«ASAN xidmət»
«Elektron hökumət» portalında
"ASAN xidmət"
mərkəzinin "onlayn növbə" adlı elektron xidməti
"Elektron hökumət" portalında da fəaliyyətə
başlamışdır. "Elektron hökumət" layihəsi
"Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)"
əsasən işlənib hazırlanıb və "Elektron
Azərbaycan" Dövlət Proqramı çərçivəsində
həyata keçirilir. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyindən verilən məlumata görə,
"onlayn növbə"nin "Elektron hökumət"
portalında yer alması vətəndaşların əlavə
vaxt itkisinə yol vermədən
"ASAN xidmət" mərkəzlərinin xidmətlərindən
yararlanmasını daha da rahatlaşdıracaq. Onlar həm
"Asan xidmət"də, həm də "Elektron hökumət"də
"onlayn növbə" tuta biləcəklər. Bunun
üçün hər bir şəxs portalda tələb
olunan məlumatları doldurmaqla özlərinə uyğun
vaxtda növbəyə yazıla biləcəklər.
"ASAN xidmət"dən
verilən məlumata görə, sonrakı mərhələlərdə
elektron növbədən başqa, digər xidmətlərin də
"Elektron hökumət"ə daxil olması
planlaşdırılır. "Asan xidmət"in "onlayn
növbə" xidmətinin "Elektron hökumət"
portalına inteqrasiya olunması xidməti daha da genişləndirəcək.
Vətəndaşlar genişmiqyaslı elektron portalına
daxil olmaqla bir sıra dövlət qurumlarının göstərilən
xidmətlərindən vahid bir saytdan istifadə etməklə
yararlanacaqlar.
Xatırladaq
ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən
yaradılıb. Ölkədə dövlət qulluqçusu-vətəndaş
münasibətlərinin keyfiyyətcə yeni mərhələyə
keçməsi, vətəndaşlar üçün əlçatanlığın
təmin edilməsi və vətəndaş məmnunluğuna
nail olunmasına xidmət edir. Mərkəz öz fəaliyyətində
operativlik, şəffaflıq, məsuliyyət və
rahatlıq prinsiplərini əsas tutmaqla 9 dövlət
orqanının 23 xidmətini vahid məkanda birləşdirib.
"ASAN xidmət" paytaxtla yanaşı, bölgələrdəki
səyyar xidmətlərində bir neçə ay ərzində
on minlərlə vətəndaşın vaxt itkisi və əlavə
xərc olmadan xidmətdən yararlanmasını təmin edib.
Elnur
HADIYEV
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 4.