Kapital qoyuluşu
daha çox istehsal təyinatlı sənaye müəssisələrinin
tikintisinə yönəldilir
İqtisadiyyatın
inkişafında kapital qoyuluşu
xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə
dövlət iqtisadiyyatın
kapitallaşdırılmasını stimullaşdırmaq üçün bir
sıra normativ və hüquqi
qərarlar qəbul edib. Nəticədə
iqtisadiyyata daxili və
xarici sərmayənin qoyuluşu
ildən-ilə artmaqda davam
edir.
Təkcə
keçən il müxtəlif mənbələrdən
ölkə iqtisadiyyatına 20 milyard dollardan çox vəsait
yatırılıb. Cari ildə bu rəqəmin 25 milyard dollara çatacağı
proqnozlaşdırılır. Artıq ilin
birinci yarısında bu
vəsaitin 12,6 milyard dolları sərmayə
kimi müxtəlif layihələrin
icrasına yönəldilib.
Dövlət kapital qoyuluşunda qeyri-neft sektoruna, sənayeyə
və aqrar sahəyə daha
çox üstünlük
verir. Məqsəd ölkədə qeyri-neft sənaye məhsulları
istehsalını artırmaq, eyni zamanda, əhalinin kütləvi məşğulluğunu
təmin etməkdir. Görülən tədbirlər nəticəsində
yüzlərlə iri və orta həcmli müəssisələr tikilərək
istifadəyə verilib. Bu
müəssisələr ölkənin daxili
tələbatını ödəməklə bərabər,
xaricə də məhsul ixrac edir.
Cari ilin yanvar-iyul ayının statistikası göstərir
ki, ölkədə kapital
qoyuluşu əvvəllər olduğu kimi, artmaqda davam edir. Belə ki, 7 ay ərzində
iqtisadi və sosial
sahələrin inkişafı üçün
bütün maliyyə mənbələrindən
əsas kapitala 8,8 milyard
manat vəsait yönəldilib. Onun 66,3 faizi tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsinə sərf edilib.
Ötən ilin müvafiq
dövrü ilə müqayisədə əsas
kapitala yönəldilən vəsaitin həcmi
23,3, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 37,9 faiz artıb. Daxili investisiya qoyuluşunda yenə
də dövlət mülkiyyətli müəssisə və
təşkilatlar üstünlük təşkil
edir. Hesabat
dövründə onlar tərəfindən
5,5 milyard, qeyri-dövlət müəssisələri
isə 3,3 milyard manat
vəsait sərf edib. Vəsait əsasən
istehsal sahələrinin inkişafına
yönəldilib. Bu müddət ərzində
istehsal təyinatlı müəssisələrin
inkişafında 4,6, xidmət sahələri üzrə
obyektlərin tikintisində 4,2 milyard
manatlıq vəsaitdən istifadə olunub.
Daxili mənbələrdən əsas
kapitala yönəldilən vəsaitin həcmi
əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə
17,3 faiz artaraq ümumi sərmayənin 74,7 faizini
təşkil edib. Onun
79,2 faizi dövlət, 20,8 faizi
qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların
payına düşür.
Əsas
kapitala yönəldilən sərmayənin
ümumi həcmi belədir: müəssisə
və təşkilatların payı ümumi
vəsaitdə 41,6, bank kreditlərində
5,1, büdcə vəsaitlərində 46,9, büdcədənkənar
fondların vəsaitlərində 3,7, əhalinin şəxsi
vəsaitlərində 2,5, digər vəsaitlərdə isə
0,2 faiz
olub.
Kapital qoyuluşunda
əsas diqqət sənaye sahələrinin inkişafına
yönəlir. Hesabat dövrü
ərzində əsas kapitala yönəldilən
ümumi vəsaitin 45 faizi
məhz sənaye sahələrinin inkişafında istifadə
edilib. Bu fakt onu göstərir ki, ölkədə
qeyri-neft sektorunun
inkişafına xüsusi diqqət yetirilir. Kapital qoyuluşunun bu sahəyə
daha çox yönəldilməsinin
nəticəsidir ki, hazırda ölkə
ərazisində inşa olunan
iri, orta və kiçik həcmli sənaye və istehsal sahələrinin sayı ilbəil
artır.
Yanvar-iyul ayları ərzində
qeyri-neft bölməsinin inkişafına
sərf olunan vəsaitin həcmi əvvəlki
ilin müvafiq
dövrünə nisbətən 19,6 faiz artaraq ümumi sərmayənin
69,9 faizini təşkil edib,
o cümlədən 14,9 faizindən qeyri-neft sənaye bölməsinin
inkişafında istifadə olunub. Qeyri-neft
bölməsinə yönəldilən vəsaitin 80 faizi dövlət, 20 faizi
qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların
payına düşür.
Cari ilin 7
ayında ölkəmizdə bir sıra istehsal, xidmət və sosial
obyektlər tikilib istifadəyə verilib. Bakı şəhərində
"Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Heydər
Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq
Logistika Mərkəzi, Qaz
Turbinli İstilik Elektrik Stansiyası, "Alov
qüllələri" kompleksindəki "Fairmont
Baku" hoteli,
Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Zığ dairəsi - Heydər Əliyev
Beynəlxalq Aeroportu avtomagistralının
13-cü kilometrliyindən Qala
qəsəbəsinə gedən yol, yeraltı
avtomobil dayanacağı, Sumqayıt şəhərində
"Gilan" Tekstil
Parkı, Şirvan şəhərində
"Cənub" Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan
qrup su kəməri, Abşeron rayonunda birdəfəlik
plastik qablar və
priforminqlər istehsalı və "Milla"
süd məhsulları və dondurma istehsalı zavodları,
Ağstafada Peyntbol və
Atçılıq Mərkəzi, Qazaxda sement zavodu, Qazax-Quşçu Ayrım avtomobil
yolu, Qəbələdə üzüm emalı zavodu,
heyvandarlıq-südçülük kompleksi,
Qobustan rayonunda idman kompleksi, Hacıqabulda
seramik plitələr istehsalı zavodu, Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi,
Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolu, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü
kanalı, Taxtakörpü su
anbarı, Şabran-Pirəbədil-Zeyvə avtomobil
yolu, bütün
maliyyə mənbələri ümumi sahəsi
1181,1 min kvadratmetr olan yeni yaşayış
evləri, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 5554 şagirdlik ümumtəhsil məktəbləri,
777 yerlik məktəbəqədər təhsil
ocaqları və s. obyektlər onların
yalnız bir hissəsidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
hesabat dövrü ərzində
xarici mənbələrdən əsas kapitala 2,2 milyard manat vəsait yönəldilib. Bu
vəsaitin 85,5 faizi Böyük
Britaniya, ABŞ, Norveç,
Çexiya və Türkiyə sərmayədarlarına
məxsusdur. Göründüyü kimi, daxili kapital qoyuluşu ilə yanaşı, xarici sərmayə axını da əvvəlki templə davam
edir. Bu da ölkəmizdə olan münbit investisiya mühiti və xarici
kapitalın qorunmasına qanunvericilik səviyyəsində
təminat verilməsi ilə bağlıdır.
Kapital qoyuluşunun
artımı yeni iş
yerlərinin yaranmasına və burada
çalışanların əməkhaqlarının
artmasına təkan verir. Cari
ilin 7 ayı ərzində inşaat
bölməsində çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü
ilə müqayisədə 14,1 faiz artaraq 97,6 min nəfər olub. Bu müddət ərzində
tikintidə çalışan işçilərin orta aylıq nominal əməkhaqqı
keçən ilin müvafiq
dövrünə nisbətən 7,2 faiz artaraq 605 manat təşkil
edib. Mülki təyinatlı
inşaat işlərində işləyən
işçilərin əməkhaqları 38,4,
ixtisaslaşdırılmış tikinti
işlərində 4,6, binaların tikintisində isə 1,8 faiz artıb.
Rüstəm
KAMAL
Azərbaycan. - 2013.- 28 avqust.- S. 7.