Seçki məntəqələrində normal şərait yaradılıb

 

Hər ötən gün bizi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan  prezident seçkilərinə yaxınlaşdırır. Hər yerdə olduğu kimi, İmişli rayonunda da prezident seçkilərinə ciddi hazırlıq görülür. Ərazidə 79 saylı İmişli və 80 saylı İmişli-Beyləqan dairə seçki komissiyaları fəaliyyət göstərir. Hər iki dairə üzrə İmişli rayonu ərazisində 73 nəntəqə yaradılmışdır.

79 saylı dairə seçki komissiyasının sədri Sabir Yaqubov söhbət zamanı deyir ki, bizə etibar olunan vəzifənin məsuliyyətini yüksək səviyyədə dərk edirik. Bütün  fəaliyyətimiz boyu bu məsuliyyət yükünün təsiri altında  işləyəcəyimiz şübhəsizdir. Sabir Yaqubov dairə və məntəqə seçki komissiyaları üzvlərinin  bilik və bacarığını artırmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən treninqlərin böyük əhəmiyyət kəsb etdiyini də minnətdarlıqla vurğuladı.

İmişli rayonunda prezident seçkilərinə hazırlıq Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi "Seçkilərin  hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin  təqvim-planı"na uyğun davam etdirilir. Dairə seçki komissiyasının sədri Sabir Yaqubov deyir ki, beynəlxalq aləmin xüsusi diqqət yetirəcəyi Azərbaycan Respublikası Prezidenti seçkilərinin demokratik tələblər səviyyəsində, şəffaf və azad keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarında normal şərait yaradılmışdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, dairə və məntəqə seçki komissiyalarının tərkibi mövcud qanunvericilik əsasında, Milli Məclisdə təmsil olunan siyasi partiyaların  təmsilçiləri və bitərəflərin  nümayəndələrindən  ibarət təşkil olunmuşdur. Bu isə öz növbəsində demokratik tələblərə tam cavab verir.

İmişli rayonu ərazisində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarının zəruri texniki təchizatı yüksək səviyyədə təmin olunmuşdur. Seçki məntəqələri ilə etibarlı rabitə əlaqəsi yaradılmışdır. Seçkilərin gedişini izləmək üçün 9 məntəqədə veb-kameralar quraşdırılacaqdır. Bu tədbir İmişli rayonu ərazisində ilk dəfə həyata keçiriləcəkdir.

Prezident seçkilərində səsvermə hüququ olan 64.342 nəfər İmişli sakini iştirak edəcəkdir. Hazırda seçici siyahılarında dəqiqləşdirmələr davam etdirilir.

 

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 6.