Açıq səma
altında unikal muzey
Bu yerləri bir
görən bir də baxmaq
istəyir. Sanki əzəmətli bir muzeydir. Ölkədə
hələlik yeganədir. Ağstafada
açıq səma altında yaradılmış tarixi və müasir abidələr
parkını deyirəm.
Şəhərin
mərkəzində 2,5 hektar sahəni əhatə
edir. Burada Azərbaycanın
bütün tarixi və
coğrafiyası ilə tanış olmaq mümkündür. Bu miniatür park ölkəmizi
əhatə edən dağ silsilələrini,
çay və gölləri, təbiət
mənzərələrini əks etdirir.
Ayrı-ayrı bölgələrdə xalqımızın tarixi keçmişini yaşadan tikililər, abidələr, qala divarları, türbələr və məscidlər,
habelə müasir arxitektura
nümunələri göz oxşayır.
Parkın ətrafında uzunluğu 160 metr, eni 10 metr
olmaqla Xəzər dənizinin təsviri
yaradılmışdır. Ağstafada
açıq səma altında yaradılmış bu memarlıq incisinin hər
guşəsi diqqəti cəlb edir. Turizmin sürətlə inkişaf
etdiyi indiki dövrdə
bu nadir park, zənnimcə, hamının xoşuna gələcək. Bu
park əcnəbi qonaqlara
Azərbaycana, məktəbli və gənclərə isə öz keçmişlərinə, tarixlərinə
canlı səyahət etmək imkanı verir.
Buyurun, gəlin!
Pərviz
QULİYEV,
Qarabağ
müharibəsinin veteranı
Azərbaycan. - 2013.- 25 avqust.- S. 6.