Xudadat bəyin
acı taleyi
Bütün
zamanlarda ömrünü xalqına, onun azadlığına və
hərtərəfli inkişafına həsr edən insanlar
olub. Qəlbində daim Vətən eşqi
yaşadan, xalqına canı-qanı ilə bağlı olan
belələrinə bəzən quruluş, dövrün dəyişkən
ab-havası, nizamsız proseslər maneçilik etsə də,
məhdudiyyətlər qoysa da, onlar yollarından dönməyib,
öz məqsədlərinə doğru gediblər.
Onların xalqa xidmət etmək, fayda vermək məqsədi
vətəndaşlıq heysiyyətindən irəli gəlib.
Tarix boyu elə
görkəmli şəxsiyyətlər olub ki,
yaşadıqları dövrdə hakimiyyət, dövlət
quruluşu bir neçə dəfə dəyişib. Təbii
ki, həmin şəxslər, əslində,
bu quruluşların hansısa birinə rəğbət bəsləyib,
tərəfdarı olublar. Bununla belə, xalqına, millətinə
xidmət etmək amalları siyasi əqidələrini üstələyib,
elə ürəklərincə olmayan quruluşda da bildiklərini,
bacardıqlarını Vətənə həsr ediblər.
Başqa sözlə, xalqa gərək olmaq, onun sabahı
üçün çalışmaq əqidələri dəyişməz
qalıb.
Azərbaycan
xalqının ləyaqətli oğlu, dəfələrlə
təqiblərə məruz qalan, həbsdən, işgəncələrdən,
ölümdən belə qorxmayan, dönüb yenidən
bütün bilik və bacarığı ilə Vətəni
naminə çalışan Xudadat bəy Məlikaslanovun tərcümeyi-halı ilə tanış
olandan sonra məhz belə duyğulara köklənirsən.
X.Məlikaslanov
istiqlal mücahidlərindən olub. Biz onu Azərbaycan Xalq
Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən
biri kimi tanıyırıq. Azərbaycanın ən ağır, ən məsuliyyətli
illərində yüksək vəzifələr daşıyan
bu şəxs, əslində, həmin vaxtadək də, sonra
da bütün varlığı ilə Vətəninə xidmət
mücəssəməsi olub. Əfsuslar ki, ömrünün
son illəri sovet hakimiyyəti dövrünə
təsadüf edən Məlikaslanov amansız rejim tərəfindən
gözümçıxdıya salınaraq, təqiblərə,
təzyiqlərə, işgəncələrə məruz
qalaraq məhv edilib. İnsan cəmiyyətini sarsıdıb
silkələyən, onun tarixi yaddaşında qanlı iz
qoyan, bir tərəfdən şəxsiyyətə pərəstişi
təbliğ edən, digər tərəfdən isə şəxsiyyətlərin
alçaldılmasını adi həyat norması kimi mənimsəyən
sovet totalitarizminin ötən əsrin 30-cu illərində həqiqi
siyasi mahiyyəti bu idi. Beləliklə, X.Məlikaslanov da
heç bir günah işlətmədən Stalin dövrü
repressiyalarının qurbanlarından birinə çevrilib.
Xoş
siması, kübar görkəmi, ağıllı
baxışları ilə diqqəti cəlb edən Xudadat bəy
daim qorxu kabusunun təsiri altında, narahat ömür
yaşayıb. O zaman Leninin kommunizm idealları gerçəkləşib
xalqlara firavanlıq gətirməliydi. Amma bu
"firavanlıq" ilk günlərdən minlərlə, bəlkə
də yüz minlərlə insanın həbsxanalarda
çürüməsinə səbəb oldu, dövrün
mütərəqqi ruhlu ziyalıları güllələnmə
ilə, sürgünlərlə
"mükafatlandırıldı".
Müxtəlif
ensiklopediyalarda X.Məlikaslanovun cümhuriyyət
dövründə rəhbər vəzifələrdə
çalışdığı, parlament üzvü olduğu
göstərilir. Bütün bunlardan öncə isə Xudadat
bəy dərin biliyə və savada malik nadir mütəxəssis,
ixtiraçı-mühəndis və alim idi. Xüsusilə dəmiryolu
nəqliyyatı sahəsində ixtisaslaşmışdı.
Texnika elmləri üzrə azərbaycanlılar arasında ilk
professor adını alanlardan idi.
Xudadat bəy
Ağa oğlu Məlikaslanov 1879-cu ilin aprel ayında
Şuşanın Tuğ kəndində anadan olmuşdu. 1899-cu
ildə Şuşa realnı məktəbini bitirdikdən sonra
Peterburq Yol Mühəndisliyi İnstitutuna qəbul
edilmişdi. Beş il sonra həmin ali məktəbi birinci dərəcəli
diplomla başa vurmuşdu.
1901-1904-cü
illərdə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının
üzvü olan və partiyanın Peterburq komitəsində
çalışan Xudadat bəy bir müddətdən sonra həmişəlik
bitərəf qalır. Yəni, ömrünün sonunadək
heç bir partiyaya üzv olmur.
Xaricdə təhsil
alması onun taleyini xeyli dərəcədə müəyyənləşdirir.
Belə ki, təhsilini başa vurandan sonra uzun illər Azərbaycandan,
doğma Şuşadan kənarda yaşayıb işləyir.
İnstitutu bitirən gənc mühəndis yarım il
Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun Çəkilişi
İdarəsində çalışıb. Peşəkarlığı
ilə hamını heyran qoyub.
1905-ci ildə
Tiflisə köçərək əmək fəaliyyətini
yenə də həmin sistemlə bağlayır. Zaqafqaziya dəmiryolunda
işləyir. Əvvəlcə mühəndis, stansiya rəisinin
köməkçisi olur. Sonra Zaqafqaziya dəmiryolunun Suram
aşırımı keçidində yol xidməti rəisi
köməkçisi vəzifəsinə keçir.
Tapşırılan bütün vəzifələrdə
etimadı doğrultduğuna görə onu buraya rəis təyin
edirlər.
X.Məlikaslanov
geniş günyagörüşə malik, hərtərəfli
inkişaf etmiş insan idi. O, istər Peterburqda
yaşadığı, istərsə də sonrakı illərdə
həmin şəhərdə çıxan jurnallarda elmi məqalələrini
dərc etdirirdi. Qazandığı nəzəri bilikləri
istehsalatla sıx əlaqələndirməyi bacarırdı.
Dəmiryolu texnikasına aid yeni ixtiralar etmişdi.
Bütün bunlar cavan mühəndisin tezliklə
tanınmasına, ad-san qazanmasına səbəb olmuşdu.
1917-ci ilin
fevral inqilabından az sonra - mart ayında Xudadat bəy Məlikaslanov
Müvəqqəti hökumətin sərəncamı ilə
Xüsusi Zaqafqaziya Komitəsində dəmiryolu üzrə
müvəkkil təyin edilir. Onun vəzifəsi tez-tez dəyişir,
bacarığı, idarəetmə qabiliyyəti ilə
hamının rəğbətini qazanır, eyni zamanda,
yüksəliş pillələri ilə də sürətlə
irəliləyir. Heç bir il keçmir ki, ona Zaqafqaziya
komissarlığında Dəmiryolu Nəqliyyatı Nazirliyi
üzrə komissar vəzifəsi tapşırılır. Bir
neçə ay sonra isə təzəcə
yaradılmış müstəqil Zaqafqaziya Federativ Respublikası
hökumətinin dəmiryolu naziri təyin edilir.
1918-ci ildə
Məlikaslanovun ilk kitabı işıq üzü
görür. Müəllif Tiflis dəmiryolu nəqliyyatının
tarixi barədə bilgilərini qələmə alaraq rus
dilində oxuculara təqdim edir.
1919-cu ildə
Xudadat bəyin təşəbbüsü ilə Bakıda dərslərin
ana dilində keçirildiyi ilk dəmiryolu nəqliyyatı məktəbi
açılır. Azərbaycanın dəmiryollarında təmir
işlərinin aparılması da bu dövrdə onun təklifi,
iştirakı və rəhbərliyi ilə həyata
keçirilən tədbirlərdən biri olur. Bütün
bunlar nəqliyyatın ahəngdar işləməsinə imkan
verir və yollarda qayda-qanun yaranırdı.
Xudadat bəyin
fəaliyyəti bununla bitmirdi. 1919-cu ilin aprelində latın əlifbasına
keçmək üçün yaradılan xüsusi komissiyaya
rəhbərlik etməyi Nazirlər Şurası məhz Məlikaslanova
tapşırır. Komissiya o zaman Azərbaycan parlamentinə
layihə də təqdim edir. Lakin onun müzakirəsi
yarımçıq qalır.
Azərbaycan
Xalq Cümhuriyyəti elan olunduqdan sonra o, daha böyük həvəslə
çalışır, özünü oda-közə vurur,
gücü və bacarığı nəyə
çatırdısa, onu da yerinə yetirirdi.
Xudadat bəyin
məsləkdaşları və silahdaşları çox
idi. Onları sanki zamanın özü
yetişdirmişdi. Şərqin ilk demokratik respublikasında,
heç bir təcrübəsi olmayan cümhuriyyətdə məsul
vəzifələrə irəli çəkilir və layiqincə
işləyə bilir, inamı və etibarı
doğruldurdular. Əksəriyyətinin heç yaşı da
çox deyildi. 30-35 yaşlarında idilər, hətta 25
yaşında olanlar da vardı. Onların üstün cəhəti
ondaydı ki, bu insanların əksəriyyəti təhsillərini
Avropanın nüfuzlu universitetlərində
almışdılar, siyasi proseslərdə bişmiş
mütərəqqi ruhlu ziyalı idilər.
X.Məlikaslanov
da cümhuriyyətdə ilk dəfə nazir təyin olunanda 40
yaşı yox idi. Amma zəngin təcrübə
toplamışdı. Dərin biliyə, idarəçilik
qabiliyyətinə və təşkilatçılıq
bacarığına malik idi.
Cümhuriyyət
hökumətinin qərarı ilə 1918-ci il iyunun 1-dən
ölkə ərazisindəki bütün dəmiryol xətləri
müstəqil Azərbaycan dəmiryoluna çevrilmişdi. Dəmiryolu
İdarəsi yaradılmışdı. Bu dövrdə Azərbaycan
dəmiryollarının ümumi uzunluğu 954,2 kilometr idi. Az
sonra Yollar Nazirliyi yaradıldı. Nazir vəzifəsini isə
bütün hökumət kabinetlərində Xudadat bəy Məlikaslanov
icra edirdi.
Gənc respublikanın
gənc yollar naziri öz həmkarları və məsləkdaşları
ilə əl-ələ verərək məqsədyönlu tədbirlər
həyata keçirirdi. Onlar həm yolların
şəbəkəsinin genişləndirilməsinə və
rahatlığının təmin olunmasına, həm də
bu yollarda hərəkət edən texnikanın
sazlığına və çoxaldılmasına
böyük əhəmiyyət verirdilər. Ən vacib məsələlərdən
biri də yollarda, xüsusilə digər respublikalara
gediş-gəliş yollarında təhlükəsizliyin təmin
olunması idi. Bu məqsədlə 1918-ci il
iyunun 4-də Batumda Azərbaycan, Osmanlı, Gürcüstan və
Ermənistan hökumətləri arasında Cənubi Qafqaz dəmiryollarının
vaqon-parovoz parkını bölüşdürmək barədə
saziş bağlandı. Azərbaycan tərəfindən sənədi
Məhəmməd Əmin Rəsulzadə və Məmməd
Həsən Hacınski imzaladılar.
Lakin həmin
illərdə bütün işlər heç də rəvan
getmirdi. Cənubi Qafqaz respublikaları
arasında ərazi mübahisələri olduğuna görə
sazişin müddəaları reallaşmadı. Hər dəfə
belə problemli məqam və şərait yarananda vəziyyətdən
çıxış yolu tapmaq, işi düzgün istiqamətdə
aparmaq çox çətin idi. Bununla belə,
gənc respublikanın nəqliyyat sahəsində artıq
ixtisaslaşmış və püxtələşmiş
yollar naziri müvafiq qərarlar qəbul etməyə qadir idi.
1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti
Gürcüstanla ayrıca müqavilə imzaladı. 1919-cu il
martın 18-də Azərbaycanla Gürcüstan arasında dəmiryolu rabitəsi haqqında daha bir
saziş imzalandı. 1919-cu il aprelin 17-də Azərbaycan Dəmiryolu
İdarəsi Batumda öz ticarət agentliyini təşkil
etdi. 1918-1920-ci illərdə dəmiryolu xətlərinin, hərəkət
vasitələrinin təmiri qaydaya salındı. Dəmiryolçuların
məvacibi artırıldı. Artıq 1920-ci ilin
yazında Azərbaycana məxsus dəmiryolunda
çalışanların ümumi sayı 11 minə
çatırdı. Ölkə daxilində və xaricə hərəkət
yalnız dəmiryolu ilə bitmirdi. Bu dövrdə Bakıdan
Xəzər vasitəsilə Salyan, Lənkəran, Ənzəli,
Port-Petrovsk (Mahaçqala), Həştərxan istiqamətlərində
əsas su yolları fəaliyyət göstərirdi. Xəzər
ticarət donanmasında 17 böyük buxar gəmisi vardı.
Beləliklə,
o dövrdə X.Məlikaslanovun rəhbərlik etdiyi nazirliyin
xəttilə görülən işlər tarixin yaddaşında
bu cür qalıb: 1919-cu il iyulun 15-dən Bakı-Batum istiqamətində
4 cüt qatarın, ilin sonunda isə Bakı-Port-Petrovsk
(Mahaçqala) istiqamətində də ciddi qrafik üzrə
gündə 4
cüt qatarın hərəkəti təmin edildi.
1918-ci il
oktyabrın 30-da Bakı ticarət limanı idarəsinin fəaliyyəti
bərpa olundu. Ticarət gəmiləri ilə
Bakı-Mahaçqala, Salyan, Lənkəran limanları
arasında sərnişin və yük daşınması təşkil
edildi. Hökumətin ciddi səyləri və
nazirliyin gərgin zəhməti nəticəsində 1919-cu ildə
Bakı-Batum neft kəməri də bərpa edilib istifadəyə
verildi. 1919-cu ilin avqust ayında ingilis qoşunları Azərbaycandan
çıxdıqdan sonra Bakı limanı və ticarət
donanması da cümhuriyyət hökumətinin sərəncamına
keçdi. Ölkənin ticarət gəmiləri Azərbaycan
Xalq Cümhuriyyətinin bayrağı altında üzməyə
başladılar.
Hökumətin
şose yollarının bərpası üçün 1919-cu
il fevralın 17-də nazirlik üçün
ayırdığı 1 milyon manat kredit Xudadat bəyin səriştəsi
sayəsində səmərəli istifadə olunurdu. Həmin
il aprelin 24-də isə bilavasitə Yevlax-Şəki şose
yolunun təmiri və seldən qorunması üçün bənd
tikintisinə 210 min manat vəsait verildi. Nəqliyyat vasitələrinin
təmiri və normal istismarı məsələləri daim
diqqət mərkəzində saxlanılırdı. 1919-cu il
aprelin 28-də Bakıda avtomobillərin ilkin təmiri və
avtomobil zavodunun saxlanması üçün 175 min manat vəsait
ayrıldı.
Nazir X.Məlikaslanovun
rəhbərliyi ilə yollarda hələ çox yeniliklərin
olacağı şübhəsiz idi. Lakin 1920-ci ilin aprel
işğalı bu planları yarımçıq qoydu.
Azərbaycan
Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi X.Məlikaslanov
bu illər ərzində həm siyasi proseslərin
önündə olmuş, həm də böyük quruculuq fəaliyyəti
göstərmişdir. Zaqafqaziya Seyminin, Azərbaycan
Milli Şurasının üzvü olan X.Məlikaslanov
cümhuriyyətin 1-ci və 2-ci hökumət kabinetlərində
yollar və poçt-teleqraf naziri, 3-cü, 4-cü və 5-ci
kabinetlərdə yollar naziri idi. 5-ci hökumət kabinetində
1920-ci il fevralın 18-dək müvəqqəti olaraq həm də
ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini
icra etmişdi.
Onun haqqında
yazılmış məqalələrin birində deyilir:
"X.Məlikaslanov dekabrın 7-də (1918-ci il) Bakıda
açılmış Azərbaycan parlamentinin üzvü
seçilmişdir. O, Nazirlər Şurasının sədri Nəsib
bəy Yusifbəylinin təşkil etdiyi birinci və ikinci
kabinetdə də həmin vəzifəni icra etmişdir. X.Məlikaslanov
təşkilatçılıq qabiliyyətinə görə
N.Yusifbəylinin birinci müavini təyin olunmuşdu. Bundan
başqa, o, 1919-cu il iyunun 11-də yaradılmış
respublika Dövlət Müdafiə Komitəsi sədrinin
birinci müavini idi".
1920-ci
ilin aprel ayında Azərbaycanda sovet hakimiyyəti qurulduqdan
sonra X.Məlikaslanov bir sıra rəhbər vəzifələrdə
çalışır. 1921-ci ilin əvvəlində Dövlət
Tikinti Komitəsində şöbə müdiri işləyir,
daha sonra həmin komitənin sədri olur. O, Azərbaycan Ali Xalq Təsərrüfatı
Şurası yanında dəmiryolu tikintisi idarəsinin rəisi
və şuranın məsləhətçisi vəzifələrini
icra edir.
Sovetlər X.Məlikaslanovun
nəyə qadir olduğunu yaxşı bilirdilər. Başa
düşürdülər ki, o, yüksək ixtisaslı
mütəxəssis, təcrübəli təşkilatçı
və Vətənini sevən ziyalıdır. Bunun
üçün də ona ən məsul vəzifələri
tapşırmaqdan belə çəkinmirdilər. Əlbəttə,
onlar bunu X.Məlikaslanova olan hörmət və etimada görə
deyil, öz mənafeləri naminə edirdilər. Odur ki, Xudadat bəyə 1923-1925-ci illərdə Azərbaycan
Dövlət Plan Komitəsinin sənaye-nəqliyyat-tikinti
bölməsinin müdiri vəzifəsini
tapşırırlar. 1922-1924-cü illərdə Zaqafqaziya Dəmiryolu
İdarəsinin üzvü seçilir. 10 ilə yaxın
(1921-1930) Azərbaycan Politexnik İnstitutunun inşaat
fakültəsində yol, sənaye, nəqliyyat və
tikinti bölməsinin sədri işləyir, bunlardan 6 ilini
(1924-1930) həmin fakültənin dekanı olur.
1928-ci
ildə Azərbaycan SSR Ali Texnika Komitəsinin sədr
müavini, 1921-1930-cu illərdə RSFSR və Azərbaycanın
bir sıra elmi-texniki mədəni-maarif təşkilatlarının
üzvü, üç il (1927-1930-cu illər) SSRİ Xalq Təsərrüfatı
Şurasının elmi-texniki kollegiyasının üzvü
kimi də fəaliyyət göstərir. 1926-1930-cu illərdə o, həm Azərbaycan
SSR Mərkəzi İcraiyyə Komitəsinin, həm də
Zaqafqaziya MİK-nın üzvü idi.
Beləliklə,
Xudadat bəyə getdikcə daha məsul tapşırıqlar
verilir, ən çətin vəzifələr etibar olunurdu. Onu bir vəzifədən götürüb digərinə
təyin edirdilər. Çünki hara getsə, oranı
dirçəldə bilirdi, nizam-intizam, qayda-qanun
yaratmağı, işləri təşkil etməyi bacarırdı.
X.Məlikaslanov hətta müxtəlif illərdə paralel
olaraq bir neçə vəzifəni icra edib. 1929-cu ildə Azərbaycan
SSR MİK-nın qərarı ilə Azərbaycan
Dövlət Elmi-Tədqiqat İnstitutuna həqiqi üzv
seçilməsi və növbəti 1930-cu ildə Azərbaycan
Neft İnstitutunun nəqliyyat fakültəsinə rəhbərlik
etməsi deyilənlərə sübutdur.
Bütün
bunlarla yanaşı, X.Məlikaslanov elmi
yaradıcılıqla da, məşğul olmuş, bir
çox məqalələri Moskvada nəşr edilən
jurnallarda işıq üzü görmüşdür. Uzun
illər dəmiryolu işi ilə bağlı
topladığı bilik və təcrübəni sonralar
yazdığı kitablarda ümumiləşdirmişdir. Belə
ki, 1927-ci ildə Politexnik İnstitutunun nəşriyyatında,
iki il sonra isə Azərbaycan Dövlət Nəşriyyatında
dəmiryolu texnikasına aid iki kitab nəşr etdirmişdir.
Sovet
hökuməti cümhuriyyət dövrünün
kadrlarından öz mənafeyi naminə istifadə etsə də,
onları həmişə düşmən gözündə
görürdü. Onları izləyir, şərləyir, cəzaya
məhkum edirdilər. Əslində, bolşeviklərin əsas
siyasi opponentləri müsavatçılar idi. Onlarla
haqq-hesabı çürütmək həmişə gündəmdə
qalırdı. Lakin yeni hökumətin vəzifəli şəxsləri
buna mübahisə, diskussiya və s. vasitəsilə nail
olmağı düşünmürdülər. Çünki
müsavatçıların intellekti,
dünyagörüşü, inkişaf səviyyələri
düşünüb hazırlaşmadan, necə gəldi,
"dünya inqilabına" doğru gedənlərdən
xeyli yüksək idi. Respublikanın yeni rəhbərlərinin
vəzifəsi, məqsədi bir idi: mane olanları aradan
götürmək, onlardan yaxşı düşünənləri,
mütərəqqi fikirliləri təkləyib məhv etmək.
O zaman - Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra
Leninin və Trotskinin sərəncamı ilə Solovetsk
adalarında (Ağ dəniz), Suzdal, Yaroslavl və başqa yerlərdə
həbs düşərgələri yaradılırdı. Minlərlə
"inqilab düşməni" həmin düşərgələrin
ilk sakini oldu. Düşmən adlandırılanlar kimlər
idi? Rusiya zadəganları, başqa millətlərdən
olan görkəmli şəxsiyyətlər, Avropanın
müxtəlif ölkələrində təhsil almış
ziyalılar, sovet hakimiyyətinin qurulması uğrunda
mübarizə aparan, ona inanan bütün adamlar, bir də
yaxşı yaşadıqlarına görə təqsirləndirilən
minlərlə günahsız kəndli. Məhbuslar
arasında Azərbaycan xalqının ən yaxşı
oğulları da vardı. Təkcə Müsavat
Partiyasının yüzlərlə üzvü dəfələrlə
belə düşərgələrə sürgün
edilmişdi.
Bir
faktı da qeyd edək ki, Azərbaycanda sovet hakimiyyəti
qurulan kimi XI qırmızı ordunun xüsusi şöbəsi
ziyalılara, mövcud partiyaların üzvlərinə, hətta
liberal əhval-ruhiyyəli adamlara belə amansız divan
tutmağa başladı. On nəfərdən çox azərbaycanlı
general məhkəməsiz və istintaqsız güllələndi.
Halbuki Azərbaycan Ordusu qırmızı orduya qarşı
vuruşmamışdı və mövcud razılaşmaya əsasən
generallar təqib olunmamalı idilər. Təkcə iki general
- Səməd Mehmandarov və Əliağa Şıxlinski Nəriman
Nərimanovun sayəsində sağ qalmışdılar. Beləliklə, 1920-ci ilin axırlarından
başlanan həbslər, istintaqlar, dindirmələr 1930-cu illərdə
dəhşətli bir vəziyyət aldı. Əvvəllər
Fövqəladə Komissiya müsavatçılar arasında
say-seçmə həbslər aparırdı.
İki-üç ay çəkən istintaqdan sonra məhbuslar
buraxılırdılar. Həmin məhbusların əksəriyyəti
də sovet platformasında işləməyə, bütün
qüvvələrini yeni hakimiyyətə sərf etməyə
hazır olduqlarını bildirirdilər. Hətta partiyanın
sol qanadını təşkil edənlər
"Müsavat"ın fəaliyyətinin
dayandırıldığı barədə xüsusi bəyanat
da vermişdilər. Onlar
güman edirdilər ki, gizli fəaliyyətdən
çıxdıqdan sonra təqib olunmayacaq, respublikanın
bütün vətəndaşları kimi azad surətdə
yaşayıb işləyəcəklər. Lakin
müsavatçıların təqibi dayandırılmadı,
əksinə, sürətləndi. Bəyannamə
dərc olunan günün ertəsi leqal Müsavat
Partiyasının bütün üzvlərini müəyyən
bəhanə ilə tutmağa, istintaq edib Baş Dövlət
Siyasi İdarəsi Kollegiyası xüsusi müşavirəsinin
qərarına əsasən həbs düşərgələrinə
göndərməyə başladılar.
X.Məlikaslanovu da belə bir tale gözləyirdi.
1930-cu ilin əvvəlində Azərbaycan SSR
XDİK-nın siyasi idarəsi tərəfindən "Azərbaycan
Milli Mərkəzinin işi" üzrə ittiham olunaraq həbs
edilib. 1933-cü ilin ortalarında
azadlığa buraxıldı.
Bundan sonra sovet hakimiyyəti yenidən X.Məlikaslanovun
istedad, bilik və bacarığından istifadə edərək
ona məsul vəzifələr tapşırdı.
1933-cü il sentyabrın 1-dən, yəni
həbsdən azad olunandan bir-iki ay sonra Azərbaycan Nəqliyyat
İnstitutunda dəmiryolu və Azərbaycan İnşaat
İnstitutunda İnşaat işinin təşkili
kafedralarına rəhbərlik etdi.
O vaxtkı rejim Xudadat bəyin
qol-qanadını dəfələrlə
sındırmış, onu yersiz alçaltmış, nahaq yerə
incitmiş, həbs etmişdi. Amma bu insanın
iradəsi sınmamış, gücdən düşməmişdi.
Bütün bunlardan sonra da o, Azərbaycanda
magistral dəmiryolu şəbəkəsinin inkişaf
planının işlənib həyata keçirilməsinə
böyük töhfə vermişdir. Onun həllinə
çalışdığı problemlərdən biri də
şəhərdaxili nəqliyyat məsələləri idi.
Bütün bu illər ərzində
Xudadat bəy qələmini də yerə
qoymamışdı. O,
çalışdığı sahələrə aid 70-dən
çox əsər yazmışdı. Bunların
arasında dəmiryolu nəqliyyatına aid 3 monoqrafiya da var
idi.
Lakin Xudadat bəyin başı üzərində
daim qara qüvvə, təhlükə, kabus dolaşmaqda idi.
Başqa sözlə, Stalin üsul-idarəsi onu
elə "nişan almışdı" ki, həmin təhlükədən
sovuşmaq mümkün deyildi. Odur ki,
1934-cü ilin avqust ayında yenidən həbs olunur. Təbii
ki, yenə də əsassız ittihamlarla: əks-inqilabi, millətçi
təşkilatın üzvü olduğu, ideoloji cəbhədə
rəhbər vəzifələri zəbt etmək niyyəti
daşıdığı və xalq təsərrüfatının
əsas sahələrində (neft, nəqliyyat,
poçt-teleqraf) "ziyankarlıq" apardığı
üçün. Ona trotskiçi, əks-inqilabçı
millətçi və daha nə adlar qoymamışdılar?!
X.Məlikaslanovun işi üzrə ittihamnamədə oxuyuruq:
"...Antisovet təşkilatında iştirakına, Azərbaycan
K(b)P MK rəhbərliyini hörmətdən
salmaq üçün millətçi söhbətlərdə
iştirak etdiyinə və əks-inqilabi iş
apardığına görə Azərbaycan SSR CM-in 72 və
73-cü maddələri ilə cinayət məsuliyyəti
daşıyır". Xüsusi müşavirənin
gündəliyini Azərbaycan SSR XDİK komissarını əvəz
edən baş leytenant Xoren Markaryan tərtib edir.
Həyat yolları onu ömrünün
sonunda da gəncliyinin keçdiyi Rusiyaya aparır.
Həbs düşərgəsində amansız
işgəncələr, ağrı-acılar onu həm mənəvi,
həm də fiziki cəhətdən məhv edirdi. Hər gün ona nə vaxt divan
tutulacağını gözləyirdi. Bütün
bunlar - insan amilini üstələyən ideoloji
zorakılıq, siyasi məntiqsizlik, güllələnmə,
sürgünlük şəxsiyyətə pərəstiş
üzərində qərar tutan siyasi sistemin tükürpədən
reallıqları idi. Beləcə 1935-ci il
iyulun 23-də Xudadat bəy Məlikaslanov elə həbs
düşərgəsində dünyasını dəyişir.
İllər keçdi, çox bulanıq
sular axıb duruldu. 1959-cu ildə X.Məlikaslanov da bəraət
aldı. Axı, heç bir günah işlətməmiş,
heç bir səhvə yol verməmiş, heç bir cinayət
törətməmişdi! Öz əqidəsinin,
istiqlal təşnəsinin, bəlkə də
istedadının, biliyinin, gücünün (!) qurbanı
olmuşdu. Bədxahların, gözü
götürməyənlərin, vəzifə kürsülərini
özlərindən güclülərə qısqananların
qəzəbinə tuş gəlmişdi?!
Deyirlər, insan var evdən gedər, insan
var eldən gedər. Hər
bir halda Xudadat bəy cəllad əli ilə xalqının, Vətəninin
əlindən alınmış bir ziyalı idi. Bu gün onun həyatını, fəaliyyətini
öyrənənlər bilirlər ki, Xudadat bəy Məlikaslanov
dövlətinə, xalqına hələ çox fayda verə
bilərdi. Min təəssüf! Amma hər
halda o, həm insan və vətəndaş, həm də
mütəxəssis və vəzifə sahibi kimi milyonlarla
insana nümunə olan bir ömür yaşadı. Əqidəsindən,
amalından, tutduğu yoldan dönmədi!
İradə
ƏLİYEVA
Azərbaycan. - 2013.- 29 avqust.- S. 10.