Əli Abbasov: «Ölkəmiz Cənubi Qafqazda
informasiya cəmiyyətinə keçid strategiyasını qəbul etmiş birinci və yeganə
dövlətdir»
"Azərbaycanda
informasiya kommunikasiya
texnologiyaları (İKT) sektorunun 10 illik inkişaf yolundan danışarkən əvvəlcə onu qeyd etmək lazımdır ki,
ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid
strategiyasını qəbul etmiş birinci və yeganə dövlətdir".
AzərTAc xəbər
verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri
Əli Abbasov mətbuata
açıqlamasında demişdir.
Nazir bildirmişdir
ki, Azərbaycan bu xarakterli strategiyanı qəbul edən
azsaylı ölkələrdən biridir. "Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli
Strategiyanın (2003-2012-ci illər)" və "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər
üçün Dövlət
Proqramı"nın (Elektron Azərbaycan)"
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları İKT sektorunun inkişafına əvəzsiz töhfə
olmuşdur.
Ə.Abbasov demişdir ki, dövlət başçısının
"Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması haqqında", "Azərbaycan
Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamları
isə öz növbəsində, Azərbaycanın
kosmik məkana inteqrasiyasını bərqərar
etmişdir.
Nazir bildirilmişdir
ki, ötən 10 ildə qeydə
alınan inkişaf tempini
statistik rəqəmlər daha
əyani xarakterizə edir. Göstərilən
müddətdə İKT sektorunda orta illik artım tempi 25 faiz təşkil etmiş, bu sektor hər 3 ildə 2 dəfə genişlənmiş
və həcmi təqribən 6 dəfədən çox artaraq təxminən
2 milyard dolları ötmüşdür.
Bundan əlavə, sahə üzrə gəlirlərdə
özəl sektorun payı 67,4 faizdən
80 faizə yüksəlmişdir.
Son 10 ildə İKT sektoruna təqribən 2,5 milyard dollar investisiya yatırılmışdır.
Həyata keçirilən səmərəli işlərin
məntiqi nəticələrindən
biri də 2008-ci ildə MDB regionunda ilk dəfə Azərbaycanda bütün ölkə ərazisinin tam telefonlaşdırılmasının
təmin edilməsidir.
Eyni zamanda, 2010-cu ildə MDB-də ilk dəfə olaraq ölkəmizdə telefon şəbəkəsi
tam elektronlaşdırılmışdır.
Azərbaycan. - 2013.- 25 avqust.- S. 8.