«YARAT!» Müasir İncəsənət Məkanı
hollandiyalı rəssamın «Rezin ördək»
layihəsini təqdim edir
Bu gün
beşmərtəbəli bina boyda olan sevimli
ördəyi artıq bütün dünyada tanıyırlar. Bu
gözəl ev quşu
dünyanın Nyu York
və Tokio, Osaka və
San-Paulo kimi ən böyük şəhərlərinin körfəzlərində
üzmüş, səs-küy
yaratmış və əsl art-sensasiyaya səbəb
olmuşdur.
İdeyanın
müəllifi olan hollandiyalı Florentijn Hofman da ördək balası ilə bərabər
dünyanı səyahət edir.
"YARAT!"
Müasir İncəsənət Məkanından
AzərTAc-a bildirmişlər ki, bu qeyri-kommersiya təşkilatının
"PARTICIPATE" Baku Public
Art" festivalı çərçivəsində
avqust ayında rəssam və onun əsəri, nəhayət ki,
Bakıya gələcəkdir. Sentyabrın 5-də isə 12 metrlik ördək Dənizkənarı Milli Parkda suya
buraxılacaqdır.
Bəs necə
oldu ki, bu qeyri-adi cazibəyə malik iş müxtəlif
qitələrdən və ölkələrdən olan insanların sevgisini qazandı?
Gəlin rezin ördəyin möhtəşəm
dünya səyahətinin sirrini
tapmağa çalışaq.
İdeya 2007-ci ildə rəssamın
doğma şəhəri Rotterdamda
yaranmışdır. Florentijn Hofman adi əşyalarda
gözəl tərəfləri görməyi bacaran
bir rəssamdır. O, ilhamlanmaq
üçün muzalara
və qədim filosoflara deyil,
müasirlərinin təcrübəsinə müraciət edir.
Bir çox
həmkarlarının dediklərinin əksinə olaraq, rəssamı tamaşaçının
fikri çox narahat edir və
maraqlandırır. Florentijn Hofman tamaşaçının
çıxardığı nəticəyə biganə qala bilmir. Rəssam
insanları əhatə edən məişətə və
onların ətrafında olan mühitə
xüsusi diqqətlə yanaşır. Bu isə rəssamın işlərinin universal dilə və əsərlərinin məxsusi
istiliyə malik olmasına səbəb olan bir amildir.
Onun
yaradıcılığı "muzey"
formatına məxsus incəsənət ab-havasına
qarşı yüngül istehzası ilə
fərqlənir. Öz işləri ilə
- gülməli və düşündürən, köpdürülmüş nəhəng oyuncaqlarla sanki rəssam
bizə demək istəyir: "Bəli, mən
saqqallı uşağam və sizi güldürə bilərəm!" Florentijn Hofman həqiqətən
də buna nail ola bilir.
Təəccüblü
deyil ki, rəssamın
ən tanınmış işi olan "Rezin ördək"
Yaponiyada, ABŞ-da və
Avropada eyni dərəcədə
məşhurdur... Müəllif öz uğurunu belə şərh edir:
"Ördək hər kəsin ürəyində xoş və nostalji hisslər
yaradır. O, nə sərhəd tanıyır, nə də irqi ayrı-seçkilik edir...
O, hamıya qarşı mehribandır və siyasətdən
uzaqdır. O, yaşından və aldığı tərbiyədən
asılı olmayaraq hər kəsi
barışığa çağırır. O, bir-birinə yad insanları qısa müddətə də
olsa ayaq saxlamağa və ünsiyyət qurmağa məcbur edir.
Axı pablik-art obyektləri üçün səciyyəvi xüsusiyyət
ünsiyyətin yaranmasıdır".
Bəlkə də
məsələ ondadır ki, Florentijn Hofmanın instalyasiyası bizə
uşaqlıq illərimizi xatırladır. O illərdə belə
bir rezin ördək bizim dostumuz olmuş və dünyamızın balaca hissəsinə çevrilmişdir.
Uşaqların keçirdikləri həyəcanın rəssam
tərəfindən xeyirxah yumor və sadəliklə bizə
çatdırılması insanda xoş hisslər yaradır.
Ən
məşhur işinin uğurundan
ilhamlanan rəssam sonrakı illərdə
də bir sıra maraqlı əsərlər
yaratmışdır. 2010-cu ildə Braziliyanın San-Paulo şəhərinin mərkəzi
parkında quraşdırdığı 15 metrlik
instalyasiya camaat
içində "Kök meymun"
adını almışdır. Daha diqqətlə baxsaq görərik ki, instalyasiya 10.000 cüt
şistdən (Braziliyada ənənəvi
ayaqqabı) yığılmışdır.
2011-ci ildə İsveçin Orebro şəhərciyi
üçün "Nəhəng
sarı dovşan"
yaratmışdır. Əsər İsveçdə dam örtüyü üçün istifadə olunan
kirəmitdən tərtib olunmuşdur.
Son illər ərzində
Florentijn Hofman pablik-art sahəsində bir
neçə irihəcmli layihə həyata keçirmişdir.
2004-2006-cı illərdə Byukelsbou şəhərində
olan məhəllələrin birində bütün
binaları başdan-ayağa
açıq mavi rəngə boyayaraq hər kəsin diqqətini
sökülməli olan bu
məhəlləyə
cəlb etmişdir.
2008-ci ildə yeni avtomagistral yolun açılması münasibətilə
rəssam 470 nəfər könüllü
toplamış və hamı ilə birgə dünyanın ən
böyük hava
şarında uçuş həyata keçirmişdir. Onun məqsədi
sakinlərə öz
rayonlarının və qonşu ərazilərin
quş uçuşu
hündürlüyündən necə göründüyünü
göstərmək və hər şeyə yeni
rakursdan baxılması idi.
Deməli, indi Bakı gənc hollandiyalı rəssamın
yaratdığı ən pozitiv və
cazibəli "Rezin ördək" əsərinin
gəlişini gözləyir. Tezliklə onun
xoş silueti Dənizkənarı
Milli park boyunca görünəcək və hər kəsi
qısa müddətlik də olsa, fikrən
uşaqlıq illərinə aparacaqdır.
Azərbaycan. - 2013.- 29 avqust.- S. 12.