«Seçki
prosesinə müdaxilələrə yol
verilməməsi» mövzusunda məlumat
sessiyası keçirilmişdir
Avqustun 27-də
Mingəçevir şəhərində Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının, Mərkəzi Seçki
Komissiyasının (MSK) və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı
ilə "Seçki prosesinə
müdaxilələrə yol verilməməsi"
mövzusunda məlumat sessiyası keçirilmişdir.
AzərTAc
xəbər verir ki, sessiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın,
ATƏT-in Bakı ofisinin nümayəndələri,
38 şəhər və rayonun icra hakimiyyətinin başçıları və
dairə seçki komissiyalarının sədrləri
iştirak etmişlər. Sessiyada
icra hakimiyyəti başçıları
və dairə seçki
komissiyalarının sədrləri ilə seçki
prosesinə müdaxilələrə yol
verilməməsi haqqında geniş fikir mübadiləsi
aparılmışdır.
ATƏT-in
Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay
çıxış edərək bildirmişdir
ki, Azərbaycanda son
seçkiləri müşahidə etmiş
beynəlxalq təşkilatların hesabatlarında seçki sahəsində irəliləyişlərin
olduğu qeyd edilir. Son seçkilərlə
bağlı ATƏT-in hesabatında da demokratiyaya doğru
növbəti addımın atıldığı
vurğulanmışdır. Ümid edirik ki, bu
sahədə nailiyyətlər davamlı olacaqdır. Növbəti prezident seçkilərinə
hazırlıq prosesinin gedişindən
razılıq ifadə edən səfir siyasi
partiya bloklarının MSK tərəfindən
qısa müddət ərzində və maneəsiz qeydiyyata alınmasını da
müsbət qiymətləndirmişdir.
"Seçki prosesinə müdaxilələrə
yol verilməməsi" mövzusuna
həsr olunmuş bu tədbirin
seçkilərin demokratik keçirilməsinə
öz töhfəsini verəcəyinə
ümidvar olduğunu
bildirən səfir Koray Tarqay
demişdir ki, rəhbərlik
etdiyi qurumun məqsədi
prezident seçkilərinin demokratik keçirilməsində Azərbaycana
yardım göstərməkdir. ATƏT bu
fəaliyyətini dövlət qurumları ilə birgə həyata
keçirir. Səfir
ATƏT-in Azərbaycanı azad və ədalətli
seçkilərin keçirilməsi ilə bağlı
öhdəliklərinin icrasında dəstəkləməyə
davam edəcəyini və seçki
prosesinin Demokratik Təsisatlar
və İnsan Haqları Bürosunun
310 peşəkar müşahidəçi tərəfindən
izləniləcəyini qeyd etmişdir.
Azərbaycan
Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir
müavini Hüseyn Mövsümov qeyd etmişdir ki,
qarşıdan yeni seçki
sınağı gəlir və bu
seçkilərin azad, şəffaf və
ədalətli keçirilməsi üçün
hakimiyyət qanunla üzərinə düşən
bütün vəzifələri yerinə
yetirir. Prezident
seçkiləri növbəti beş ildə
Azərbaycanın inkişaf istiqamətlərini
və perspektivlərini müəyyənləşdirmək üçün ölkəmizin mövqeyini,
iradəsini ifadə etmək və qərar vermək
şansı yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi həyatında da
çox əhəmiyyətli bir hadisədir. Ulu öndər
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışı ilə demokratiya əsas
siyasi xətt elan olunmuşdur və bu
istiqamətdə atılan bütün
addımlar ölkədəki demokratik təsisatların
daha da möhkəmləndirilməsinə
xidmət edir.
H.Mövsümov daha sonra demişdir: "Yerli icra hakimiyyəti
orqanları seçki prosesində bilavasitə
iştirak etməsələr də, onlar yerlərdə seçki
mühitinin yaradılmasında,
seçkilər zamanı asayişin təmin
edilməsində ciddi rol
oynayırlar. Bundan başqa, namizədlərin
seçkiqabağı təşviqatlarının
aparılması üçün müvafiq yerlərin ayrılması da yerli icra
hakimiyyətlərinin vəzifəsidir. İcra
hakimiyyəti strukturları onların üzərinə
düşən bu vəzifələri layiqincə
yerinə yetirəcəklər. Azərbaycan
artıq seçkilərin keçirilməsi sahəsində
kifayət qədər böyük təcrübə
qazanmışdır. İstər MSK və onun
qurumları, istərsə də dövlət orqanları, icra strukturları bu sahədə
artıq yetərincə səriştəyə malikdirlər.
İndiyədək Azərbaycanda reallaşdırılan
seçkilərdə qazanılmış təcrübə və
səriştə, bu prosesə cəlb olunmuş insanların peşəkarlığı
imkan verir ki, qarşıdan gələn prezident
seçkiləri də yüksək səviyyədə keçirilsin".
Şöbə
müdirinin müavini
vurğulamışdır ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan hakimiyyətinin
siyasi iradəsi və bu
sahədə görülən zəruri tədbirlər
ölkəmizdə növbəti prezident
seçkilərinin də azad, demokratik, şəffaf, milli
qanunvericiliyə və beynəlxalq standartlara
uyğun şəkildə keçirilməsinə
şərait yaradır. O, prezident
seçkilərinin 50 mindən çox yerli və xarici
müşahidəçi tərəfindən izləniləcəyini
qeyd edərək bildirmişdir
ki, seçkilərə hələ 43 gün var və MSK tərəfindən
bu günədək 160-dan artıq
müşahidəçi qeydiyyata
alınmışdır. Onlar
seçkiləri izləmək üçün
heç kimdən icazə almaq
məcburiyyəti qarşısında qalmırlar.
Hüseyn Mövsümov
məlumat vermişdir ki,
seçkilərdə iştirak etmək hüququ qazanan vətəndaşların
sayının ildən-ilə artması səbəbindən yeni seçki məntəqələrinə
ehtiyac yaranmışdır. Bu məqsədlə
prezident seçkiləri ərəfəsində
ölkəmizdə daha 119 yeni
seçki məntəqəsi
yaradılmış və səsvermə üçün
lazımi şəraitlə təmin edilmişdir.
Əgər indiyədək keçirilən seçkilərdə
məntəqələrin cəmi 10 faizində, yəni 500 məntəqədə
veb-kameralar
quraşdırılmışdırsa, dövlət
başçısı İlham
Əliyevin tapşırığına əsasən,
qarşıdan gələn prezident
seçkilərində məntəqələrin 20 faizində,
yəni ümumilikdə 1000 məntəqədə veb-kameralar qoyulacaqdır. Bu
da ölkədəki hər beş seçki məntəqəsindən
birində səsvermə prosesinin internet vasitəsilə dünyada
izlənilməsinə imkan yaradacaqdır.
Şöbə
müdirinin müavini
onu da bildirmişdir
ki, "Sərbəst toplaşmaq
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, seçicilərlə görüşlərin
keçirilməsi üçün 118
açıq və qapalı yer müəyyən
edilmişdir. Açıq yerlərin ümumi tutumu 265 min, qapalı yerlərin ümumi
tutumu isə 15 min nəfərlikdir.
Mərkəzi
Seçki Komissiyasının katibi Mikayıl Rəhimov ölkəmizin çox mühüm əhəmiyyət
kəsb edən tarixi bir
hadisə ərəfəsində olduğunu
qeyd edərək bildirmişdir
ki, seçkilər beynəlxalq
qurumların da diqqət mərkəzindədir.
Ölkə əhəmiyyətli tədbir olduğundan
bu prosesdə müxtəlif dövlət
strukturları iştirak edirlər. İcra hakimiyyətinin seçkilərlə
bağlı əsas vəzifələrindən biri seçki prosesinin demokratik ruhda keçirilməsinə normal
şərait yaratmaqdır. Bununla belə,
icra hakimiyyəti orqanları seçici siyahılarının dəqiqləşdirilməsi
ilə bağlı qanunla üzərinə
düşən vəzifələri də icra
edərək seçki komissiyalarına
yardım göstərirlər. Seçkilərə hər
hansı müdaxilə cəhdi olarsa, onun qarşısı qətiyyətlə
alınacaqdır.
Mikayıl
Rəhimov ölkədə seçkilərin keçirilməsi
üçün ictimai-siyasi
sabitliyin mövcud olduğunu, seçki
komissiyalarının normal fəaliyyət
göstərməsi ilə əlaqədar hərtərəfli
şərait yaradıldığını vurğulayaraq
məlumat vermişdir ki,
bütün seçki
komissiyaları müasir standartlara
cavab
verən binalarla təmin edilmiş,
maddi-texniki baza
möhkəmləndirilmişdir. MSK
aşağı seçki
komissiyalarının fəaliyyətinin daha
da təkmilləşdirilməsi, peşəkarlıq
səviyyəsinin artırılması və seçkilərin
qanunun tələblərinə uyğun keçirilməsi üçün
əvvəlki seçkilərdə olduğu
kimi, bu dəfə də
genişmiqyaslı maarifləndirmə proqramı
hazırlayaraq həyata keçirir.
ATƏT-in təşəbbüsü ilə təşkil edilən
hazırkı sessiya da
bu qəbildəndir. Bu
sessiyalar seçkilərin tam
qanunauyğun və ədalətli
keçirilməsinə, habelə ölkəmizdə hüquqi dövlətin güclənməsinə
və vətəndaş cəmiyyətinin daha
da inkişafına xidmət edir.
M.Rəhimov qeyd etmişdir ki, Azərbaycanın beynəlxalq qurumlarla, xüsusilə ATƏT ilə uğurlu əməkdaşlığı
seçkilərin demokratik, şəffaf
keçirilməsində mühüm rol oynayır. Azərbaycanda ədalətli və
azad seçkilərin keçirilməsi üçün zəruri olan
bütün şərait yaradılır.
Ən əsası isə odur ki, Prezident İlham
Əliyevin özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi
mövcuddur.
Daha sonra
Mərkəzi Seçki
Komissiyasının üzvü Tofiq Həsənov, ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin
rəhbəri Nikolas Detç
seçki prosesinə müdaxilələrə
yol verilməməsi ilə bağlı məruzələrlə
çıxış etmişlər. Sessiyada
Avropa İttifaqının nümayəndəsi
Məryəm İsmayılova da
çıxış edərək qarşıdan gələn
prezident seçkilərinin hazırlıq
mərhələsində MSK-nın gördüyü
işləri yüksək qiymətləndirmişdir. O
vurğulamışdır ki, Azərbaycanın
seçkilərin keçirilməsi sahəsində müsbət
təcrübəsi digər ölkələr üçün
nümunə ola bilər.
Sessiyada mövzu
ilə bağlı geniş müzakirələr
aparılmışdır.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 6.