Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin öz təşəbbüsü və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsinə dair tələblər

 

Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə eyni prinsiplərlə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır.  Bu ümumi prinsiplərlə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsi ilə vətəndaşlara dövlət orqanlarına seçmək və seçilmək imkanı yaratmışdır. Yəni, seçki günüdaxil olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda və Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş digər hərəkətlərin həyata keçirilməsində iştirak etmək, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verdikdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Prezident və bələdiyyə üzvü seçilmək hüququ var. Lakin fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər seçkilərdə iştirak edə bilməzlər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyanın 56-cı və Seçki Məcəlləsinin 14-cü maddələrinə əsasən, bəzi vətəndaşların seçkili orqanlara seçilmək hüququ məhdudlaşdırılmışdır. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədlikləri irəli sürülə bilməz. Eyni zamanda, bəzi kateqoriyalı  vətəndaşların tutduğu vəzifəyə və ya qulluq mövqeyinə görə həmin vəzifədə və ya qulluq mövqeyində olduğu müddət ərzində passiv seçki hüququ olmur. Yəni, hərbi qulluqçuların (hərbi qulluqda olduqları müddətdə), hakimlərin (hakim olduqları müddətdə), dövlət qulluqçularının (dövlət qulluğunda olduqları müddətdə), din xadimlərinin (peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə) seçilmək hüququ məhdudlaşdırılır.

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində Azərbaycan Respublikası Prezidentinin seçkilərində vətəndaşların passiv seçki hüququ ilə bağlı müəyyən tələblər nəzərdə tutulmuşdur. Belə ki, yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Seçki Məcəlləsinin tələblərinə görə, seçkilərdə prezidentliyə namizədliyin irəli sürülməsi hüququ vətəndaşlara, seçicilərin təşəbbüs qruplarına, siyasi partiyalara  siyasi partiya bloklarına məxsusdur. Başqa sözlə, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində göstərilən tələblərə cavab verən şəxsin prezidentliyə namizədliyi  öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalarsiyasi partiyaların blokları tərəfindən irəli sürülə bilər.

Seçki qanunvericiliyi qeyd edilən subyektlərin prezidentliyə namizədliyinin irəli sürülməsinin qaydalarını və şərtlərini də müəyyən etmişdir. Eyni zamanda, normativ xarakterli akt yaradan bir orqan kimi, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədliyin irəli sürülməsinin qaydaları ilə bağlı bir sıra hüquqi aktlar hazırlayıb qəbul etmişdir. Həmin aktlar seçki prosesində Seçki Məcəlləsinin tələblərinin icrası mexanizmini müəyyən edir.

Qanunvericiliyin tələbinə görə, seçkilərin təyin edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı rəsmi dərc edildikdən sonra prezidentliyə namizədlərin irəli sürülməsi mərhələsi başlayır ki, bu mərhələdə iştirak edən subyektlərlə bağlı seçki qanunvericiliyində müəyyən tələblər nəzərdə tutulmuşdur.

Prezident seçkisində passiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşı namizədliyini öz təşəbbüsü ilə irəli sürdükdə Seçki Məcəlləsinin müvafiq tələblərinə əməl etməlidir. Prezidentliyə namizədliyini irəli sürən şəxs Mərkəzi Seçki Komissiyasının "Azərbaycan Respublikası Prezidentinin seçkilərində vətəndaşların öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən prezidentliyə namizədin irəli sürülməsi qaydaları haqqında" Təlimatına uyğun olaraq, bildiriş və öhdəlik ərizəsini dolduraraq Mərkəzi Seçki Komissiyasına təqdim edir. Bildirişdə namizəd özü haqqında məlumatlarla yanaşı, təyin edilmiş prezident seçkisində prezidentliyə namizəd olması arzusunu bildirir. Vətəndaş təqdim etdiyi öhdəlik ərizəsində prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas ya xidmət yeritutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayıb-yaşamaması, məhkumluğunun olub-olmaması, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursabu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Əgər bildirişdə və öhdəlik ərizəsində Seçki Məcəlləsində tələb edilən məlumatlardan hər hansı biri göstərilməyibsə, bu zaman Mərkəzi Seçki Komissiyası namizədə və ya onun səlahiyyətli nümayəndəsinə düzəliş etmək üçün məlumat verir.

Siyasi mənsubiyyəti barədə məlumat vermək namizədin hüququdur  o, öhdəlik ərizəsinə bununla bağlı məlumat daxil edə bilər. Belə halda, namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bu barədə bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.

Seçki hüququ olan vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün özlərinin təşəbbüs qruplarını yarada bilərlər. Təşəbbüs qrupunun yaradılmasının qaydaları Mərkəzi Seçki Komissiyasının müvafiq Təlimatında nəzərdə tutulmuşdur. Seçki  qanunvericiliyinə əsasən, seçki hüququ olan vətəndaşlardan azı 100 nəfərdən ibarət tərkibdə seçicilərin təşəbbüs qrupu yaradıla bilər. Təşəbbüs qrupunu yaratmaq üçün təşəbbüsçülər mütləq öz iclaslarını keçirməli, müvafiq qaydalara uyğun olaraq, protokol tərtib etməli və onu rəsmiləşdirməlidirlər. Həmin iclasda təşəbbüs qrupunun yaradılması, adlandırılması, təşəbbüs qrupunun nümayəndəsinin müəyyən edilməsi, prezidentliyə namizədliyin irəli sürülməsi, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına bildirişlə müraciət edilməsi məsələləri həll edilir. Seçicilərin təşəbbüs qrupunun irəli sürdüyü prezidentliyə namizədin sənədləri Mərkəzi Seçki Komissiyasına seçicilərin təşəbbüs qrupunun nümayəndəsi tərəfindən təqdim edilir.

Təşəbbüs qrupu tərəfindən Mərkəzi Seçki Komissiyasına namizədliyin irəli sürülməsi barədə iclasın protokolu, namizədliyin irəli sürülməsi barədə bildiriş, öhdəlik ərizəsi, namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi təqdim edilir.

Yuxarıda adları çəkilən subyektlər tərəfindən namizədliyin təsdiq edilib-edilməməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır və qərar qəbul olunur. Təqdim edilmiş sənədlərdə hər hansı bir səhv və ya pozuntu aşkar edildikdə, komissiya onların aradan qaldırılması barədə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Yalnız  həmin sənədlərdə müvafiq dəyişikliklər edildikdən sonra namizədliyin irəli sürülməsi təsdiq edilir.

 

 

 

Arifə MUXTAROVA,

 

Mərkəzi Seçki Komissiyasının katibi

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 6.