Ədliyyə
Nazirliyinin kollegiya iclası keçirilmişdir
Ədliyyə
naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin
kollegiya iclası keçirilmişdir.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, iclasda çıxış edən nazir ümummilli lider
Heydər Əliyev tərəfindən təməli
qoyulmuş hərtərəfli inkişaf strategiyasına
uyğun olaraq son illər ölkəmizin sürətli iqtisadi
tərəqqiyə nail olduğunu, əhalinin rifahının
günbəgün yaxşılaşdığını, Azərbaycanın
dünyada imicinin xeyli yüksəldiyini vurğulamış,
respublikamızın sosial-iqtisadi tərəqqisi çərçivəsində
ədliyyə və məhkəmə islahatlarının
nailiyyətlərini qeyd etmişdir.
Kollegiyada ədliyyə
fəaliyyətinin təkmilləşdirilməsi, habelə Azərbaycan
ədliyyəsinin inkişafına dair Dövlət
Proqramının icrası üzrə görülmüş işlər
və qarşıda duran vəzifələr müzakirə
olunmuşdur.
Bildirilmişdir
ki, ölkəmizdə aparılan geniş qanun yaradıcı
fəaliyyətdə yaxından iştirak edən nazirlik cari
ilin 6 ayında 334 normativ hüquqi aktın layihəsini
hazırlamış, ictimai həyatın müxtəlif sahələrini
tənzimləyən 753 belə aktı hüquqi ekspertizadan
keçirmişdir. Əhalinin təmənnasız istifadə
etdiyi milli qanunvericiliyin elektron bazasına (e-qanun.az) və
Hüquqi Aktların Dövlət Reyestrinə
(huquqiaktlar.gov.az) 846 sənəd daxil edilmiş və bazada sənədlərin
sayı 26 minə çatmışdır.
Həmçinin
notariat hərəkətlərinin sayı 1,7 milyonu
ötmüş, vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı ilə bağlı
168 mindən çox əməliyyat
aparılmışdır. Onlardan doğum faktının
qeydiyyatı 78 min 700-ə, nikahların sayı da 15 faiz artaraq 38 min 500-ə
çatmışdır. Vətəndaş cəmiyyətinin
inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının
sayı artmış, bu il 70 belə qurum dövlət
qeydiyyatına alınmış, 72 mətbu nəşr
uçota götürülmüşdür. Hazırda ölkədə
qeyri-kommersiya təşkilatlarının sayı 3 min 900-ə
çatmış, KİV-lərin sayı isə 4 min
800-ü ötmüşdür.
Dövlət
Proqramına uyğun olaraq, ədliyyə orqanlarında
korrupsiyaya qarşı mübarizədə mühüm rol
oynayan müasir informasiya-kommunikasiya texnologiyalarının
(İKT) daha geniş tətbiqi üzrə xeyli işlər
görülmüş, o cümlədən 2013-cü ilin
dövlət başçısı tərəfindən
"İKT ili" elan olunması ilə əlaqədar ədliyyə
fəaliyyəti ilə bağlı 17 elektron xidmət
növündən əksəriyyəti artıq istifadəyə
verilmiş, www.exidmet.yustice.gov.az saytının yeni
versiyası hazırlanmış, elektron sənəd
dövriyyəsinin tətbiqinə
başlanılmışdır. Həmçinin qeyri-kommersiya
qurumlarının qeydiyyatı və mətbu nəşrlərin
uçotu prosedurları ilə bağlı elektron xidmətlər
hazırlanmış, habelə "Elektron notariat" sistemi də
yaradılaraq sınaq rejimində 24 notariat kontorunda istismara
verilmişdir. Notariat orqanlarında istifadə olunan elektron xidmət
köşklərində ödənişlərin plastik bank
kartları vasitəsilə aparılması təşkil
edilmiş, qeydiyyat orqanlarında da bu müsbət təcrübənin
tətbiqinə başlanılmış və
"pay-point" ödəniş terminallarının ilk
nümunəsi sınaqdan keçirilməsi üçün
"Səadət" sarayında
quraşdırılmışdır.
Eyni zamanda, Məhkəmə-Hüquq
Şurası ilə birgə məhkəmələr tərəfindən
elektron xidmətlərin göstərilməsi işində
mobil operatorların və internet resurslarının
imkanlarından geniş istifadəsi üzrə tədbirlər
görülmüş, məhkəmə prosesi tərəflərinə
SMS vasitəsilə bildirişlərin göndərilməsi təcrübəsi
pilot layihə qaydasında bir sıra məhkəmələrdə
tətbiq olunur.
İstehlakçıların
hüquqlarının qorunmasına xidmət edən və
artıq iş adamları üçün əməli əhəmiyyət
daşıyan sahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid məlumat reyestrinin (yoxlama.gov.az) fəaliyyəti
təkmilləşdirilmiş, nazirliyin internet səhifəsində
elektron xidmətlər bölməsinə və "1650"
avtomatlaşdırılmış telefon xidmətinə
sahibkarlara məlumat almaq və müraciət etmək
imkanı yaradan funksiyalar əlavə olunmuşdur.
İclasda
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" qanundan və onun tətbiqi barədə Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli fərmanından
irəli gələn vəzifələr müzakirə olunaraq
bu mühüm sənədin ədliyyə orqanlarında
mütəşəkkil icrası ilə bağlı konkret
tapşırıqlar verilmişdir.
Ədalətli
məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi
olan məhkəmə qərarlarının icrası işinin
səmərəliliyinin yüksəldilməsi üzrə əsaslı
tədbirlər görülür. Bu ilin birinci yarısında
da icra işlərinin sayı 26,5 faiz artaraq 142 min 200-ə
çatmış, onlardan 96 min 500-nün icrası təmin
edilmiş, hüquqi və fiziki şəxslərə 56 milyon
manatdan çox vəsaitin ödətdirilməsinə nail
olunmuşdur. Qərarların icrasına maneçilik törədən,
icra məmurlarının qanuni tələblərini yerinə
yetirməyən 1 min 300 şəxs inzibati məsuliyyətə
cəlb olunmuşdur. Məhkəmə qərarlarını qərəzli
olaraq icra etməyən şəxslərlə bağlı 136
cinayət işi başlanmış, 1 min 832 nəfər
borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.
Eyni zamanda,
borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması
mexanizmi xeyli təkmilləşdirilmiş, insan hüquqlarının
təmin olunması baxımından qadağanın daha
çevik götürülməsi məqsədi ilə icra
xidmətində "Giriş-çıxış və
qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi quraşdırılmış, nazirliyin internet
saytında qadağa qoyulmuş şəxslərin müəyyən
edilməsinə dair elektron xidmət işlənilərək
istifadəyə verilmişdir.
Bu ilin 6
ayında inzibati nəzarət qaydasında 30 minə yaxın
bələdiyyə aktına baxılmış, 1155 akt
nazirliyin təklifləri əsasında ləğv edilmiş
və ya dəyişdirilmiş, pozuntulara yol verən bələdiyyə
sədrləri inzibati məsuliyyətə cəlb olunmuş,
cinayət xarakterli 16 fakt üzrə materiallar prokurorluğa
göndərilmişdir.
Məhkəmə
ekspertizası sahəsində nazirliyə 36 ekspert ixtisası
üzrə 11 mindən çox iş daxil olmuş, ekspertlər
113 minədək suala cavab verməklə
qaldırılmış məsələlərin 99,5 faizini həll
etmişlər. Eyni zamanda, ekspertiza növlərindən
4-nün beynəlxalq standartların tələblərinə
uyğunluğu ilə bağlı müvafiq sertifikat
verilmişdir.
Dövlət
Proqramı çərçivəsində ədliyyə və
məhkəmə infrastrukturunun təkmilləşdirilməsi
daim diqqətdə saxlanılmışdır. Nazirliyin
mühüm istiqamətlərindən olan penitensiar sistemin
inkişafı, məhkumların saxlanma şəraitinin
müasirləşdirilməsi və onların tibbi təminatının
yaxşılaşdırılması üzrə xeyli işlər
görülmüş, o cümlədən Şəkidə
yeni müasir tipli penitensiar kompleks inşa olunaraq istifadəyə
verilmişdir.
Bununla
yanaşı, cari ilin birinci yarısında Dünya Bankı
ilə birgə həyata keçirilən "Ədliyyə
sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində
məhkəmə infrastrukturunun yeniləşdirilməsi
üzrə tədbirlər davam etdirilmiş, o cümlədən
Şəki və Sabunçu məhkəmə komplekslərinin,
Quba Rayon Məhkəməsinin yeni binasının təməli
qoyularaq intensiv inşası aparılır.
Qeyd
edilmişdir ki, Dünya Bankının dəvəti ilə ədliyyə
nazirinin başçılıq etdiyi nümayəndə heyəti
Vaşinqtonda səfərdə olmuş, bankın rəhbərliyi
ilə keçirilmiş görüşlərdə məhkəmə
və ədliyyə islahatları, habelə birgə layihə
barədə ətraflı təqdimatlar keçirilmişdir.
Ölkəmizdə bu sahədə görülmüş
işlər yüksək qiymətləndirilmiş, müsbət
təcrübəmizin dünyada geniş təbliğ
olunmasının əhəmiyyəti və birgə layihəmizin
ən uğurlu layihələrdən olduğu
vurğulanmışdır. Həmçinin əməkdaşlığın
genişləndirilməsi ilə bağlı niyyət ifadə
olunmuş, yeni layihənin həyata keçirilməsinə
dair razılıq əldə edilmişdir.
Dövlət
Proqramının mühüm istiqamətlərindən olan
beynəlxalq hüquqi əməkdaşlığın
genişləndirilməsinə böyük əhəmiyyət
verilərək Hindistan ilə mülki və ticarət, habelə
cinayət işləri üzrə hüquqi yardım və
ekstradisiya haqqında dövlətlərarası müqavilələr,
Çinin Ədliyyə Nazirliyi ilə əməkdaşlığa
dair yeni Saziş, Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbi
ilə Ədliyyə Akademiyası arasında Əməkdaşlıq
haqqında Protokol imzalanmışdır. Həmçinin beynəlxalq
öhdəliklərdən irəli gələn hüquqi
yardım, ekstradisiya məsələlərinin icrası ilə
bağlı beynəlxalq sorğu və sənədlərin
sayı 5800-ə yaxın olmuş, xaricdə məhkum
olunmuş soydaşlarımızın öz ailələrinə
yaxın ərazidə cəza çəkmələri
üçün Azərbaycana gətirilməsi prosesi davam
etdirilmişdir.
İclasda Azərbaycan
ədliyyəsinin inkişafına dair Dövlət
Proqramının bu ilin sonunda başa çatması nəzərə
alınaraq ədliyyə fəaliyyətinin gələcək
inkişafı üzrə yeni strateji istiqamətlərin
müəyyən olunması ilə bağlı
tapşırıqlar verilmişdir.
Kollegiyada həmçinin
mövcud nöqsan və çatışmazlıqlar
müzakirə olunmuş, ədliyyə orqanlarının fəaliyyətində
səmərəliliyin yüksəldilməsi, vətəndaşların
müraciətlərinə qayğı ilə
yanaşılması, korrupsiyaya şərait yaradan hallara
qarşı qəti mübarizənin aparılması, etik
davranış qaydalarına dönmədən riayət olunması,
ədliyyə fəaliyyətində şəffaflığın
artırılması, müasir İKT-lərin tətbiqi dairəsinin
genişləndirilməsi və s. üzrə konkret tədbirlər
müəyyən olunmuşdur.
Eyni zamanda, icra
işinin yaxşılaşdırılması, penitensiar
müəssisələrdə axtarış-baxış tədbirlərinin
gücləndirilməsi, regional ədliyyə şöbələrinin
imkanlarından səmərəli istifadə edilməklə bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata
keçirilməsi, Ədliyyə Akademiyasının fəaliyyətinin
təkmilləşdirilməsi, kadr potensialının möhkəmləndirilməsi
və vakansiyaların hazırlıqlı gənc
hüquqşünaslarla çevik doldurulması ilə
bağlı aidiyyəti qurumlara zəruri tapşırıqlar
verilmişdir.
İclasda ədliyyə
fəaliyyətini tənzimləyən bəzi normativ
aktların layihələri müzakirə olunaraq qəbul
olunmuş, bir sıra qeyri-kommersiya hüquqi şəxslər
dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 4.