vətəndaşının
Rusiya Federasiyasının
qarşısında icra olunmamış
öhdəlikləri olmasın, habelə o,
başqa ölkənin vətəndaşı
olsun və ya onun yeni vətəndaşlıq
əldə etmək imkanı olsun. Həmin
qanunun 29-cu maddəsinə əsasən Rusiya vətəndaşlığından
çıxmaq barədə qərarın qəbul edilməsi Rusiya Federasiyası Prezidentinin
səlahiyyətinə aid edilmişdir.
Hazırda səlahiyyətli orqanlar tərəfindən
müvafiq qərar qəbul edilməsi üçün araşdırma
aparılır.
Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
Mərkəzi Seçki
Komissiyasının sorğusuna 24 avqust
2013-cü il tarixli
08/5296 saylı cavab məktubundan görünür ki,
2004-cü ildə 510198972 nömrəli və 2007-ci ildə
623791415 nömrəli Rusiya
Federasiyasına məxsus pasportla
R.İbrahimbəyovun Azərbaycan Respublikasının sərhədini
keçməsi faktı qeydə alınmışdır.
Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Seçki
Komissiyasının sorğusuna 24 avqust
2013-cü il tarixli
001-31174-1213 saylı cavab məktubundan görünür ki,
R.İbrahimbəyov Rusiya
Federasiyasının vətəndaşı kimi
Rusiya Federasiyası tərəfindən müvafiq olaraq 510198972 və
623791415 nömrəli pasportlarla təmin edilmiş
və həmin pasportlarla o,
müxtəlif vaxtlarda Azərbaycan
Respublikasının dövlət sərhədini keçmiş və geri
qayıtmışdır. Həmin məktubda o
da bildirilib ki, R.İbrahimbəyov ikili
vətəndaşlığa - həm Azərbaycan
Respublikası, həm də Rusiya
Federasiyasının vətəndaşlığına malikdir.
Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi
Seçki Komissiyasının sorğusuna 24 avqust
2013-cü il tarixli
K/2337 saylı cavab məktubundan görünür ki,
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat
axtarış sistemində olan məlumata əsasən,
R.İbrahimbəyov
son 10 il ərzində (24 avqust
2003-cü il - 24 avqust
2013-cü il)
Azərbaycan Respublikasının ərazisində cəmi
1163 gün (2003-cü ildə 40 gün, 2004-cü ildə 84 gün,
2005-ci ildə 135 gün, 2006-cı ildə
108 gün, 2007-ci ildə 97 gün, 2008-ci ildə 134 gün,
2009-cu ildə 189 gün, 2010-cu ildə
146 gün, 2011-ci ildə 101 gün, 2012-ci ildə 108 gün,
2013-cü ildə 21 gün) olmuşdur.
Azərbaycan
Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən
yaşı otuz beşdən
aşağı olmayan, Azərbaycan
Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə
iştirak etmək hüququna
malik olan, o cümlədən ağır cinayətə
görə məhkum olunmayan, başqa
dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı
Azərbaycan Respublikasının Prezidenti
seçilə bilər.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin
27.1-ci maddəsinə əsasən fiziki
şəxsin, adətən, yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat
haqqında" Azərbaycan Respublikası Qanununun
2-ci maddəsinə əsasən şəxsin
yaşayış yeri - tam
həcmdə fəaliyyət qabiliyyətli şəxsin
mülkiyyətçi kimi, icarə və
kirayə müqaviləsi üzrə, yaxud
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş digər
əsaslarla
daimi və
ya daha çox
yaşadığı ev, mənzil, xidməti
yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri,
sağlamlıq imkanları məhdud
uşaqlar üçün
internat evləri, xüsusi
təhsil müəssisələri və digər bu kimi yaşayış
yerləri başa düşülür.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
13.3.4-cü maddəsinə əsasən başqa
dövlətlər qarşısında öhdəliklərin
anlayışını izah etmək olar. Belə ki,
bu xarici dövlətdə
5 ildən artıq yaşamaqla
bağlı əmələ gələn davamlı, möhkəm
və sabit münasibətlərin mövcudluğuna səbəb olan,
qeydiyyat, vergi, ölkə
ərazisini müəyyən müddətdən artıq tərk
etməmək, habelə digər siyasi
və ya hüquqi
öhdəliklər də ola bilər.
Azərbaycan
Respublikası Konstitusiyasının 100-cü maddəsinin
"başqa dövlətlər qarşısında
öhdəliyi olmayan..." müddəasının
şərh edilməsinə dair Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin
1 avqust 2003-cü il tarixli qərarı ilə "başqa
dövlətlər qarşısında öhdəliyi olmayan"
müddəasının hüquqi
mənası "vətəndaşın xarici
dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb
olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərin olmamasını ehtiva edir" kimi izah edilir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi
"Milli Şura"
seçicilərin təşəbbüs
qrupu tərəfindən
irəli sürülmüş
Rüstəm Məmməd
İbrahimoviç İbrahimbəyovun
namizədliyi təsdiq
edilməsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər
Şaitdin Əliyev
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Bəxşeyiş Əsgərov
Etibar Quliyev
27.08.2013
Azərbaycan. - 2013.- 28 avqust.- S. 5.