Ölkəyə nur paylayan şəhər

 

Son on ildə Mingəçevirdə 10 min daimi yeri açılmışdır

 

 

Bu yerlər ilin bütün fəsillərində gözəldir. Geniş prospekt və küçələr boyunca cərgələnən məğrur çinarlar şəhərə xüsusi gözəllik verir. Yazda da, payızda da park və xiyabanları al-əlvan gül-çiçəklər bəzəyir. Qışı da bahara bənzəyir bu yurdun.

Mingəçeviri füsunkar edən, gözəlliklər diyarına sevirən bir tərəfdən ana təbiətdirsə, digər tərəfdən onu candan, könüldən sevən, hər qarışını cənnətə döndərmək üçün ürəyinin odunu, əllərinin hərarətini əsirgəməyən oğullarının tükənməz vətən sevgisidir.

Ana Kür Mingəçevir üçün, çoxlarının könül verdiyi, mehr saldığı bu şəhər üçün əvəzolunmaz yaraşıq mənbəyidir. Şəhəri ikiyə bölən, təbiətin ən böyük töhfəsi olan Kür nəğməkar dalğaları ilə sanki layla çalır energetiklər şəhərinin sakinlərinə. Təbiətin bu qiymətli töhfəsini yüksək dəyərləndirən sakinlər isə, öz növbəsində, bu gözəllik ilahəsinin yaraşığına min bir həvəslə yeni naxışlar vururlar. Kür çayının sahili boyunca yenidən qurulan, 3 hektar ərazini əhatə edən Sahil parkı gözəl görkəmi,  nadir bəzək ağacları, müasir işıqlandırma sistemi, xoş və mənalı istirahət üçün zəruri olan hər şeyi ilə sakinlərdə könül rahatlığı yaradır.

Abadlıq, quruculuq işləri Mingəçevirin bütün guşələrini əhatə edir. Bu il aprel ayının 16-da Mingəçevirə səfər edən respublika Prezidenti İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak etmiş, şəhərdə aparılan abadlıq, quruculuq işləri ilə tanış olmuşdur. Yeni inşa olunmuş möhtəşəm Heydər Əliyev Mərkəzi mingəçevirlilərin xalqımızın ümummilli liderinə sonsuz məhəbbət və ehtiramının parlaq ifadəsidir. Açılışında dövlət başçısının da iştirak etdiyi "Gənclər evi"ndə gənc və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələri, kamil şəxsiyyət, əsl vətənpərvər kimi formalaşmaları üçün əlverişli şərait yaradılmışdır. Şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev Mingəçevirdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərini yüksək qiymətləndirmiş, eyni zamanda dəyərli tövsiyələrini vermişdir. Dövlət başçısı bölgəyə səfərindən bir neçə gün sonra Mingəçevirin sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə böyük məbləğdə vəsait ayırmışdır. Prezidentin tövsiyəsi ilə Mingəçevirin iqtisadi potensialını gücləndirmək məqsədilə şəhərin sənaye parkını müasir tələblər səviyyəsində yenidən qurmaq üçün zəruri tədbirlər görülür. Məqsəd sənaye məhsulları istehsalında əsaslı dönüş yaratmaqla minlərlə yeni yerinin açılmasını reallaşdırmaqdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, son illər Mingəçevir dinamik inkişaf yolundadır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının konkret nəticəsidir ki, 2003-cü ildən keçən dövr ərzində Mingəçevir şəhərində 10 min daimi yeri açılmışdır.

Regionların yüksəlişinə artan dövlət qayğısı Mingəçevirin  timsalında özünü daha qabarıq göstərir. Cari ilin ötən 6 ayı şəhərin iqtisadi inkişafında mühüm mərhələ  kimi tarixə çevrilmişdir. Yarım il ərzində şəhərin istehsal müəssisələrində 80,7 miyon manatlıq sənaye məhsulu istehsal olunmuş, tikinti-quraşdırma işlərinə 13,7 milyon manat vəsait xərclənmiş, əsas kapitala 15 milyon manat investisiya yönədilmiş, istehsal bazarında 120,2 milyon manatlıq mal satılmış və müxtəlif xidmətlər göstərilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq şəhərin ən iri sənaye müəssisəsi Azərbaycan İstilik- Elektrik Stansiyasında, SES silsiləsində, "Azneftmaş" və "Mingəçevir-izolit" ASC-lərdə, "İnterenerji" və "Kür" Elektron MMC-lərdə modernləşmə və yenidənqurma işləri yüksək ahənglə davam  etdirilmişdir.

Şəhər əhalisinin həyat tərzini hər vasitə ilə yaxşılaşdırmaq daim dövlətin diqqət mərkəzindədir. Elektrik enerjisi, təbii qaz, içməli su təminatındakı fasilələr artıq tamamilə aradan qaldırılmışdır. Əhaliyə göstərilən səhiyyə xidmətini müasir tələblər səviyyəsinə qaldırmaq üçün dövlət başçısının təşəbbüsü ilə görülən tədbirlər təkcə Mingəçevirin deyil, bütün bölgə əhalisinin hədsiz razılığına səbəb olmuşdur. Respublika Prezidenti İlham Əliyevin 18 aprel 2013-cü il tarixli sərəncamına əsasən, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasını çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə burada aparılacaq əsaslı yenidənqurma işlərinə görə Səhiyyə Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Şəhər Mərkəzi Xəstəxanasının əsaslı yenidənqurma işləri hazırda yüksək sürətlə davam etdirilir.

Başdan-başa inşaat meydanına çevrilən, yüksək zövqlə yenidən qurulan  Mingəçevirdə əhalinin mənalı istirahətini təşkil etmək də şəhər rəhbərliyinin qayğıları sırasındadır. Axşamlar qələbəlik olan Sahil parkı paytaxt Bakının Dənizkənarı bulvarını xatırladır. Həftə sonları çimərlikdə sıxlıq olur. Mingəçevir su anbarının  göz yaşı kimi dupduruekoloji cəhətdən təmiz suyunda çimib sərinləmək, günəş vannası qəbul etmək şəhər sakinləri üçün sevimli istirahətdir. Su anbarında, yaxud Kür çayında qayıq gəzintisinə çıxmağın ləzzəti isə bambaşqadır.

Bu gün Mingəçevirdə yaşamaq hər bir şəhər sakini üçün son dərəcə xoşdur. Həvəslə, zövqlə, ən başlıcası isə yüksək canıyananlıqla yenidən qurulan Mingəçevirin tezliklə Avropanın ən gözəl şəhərinə çevriləcəyi bu gün heç kəsdə şübhə doğurmur.

 

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 9.