Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının
inzibati binası istifadəyə verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının
yeni inşa olunmuş inzibati
binasının açılışında iştirak
etmişdir.
Dövlət
başçısı binanın rəmzi
açılışını bildirən lenti
kəsdi, burada yaradılmış şəraitlə
tanış oldu.
Məlumat verildi ki, binanın
inşasına 2012-ci ilin mayında
başlanmışdır. Tikinti işlərinin
yüksək keyfiyyətlə və qısa müddətdə
görülməsi üçün bütün qüvvələr səfərbər
olunmuşdur. Orijinal
layihəsi, özünəməxsus memarlıq üslubu ilə tikilmiş
üçmərtəbəli bina şəhərin
görkəminə əlavə rəng qatır. Ümumi sahəsi 900 kvadratmetr
olan bina müasir inventar və
avadanlıqla təchiz olunmuşdur.
Binanın
foyesində xalqımızın ulu öndəri,
Yeni Azərbaycan Partiyasının
yaradıcısı Heydər Əliyevin büstü
qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin
və Prezident İlham
Əliyevin Yeni Azərbaycan Partiyası ilə
bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stendlər
yaradılmışdır. Binanın 60 nəfərlik iclas zalında partiyanın fəaliyyəti ilə
bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. İkinci
mərtəbədəki inzibati otaqlarda da hər cür şərait vardır. Buradakı konfrans zalı, arxiv və
digər otaqlar müasir
səviyyədədir.
Qeyd edildi
ki, Yeni Azərbaycan
Partiyasının Sabirabad rayon
təşkilatının 1993-cü il
yanvarın 16-da 16 ilk ərazi təşkilatının
iştirakı ilə təsis yığıncağı keçirilmişdir. Hazırda isə 88 ilk ərazi təşkilatı fəaliyyət
göstərir. Hazırda 7 min 256 siyasi həmfikiri birləşdirən YAP Sabirabad rayon təşkilatının
üzvləri rayonun ictimai-siyasi,
sosial-iqtisadi həyatına mühüm töhfələr verir,
aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində
yaxından iştirak edirlər.
Yeni Azərbaycan Partiyası təşkilatları
üçün belə müasir
binaların tikilməsi ilk növbədə,
işçilərin yüksək səviyyədə fəaliyyət
göstərməsinə hesablanmışdır. Bu, həm də
respublikanın ağır günlərində ulu
öndər Heydər Əliyev tərəfindən
yaradılan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində
mühüm xidmətləri olan Yeni Azərbaycan
Partiyasına göstərilən diqqəti nümayiş
etdirir.
AzərTAc
Azərbaycan. - 2013.- 30 avqust.- S. 1.