ELEKTRON
HÖKUMƏT: çevik və səmərəli
idarəçiliyin uğurlu formulu
Qloballaşma prosesinin
geniş vüsət aldığı müasir dövrdə zamanın tələblərinə
cavab verən inkişafı şərtləndirən
əsas cəhətlərdən biri də
informasiya-kommunikasiya texnologiyalarının
idarəetmə strukturlarında tətbiqi səviyyəsidir. Elmtutumlu sahələrin
inkişafı, informasiya-kommunikasiya
texnologiyalarının (İKT) istifadə dairəsinin
genişləndirilməsi hər bir
ölkənin sosial-iqtisadi tərəqqisinə
böyük töhfələr verməklə
yanaşı, onun, eləcə də
bütövlükdə cəmiyyətin intellektual
və elmi potensialının əsas
göstəriciləri sırasında yer
alır.
İKT-nin
inkişafı sosial-iqtisadi tərəqqinin
sürətlənməsinə əvəzsiz töhfələr
verməklə yekunlaşmayaraq şəffaflıq,
hesabatlılıq, demokratikləşmə, insan
hüquqlarının qorunması, vətəndaşların sosial müdafiəsi, sürətlə qloballaşan dünyaya inteqrasiya, müasir
iqtisadiyyatın əsasını təşkil edən texnoloji
yeniliklərin tətbiqi kimi mühüm sferaları da
əhatə edir. Təhsildən səhiyyəyə,
idarəetmədən biznesə, iqtisadiyyatdan
ən müasir infrastruktura
kimi geniş spektri əhatə edən İKT-nin
ən yeni nailiyyətlərinin ölkəmizdə
tətbiqi və inkişaf etdirilməsi
dövlət siyasətinin əsas istiqamətləri
sırasındadır.
Zəngin enerji
resurslarına, bir neçə onillik boyu bəs edəcək
böyük karbohidrogen
yataqlarına malik olmasına rəğmən,
Azərbaycanın ən yeni tarixi informasiya-kommunikasiya
texnologiyalarının inkişaf göstəriciləri
ilə əlamətdardır. Qeyd edilən sahə üzrə inkişaf
dinamikası aydın göstərir ki,
yaxın bir neçə il
ərzində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqindən ölkəmizin əldə
etdiyi gəlirlərin miqyası neftdən
qazanılan mənfəətə bərabər olacaq, daha sonra
ilk əsas gəlirli sferaya
çevriləcəkdir. Bu da öz
növbəsində, Azərbaycanda İKT sektorunun
inkişaf dərəcəsinin kifayət
qədər yüksək templərlə müşayiət olunduğunu aydın şəkildə nümayiş etdirir,
ölkəmizdə sözügedən istiqamətdə konkret hədəflərə hesablanmış
məqsədyönlü siyasət həyata keçirildiyini sübuta yetirir.
Müstəqil
Azərbaycana rəhbərlik etdiyi dövrdə
ulu öndər Heydər Əliyevin
İKT sektorunun inkişafına xüsusi diqqət yetirməsi yuxarıda qeyd edilənlər fonunda
tamamilə təbii hesab oluna
bilər. Bu istiqamətdə atılan ilk vacib addımlardan biri 1993-cü ilin avqustunda Azərbaycanla Amerika
qitəsi arasında birbaşa rabitənin
yaradılmasına imkan verən peyk-rabitə
sisteminin açılışı olmuşdur. Bu, artıq Azərbaycan
rabitə sisteminin dünyaya
açılmasında yeni mərhələnin
başlanması demək idi. Lakin ilk dövrlərdə görülən
işlər bununla məhdudlaşmayaraq daha geniş xarakter almağa
başladı. Telekommunikasiya sahəsinə
xarici investorların cəlb edilməsi sayəsində
1994-cü ildə "Bakcell", bundan iki il
sonra "Azercell"
birgə müəssisələri yaradılmış, bununla mobil rabitənin
ölkəmizdə inkişaf dövrü başlanmışdır. 1995-ci il
dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon
stansiyasının, yenidən qurulmuş
Şəhərlərarası Telefon
Stansiyasının açılışı, ilk
elektron ATS-lər qurulması, "AzEvroTel" və "Ultel"
birgə müəssisələrinin lokal telekommunikasiya şəbəkəsi üzrə
xidmət göstərməyə başlaması İKT
sferasının inkişafına qayğının məntiqi
nəticəsi kimi çıxış etmişdir. Kompyuterlərdən, kommunikasiya texnologiyalarından istifadənin
genişlənməsi də 1993-cü ildən sonrakı
dövrə təsadüf edir.
İnformasiya
texnologiyaları sahəsinin ölkənin inkişaf
prioritetlərinə daxil edildiyini
göstərən daha bir
önəmli addım Heydər Əliyevin 2003-cü il fevralın 17-də müvafiq
sərəncamı ilə təsdiq etdiyi
"Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya
(2003-2012-ci illər)" olmuşdur. Bu strategiya təsdiqləndiyi dövrdən etibarən
növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində
görüləcək işlərin ümumi
xəttini, habelə elektron idarəçiliyin
prinsiplərini müəyyənləşdirmişdir. Digər tərəfdən bu
istiqamətdə atılan addımlar ölkədə informasiya-kommunikasiya texnologiyalarının
dövlət orqanlarında istifadəsinin səmərəliliyinin
artırılmasının, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin
asanlaşdırılmasının və bürokratik
əngəllərin aradan
qaldırılmasının, ölkədə
yaradılan müxtəlif təyinatlı informasiya
sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını
qoymuşdur.
Heydər
Əliyev siyasi kursunun
layiqli davamçısı Prezident İlham
Əliyev ötən 10 ildə
ölkə iqtisadiyyatının davamlı və dayanıqlı
inkişafı, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, yeni iş yerlərinin
yaradılması, məşğulluq səviyyəsinin daha da yüksəldilməsi,
Avratlantik məkana inteqrasiyanın sürətlənməsi fonunda
yeni, zamanın tələblərinə cavab verən islahatlara start vermişdir. Bu istiqamətdə həyata keçirilən
siyasətin əsas hədəflərindən biri
sürətlə inkişaf edən
yüksək texnologiyaların ölkəmizdə tətbiqi
sahəsinin daha da
genişləndirilməsi, hökumət idarəçiliyinin
tətbiqidir. Prezident
İlham Əliyevin ilk beynəlxalq səfərinin 2003-cü ilin dekabrında Cenevrədə keçirilən
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla
bağlı olması dövlət başçısı səviyyəsində
İKT-nin inkişafına göstərilən
yüksək diqqətin real təzahürü
kimi çıxış edirdi.
İnformasiya Cəmiyyəti
üzrə Dünya Sammitində geniş və
dərin məzmunlu nitq söyləyən
Prezident İlham
Əliyev bildirmişdir ki,
son on il
müddətində kommunikasiya
texnologiyaları gündəlik həyatımızın tərkib
hissəsinə çevrilmişdir. İndi ictimai həyatı
internetsiz, e-mail-siz (elektron poçtsuz) və qlobal rabitənin imkanları olmadan təsəvvür
etmək mümkün deyildir.
Bu işdə ölkəmizə BMT-nin İnkişaf
Proqramının yaxından yardım etdiyini
bildirən dövlət başçısı
respublikamızda "İ-Azərbaycan", "Elektron Azərbaycan" proqramlarının inkişaf etdirildiyini
vurğulamışdır. Sammitdə "Qara qızılı insan
kapitalına çevirək" tezisini səsləndirməklə
dövlət başçısı ölkə
iqtisadiyyatında yeni inkişaf
mərhələsinin əsasının qoyulduğunu,
informasiya cəmiyyətinin qurulması
istiqamətində dövlət səviyyəsində məqsədyönlü
işlərə başlandığını nümayiş etdirmişdir.
2004-cü
ildə qəbul edilmiş "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanunu ölkədə
elektron sənəd dövriyyəsinin
yaradılmasına və elektron imza tətbiq edilən yeni
proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət
sahələrinin inkişafına şərait yaratmışdır.
2004-cü ilin fevralında Rabitə Nazirliyinin bazasında Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin
yaradılması və bu sahədə
kifayət qədər təcrübəli alim,
akademik Əli Abbasovun
nazir təyin edilməsi ilə bu sahənin elmi əsaslarla
inkişafına fundamental zəmin
yaradılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli
fərmanı ilə "Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının müasir tələblərə uyğun olaraq
inkişafını təmin etmək məqsədilə
Dövlət Proqramı"nın hazırlanması barədə
əksini tapmış tapşırıq ölkə rəhbərliyinin müasir
texnologiyaların ardıcıl inkişaf
etdirilməsində növbəti addımı olmuşdur.
"Azərbaycan
Respublikasının inkişafı naminə informasiya
və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya"nın (2003-2012-ci illər)
icrasının davamlılığını təmin etmək
məqsədilə dövlət başçısı tərəfindən
müxtəlif illəri əhatə edən "Elektron Azərbaycan" proqramları təsdiq
olunmuşdur. "Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının
inkişafı üzrə 2005-2008-ci illər üçün
Dövlət Proqramı" (Elektron Azərbaycan)"
"e-hökumət"in yaradılmasına doğru
ilk mühüm
addım idi.
Proqram çərçivəsində
əksər dövlət orqanlarının internet
saytları yaradılmış və gov.az
domenində yerləşdirilmişdir. Dövlət
orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək məqsədilə
vahid konfidensial multiservis şəbəkəsinin
yaradılmasına və dövlət orqanlarının bu şəbəkəyə qoşulmasına
başlanılmışdır. Rəsmi strukturlar
tərəfindən informasiya xidməti ilə
yanaşı, ilkin elektron
xidmətlərin də göstərilməsinə
başlanılmışdır.
Ümumiyyətlə,
2005-2008-ci illər üçün "Elektron Azərbaycan" Dövlət
Proqramında nəzərdə tutulan tədbirlər
informasiya cəmiyyətinə keçidi təmin etmək üçün
ilkin mərhələdə görüləcək
işləri əhatə etmişdir. Proqram üzrə
görülmüş işlər sayəsində
respublikanın rabitə və informasiya
texnologiyaları bazarında azad rəqabət
mühitinin yaradılması, sahəyə
investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi
üzrə mühüm addımlar
atılmışdır. Sahənin normativ-hüquqi
bazası inkişaf etdirilmiş,
telekommunikasiya infrastrukturu
müasirləşdirilmiş, ən yeni
texnologiyaların tətbiqi genişləndirilmiş, əhaliyə,
müəssisə və təşkilatlara göstərilən
rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti
yüksəldilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə
"e-hökumət"ə keçid
istiqamətində növbəti mühüm
sənəd təsdiq edilmişdir. "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət
Proqramı" ("Elektron Azərbaycan")
"e-hökumət"ə keçid prosesini daha da sürətləndirmişdir. Proqramda birmənalı
vurğulanır ki, respublikada
telekommunikasiya və poçt
infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsinin
tam başa
çatdırılması, keyfiyyətli və qənaətbəxş
telekommunikasiya xidmətlərinin təqdim
olunması, peyk rabitəsi
texnologiyalarından istifadə, "e-hökumət" həllərinin
tətbiqinin genişləndirilməsi və bütövlükdə
cəmiyyətdə İKT-dən istifadənin səviyyəsinin
artırılması mühüm əhəmiyyət
kəsb edir. Eyni zamanda, informasiya
cəmiyyətinin tələblərindən irəli gələn
dövlət informasiya sistemlərinin
inkişafına, informasiya təhlükəsizliyinin
təmin edilməsinə, "e-imza" və
"e-sənəd" dövriyyəsinin tətbiqinə, elektron və poçt-maliyyə xidmətlərinin
təşkilinə, yerli istehsalın və
onun ixrac potensialının
gücləndirilməsinə, ayrı-ayrı sahələr
üzrə İKT-nin tətbiqinin
genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin
artırılmasına və İKT üzrə kadr hazırlığına diqqət yetirilməsi
vacibdir.
"Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət
Proqramı"nın məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin
yerinə yetirilməsi, respublikanın informasiya
cəmiyyətinə keçidinin təmin
edilməsi, İKT-nin inkişafını
və geniş tətbiqini təmin etmək
yolu ilə informasiya və
biliklərə əsaslanan, rəqabətə davamlı
iqtisadiyyatın qurulması və inkişaf
etdirilməsi üçün zəminin
formalaşdırılması, dövlət idarəetmə
mexanizmlərinin səmərəliliyinin artırılması
və qərarların qəbulu prosesində vətəndaşların
və sosial institutların
iştirakı imkanlarının genişləndirilməsidir.
Dövlət
Proqramında qoyulmuş məqsədlərə
çatmaq üçün
aşağıdakı məsələlərin həlli nəzərdə
tutulur: respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fiziki
və hüquqi şəxslərin
dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara,
həmçinin dövlət,
ictimai və sahə informasiya
resurslarına çıxışının genişləndirilməsi,
informasiya və kommunikasiya
xidmətlərinin genişləndirilməsi və onların
keyfiyyətinin artırılması; dövlət idarəçiliyinin
bütün səviyyələrində
İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının
formalaşdırılması və inkişaf
etdirilməsi; vahid texnoloji standartlar
əsasında dövlət informasiya
resursları və sistemlərinin inteqrasiyasının təmin
edilməsi, dövlət orqanları arasında etibarlı və
təhlükəsiz informasiya mübadiləsinin
həyata keçirilməsi üçün
vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi, təşkilati-texniki,
texnoloji tədbirlərin həyata
keçirilməsi və müvafiq mühitin formalaşdırılması; dövlət orqanlarının göstərdiyi xidmətlərin
operativliyinin və keyfiyyətinin, habelə
dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin
artırılması üçün
"e-hökumət" həllərinin geniş
tətbiqi, "bir pəncərə" prinsipi əsasında elektron
xidmətlərin təşkili; müasir
inkişaf tələblərinə uyğun olaraq, sahə
üzrə normativ hüquqi
bazanın təkmilləşdirilməsi; sahə üzrə
standartlaşdırma və sertifikatlaşdırmanın beynəlxalq
təcrübəyə uyğun həyata
keçirilməsi; e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət
formalarının inkişaf etdirilməsi;
"rəqəmsal geriliyin"
azaldılması üçün tədbirlərin
həyata keçirilməsi; informasiya cəmiyyətinin
qurulması istiqamətində vahid elmi-texniki və innovasiya
siyasətinin həyata keçirilməsi; informasiya cəmiyyətinin qurulması üzrə
görülən işlərə ictimai
nəzarətin təmin edilməsi və s.
Dövlət
Proqramı milli telekommunikasiya
və poçt infrastrukturunun
və xidmətlərinin inkişafı, dövlət və yerli özünüidarəetmə
orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf
etdirilməsi, informasiya cəmiyyətinə
keçid üçün
şəraitin yaradılması, rəqabət qabiliyyətli və
ixracyönümlü İKT potensialının gücləndirilməsi
kimi dörd əsas istiqamət üzrə həyata
keçirilir.
Bütün bunlar
"elektron hökumət" sahəsində
qazanılan nailiyyətlərin miqyasını davamlı şəkildə
genişləndirən amillər kimi
çıxış edir. Beynəlxalq praktikada qəbul edilmiş
normalara əsasən, "elektron
hökumət" - hər hansı bir
ölkənin dövlət strukturlarının hamısı
haqqında məlumatların hər bir vətəndaş
üçün açıq olan yerləşdirilməsi deməkdir. Yəni
hər bir vətəndaş istənilən
dövlət qurumuna elektron
formada müraciət etmənin
qaydalarını mənimsəyir və bundan
istifadə edir. Bununla
da müxtəlif səviyyəli dövlət
strukturları informasiyanın və xidmətlərin
istehlakçılara bilavasitə çatdırılması üçün müasir
informasiya və kommunikasiya
texnologiyalarından istifadə edirlər. Elektron
hökumətin xidmətlərinin istehlakçıları vətəndaşlar,
özəl sektor və dövlət
strukturlarıdır. "Elektron hökumət"in
qurulması ölkədə hakimiyyət strukturlarının
şəffaf fəaliyyət göstərməsinə xidmət
edir və dünyanın inkişaf
etmiş ölkələrinin əksəriyyətində
"elektron hökumət" fəaliyyət
göstərir.
"Elektron
hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə,
dövlət qurumları tərəfindən Azərbaycan
Respublikasının ərazisində yaşayan
bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə,
xarici vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə
şərait yaradır. Yaradılan yeni
imkanların əsas məqsədi xidmətlərin göstərilməsi
üçün dövlət
qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum
azaltmaq, bu münasibətləri
sadələşdirmək, şəffaflaşdırmaqdır.
Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş
tətbiqi, onların sayının və keyfiyyətinin
artırılması, vətəndaşların xidmətlərdən
məmunluğunun yüksəldilməsi bu
məqsədə çatmağın vasitələridir.
"Elektron hökumət" dövlət idarəçiliyində
müasir texnologiyaların tətbiqini
genişləndirməklə həyata keçirilən fəaliyyətin
səviyyəsinin yüksəldilməsi və onlardan
istifadə imkanlarının sadələşdirilməsinə;
dövlət qurumlarının və yerli
özünüidarəetmə orqanlarının işinin səmərəliliyinin
artırılması və təqdim olunan
elektron xidmətlərin keyfiyyətinin
yüksəldilməsinə; istifadəçilərə
dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin
optimallaşdırılması və yerinə yetirilmə
prosedurlarının sadələşdirilməsinə; elektron xidmətlər vasitəsilə istifadəçilərə
təqdim olunan məlumatların həqiqiliyinin,
tamlığının, etibarlılığının və
sərbəst əldə olunmasının təmin edilməsinə;
istifadəçinin sorğusuna
əsasən məlumatların axtarılmasına və əldə
edilməsinə sərf olunan vaxtın maksimum azaldılmasına; istifadəçinin
yerləşdiyi coğrafi məkandan
asılı olmayaraq, ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən
istifadəyə imkan yaradır.
Ölkədə
"elektron hökumət"in
formalaşdırılması beynəlxalq təcrübəyə
əsaslanır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında
rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət
Proqramının (Elektron Azərbaycan)"
təsdiq edilməsi haqqında sərəncamı, "Dövlət
orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" 23 may 2011-ci il tarixli fərmanı və
digər normativ hüquqi
aktlarla fəaliyyət üçün
hüquqi baza
yaradılmışdır.
Fərmanda
vurğulanır ki, Azərbaycanın
davamlı və dayanıqlı sosial-iqtisadi
inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin
müasir prinsiplər əsasında həyata
keçirilməsi məqsədi ilə informasiya
və kommunikasiya texnologiyalarından
istifadə olunması dövlət siyasətinin prioritetlərindən
birinə çevrilmiş və bu
sahədə mühüm tədbirlər görülmüşdür. "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramı
(Elektron Azərbaycan)", eləcə də
informasiya və kommunikasiya
texnologiyalarının inkişafı ilə bağlı qəbul
edilən digər normativ hüquqi
aktlar əsasında dövlət
orqanlarının əhaliyə beynəlxalq standartlara
uyğun elektron xidmətlər
göstərməsi sahəsində hüquqi
baza formalaşmışdır. Modern və çevik idarəetmənin
təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan
halların aradan qaldırılması üçün əhaliyə elektron
xidmətlərin göstərilməsi zəruridir.
Fərmanda
elektron xidmətlərin təşkili və
elektron imzanın tətbiqi prosesinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
iki ay müddətində
mərkəzi icra hakimiyyəti
orqanları tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və
xidmət növlərini müəyyən etmək
tapşırılmışdır.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə
görülən işlərin əlaqələndiricisi olaraq "Elektron hökumət"in
formalaşması üzrə digər dövlət
orqanları ilə sıx fəaliyyət göstərmiş və
müvafiq infrastrukturun
yaradılması üzrə fəaliyyət həyata keçirmişdir. Elektron
imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri
Mərkəzi yaradılmış, dövlət
qurumlarının informasiya sistemləri
arasında informasiya mübadiləsini təmin
edən infrastruktur qurulmuşdur.
Habelə beynəlxalq təcrübəyə əsasən
vətəndaşların dövlət orqanları ilə təmaslarının
daha münasib şəkildə
təşkili üçün "bir pəncərə" prinsipi
əsasında təşkil olunan və
dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi
"Elektron hökumət"
portalı (www.e-gov.az) tətbiq edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr
2012-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş
"Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı"ndan irəli
gələn vəzifələrin icrası üçün
dövlət orqanları ilə vətəndaşlar
arasında
münasibətlərin səmərəliliyinin
artırılması, korrupsiya və
süründürməçiliyin qarşısının
alınması məqsədilə elektron
xidmətlərin tətbiqi böyük
aktuallıq kəsb edir. Elektron
xidmətlər korrupsiyanın, məmur
özbaşınalığının, süründürməçilik
hallarının qarşısını alır, şəffaflığa,
hesabatlılığa təminat yaradır, operativliyi,
səmərəliliyi təmin edir.
Ekspertlər
"Elektron hökumət"in əsas fəaliyyət
prinsiplərinə aşağıdakıları aid edirlər:
- Azərbaycan
Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət
edilməsi;
-
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin
həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
- İstifadəçilərə
təqdim olunan məlumatların
tamlığının, həqiqiliyinin,
aktuallığının, təhlükəsizliyinin,
mühafizəsinin sadə və operativ
şəkildə əldə edilməsi imkanlarının təmin
olunması;
- Dövlət
qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.
"Elektron
hökumət" virtual məkanın, müasir texnologiyaların imkanlarından,
dövlət orqanlarında informasiyalaşdırmanın
yüksək səviyyəsindən istifadə edərək
ölkə vətəndaşlarına göstərilən
xidmətlərin keyfiyyətcə yeni formada təqdim olunmasına xidmət edir. Azərbaycanda göstərdiyi elektron xidmətlərə ən çox müraciət edilən dövlət qurumu Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyidir. Hazırda nazirlik tərəfindən 24 elektron
xidmət göstərilir və bu xidmətlərə
təkcə 2013-cü ilin iyul
ayı ərzində 54 min 207 dəfə
müraciət edilmişdir. Xidmətlərinə göstərilən marağa görə Dövlət Sosial Müdafiə Fondu (7
xidmət) 12 177 müraciətlə ikinci yeri tutur. Üçüncü
yerdə isə 10 elektron xidmət göstərən Vergilər Nazirliyi
1564 müraciətlə qərarlaşmışdır.
1407
müraciətlə Ədliyyə Nazirliyi,
1323 müraciətlə Daxili İşlər
Nazirliyi, 739 müraciətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
579 müraciətlə Təhsil Nazirliyi,
445 müraciətlə Səhiyyə Nazirliyi,
351 müraciətlə "Azərsu" ASC və 317
müraciətlə Dövlət Gömrük
Komitəsi
ilk onluğa daxildir.
Elektron xidmətlərinə
ən az müraciət edilən dövlət
qurumları isə Dövlət Sərhəd Xidməti, Müəllif
Hüquqları Agentliyi, Gənclər və
İdman Nazirliyi,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
Müdafiə Sənayesi Nazirliyi, Milli Arxiv İdarəsidir.
Nazirlər Kabinetinin "Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret
sahələr üzrə elektron xidmətlər
göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin
Siyahısı"nın təsdiq edilməsi haqqında 24 noyabr 2011-ci il tarixli Qərarına əsasən, müxtəlif
dövlət orqanlarının elektron xidmətlərinin
vahid reyestri
yaradılmışdır. Dövlət orqanlarının elektron xidmətlər reyestrində təqdim
etdikləri "e-xidmətlər" haqqında yenilikləri
və məlumatları www.e-gov.az
saytından əldə etmək olar.
Kompyuter texnologiyalarının inkişaf etməkdə olduğu
dünyada informasiya təhlükəsizliyi
məsələsi getdikcə daha vacib məsələ kimi ortaya çıxmışdır. Məlumat
mübadiləsi zamanı ötürülən
informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir.
Dövlət orqanları ilə müxtəlif əməliyyatlar
həyata keçirərkən vətəndaşların
şəxsi məlumatlarının üçüncü
tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr
getdikcə daha çox
yayılır. Bundan başqa,
elektron əməliyyatların həyata
keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi də təhlükəsizlik
qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron
imzanın zəruriliyini ortaya
çıxarmışdır.
"Elektron imza" ideyası
XX əsrin 70-80-ci illərində meydana gəlmişdir.
Əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin
üçüncü şəxs tərəfindən
müəyyənləşdirilməsinə imkan
yaratmaqdır. Hazırda elektron imzanı tətbiq
edən ölkələr digərlərinə nisbətən daha inkişaf etmiş hesab olunur və həmçinin belə ölkələrdə
inkişaf da dinamik baş
verir. Bu gün elektron hökumətin
əsas atributlarından sayılan elektron imza Azərbaycanda da uğurla tətbiq edilir.
"Elektron imza və
elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edildikdən
sonra "elektron
imza"nın reallaşdırılması mərkəzi icra orqanı kimi Rabitə
və İnformasiya Texnologiyaları
Nazirliyinə tapşırılmışdır. Bu fərmandan
irəli gələrək hazırda fəaliyyət göstərən
Sertifikat Xidmətləri Mərkəzinin əsas
vəzifəsi Ali SXM kimi
digər SXM-lərə nəzarət funksiyasını həyata
keçirmək, onların Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun fəaliyyət
göstərdiyini, düzgün proqram təminatından istifadə etməsini
və s. yoxlamaqdan ibarətdir.
2011-ci
ilin sentyabr ayından
rəsmi olaraq fəaliyyətə başlayan mərkəz əhalinin müxtəlif
təbəqələrinə, yəni adi
vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul
olan hüquqi və fiziki şəxslərə, həmçinin
dövlət qulluqçularına xidmət göstərir. "Elektron imza" xidmətlərini
operativ şəkildə təmin etmək
məqsədilə Bakı şəhərinin əsas mərkəzi
poçt şöbələri və
filiallarında, həmçinin ölkənin
regionlarındakı poçt şöbələrində
Qeydiyyat Mərkəzləri təşkil olunmuşdur.
Vətəndaşlara
operativ şəkildə elektron
imza xidmətlərini təşkil etmək,
həmçinin onları maraqlandıran sualları
cavablandırmaq məqsədilə mərkəzin mütəxəssisləri
tərəfindən www.e-imza.az saytı
hazırlanmışdır. Sayt vasitəsilə
vətəndaşlar mərkəzin fəaliyyəti ilə
yanaşı, elektron imzadan
istifadə qaydaları, müxtəlif təlimatlar, öz sertifikatları haqqında ətraflı
məlumat əldə edə bilərlər.
Bu sahədə
mövcud və gələcəkdə yarana biləcək problemlərin
qarşısının alınması məqsədilə
2013-cü ilin may
ayında Vergilər Nazirliyinin nəzdində
bütün mövcud
kompyuter əməliyyat sistemlərini və
mobil qurğuları dəstəkləyən
Elektron İmza Sertifikat Xidmətləri Mərkəzi
yaradılmışdır. Mərkəz Avropa
standartlarının tələblərinə uyğun
hazırlandığından elektron
imzaların Avropa ölkələri ilə
qarşılıqlı tanınması üçün
işlər görülür. Bu isə Azərbaycan vətəndaşlarına
digər ölkə vətəndaşları ilə birgə
şirkətlər yarada bilmək və
şirkətlərarası müqavilələri elektron formada internet üzərindən imzalamaq
imkanı verir.
"E-hökumət"
quruculuğu istiqamətində mühüm addımlardan biri
də 2013-cü ilin mayında Vergilər Nazirliyi tərəfindən Asan
İmzanın tətbiqinə başlanılmasıdır. Asan İmza (Mobil imza) - e-xidmətlərə
daxil olan və rəqəmsal
imzalar edən zaman kimliyi təsdiqləmək üçün
mobil identifikasiyadır. Asan
İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. Vətəndaşlar
Asan İmza (Mobil imza) ilə şəxsiyyətlərini
təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilirlər.
İnformasiya sistemində istifadə üçün elektron formada təqdim olunan sənədlər
(elektron sənədlər) elektron imza ilə təsdiq
edilir. Elektron imza üçün sertifikat isə Sertifikat
Xidmətləri Mərkəzi tərəfindən verilir. Ərizə ilə müraciət etmiş şəxslərə ASXM tərəfindən
elektron imza üçün sertifikatlar
- Asan İmza SİM
kartı üzrə sertifikatlar (Asan İmza) verilir. ASXM tərəfindən verilən
sertifikatı əldə etmək üçün
ilk növbədə mobil
operatora müraciət etmək
lazımdır və bununla Asan İmza SİM
kartı, yəni elektron imza vasitəsi olan mobil telefon
üçün xüsusi
SİM kart əldə edilir.
Asan İmza (Mobil imza) ilə bütün mövcud
e-xidmətlərdən istifadə etmək mümkündür.
Gələcəkdə digər dövlət
qurumlarının da bu
sistemə inteqrasiyası nəzərdə tutulur.
Bütün bunlar göstərir ki, Azərbaycanda
"e-hökumət", ümumilikdə, informasiyalı cəmiyyət
quruculuğunun tərkib hissəsi olub, ölkədə reallaşdırılan iqtisadi strategiyanın və dövlət idarəçiliyinin
mütərəqqi mahiyyətindən irəli gəlir. Başqa sözlə, sosial-iqtisadi inkişafın hazırkı mərhələsində
cəmiyyət həyatında demokratik dəyərlərin,
insan hüquq və
azadlıqlarının daha yüksək səviyyədə
təmini, ilk növbədə, hökumət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında
qurulmasından keçir. Məhz bu reallıq nəzərə alınmaqla
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək
"e-hökumət"ə 100 faizlik keçidin təmini qarşıya məqsəd
qoyulmuşdur.
Elnur
HACALIYEV
Azərbaycan. - 2013.- 29 avqust.- S. 8.