Azərbaycan Dövlət Teleqraf Agentliyi ilə Çinin Sinxua agentliyi arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Çinin Sinxua informasiya agentliyinin Bakıda yeni təyin edilmiş xüsusi müxbiri Jianq Tieyinq avqustun 28-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) olmuşdur.  

Görüşdə AzərTAc ilə Sinxua arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc-ın baş direktoru Aslan Aslanov hər iki ölkənin milli informasiya agentlikləri arasında əlaqələrin genişlənməsinin dövlətlərimizin və xalqlarımızın dostluq münasibətlərinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulamışdır. AzərTAc-ın 2003-cü ildən Sinxua ilə ikitərəfli əlaqələrinin yarandığını deyən baş direktor bu əməkdaşlığın hər iki agentliyin üzv olduğu qurumlar çərçivəsində inkişaf etdiyini və möhkəmləndiyini diqqətə çatdırmışdır.

Aslan Aslanov ötən ilin iyulunda Moskvada "Dünya mediası: XXI əsrin çağırışları" devizi altında keçirilən Ümumdünya Media Sammiti çərçivəsində agentliyin prezidenti Li Tsuntszyun ilə görüşünün agentliklərimiz arasında əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir.

Jianq Tieyinq agentliyin prezidenti Li Tsuntszyunun salamlarını AzərTAc-ın baş direktoru Aslan Aslanova çatdırmışdır. O, AzərTAc ilə Sinxua arasında əlaqələrin uğurla inkişaf etdiyini, agentliklərimizin müxtəlif beynəlxalq və regional informasiya qurumlarında daim bir-birini dəstəklədiyini söyləmişdir. Qarşılıqlı əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyin ifadə olunduğu görüşdə diqqətə çatdırılmışdır ki, AzərTAc-Sinxua əməkdaşlığının genişlənməsində Bakıda və Pekində fəaliyyət göstərən müxbir məntəqələrinin rolu da mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 10.