Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuş, yeni tədris korpusunun açılışında iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuş, yeni tədris korpusunun açılış mərasimində iştirak etmişdir.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün yeni sinif otaqları, tədris korpusları, idmanakt zalları, yeməkxanalar inşa olunur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir.

Dövlət başçısı 26 nömrəli orta məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağı  Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, 1969-cu ildə inşa olunan məktəbdə dövlət proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılmışdır. Sinif otaqları, idmaniclas zalları tam təmir olunmuş, bütün elektrikkommunikasiya xətləri dəyişdirilmişdir.

Dövlət başçısı sinif otaqlarına, idmaniclas zallarına baxdı, buradakı şəraitlə maraqlandı.

Sonra Prezident İlham Əliyev məktəbin yeni inşa edilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, məktəbdə şagird sıxlığı nəzərə alınaraq yeni tədris korpusu ən müasir standartlara uyğun şəkildə inşa olunmuşdur. Qırx sinif otağından  ibarət yeni korpusda tikinti işləri qısa vaxt ərzində yüksək keyfiyyətlə həyata keçirilmişdir. Sinif otaqlarında şagirdlərin yüksək səviyyəli təhsil almaları üçün lazımi şərait yaradılmışdır. Yeni korpusda internet  şəbəkəsinə qoşulmuş iki müasir kompyuter sinfi də fəaliyyət göstərir. Diqqətə çatdırıldı ki, 2.340 şagird yerlik məktəbdə dərslər əsasən birnövbəli olacaqdır. Məktəbin yeni inşa olunmuş tədris korpusunda da müasir kommunikasiya sistemi quraşdırılmış, dayanıqlı elektrik enerjisi ilə təmin olunmuşdur.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 1.