Bizim Forum, bizim Seçim, bizim Azərbaycan
45
ölkədə təhsil alan 600 gənc
bu məramla sabah ASAIF-in XI Bakı Forumuna toplaşacaq
Bu gün dünyanın bir çox ölkələrinin
ali məktəblərinin bakalavr,
magistratura, aspirantura və doktorantura pillələrində 5
mindən artıq azərbaycanlı gənc təhsil alır. Bu tələbələr sırasında dövlət
dəstəyi ilə oxyanlar üstünlük təşkil
edir. Azərbaycan gənclərinin dünyanın ən
aparıcı tədris müəssisələrində təhsil
alması ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin 19 oktyabr 2006-cı il tarixdə "Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsil almasına dair Dövlət
Proqramı haqqında" və 16 aprel 2007-ci il tarixində
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrədə təhsili üzrə
Dövlət Proqramının təsdiq edilməsi barədə"
imzaladığı sərəncamlar əsasında azərbaycanlı
tələbələr bu gün ABŞ, Böyük Britaniya,
Fransa, Almaniya, Yeni Zellandiya, Avstriya, Yaponiya, Avstraliya, Cənubi
Koreya, İsveç, Niderland və digər ölkələrdə
təhsillərini davam etdirirlər.
Birləşdirici
missiya
Hazırda xaricdə təhsil alan və eyni zamanda xarici ölkələrin
universitetlərinin məzunu olmuş gənclərimiz
arasında böyük bir şəbəkə mövcuddur. Bu şəbəkəni yaradan və azərbaycanlı
tələbələri bir araya gətirən Xaricdə Təhsil
Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin
Beynəlxalq Forumu - ASAIF (Azerbaijani Students and Alumni International
Forum) uzun bir tarixi inkişaf dövrünə malikdir. Belə
ki, bu təşkilat 2001-ci ildən başlayaraq Azərbaycanda
xaricdə təhsil alan gəncləri bir
araya toplamaq məqsədilə illik yay forumları keçirməyə
başlamışdır. Bu missiya ilə fəaliyyətə
başlamış ASAIF hazırda dünyanın 50-dən
çox ölkəsində nümayəndələr vasitəsilə
təmsil olunan və dəyərli insan kapitalın təşkil
edən azərbaycanlı gəncləri öz çətiri
altında birləşdirmə məqsədi daşıyan
ictimai təşkilatdır. Xaricdə təhsil alan və məzun olmuş gəncləri ortaq
azərbaycançılıq dəyərləri ətrafında
birləşdirmək məramı daşıyan təşkilatın
fəaliyyətini rəsmiləşdirmək məqsədilə
2010-cu ilin 15 sentyabr tarixində təsis toplantısı təşkil
edilmişdir. 24 sentyabr 2010-cu ildə təşkilat
"Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı
Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyi kimi
dövlət qeydiyyatına alınmışdır.
Azərbaycanın beynəlxalq arenada
layiqincə təmsili, ölkə reallıqlarının
dünya ictimaiyyətinə çatdırılması və
bu işdə potensiallı azərbaycanlı gənclərin
imkanlarından istifadə edilməsi məqsədilə təşkilat
uğurlu diaspor və lobbiçilik fəaliyyəti, şəbəkələşmə,
beynəlxalq səviyyədə tədbirlərin və
xüsusilə də forumların təşkili və bu yolla
artan insan kapitalının lazımi istiqamətlərə
yönəldilməsini özünün prioritet istiqamətləri
kimi müəyyənləşdirmişdir. İndiyə
qədər dünyanın bir çox iri şəhərlərində
mühüm tədbirlər keçirmiş təşkilat
beynəlxalq məkanda fəaliyyətini və əməkdaşlıq
istiqamətlərini davamlı olaraq genişləndirir.
Lobbiçilik
və diaspor fəaliyyəti ASAIF-in ən vacib prioritetidir
Uzunmüddətli təcrübə
mübadiləsi və ortaq dəyərlər nəticəsində
bir araya gəlmiş dövlətin tərəqqi prioritetlərini
öz inkişafları kimi qəbul edən, Azərbaycanın
xaricdə təmsil olunması və nüfuzunun daha da yüksəldilməsi
sahəsində yorulmadan əmək sərf edən azərbaycanlı
gənclər ASAİF-in tərkib hissəsini təşkil etməkdədirlər.
Ceyhun Osmanlı, Nemət Nağdəliyev, Orxan Əkbərov və
digərlərinin təsisçisi olduğu qurumun sədri
Böyük Britaniyada təhsil alan Ramin Həkimovdur.
Foruma hazırlıq, sənədlərin,
müraciətlərin qəbulu və digər proseslərlə
bağlı məlumat almaq üçün ASAIF-in ofisinə
yollandıq. Hər kəs ona verilən
tapşırıqla məşğul idi. Forumla
bağlı təyin olunmuş koordinatorlar qeydiyyat məsələsi,
digər üzvlər qonaqların qəbulu və
iştirakçıların çıxışları ilə
bağlı lazım olan bütün məsələləri
birlikdə müzakirəyə çıxarıb həll
edirdilər.
ASAIF-in sədri Ramin Həkimov söhbətində
bildirdi ki, təşkilat dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan və
məzun olmuş gəncləri milli-mənəvi dəyərlərimiz
ətrafında birləşdirərək Azərbaycanın
xaricdə təbliğinin səmərəli təşkilini təmin
edir, şəbəkələşmə prosesini və diaspor
fəaliyyətini gücləndirir. Qurumun məqsədi Azərbaycanın
informasiya mübadiləsində və müharibəsində
layiqli yer tutması üçün, potensiallı azərbaycanlı
gənclərin daim şəbəkə daxilində
qalmaları məqsədilə münbit platformanı qurmaq,
dünyanın dörd bir yanında Azərbaycanın
tanıdılması üçün keçirilən tədbirləri,
diaspor və lobbiçilik fəaliyyətini hər zaman dəstəkləməkdir.
Lobbiçilik və diaspor fəaliyyətləri
ASAIF-in ən vacib fəaliyyət istiqamətlərindən
sayılır. Lobbiçilik fəaliyyəti
zamanı əsas hədəf Azərbaycanın tarixi, mədəniyyəti,
inkişafı, Dağlıq Qarabağ və eyni zamanda ölkəmizi
əlaqələndirən mövzular ətrafında dünya
ictimaiyyətini məlumatlandırmaqdır. ASAIF də, öz növbəsində,
sadalananların əsasında yaranan ehtiyacları və
reallıqları nəzərə alaraq lobbiçilik fəaliyyətləri
üçün yeni yanaşma tərzləri və strategiyalar
hazırlamaqdadır.
XI ənənəvi
yay forumunun formatı fərqli olacaq
Xaricdə təhsil alan
gəncləri bir araya toplamaq məqsədilə illik yay
forumları keçirən ASAİF öz ənənəsinə
sadiq qalaraq 30 avqust-1 sentyabr tarixlərində növbəti -
XI ənənəvi yay forumunu gerçəkləşdirəcək.
Bu forumda əsas məqsəd gənclərin
karyera qurması, işlə təmin edilməsində yaranan
problemlərin həlli çərçivəsində
müzakirələrdən ibarət olacaq.
Hazırlıq prosesi və görülən
işlərlə bağlı məlumat verən Ramin Həkimov bildirdi ki, XI ənənəvi yay
forumunun formatı digər forumlardan fərqlənir. Onun sözlərinə görə, "Fairmont
Baku" hotelində baş tutacaq tədbirdə iştirak
üçün 45 ölkədən 1380 sənəd qəbulu
olub. Toplantı isə 600 nəfərdən
artıq gəncin iştirakı ilə baş tutacaq.
Əsas yeniliklərdən biri də bu il
"2007-2015-ci illərdə Azərbaycan Gənclərinin
Xaricdə Təhsili üzrə Dövlət Proqramı"
ilə qəbul olub xaricdə təhsil alacaq gənclərin
seçim prosesindən azad şəkildə birbaşa foruma dəvətli
olmasıdır. Forumun keçirilməsində əsas
məqsəd tələbə və məzunlar arasında
şəbəkələşmə prosesini gücləndirmək,
xaricdə məzun olmuş gənclərin məzun olacaq
insanlarla təcrübə mübadiləsi aparmasıdır.
Həmçinin əldə edilən uğurlar barəsində
gənclərin məlumatlandırılması, xüsusilə
təhsil sahəsində aparılan yeni strategiya ilə gənclərin
dolğun informasiya ilə təmin olunması, diaspor və
lobbiçilik fəaliyyətində yeni istiqamətlər, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı reallıqların xarici ölkələrdə təbliğ
olunması və ələlxüsus gəncləri dinləməkdir.
Forumun qonaqları Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin,
Xarici İşlər, Təhsil, Mədəniyyət, Gənclər
və İdman nazirliklərinin, Dövlət Neft Fondunun,
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və
digər dövlət qurumlarının nümayəndələri
olacaq.
Gənclər
üçün yeni imkanlar
Forumun daha yaddaqalan keçirilməsi
üçün gənclər maraqlı layihələr
hazırlayıblar. Belə layihələrin
hazırlanmasında xidməti olan və ASAİF-in tərəfdaşı
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar
Tahirovla da söhbətləşdik. A.Tahirov
bildirdi ki, hər bir ASAIF nümayəndəsinin
düşüncəsində dünyanın ən qabaqcıl
bilikləri və təhsili ilə yanaşı, Azərbaycanın
təmsili, Vətənin inkişafı və çiçəklənməsi
vardır. ASAIF-çilər Azərbaycanı
sevən və onun gələcəyini öz əlləri ilə
inşa etməyə hazır olan gənc peşəkar mütəxəssislərdir.
Formalaşmağa başladıqları vaxtdan
bugünədək ASAIF daha uğurlu təqdimat və fəaliyyət
üçün istər Azərbaycanda, istərsə də
Avropa paytaxtlarında təşkil edilmiş müxtəlif
şəbəkələşmə tədbirlərində əsas
təşkilatçı olmuşdur. Bu
gün ASAIF sıralarında gənc həkimlər,
politoloqlar, iqtisadçılar, psixoloqlar,
hüquqşünaslar, genetiklər, mühəndislər,
riyaziyyatçılar, bioloqlar, jurnalistlər və bir
çox digər ixtisaslara malik peşəkar gənclər
var.
A.Tahirov onu da qeyd etdi ki, tədbirin daha
çox karyera yönümlü forum olması gənclərimizə
işlə təmin edilməsində dəstək olmaq,
problemləri ilə yaxından maraqlanmaq və onların
operativ həll olunması üçün müvafiq şərait
yaratmaq, eyni zamanda dövlət rəsmiləri ilə gəncləri
bir araya gətirərək dialoqu təmin etmək məqsədi
daşıyır. ASAIF-in bu forumunun nəticəsi
olaraq hər bir gənc lobbiçilik və diaspor fəaliyyətlərini
uğurla davam etdirərək, ölkəmizi narahat edən
mövzular ətrafında dünya ictimaiyyətini məlumatlandıraraq,
müstəqil Azərbaycanın müasir imicinin
formalaşdırılması işinə öz töhfələrini
verəcək.
ASAİF-in sədri Ramin Həkimov forumdan
gözləntilərə aydınlıq gətirdi.
Onun sözlərinə görə, gözləntilər
çoxdur və onlar müxtəlifdir. Xüsusilə
təhsil sahəsində aparılacaq müzakirələr və
gənclərə bu sahədə özlərini ifadə etmək
üçün şansın verilməsi çox önəmlidir.
Bu il xaricdə təhsil almağa yollanacaq
gənclər üçün bu, böyük bir təcrübədir,
lazımlı bir məktəbdir. Həm
onların psixoloji hazırlığı, həm mənəvi
cəhətdən bu forumda zənginləşmək və
onlara dövlətin dəstəyini hiss etdirmək, məzunlarla
tanışlıqların qurulması və
diaspor-lobbiçilik fəaliyyətində olan uğurların
gənc tələbələrlə bölüşməsi
onlar üçün böyük stimul olacaq və Azərbaycanın
xaricdə təmsilinə önəmli təsir edəcəkdir.
R.Həkimovun fikrincə, bu forumda, demək
olar ki, söz gənclərindir. Ona görə də forum zamanı gənclərin
aktiv və təşəbbüskar olmaları və bu forumdan
öz karyeraları naminə faydalanmaları üçün
müxtəlif layihələr də həyata keçiriləcək.
Çünki bu forumun əsas şüarı
"Bizim Forum, Bizim Seçim, Bizim Azərbaycan"dır.
Ona görə də gənclər tədbirə qatılmaqla, forumu seçməklə
və gələcək naminə çalışmaqla öz
gələcəklərini quracaqlar.
ASAİF-in
seçimi dəyişməzdir - İlham ƏLİYEV!
Bu gün Azərbaycan MDB məkanında gənclər
siyasətinin miqyasına və effektliyinə görə
ön sırada qərarlaşıb. Respublikanın hər bir gəncinin istənilən
sahədə özünü təsdiq etməsi və
potensialını reallaşdırması üçün
kifayət qədər əlverişli şərait
yaradılıb. Bu vəziyyətdən
düzgün istiqamətdə bəhrələnən gənclərimiz
isə hazırda respublikanın ictimai-siyasi həyatında əhəmiyyətli
rol oynayırlar. Malik olduqları
potensialı reallaşdırmaqla ölkəmizin
inkişafına öz töhfələrini verirlər.
Apardığımız söhbətlərdən,
sosial şəbəkələrdə keçirdiyimiz
sorğulardan da bəlli olur ki, bu gün Azərbaycan gəncləri
Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə
dəstəkləyir. Ölkəmizdə
gənclər siyasəti dövlət siyasətinin
mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın
bütün bölmələrində aktiv fəaliyyəti ilə
seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayırlar. Prezident İlham Əiyev tərəfindən ölkədə
həyata keçirilən gənclər siyasəti gənclərin
bütün təbəqələrinin hərtərəfli
inkişafını, ölkənin ictimai-siyasi həyatında
onların yaxından iştirakını təmin etməkdədir.
Yeni mərhələdə dövlət
başçısı tərəfindən gerçəkləşdirilən
siyasət ən müxtəlif sahələri əhatə etməklə
geniş spektrlidir. Belə ki, bu siyasət
gənclərin tərbiyəsi, sağlamlığı, təhsili,
intellektual və mənəvi inkişafı, asudə
vaxtlarının səmərəli təşkili, həmçinin
gənclərin cəmiyyət həyatının bütün
sahələrində fəal iştirakı ilə
bağlı məsələləri əhatə edir. Gənclərlə
düzgün iş strategiyasının müəyyənləşdirilməsi
və bu strategiyadan irəli gələn vəzifələrin
dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu
gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət
və s. sahələrdə böyük nailiyyətlər əldə
edir, dövlətçilik ənənələrini daim uca
tutur, çoxşaxəli dövlət islahatlarının həyata
keçirilməsində yaxından iştirak edir. Məhz buna
görə də ASAİF-in seçimi dəyişməz
olaraq qalır - İlham ƏLİYEV!
Hələ bu ilin mart ayında ASAİF-in
İtaliyanın paytaxtı Roma şəhərində
keçirdiyi forumda qəbul olunan bəyanatda bildirilmişdir:
"Son 10 ildə bütün sahələrdə qazanılan
uğurların davamlılığı və qorunması, Azərbaycanın
daha güclü dövlətə çevrilməsi naminə
ASAİF olaraq dövlət başçısının ətrafında
sıx birləşdiyimizi və qarşıdakı prezident
seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyimizi
bəyan edirik".
May ayında isə ASAİF-in təşkilatçılığı
ilə Ukraynanın Odessa şəhərində keçirilən
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III
Ümumukrayna Forumunda qəbul olunan bəyanatında da ölkəmizdə
keçiriləcək prezident seçkilərində ölkə
başçısının namizədliyi irəli
sürülmüş və forum iştirakçıları
tərəfindən birmənalı şəkildə dəstəklənmişdir.
Bəyanatda qeyd olunmuşdur ki, minlərlə azərbaycanlı
gənc Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycanın inkişaf edərək
beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən
qürur duyur.
Beləliklə, sabah
xaricdə təhsil alan 600 Azərbaycan gənci ASAİF-in təşkilatçılığı
ilə "Bizim Forum, Bizim Seçim, Bizim Azərbaycan"
şüarı altında birləşərək çox
mühüm müzakirələr aparıb, ölkəmizin
uğurlu, işıqlı gələcəyi naminə vacib qərarlar
qəbul edəcəklər.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan. - 2013.- 29 avqust.- S. 6.