Nərgizlərin gözü yolda qalanda...
Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır. Dağlıq Qarabağın ərazisində
yerləşən bütün
yaşayış məntəqələrinin toponimləri Azərbaycan
mənşəlidir. Nəinki Dağlıq Qarabağ,
indiki Ermənistanın toponimlərinin
mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Yəni xalqımız əsrlər boyu bu torpaqda
yaşamış, yaratmış və bundan
sonra da bu torpaqda
yaşamalıdır.
İlham
ƏLİYEV
Danışanda
ən çox dağlardan
söhbət açırıq, bir də
təpələrdən. Doğulandan qəlbimizdə,
içimizdə bir ucalıq, yüksəklik
arzusu var - yəqin, buna görədir. Bəs nədir dağ, nədir təpə? Lüğətin
dili qısa və aydındır: "Zirvəsi,
ətəyi, yamacı aydın nəzərə çarpan, nisbi hündürlüyü 200 metrdən artıq olan müsbət relyef
formasına dağ deyilir.
Əgər bu tip relyefin nisbi hündürlüyü 200 metrdən
azdırsa, ona təpə deyilir.
Təpə nisbətən hamar zirvəyə
və az meyilli yamaca malik olur.
Yer səthində dağlara
adətən tək halda rast
gəlinmir. Dağlar adətən zəncir
şəklində uzanır ki, belə dağlara sıra dağlar
deyilir".
Bizdə isə
dağlarla yanaşı sanki
gizli bir xətlə əlaqələri
olan, tariximizin müəyyən
dövrlərini özündə əks etdirən təpələr
silsiləsinin də olması artıq sirr
deyil.
Dünyanın
ən uzun dağ sistemi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun
uzunluğu 9 min km-dir. Bizim Qarabağın
dağları, təpələri də onlardan
geri qalmaz. Həm də
bizim dağlar, təpələr
yaddaş kitablarımızdır. Budəfəki söhbətimiz Qarabağın
müxtəlif ərazilərində
rastlaşdığımız, amma illər,
əsrlər boyu hansı gizlinləri,
sirləri özündə qoruyub
saxladığı məlum olmayan təpələr,
xüsusilə mükəmməllik və zənginlik, eləcə
də bugünkü reallıq
baxımından əvəzsiz əhəmiyyəti olan Nərgiztəpə barədədir.
Yeri
qazıb yalanı çıxaranlar
Azərbaycanın
Qarabağ bölgəsi
xalqımızın əsrlər boyu
yaratdığı maddi- mədəniyyət
abidələrinin zənginliyi ilə seçilir.
Bu abidələr hələ qədim
dövrlərdən başlayaraq əcnəbi
səyyah və tədqiqatçıların diqqətini cəlb
etməkdədir. Müxtəlif illərdə Qarabağa gələn çoxsaylı ekspedisiyalar Azıx və Tağlar
mağara düşərgələrində
(Xocavənd rayonu), Qaraköpəktəpə (Füzuli rayonu), Üzərliktəpə
(Ağdam rayonu)
yaşayış məskənlərində, Şərifan
şəhər yerində (Zəngilan rayonu),
Xocalı kurqanlarında və digər abidələrdə
fundamental tədqiqatlar aparıb, bu mövzuda dissertasiyalar müdafiə edilb,
monoqrafiyalar dərc olunub.
Yerli mütəxəssislərlə
yanaşı, uzun illər Qarabağ
abidələrini öyrənən rus
alimlərindən akademik İ.İ.Meşşaninov,
A.İ.İessen, V.P.Lyubin,
alman tədqiqatçılarından E.Resler, Y.İ.Qummel, hətta
erməni tarixçilərindən K.X.Kuşnareva
və O.A.Danielyan belə dönə-dönə
onları Azərbaycan xalqının maddi irsi kimi dəyərləndiriblər.
Ancaq nədənsə son dövrlər tarixi həqiqətlərə,
mənəvi dəyərlərə münasibət kəskin
şəkildə dəyişib. Xüsusilə
müharibə şəraitində olduğumuz
Ermənistan qoşunları sussa da (yaxud susmağa
məcbur edilsə də), üzdəniraq erməni alimləri,
tədqiqatçıları, arxeoloqları susmaq
bilmir. İşğal
altındakı ərazilərimizdə
"axtarış"lar aparır, tapdıqlarını
"erməni izləri" kimi dünya ictimaiyyətinə
sırımağa, min illik
yaşı olan abidələrimizi,
vaxtilə gürcü mütəfəkkiri
İlya Çavçavadzenin
söylədiyi kimi, mənimsəməyə
çalışırlar. Son dövrlər
ermənilərin Ağdam ərazisində
apardıqları qazıntı işləri nəinki azərbaycanlı
alimləri, hətta xarici mütəxəssisləri
belə hiddətləndirib. Dünya
şöhrətli polyak alimi
Voyçex Pastuşkanın ermənilərin
Ağdamda apardığı arxeoloji qazıntıları "siyasi qazıntılar" adlandırması bu saxtakarların iç üzünü açan
sərrast elmi qiymətdir.
Azərbaycan
alimləri işğal altındakı ərazilərdə
ermənilərin apardığı "arxeoloji
qazıntılarla" əlaqədar bildiriblər ki, uydurma "böyük Ermənistan"ın paytaxtı Tiqranakert şəhərinin
qalıqlarının Azərbaycanın işğal
olunmuş Ağdam rayonu ərazisində aşkar
olunması barədə hay-küy
qaldırmalarının heç bir elmi əsası yoxdur. Azərbaycan tarixçiləri qətiyyətlə və
birmənalı şəkildə bəyan edirlər ki, Azərbaycanın arxeoloji
abidələrlə zəngin olan və
kifayət qədər yaxşı öyrənilmiş Qarabağ bölgəsinin nə dağlıq,
nə də düzən hissələrində indiyə qədər
heç bir erməni
yaşayış məskəni, nekropolu,
qalası və s. aşkar
edilməyib! Azərbaycan arxeoloqlarının on illər boyunca
apardıqları arxeoloji qazıntılar
nəticəsində Qarabağ ərazisində
paleolit dövrünə aid
Azıx, Tağlar, Zar
mağara düşərgələri, eneolit dövrünə aid
Çalağantəpə, Leylatəpə və başqa abidələr, ilk
tunc dövrünə aid
Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri,
orta tunc və son tunc dövrlərinə
aid Üzərliktəpə, Xocalı,
Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antik və ilk orta əsrlər dövrlərinə aid Govurqala və digər
çoxsaylı abidələr aşkar edilib. Dünya elmi ictimaiyyəti, o
cümlədən vaxtilə erməni alimlərinin özləri
də bütün tarixi
abidələrin Azərbaycanın qədim sakinlərinə məxsus
olduğunu birmənalı şəkildə
qəbul ediblər.
Bundan başqa, Azərbaycan arxeoloqları tərəfindən
Ağdamın Şıxbabalı və Papravənd kəndləri
ərazisində eramızdan əvvəl XII-lX
əsrlərə aid, ətrafına qala divarları çəkilmiş möhtəşəm
yaşayış məskənləri tədqiq olunub. Bu abidələr Azərbaycanda,
xüsusilə onun Qarabağ
bölgəsində ilkin şəhər
mədəniyyətinin formalaşdığını sübut edir və Azərbaycan
xalqının tarixi keçmişinə
məxsusdur. Bundan başqa, Qarabağ
bölgəsində bir neçə nəsil
arxeoloqlarımızın səyi ilə Quruçay
mədəniyyəti (paleolit dövrü), Leylatəpə mədəniyyəti
(eneolit dövrü), Kür-Araz mədəniyyəti (ilk tunc dövrü),
Üzərlik mədəniyyəti (orta tunc dövrü),
Xocalı-Gədəbəy mədəniyyəti (son tunc və ilk dəmir dövrü),
habelə antik və orta
əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq
dünya elmi ictimaiyyətinə
çatdırılıb. Bütün bu abidələrin məhz Azərbaycan
xalqının tarixi keçmişinə
məxsus olması dünya
arxeologiyasına çoxdan məlumdur və
həmin abidələrdən heç birinin erməni tarixinə heç
bir aidiyyəti yoxdur! Tarixçilərdən Yaqub Mahmudov və Maisə Rəhimova bildirirlər ki, mövcud yazılı
mənbələrdə düzən və ya
Dağlıq Qarabağ torpaqlarının
Tiqranın yaratdığı qısaömürlü dövlətin
tərkibində olması barədə məlumat yoxdur: "Tiqranakert
şəhərinin yerləşdiyi tarixi ərazi
elmə məlumdur. Yəni həmin ərazinin ümumiyyətlə
Cənubi Qafqaza, o
cümlədən də indiki Ermənistan
ərazisinə heç bir
aidiyyəti yoxdur. Ən
başlıcası isə budur ki, tikintisi başa
çatdırılmayan şəhərdə ermənilərin
izi-tozu belə olmayıb. Başqa
sözlə, Azərbaycandan çox-çox
uzaqlarda salınmasına cəhd göstərilən
Tiqranakert şəhərinin özü də erməni şəhəri deyildir. Tiqranakert əhalisinin
müxtəlif yerlərdən zorla bu əraziyə köçürülən xalqlardan ibarət olmasını Plutarx da təsdiqləyir".
Tariximizə
sahib çıxmasaq...
Qarabağ işğal
olunandan sonra ermənilər
bu təcavüzə haqq
qazandırmaq üçün müxtəlif
vasitələrə əl atırlar. Bu
bölgənin min illər yaşı olan tarixi abidələri ya dağıdılır və izləri silinir, ya da
erməniləşdirilir. Ermənilərin indiyədək Qarabağda azərbaycanlılara və alban tarixinə aid olan minlərlə abidəni erməniləşdirmələri
artıq adi hala çevrilib. Həmçinin Qarabağda
"qədim erməni yaşayış məskənləri tapmaq" üçün
qurama arxeoloji
qazıntılar aparılır. Ermənilərin
iddialarının nə dərəcədə əsaslı olduğunu Azərbaycan Milli
Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutunun
şöbə müdiri, tarix
elmləri namizədi Təvəkkül Əliyevlə
aydınlaşdırmağa çalışdıq. Qeyd edək ki, T.Əliyev
1989-cu ilə qədər Gəncə-Qazax arxeoloji
ekspedisiyasının tərkibində fəaliyyət göstərib.
Qarabağ arxeoloji
ekspedisiyasının üçüncü
dəstəsinə rəhbərlik edib. Cəbrayılda,
Zəngilanda arxeoloji qazıntılar
aparıb.
Təvəkkül
müəllim ermənilərin Qarabağı işğal
etdikdən sonra burada
qazıntı işlərinə başlamasına toxunarkən
bir faktı xüsusi
vurğuladı ki, 2005-ci ildən başlayaraq
Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutu
Dağlıq Qarabağa ekspedisiya
göndərir.
"Dağlıq Qarabağda ermənilərin
apardığı "axtarışlara" Hamlet
Petrosyan adlı bir nəfər
başçılıq edir. Yay aylarında cəmi 10-15 gün
Qarabağda olan Petrosyan "sensasion" kəşflər
haqqında dünyaya car
çəkir. Halbuki onun
etdiyi "kəşflərin" bir qismi əvvəldən
azərbaycanlı alimlərə bəlli idi,
- deyə Təvəkkül Əliyev sözünə davam edir. - Qarabağda alman
arxeoloqlar Resler, Qummel, rus arxeoloqlar
İvanovski, Meşşaninov,
İessen, azərbaycanlı arxeoloqlar Cəfərzadə, İdeal
Nərimanov, Göyüşov, Cəfərov
kimi tədqiqatçılarla yanaşı,
XX əsrin 20-30-cu illərində Ter-Avetisyan,
40-cı illərində Taşçyan,
50-60-cı illərində Kuşnareva,
70-80-ci illərində Danielyan
Dağlıq Qarabağda ardıcıl
arxeoloji qazıntı işləri
aparıb, ekspedisiya və dəstə rəhbərləri
olublar. Bu, ermənilərin
iddialarının əsassız olduğuna
sübutdur. Dağlıq Qarabağın
vilayət mərkəzi olan Xankəndidə
fəaliyyət göstərən mədəniyyət
şöbəsinin müdiri və bütün əməkdaşları erməni
əsilli vətəndaşlar idi. Onlar özləri vilayətin ərazisindəki
tarixi-memarlıq abidələri haqqında məlumat toplayır
və qeydiyyata alınması üçün Azərbaycanın Mədəniyyət
Nazirliyinə göndərirdilər. Bunu
Azərbaycan SSR Nazirlər Sovetinin qərarları
ilə
(2 aprel 1968-ci il tarixli 140 saylı qərar) təsdiq edilən
və dövlət tərəfindən mühafizə olunan mədəniyyət abidələrinin
siyahılarından da görmək olar".
Artıq xeyli vaxtdır mədəniyyət və turizm nazirinin müvafiq tapşırığına əsasən
ölkədə mövcud olan
tarix və mədəniyyət abidələrinin
pasportlaşdırılması işinə
başlanılıb. Bu məqsədlə "Azərbərpa" Elmi-Tədqiqat
Layihə İnstitutu tərəfindən
beynəlxalq standartlara cavab
verən yeni pasport
nümunələri hazırlanıb. İlkin
mərhələdə 234 tarix və mədəniyyət
abidəsinin pasportlaşdırılması nəzərdə tutulub. Ölkədə mövcud
olan tarix və mədəniyyət
abidələrinin ilk dəfə kütləvi
şəkildə pasportlaşdırılması işi 1970-1980-ci illərdə aparılıb.
O vaxt 1.000-dən artıq abidənin sənədləşdirilməsi
həyata keçirilib. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq
edilmiş dövlət siyahısında dünya, ölkə və yerli
əhəmiyyət dərəcələrinə görə
qruplaşdırılan 6.308 tarix və mədəniyyət
abidəsi yer alır. Bundan əlavə, təxminən 2.000-ə
yaxın yeni aşkar olunmuş abidə vardır ki,
hazırda onların siyahılarının dəqiqləşdirilməsi
aparılır.
Mədəniyyət
və Turizm Nazirliyinin
Mədəni irs şöbəsinin Abidələrin
mühafizəsi sektorunun müdiri
Arif Əliyev deyir ki, ümumiyyətlə, abidələrin qeydiyyata alınması prosesi
dörd dəfə olub
- 1968, 1981, 1988 və 2001-ci illərdə. Qeyd
etməyə dəyər ki, 1968-ci ildə
qeydiyyata alınan abidələrin sayı 959 idi. Həmin vaxt DQMV-dəki memarlıq və arxeoloji
abidələrin sayı 64 idi.
Sonrakı illərdə
rəqəmlər dəyişildi, xeyli yeni abidə qeydə alındı. Hazırda işğal altında olan
12 rayonda 862 abidə qeydiyyatdadır. Onlardan 698-i işğal
altındadır - Şuşada 210, Cəbrayılda
43, Xocalıda 28, Ağdamın 145 abidəsindən 82-si, Xocavəndin
Nərgiztəpə ərazisini çıxmaqla 71 abidəsindən
70-i və s. Ermənilər vaxtilə
alimlərimizin tədqiq edib
aşkarladıqları abidələri belə öz
adlarına çıxmaqdan çəkinmirlər. Bir müddət əvvəl erməni "tədqiqatçıları"
Azıx mağarasını da yeni aşkar olunmuş bir abidə kimi təqdim etməyə
çalışdılar. Amma Azıxda ilk qazıntılar
1960-cı ildə görkəmli Azərbaycan alimi
Məmmədəli Hüseynovun rəhbərlik
etdiyi ekspedisiya tərəfindən
aparılıb və bu, 25 ilə qədər
davam edib. 2008-ci ilin iyununda Azıxdan
Qafqazın ilk sakinlərindən olan azıxantropa məxsus çənə qalığının
tapılmasının 40 ili tamam oldu. Alimlərimizin
Azıxda apardıqları qazıntıların nəticələri
artıq dünya elmində əsaslı yer tutub. Azıx tapıntıları
1981-1982-ci illərdə Parisin "İnsan" muzeyində təşkil olunmuş "Avropanın ilk
sakinləri" adlı sərgidə nümayiş
etdirilib. Beynəlxalq
"İNTAS - 2000" adlı proqram
çərçivəsində Avropa
ölkələrindən olan 32 paleolitşünas alim
Azıx düşərgəsindən tapılan mədəniyyət
qalıqlarını tədqiq etdikdən sonra
Azərbaycan alimlərinin əldə etdikləri nəticələrlə
razılaşdıqlarını bildiriblər.
Arif Əliyev deyir ki, erməni mənbələrində
ayrı-ayrı vaxtlarda yer
alan məlumatlara, peyk
çəkilişlərinə, ATƏT-in işğal
olunmuş ərazilərdəki vəziyyəti
araşdıran missiyasının hesabatına, habelə digər
mənbələrdən toplanan məlumatlara
görə, bu ərazilərdə indiyədək
yüzlərlə
tarixi abidə tamamilə
dağıdılıb. Digər abidələr
isə erməni abidələri adı altında
pasportlaşdırılır. İşğal altındakı Azərbaycan ərazilərində
tarix-mədəniyyət abidələrinin kütləvi məhvi
və saxtalaşdırılması hərbi konfliktlər
zamanı mədəni dəyərlərin qorunması
haqqında 1954-cü ildə qəbul edilmiş
Haaqa Konvensiyasına ziddir.
Bu konvensiya hərbi münaqişələr
zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin
ərazisində yerləşən mədəni dəyərlərin
qorunması, arxitektura, incəsənət,
tarixi abidələr, arxeoloji
qazıntılar kimi daşınan və
daşınmaz mədəni dəyərlərin
müdafiə edilməsini iştirakçı dövlətərin
qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal
ərazilərində tarix-mədəniyyət abidələrinin
dağıdılması və saxtalaşdırılması UNESCO-nun "Ümumdünya
mədəni və təbii irsin
qorunması haqqında" konvensiyasının
pozulmasıdır. Azərbaycanın tələbi əsasında
ATƏT iki dəfə işğal
altındakı ərazilərdəki vəziyyəti öyrənmək
üçün missiya
təşkil edib, bu zaman tarixi abidələrin
vəziyyəti də qismən araşdırılıb. Bununla belə, Ermənistan UNESCO-nun
işğal altındakı ərazilərdə
tarixi abidələrin vəziyyətini
öyrənmək üçün bitərəf
missiya göndərməsini əngəlləyib.
Azərbaycanın Mədəniyyət Nazirliyi
bir il əvvəl işğal altındakı ərazilərdə
tarix-mədəniyyət abidələrinin
dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya
təqdim edib.
Bir faktı da
qeyd etməliyik: Mədəniyyət
və Turizm Nazirliyinin
məlumatına əsasən, işğala
qədər Azərbaycan tərəfi hazırda işğal altında olan
ərazilərdə 8 dünya, 166 ölkə
və 588 yerli əhəmiyyətli abidə
qeydə almışdı. Münaqişə
başladıqdan sonra Dağlıq Qarabağ və ona bitişik rayonlarda mövcud olan minlərlə
tarixi abidə rəsmi qeydiyyatdan
kənarda qalıb. Nəticədə ermənilər
bu abidələri öz
adlarına rəsmiləşdirmək üçün
fürsət əldə ediblər. İki-üç
ildir ki, Ermənistanın
və erməni diasporunun, xarici
ölkələrdən cəlb edilmiş
erməni tarixçilərinin köməyi ilə
işğalçılar Dağlıq Qarabağ
və ətraf rayonlarda qalan tarix-mədəniyyət abidələrinin
pasportlaşdırılmasını həyata keçirməkdədir.
Dağlıq Qarabağdakı qondarma
separatçı rejimin 2011-ci ildə erməni KİV-lərinə
verdiyi açıqlamaya görə, işğal altındakı ərazilərdə
4 minə qədər tarixi abidə qeydiyyata alınıb. Bu
açıqlamaya əsasən, təkcə 2011-ci ildə 289 tarixi abidə sənədləşdirilib. Erməni
qaynaqlarında yer alan
məlumatlara görə, son illərdə
Qarabağda alban
dövrünə aid 100-ə yaxın ibadətgaha
erməni kilsəsi statusu verilib.
Təkcə 2006-cı ildə ermənilər tərəfindən
Şuşa şəhəri ətrafında
500-dən çox abidə "erməni
abidəsi" kimi qeydiyyata
alınıb.
Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun topladığı faktlara əsasən, işğal
olunmuş ərazilərdə qalan və islam
dövrünə aid tarixi
abidələr xüsusi amansızlıqla
dağıdılır. Çünki bu abidələrin üzərində müsəlman
epiqrafikası ilə yazılar olduğundan
onları erməniləşdirmək
və qeyri-Azərbaycan abidələri kimi
təqdim etmək mümkün deyil. Bura qəbirüstü abidələr, türbələr
və məscidlər daxildir. İnstitutun araşdırmalarına görə,
1994-cü ildə atəşkəsin əldə edilməsindən
sonrakı 18 il ərzində işğal altındakı ərazilərdə
dağıdılan tarix-mədəniyyət abidələrinin
sayı hərbi münaqişə zamanı dağıdılmış
abidələrin sayından çoxdur.
(ardı
var)
Bəxtiyar
QARACA
Azərbaycan. - 2013.- 29 avqust.- S. 7.