M.Ə.Sabir adına Sabirabad
şəhər 1 nömrəli tam orta məktəbin yeni
binasında yaradılmış şəraitlə
tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Sabirabada səfəri çərçivəsində
rayon mərkəzinin Heydər Əliyev
prospektində yerləşən 1200 şagird
yerlik M.Ə.Sabir
adına 1 nömrəli tam orta məktəbin yeni
binasında yaradılan şəraitlə tanış olmuşdur.
Prezident İlham
Əliyevin ölkədə təhsilin inkişafına
göstərdiyi diqqət və qayğı bu
mühüm sahənin dövlət siyasətinin
prioritetləri sırasında olmasının bariz
göstəricisidir. Bu proses
təkcə paytaxtla məhdudlaşmır,
bölgələri də əhatə edir.
Ötən illərdə ölkəmizdə heç
bir dövrdə olmayan
qədər məktəb binası tikilmiş,
yeni korpuslar inşa olunmuşdur. Bu dövrdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində mühüm işlər
görülmüş, bütün
orta təhsil ocaqlarında kompyuter
sinifləri yaradılmış və internetlə təchiz edilmişdir. Dövlət səviyyəsində
həyata keçirilən bu fəaliyyət
proqramına Heydər Əliyev Fondu da hərtərəfli dəstəyini əsirgəmir.
Həyata keçirilən kompleks
proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə
- tədris prosesinin günün
tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb
binalarının inşasına istiqamətlənmişdir.
Belə təhsil ocaqlarından biri də M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdir.
Azərbaycan Prezidenti məktəbin köhnə
binasının görüntülərini əks etdirən
stendə baxdı.
Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin,
eləcə də Heydər Əliyev Fondunun
ölkəmizdə təhsilin inkişafı ilə
bağlı fəaliyyətini əks etdirən fotoguşələr
yaradılmışdır.
Məktəbdə
yaradılan şəraitlə tanışlıq zamanı
dövlət başçısına məlumat verildi ki, burada
genişmiqyaslı tikinti-abadlıq işləri
aparılmış, şagirdlərin keyfiyyətli təhsil
almaları üçün lazımi
şərait yaradılmışdır. Məktəbin
binası 2010-cu ilin mayında Kür və Araz
çaylarında baş vermiş
təbii fəlakət zamanı qrunt
sularının səviyyəsinin qalxması nəticəsində
qəzalı vəziyyətə düşmüşdü.
Məktəb binasının inşasına 2012-ci ilin mayında başlanılmışdır.
Azərbaycan ədəbiyyatında özünəməxsusluğu
ilə seçilən Mirzə Ələkbər Sabirin adını daşıyan məktəbin
həyətində ədibin abidəsi
ucaldılmışdır. Ümumi sahəsi
9415 kvadratmetr olan 1200 şagird yerlik dördmərtəbəli
təhsil ocağı 109 otaqdan ibarətdir
ki, bunlardan 68-i sinif otağıdır. Burada
iki fizika, iki kimya, iki
informatika və bir biologiya kabineti
yaradılmışdır.
Birinci mərtəbədə müasir
idman zalı, direktor və sinif otaqları, ikinci mərtəbədə
müəllimlər, sinif
otaqları və ümumi sahəsi 140 kvadratmetr olan yeməkxana yerləşir.
Üçüncü mərtəbədə 280 nəfərlik iclas zalı, sinif otaqları və müəllimlər otağı
vardır. Dördüncü mərtəbədə də
müəllimlər otağı,
müvafiq sinif otaqları yaradılmışdır.
Məktəbin həyətində eni 22, uzunluğu 44 metr olan idman
meydançası inşa
edilmişdir. Burada müasir
idman qurğuları ilə təchiz edilmiş meydançalar da yaradılmışdır.
Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən
razılığını bildirdi, müvafiq tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 30 avqust.- S. 1.