Yerlərdə seçkilərə hazırlıq yüksək səviyyədə aparılır

 

Şəmkir rayonunda üç dairə seçki komissiyası fəaliyyət göstərir: 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və bir də 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri.

Şəmkir-Daşkəsən seçki dairəsi Kür qəsəbəsində yerləşir. 42 məntəqəsi var, 29-u Şəmkirdə və 13-ü Daşkəsəndə. Dairə üzrə seçicilərin sayı təqribən 36 288 nəfərdir.

Yerlərdə prezident seçkilərinə necə hazırlıq görülür? 100 saylı dairə seçki komissiyasında və onun bir neçə məntəqəsində olduq. Öncə seçki avadanlığı və maddi-texniki baza ilə maraqlandıq. Məntəqələrin əksəriyyəti yeni tikilmiş binalarda yerləşir. Seçki komissiyasının ixtiyarına işıqlı-yaraşıqlı otaqlar verilib. Məntəqələrin iyirmi faizində şəffaflığın təmin edilməsi üçün veb kameraları quraşdırılır.

Yerlərdə qızğın gedir, sistemli surətdə məntəqələr sahmana salınır. 3 saylı məntəqədə olduq. Məntəqənin sədri Qabil Süleymanov bizi görülən işlərlə tanış edir. Dəhlizlər, otaqlar təmir olunur, telefon xətti çəkilir. Seçicilərin ilkin siyahıları asılıb. Hər gün neçə-neçə adam öz adının siyahıda olub-olmadığını dəqiqləşdirməyə gəlir.

3 nömrəli məntəqədə də vəziyyət yaxşıdır. 2 saylı orta məktəbin binasında yerləşir. Burada 1466 nəfərin sərbəst səs verə bilməsi üçün hər şərait yaradılır.

Təzəkənddəki 18, Keçilidəki 8, Düzqışlaqdakı 16, Aşağı Seyfəlidəki 22, Abbaslıdakı 24-25 saylı məntəqələrdə və digər yerlərdə də prezident seçkilərinə ciddi hazırlıq görülür.

100 saylı dairə seçki komissiyasının sədri Şahin Pənahov deyir ki, bu mühüm siyasi kampaniyaya hər yerdə mütəşəkkil və səriştəli surətdə hazırlıq görülür. Mərkəzi Seçki Komissiyası tərəfindən bölgələrdə keçirilən kurslar bizə çox şey verdi.

Burada siyahıların təkmilləşdirilməsi, rəsmi sənədlərin daşınması, təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması, habelə səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Həmin kurslara müvafiq olaraq biz də Şəmkir şəhərində məntəqələrin sədrləri üçün üçgünlük təlimati tədbirlər keçirdik. Onlara lazımi tövsiyə və tapşırıqlar verildi. İndi hamı və hər kəs seçkilərdə öz yerinirolunu, vəzifəsini və məsuliyyətini gözəl dərk edir.

Ş.Rəhimov deyir ki, biz gündəlik işimizi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun qururuq. Siyahılar dəqqiqləşdirilir, ilk dəfə səs verəcək gənclər müəyyən edilir, onlarla müntəzəm aparılır. İlkin məlumata görə, bu il bizim dairədə 1335 nəfər ilk dəfə səs verəcəkdir. Onlara öz hüquq və vəzifələrini ətraflı başa salırıq.

Seçki avadanlığının gətirilməsi və məntəqələrin təmir işləri yekunlaşır. Optik sistemin quraşdırılması başa çatmaq üzrədir. Namizədlərin təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr düzəldilib. Seçkiqabağı tədbirlərin və seçicilərlə görüşlərin keçirilməsi üçün müvafiq yerlərin ayrılması təmin edilib. Bir sözlə, çalışırıq ki, hər yerdə seçkilər azad, demokratik və şəffaf keçirilsin. Hər bir vətəndaş öz fikrini sərbəst surətdə ifadə edə bilsin. Bizim əsas məqsədimiz məhz budur.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 6.