İnsan amilini əsas tutan
sosialyönümlü iqtisadi siyasət
Əhalinin
sosial rifah halının yüksəldilməsi istiqamətində
davamlı tədbirlər həyata keçirilir
Müasir dünyada iqtisadi inkişaf
potensialı hər bir dövlətin gücünü şərtləndirən
başlıca amillərdəndir. Ötən müddətdə ölkə rəhbəri
davamlı siyasi sabitliyə, iqtisadiyyatın sürətli
inkişafına çalışmış və bu sahədə
həlledici uğurlara imza atmışdır. Bu gün
ikinci elə bir dövlət tapmaq çətindir ki, son 10 ildə
ümumi daxili məhsulun artım tempinə görə
dünyada lider mövqelərini qoruyub saxlasın, qısa
müddətdə dövlət büdcəsinin vəsaitlərini
12 dəfədən çox artıra bilsin. Azərbaycan
bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi
inkişafına xidmət edən mühüm dövlət
proqramlarını, fərman və sərəncamları
uğurla icra etmiş, həyata keçirilən sosial
infrastruktur layihələri nəticəsində bölgələrin
siması dəyişmiş, sahibkarlığın
inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə
başlaması, yeni iş yerlərinin açılması
naminə sistemli addımlar atılmışdır.
Azərbaycanın son illərdəki
büdcəsinə nəzər saldıqda həyata
keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe
baxımından səmərəliliyi bir daha təsdiqini
tapır. MDB dövlətlərinin
büdcə vəsaitləri 2003-2012-ci illərdə ən
yaxşı halda 3-4 dəfə artdığı təqdirdə
respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən
çoxdur. Azərbaycanın büdcə
gəlirlərinin illik artım tempi ötən dövrdə
orta hesabla 30-40 faizlə müşayiət olunmuşdur.
Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri
1 milyard 200 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu
rəqəm 17 milyard manatı ötmüşdür. 2013-cü ilin dövlət büdcəsinin gəlir
və xərcləri 2012-ci illə müqayisədə 12 faiz,
2011-ci illə müqayisədə isə 30 faiz çox nəzərdə
tutulmuşdur.
Son 3 ilin dünya iqtisadiyyatı
üçün son dərəcə ağır,
sarsıdıcı böhranla müşayiət olunduğunu
nəzərə aldıqda, Azərbaycanın bu
üzücü prosesdən maksimum az itki ilə üzüağ
çıxdığını, üstəlik, ümumi daxili
məhsulun artımı sahəsində mühüm irəliləyişlərə
nail olduğunu əminliklə demək olar. Modernləşmə
istiqamətində inamlı tədbirlər həyata
keçirən Azərbaycanda hazırda milli ideya səviyyəsində
nəzərdən keçirilən məqsədlərdən
biri də məhz respublikanın orta inkişaf etmiş ölkələr
səviyyəsindən yüksək inkişaf etmiş ölkələr
səviyyəsinə çatdırılmasıdır. Bu məqsədin gerçəkləşdirilməsi
üçün 2020-ci ilədək ümumi daxili məhsulun
azı 3 dəfəyədək artırılması
mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.
Respublikanın ilbəil genişlənən maliyyə
imkanları isə bu məqsədin reallaşmasına xidmət
edən islahatları keyfiyyətcə yeni mərhələdə
də yüksək dinamizmlə davam etdirməyə imkan verir.
Dünya təcrübəsi göstərir
ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda
dövlətlərə və xalqlara rifah, səadət və
inkişaf deyil, əksinə, böyük faciələr,
ağlasığmaz problemlər gətirir.
Ölkə başçısının
vurğuladığı kimi, neftdən səmərəsiz
istifadə nəticəsində bir çox ölkələri
acınacaqlı vəziyyətə salmış "Holland
sindromu" kimi arzuolunmaz presedent də var. Azərbaycan isə
təbii sərvətlərindən maksimum səmərəli
və məqsədyönlü istifadə etməklə, ilk
növbədə, çoxşaxəli iqtisadi inkişafa nail
olmuş, eləcə də əhalinin sosial rifah
halının yüksəldilməsi istiqamətində
uğurlu nəticələr qazanmışdır.
Son illər Beynəlxalq Valyuta Fondu,
Dünya Bankı, "Qoldman Saks" təşkilatı, Beynəlxalq
Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər
Birliyinin Statistika Komitəsi və digər qurumların
hesabatlarında da Azərbaycanda investisiyalar üçün əlverişli
biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin
qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər
üçün hökumət tərəfindən əlverişli
sərmayə imkanlarının təmin edilməsi, eləcə
də digər tədbirlərin intensiv xarakter alması əksini
tapmışdır.
Dünya İqtisadi Forumunun
hesablamalarına görə, Azərbaycan hazırda rəqabət
qabiliyyətinə görə Müstəqil Dövlətlər
Birliyi məkanında birinci yerdədir.
Bir sıra beynəlxalq reytinq agentlikləri Azərbaycanda
gedən iqtisadi inkişafı yüksək qiymətləndirmişlər.
Belə ki, "Moods İnvestors Servises" beynəlxalq reytinq
agentliyi Azərbaycan Respublikasının istiqrazlarına təyin
etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta
üzrə "Baa2" və yerli valyuta üzrə
"A3" reytinqlərin proqnozunu "sabit"dən
"pozitiv"ə qaldırılması barədə qərar
qəbul etmişdir. Bunlar dövlətin fiskal
dayanıqlığını təmin edən işlərin,
o cümlədən Azərbaycan Respublikası Dövlət
Neft Fondunun aktivlərinin, qeyri-neft sektorunun inkişafına
dövlət investisiyalarının həcminin əhəmiyyətli
dərəcədə artımı hesabına əldə
edilmişdir. Bundan başqa, "Fitch Ratings" beynəlxalq
reytinq agentliyi təyin etdiyi uzunmüddətli yerli və xarici
valyuta reytinqini "BBB" investisiya səviyyəsində
saxlayaraq reytinq üzrə proqnozun "sabit"dən
"pozitiv"ə dəyişdirilməsi barədə qərar
qəbul etmişdir.
İnsan amilini əsas tutan
sosialyönümlü iqtisadi siyasət nəticəsində
son illər Azərbaycanda işsizliyin səviyyəsində də
nəzərəçarpacaq dərəcədə azalma
müşahidə olunur. Qeyri-neft
sektorunun və sahibkarlığın inkişafı, yeni
müəssisələrin işə salınması istiqamətində
həyata keçirilən sistemli tədbirlər əmək
qabiliyyətli əhalinin iqtisadi fəallığının
yüksəlməsinə, eləcə də ölkənin məşğulluq
strategiyasının səmərəliliyinə imkan verir.
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında bildirib: "Regional inkişaf
proqramında nəzərdə tutulmuş bütün məsələlər
öz həllini tapmaqdadır. Regionlara mənim mütəmadi
səfərlərim imkan verir ki, vəziyyətlə yerində
tanış olum və müvafiq göstərişlər
verim. Deyə bilərəm ki, bütün
bölgələrdə, bütün rayonlarda çox ciddi
inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə
vardır. Quruculuq-abadlıq işləri
üstünlük təşkil edir. Rayonlar,
kəndlər abadlaşır, böyük sənaye müəssisələri
yaradılır. İşsizlik, demək
olar ki, aradan qaldırılır. Bütövlükdə
bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm
daha da azalacaq. Amma o da həqiqətdir ki, 5
faiz səviyyəsində işsizlik istənilən ölkə
üçün arzuolunan rəqəmdir. Bəzi
inkişaf etmiş ölkələrdə bu rəqəm 10
faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. Əlbəttə ki, bu, çox ciddi sosial problemlərə
gətirib çıxarır. İşsizliyin aradan
qaldırılması 10 il bundan əvvəl
qarşıya qoyulmuş ən əsas vəzifələrdən
biri idi. On il ərzində 1 milyon 180 min
yeni iş yeri açılmışdır. Bu ilin altı
ayında 55 min iş yeri yaradılmışdır. Onlardan 45
mini daimi iş yeridir. Yəni bu proses davam edir və bu da təbiidir.
Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz,
o cümlədən Azərbaycanda aparılan sənayeləşmə
siyasəti, əlbəttə ki, yeni iş yerlərinin
açılmasına gətirib çıxarır".
Məlumat üçün qeyd edək ki,
Avrozonada işsizliyin səviyyəsi 2013-cü ilin ilk
rübündə rekord həddə çatıb.
Avrodan istifadə edən 17 ölkədə
işsizlərin ümumi sayı 19 milyon 380 min nəfər
olub. İşsizliyin ən yüksək səviyyəsi
İspaniya və Yunanıstanda 25 faiz, İtaliyada isə 24,4 faiz qeydə alınıb. Gənclər
arasında işsizlik bu baxımdan daha yüksək rəqəmlərlə
ölçülür. Rəsmi məlumatlara əsasən,
gənclər arasında ən yüksək işsizlik
göstəriciləri Yunanıstanda 55,4 faiz, İspaniyada 53,2
faiz, İtaliyada 40,5 faiz, Portuqaliyada 37,7 faiz, Fransada isə 24,3
faiz təşkil edir. Əksər Avropa dövlətlərində
17-24 yaşlılar arasında iş axtaranların sayı iki
dəfə artıb.
Azərbaycanda həyata keçirilən
iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət
daşıması bir sıra reallıqlarla şərtlənmiş,
cəmiyyətin sosial sifarişini əks etdirmişdir.
Bütün mütərəqqi cəhətləri
ilə yanaşı, bazar iqtisadiyyatı prinsiplərinin bəzi
hallarda respublikamızın aztəminatlı təbəqəsinin
sosial mənafeyinə qarşı yönəldiyi danılmaz həqiqətdir.
Bu baxımdan aztəminatlı vətəndaşların
sosial müdafiəsi, istehsalçı və
istehlakçının maraqlarının
uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti
cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən
prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir.
Azərbaycanda yeni mülkiyyət
formalarının yaranması, sahibkarlığın sürətli
inkişafı, qiymətlərin tənzimlənməsi əhalinin
sosial baxımdan nisbətən zəif təbəqəsinin
maraqlarını inkar etmir. Bu təbəqənin
maraqları mütləq nəzərə alınır, hər
bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi
cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə
tədbirləri hesabına kompensasiya edilir.
Ölkə başçısının
bu günlərdə imzaladığı sərəncama əsasən,
əmək pensiyasının baza hissəsinin məbləği
sentyabrın 1-dən 100 manat müəyyən edilib.
Bununla yanaşı, dövlət büdcəsindən
maliyyələşdirilən müxtəlif müəssisələrdə
çalışan işçilərin də aylıq vəzifə
maaşları orta hesabla 10 faiz artırılıb. Fəxri
adlara görə aylıq təqaüdlərin
artırılaraq "Xalq" fəxri adı
üçün 100 manat, "Əməkdar" fəxri
adı üçün 60 manat müəyyənləşdirilməsi
aparılan uğurlu sosial siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin verdiyi
bütün vədlər əməli fəaliyyətə,
real siyasətə əsaslanmış, milli maraq və mənafeləri
maksimum dərəcədə özündə ehtiva
etmişdir. Fundamental elmi əsaslara
söykənən bu siyasətin uğurla davam etdirilməsi vətəndaşları
qayğılandıran bütün problemlərin aradan
qalxmasına, xalqın yaşayış səviyyəsinin daha
da yüksəlməsinə real imkanlar yaradacaq. Prezident
İlham Əliyev bildirib: "Hər bir bölgənin
uğurlu inkişafı bütünlükdə ölkəmizin
inkişafını təmin edir. O ki qaldı iqtisadi məsələlərə,
iqtisadi islahatlar aparılır və bu ilin 7 ayının
göstəriciləri də çox müsbətdir. İqtisadiyyat artır, qeyri-neft sektoru təxminən
11 faiz artmışdır. Bu da dünyada
rekord göstəricidir. Bütün maliyyə,
iqtisadi böhranlar Azərbaycandan yan keçir. Ona görə yox ki, Azərbaycanı əhatə edə
bilmir. Ona görə ki, Azərbaycanda bəzi
başqa ölkələrdən fərqli olaraq
düşünülmüş siyasət aparılır və
heç vaxt lazımsız borclanma siyasəti aparılmır.
Biz öz hesabımıza yaşayırıq,
müstəqil yaşayırıq. Ölkəmiz
gündən-günə güclənir və iqtisadi müstəqilliyi
nəticəsində siyasi müstəqilliyini təmin
edir".
Son 10 ilin yekunları deməyə əsas
verir ki, dövlət başçısı İlham
Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin
ən ali məqsədi Azərbaycanın hər
bir vətəndaşı üçün layiqli və firavan
həyat tərzinin təmin olunması, ölkədə azad və
demokratik cəmiyyətin qurulmasıdır. Xalq
həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin,
bizi Azərbaycanın parlaq sabahına aparan siyasi kursun
alternativsizliyini yaxşı dərk edir və bu siyasəti
birmənalı dəstəkləyir.
Elnur
HACALIYEV
Azərbaycan. - 2013.- 29 avqust.- S. 6.