2003-2013-cü illər
ərzində Azərbaycanın beynəlxalq standartlara cavab verən
müasir sığorta-pensiya modeli formalaşmışdır
Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri,
iqtisad elmləri doktoru, professor Səlim Müslümovun
"yap.org.az" saytına müsahibəsi
- Səlim
müəllim, Azərbaycan Respublikasının Prezidenti əmək
pensiyalarının baza hissəsinin artırılması barədə
sərəncam imzalayıb. Həmin artımın şamil
olunduğu pensiyaçılar və artımın məbləği
barədə məlumat verməyinizi xahiş edirik.
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin əmək
pensiyalarının baza hissəsinin 17,6 faiz
artırılmasına dair sərəncamı təxminən 1
milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Bu
artımdan yararlanmayan qulluq stajına görə əmək
pensiyasına əlavələr alanlar, yəni dövlət
qulluqçuları, hərbi qulluqçular və digər bu
kateqoriyaya aid pensiyaçıların sayı 63 min 431 nəfərdir.
Onların pensiyaları "Əmək pensiyaları
haqqında" Qanuna uyğun olaraq fərqli qaydada
artırılır.
Pensiyanın
baza hissəsini 100 faiz alanların, yəni 1 milyon 90 min nəfərin
pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid
olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə
ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alan 15 min
580 nəfər üzrə artım 19 manat 50 qəpik, 200 faiz
həcmində alan 7763 nəfər I qrup gözdən əlillər
üzrə isə 31 manat 50 qəpik təşkil edəcəkdir.
Milli qəhrəmanların ailə üzvlərinin
pensiyasının baza hissəsi 30 manat artırılaraq 200
manata, şəhid ailəsi üzvlərinin pensiyasının
baza hissəsi 27 manat 75 qəpik artırılaraq 185 manata
çatacaqdır.
Döyüşən
ordunun tərkibində xidmət etmiş müharibə
iştirakçılarının, habelə döyüş əməliyyatı
aparılan ölkədə hərbi xidmət borcunu yerinə
yetirmiş hərbi qulluqçuların pensiyasının baza
hissəsi 16 manat 50 qəpik artacaqdır.
Böyük Vətən
Müharibəsi iştirakçılarının
pensiyasının baza hissəsi 28 manat 50 qəpik, bu
sıradan olan I qrup əlillər üzrə 37 manat 50 qəpik,
II qrup əlillər üzrə 31 manat 50 qəpik, III qrup əlillər
üzrə isə 28 manat 50 qəpik artırılacaqdır.
Artım nəzərə
alınmaqla hazırda Azərbaycanda əmək
pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil
edir. Bu göstəriciyə görə Azərbaycan MDB-də
üçüncü yeri tutur. Qazaxıstanda
əmək pensiyasının baza hissəsi 185 ABŞ dollar,
Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda
31,7 dollar təşkil edir.
Əmək pensiyalarının baza hissəsinin
artımının maliyyələşdirilməsi
üçün ilin sonuna kimi təxminən 73,2 milyon manat əlavə
vəsait tələb olunur ki, həmin vəsait fondun büdcəsində
nəzərə alınmışdır.
- Artıq 10 ildir ki, Azərbaycanda milli
pensiya sisteminin islahatı aparılır. Hansı konkret nəticələr
əldə edilmişdir və qarşıda daha hansı vəzifələr
durur?
- Azərbaycanda qısa müddət ərzində
yeni iqtisadi sistemin qurulmasını təmin edən ciddi
islahatlar aparılmış və çoxşaxəli
iqtisadiyyatın ahəngdar inkişafına nail olunmuşdur.
Ölkəmizdə bütün istiqamətlər üzrə
konkret proqramlar icra edilmiş, əhalinin pul gəlirləri əhəmiyyətli
dərəcədə artmışdır. Bütün bunlar
yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin
həyata keçirilməsinə imkan yaratmış və
yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə
azalmışdır. Nəticədə bu göstərici
2003-cü ildə 44,7 faiz təşkil etdiyi halda, hazırda
5,6 faizə düşmüşdür.
Qeyd olunan nəticələrin əldə
edilməsində ölkənin sığorta-pensiya sisteminin
köklü islahatı tədbirləri də mühüm rol
oynamışdır. Bu istiqamətdə həyata keçirilən
işləri xeyli sadalamaq olar. Ümumiləşdirilmiş
şəkildə ifadə etsək, bu gün Azərbaycanın
beynəlxalq standartlara cavab verən müasir
sığorta-pensiya modeli formalaşmışdır. Bu model
hazırda dünyada mövcud olan sığorta-pensiya sistemlərinin
ən mühüm elementlərini özündə birləşdirir
və bu sırada sosial sığortaya mahiyyətinə
uyğun daha düzgün yanaşılması xüsusi qeyd
olunmalıdır. Başqa sözlə, ödənilmiş məcburi
dövlət sosial sığorta haqlarının fərdi
uçotu qurulmaqla, vətəndaşların pensiya
hüquqlarının həmin uçotun məlumatları əsasında
müəyyənləşdirilməsi və beləliklə də
pensiya təminatında sığorta prinsiplərinə
keçid təmin edilmişdir. Sistemdə ölkə
iqtisadiyyatının inkişafına uyğun əməkhaqqı
fondu, bundan formalaşan sosial sığorta haqları və həmin
haqlara görə təyin olunan pensiyalar həlqəsi
qurulmuşdur ki, bu şəraitdə sosial sığortaya cəlb
olunan əməkhaqlarının artımı pensiya
artımlarını da şərtləndirir.
Nəticədə 2003-2013-ci illər ərzində
əmək pensiyalarının orta aylıq məbləği
9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği
7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə
pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən
45 faizə çatdırılmışdır. Həyata
keçirilən davamlı sosial müdafiə tədbirləri
nəticəsində pensiyaçılarımızın
97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə
çıxmışdır. Qeydiyyata alınmış
sığortaolunanların sayı təqribən 2 dəfə
artaraq 1 milyon 303 min nəfərdən 2 milyon 581 min nəfərə
çatmışdır. Bu dövrdə Dövlət Sosial
Müdafiə Fondunun büdcəsində sosial sığorta
haqları üzrə daxilolmalar 7 dəfə artaraq 223 milyon
manatdan 1 milyard 550 milyon manata yüksəlmişdir.
Təbii ki, qarşıda duran vəzifələr
də az deyil. Sığorta-pensiya sistemində bu vəzifələrin
müəyyənləşdirilməsi beynəlxalq standartlar
üzrə həyata keçirilən aktuar hesablamalara əsaslanaraq
və ölkə Prezidentinin həyata keçirdiyi əhalinin
sosial müdafiəsinin gücləndirilməsi üzrə
tapşırıqlara uyğun olaraq aparılır. Qeyd olunan tədqiqatlar
özündə makroiqtisadi inkişaf göstəriciləri,
demoqrafik göstəricilər və bilavasitə
sığorta-pensiya sistemində baş verən dəyişikliklər
üzrə göstəricilərin qarşılıqlı təsirinin
öyrənilməsini birləşdirir. Bu əsasda perspektiv
dövrdə də pensiya təminatına yönəldilən
vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq
təcrübədə qəbul olunmuş normaların gözlənilməsi,
orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına
nisbətinin artırılması, pensiyaların minimum məbləğinin
ölkə üzrə yaşayış minimumu səviyyəsinə
uyğunlaşdırılması istiqamətində tədbirlərin
həyata keçirilməsi əsas vəzifələrdəndir.
Bunun üçün isə, ilk növbədə,
sığorta-pensiya sisteminin maliyyə
dayanıqlığının təmin olunması əsas
şərtdir.
- "Əmək pensiyaları
haqqında" Qanuna əsasən, əmək pensiyaları
baza, sığorta və yığım hissələrindən
ibarətdir. Bu gün yalnız baza və sığorta hissələri
real fəaliyyət göstərir. Üçüncü
element - yığım hissəsi nə vaxt fəaliyyət
göstərəcək? Bunun üçün nə
lazımdır və hansı tədbirlər
görülür?
- Beynəlxalq təcrübədə
bölüşdürücü-həmrəylik,
yığım, habelə bu prinsiplərin kombinasiyasına əsaslanan
pensiya sistemləri mövcuddur.
Bölüşdürücü-həmrəylik sistemində
hazırda işləyənlərin ödədikləri sosial
sığorta haqqı hesabına cari pensiya xərcləri
maliyyələşdirilir. Yığım sistemində hər
bir şəxsin ödədiyi sosial sığorta haqqı onun
fərdi hesabında real toplanır və müxtəlif
investisiya proqramlarına yönəldilərək idarə
olunur. Bu vəsait düzgün yerləşdirildikdə əlavə
gəlir əldə edilməklə
özü-özünü artırır, şəxs pensiya
yaşına çatdıqdan sonra həmin vəsait
hesabına onun pensiyası maliyyələşdirilir. Göstərilənlərlə
yanaşı, həmrəylik və yığım sistemlərinin
kombinasiyasından ibarət pensiya sistemləri də
mövcuddur ki, həmin sistemlər bu iki prinsipin birgə tətbiqinə
əsaslanır. Beynəlxalq təcrübədə Almaniya,
Fransa və Finlandiyanın pensiya sistemləri
bölüşdürücü-həmrəylik prinsipinə,
Çili, Argentina və Qazaxıstanın pensiya sistemləri
isə real yığıma əsaslanan sistemlər
üçün nümunə kimi qəbul edilir. Böyük
Britaniya, İsveç, Hollandiya, Polşa, Macarıstan,
Rusiyanın pensiya sistemləri qarışıq tipli, yəni
hər iki prinsipə əsaslanan elementlərin olduğu sistemlər
kimi səciyyələndirilir.
Bölüşdürücü-həmrəylik
sistemində iştirakçıların məsuliyyətinin
artırılması zəruriliyi, real yığım sistemində
isə hər bir şəxs üzrə
açılmış hesablara toplanan real pul vəsaitlərinin
pensiyaya çıxma vaxtınadək müxtəlif bazar təsirlərindən
qorunmasındakı problemlər həmin sistemlərə dair
klassik baxışların tədricən dəyişməsinə
səbəb olmuşdur. Hazırda bu sahədə tendensiyalar
bölüşdürücü-həmrəylik sistemlərində
şərti, yəni real olmayan yığım prinsipinin
gücləndirilməsi, real yığım sistemlərində
isə şərti yığıma əsaslanan
bölüşdürücü-həmrəylik sistemlərinə
keçid istiqamətində inkişaf etməkdədir.
Xüsusilə məcburi real yığıma əsaslanan
pensiya sistemlərində maliyyə böhranı şəraitində
baş verən ciddi problemlər, eləcə də bu sistemin
tətbiqində nümunə hesab olunan Çili və digər
Latın Amerikası ölkələrində tədricən
bölüşdürücü-həmrəylik sisteminə
keçid, qarışıq sistemə əsaslanan Polşa,
Macarıstan və Rusiyanın pensiya sistemlərində məcburi
real yığım komponentinin ixtisarı tədbirləri qeyd
olunan tendensiyanı daha da gücləndirmişdir.
Azərbaycanda aparılan islahatlar
qarışıq, yəni həmrəylik və
yığım sistemlərinin kombinasiyasından ibarət
pensiya sisteminin qurulmasını hədəfləyib.
Hazırda əmək pensiyaları 2 hissədən - baza və
sığorta hissələrindən ibarət təyin olunur və
artırılır ki, bu da bölüşdürücü-həmrəylik
funksiyası daşıyan şərti yığım sisteminə
əsaslanır. Əgər ölkəmizdə həyata
keçirilən pensiya islahatlarının məzmununa diqqət
yetirsək, aydın görərik ki, məcburi real
yığım komponentinin tətbiqində ehtiyatlı
mövqe tutulmuşdur. Son dövrlər beynəlxalq təcrübədə
məcburi real yığıma əsaslanan pensiya sistemlərində
ciddi problemlərin meydana gəlməsi və bu əsasda həmin
sistemdən tam və ya qismən imtina olunması meyilləri
Azərbaycan dövlətinin həyata keçirdiyi pensiya siyasətinin
düzgünlüyünü bir daha təsdiqləyir.
Lakin bütün bunlarla yanaşı, əhalinin
etibarlı pensiya təminatına nail olunması məqsədilə
əlavə təminata imkan verən mexanizmlərin
formalaşdırılması da zəruridir. Bu baxımdan
dövlət pensiya təminatı sistemində
yığım komponentinin, eləcə də qeyri-dövlət
pensiya institutlarının təşkili üçün məcburi
deyil, könüllü sosial sığortanın tətbiqi
daha məqsədəuyğundur. Bütün hallarda,
yığım komponentinin hansı əsasda tətbiqindən
asılı olmayaraq, köklü qanunvericilik bazası və
mexanizmlər hazırlanmalıdır. Çünki burada ilk
növbədə, yığım hesablarına toplanan vəsaitlərin
şəxsin pensiyaya çıxma vaxtınadək müxtəlif
bazar təsirlərindən qorunması və uzunmüddətli
dövr üçün etibarlı gəlirə zəmanət
verilməsi tələb olunur. Əks halda, pensiya təminatında
yığım komponentinin tətbiqi, eləcə də
qeyri-dövlət pensiya institutlarının fəaliyyəti
könüllü sosial sığorta əsasında qurulsa belə,
dövlət əhali qarşısında həmin sistemlərin
təşviqinə görə məsuliyyət riski ilə
üzləşir. Qeyd olunanlar nəzərə alınmaqla
müasir standartlara uyğun qanunvericiliyin hazırlanması məqsədilə
ötən dövr ərzində fond tərəfindən
Avropa Tərəfdaşlıq və Əməkdaşlıq
Aləti çərçivəsində tvinninq layihəsi təqdim
olunmuş və Avropa Komissiyası tərəfindən təsdiqlənmişdir.
Hazırda həmin layihənin icrası prosesi davam etdirilir.
Qeyd edilən layihənin reallaşdırılması ilə fərdi
yığım hesabları vəsaitlərinin
formalaşdırılması və idarə olunması, bu vəsaitlərin
investisiyası üzərində inzibati və texniki nəzarət,
qeyri-dövlət pensiya fondlarının yaradılması və
fəaliyyətinin təşkili, qeyri-dövlət
pensiyalarının təyini, maliyyələşdirilməsi və
ödənilməsinin mexanizmlərinə dair normativ hüquqi
baza hazırlanacaqdır.
- Son illər pensiyaların hesablanması
qaydalarına bir neçə dəfə dəyişikliklər
edilmişdir. Hazırkı qaydalar sosial ədalət prinsipinə
cavab verirmi?
- Aparılan dəyişikliklər həm
pensiyaların hesablanması, həm də
artırılması qaydaları ilə bağlıdır. Təbii
ki, yeni sistemin tətbiqi, ilk növbədə, bu normalara yenidən
baxılmasını tələb edirdi. Sistemin
iştirakçılarının pensiyalarının ödənilmiş
məcburi dövlət sosial sığorta haqlarına əsasən
müəyyənləşdirilməsi mexanizmi yeni
qanunvericiliyin tətbiqinin ilk günündən qüvvədə
olmuşdur və hazıradək də dəyişməz
qalır. Qeyd etdiyiniz əsas dəyişikliklər 2006-cı
ilin 1 yanvarınadək, yəni əvvəlki sistemlə
pensiyaya çıxmış və yaxud əmək fəaliyyətinin
əksər hissəsinin həmin sistemin tətbiqi
dövrünə aid insanların pensiya təminatı ilə
bağlıdır. Azərbaycanda yeni sığorta-pensiya
sisteminə keçidin ən mühüm xüsusiyyətlərindən
biri əvvəlki sistemlə pensiya təminatı ilə əhatə
olunmuş insanların da bu sistemə inteqrasiyası məsələsidir.
Hələ yeni sistemin tətbiqinin ilk
günündən etibarən əvvəlki pensiya sistemi ilə
əhatə olunmuş şəxslərin yeni sistemin
iştirakçısına çevrilməsi, o cümlədən
pensiyaların artımı və indeksləşdirilməsinin
yeni qaydaları ilə əhatə olunmaları təmin
edilmişdir. Lakin əvvəllər təyin edilmiş
pensiyalar üzrə müxtəlif dövrlər
üçün fərqli hesablama qaydalarının tətbiqi,
pensiyaların vətəndaşların fəaliyyətinə
və sığorta ödəmələrinə görə
deyil, hansı güzəştli kateqoriyaya aid olmasına
görə fərqləndirilməsinin yaratdığı
problemlər hələ də davam edirdi. Bununla bağlı
ötən dövrdə ardıcıl qərarlar qəbul
edilmiş və Azərbaycanda pensiyaların mədləğinin
müəyyənləşdirilməsi bütün
pensiyaçılar üçün vahid sistemə -
pensiyaların iş stajına uyğun pensiya kapitalına əsasən
hesablanması qaydasına gətirilmişdir. Bu, ilk növbədə,
müxtəlif kateqoriyadan olan pensiyaçılar arasında
sosial ədalətin bərqərar olmasına, pensiya məbləğlərinin
əhəmiyyətli şəkildə artımına, eləcə
də sistemin kifayət qədər sadələşməsinə
səbəb olmuşdur.
Beləliklə, hazıradək həyata
keçirilən tədbirlərlə Azərbaycanda pensiya təminatının
vahid sistemi formalaşdırılmışdır və fikrimcə,
növbəti mərhələdə təkmilləşdirmələr
sistemdə sığorta prinsiplərinin daha da
artırılması, ödənilən sosial sığorta
haqları ilə təyin olunan pensiyalar arasında əlaqənin
gücləndirilməsi istiqamətində davam etdirilməlidir.
Məsələn, hazırda ödənilən cəmi sosial
sığorta haqqının 50 faizi fərdi hesablarda qeydə
alınır və pensiyaların sığorta hissəsi həmin
məbləğə görə təyin olunur. Sosial
sığorta haqlarının digər 50 faizi isə sistemin
ümumi xərclərinin, o cümlədən
pensiyaçılar üçün bərabər məbləğlərlə
ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə
yönəldilir. Bu isə sosial sığorta haqqı uzun
müddət və yüksək məbləğlə ödənilən
işçilər tərəfindən sosial sığorta
haqqı daha az müddətə və aşağı məbləğlə
ödənilən işçilərin gələcək
pensiyalarının dolayı
subsidiyalaşdırılmasına şərait yaradır. Nəticədə
bunu yüksək əməkhaqqından sosial sığorta
haqqı ödəyənlər sosial ədalətsizlik kimi
qiymətləndirirlər. Qeyd olunan halların tənzimlənməsi
məqsədilə hazırladığımız təkliflər
işləyənlərin fərdi hesablarında onlar
üçün ödənilən sığorta
haqqının yarısının deyil, tam məbləğinin
əks etdirilməsini nəzərdə tutur. Bu isə əmək
pensiyalarının gələcəkdə vahid tərkibdə
- yalnız fərdi hesablara toplanan sığorta kapitalı əsasında
müəyyənləşdirilməsi deməkdir.
- Məlumdur ki, Dövlət Sosial
Müdafiə Fondunun büdcəsi sosial sığorta
daxilolmaları və dövlət büdcəsinin transferti
hesabına formalaşır. Daxilolmaların dinamikası necədir?
Büdcə transfertlərinin həcminin azaldılması nəzərdə
tutulurmu?
- Mən Sizə son 10 ildə
daxilolmaların ümumi artımı barədə məlumat
verdim. Bu tendensiya cari ilin ötən dövründə də
saxlanılıb və artım xüsusilə qeyri-büdcə
sektorundan daxilolmalarda daha çox müşahidə olunur.
2013-cü ilin birinci yarısında sosial sığorta
haqlarının 63,9 faizi və ya 462,8 mln. manatı
qeyri-büdcə sektorundan daxil olmuşdur ki, bu da proqnozun 121,4
faiz icra edildiyini göstərir. Əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərdən
daxilolmalar 47,9 faiz, torpaq pay mülkiyyətçilərindən
daxilolmalar isə 55,1 faiz artmışdır.
Sualınızın ikinci hissəsi ilə
bağlı dövlət büdcəsinin transfertinin həcmi
üzərində bir qədər ətraflı dayanmaq istərdim.
Hazırda pensiya məbləğlərinin
bir hissəsini müstəqil Azərbaycan Respublikasında
sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci
ilin 1 yanvarından əvvəlki dövr üzrə
formalaşmış məbləğlər təşkil edir.
Eyni zamanda, dövlətin müəyyən etdiyi qərarlar əsasında
bəzi kateqoriya şəxslərin pensiyasına əhəmiyyətli
məbləğdə əlavələr edilir ki, bütün
bunların sistemə ödənilən sosial sığorta
haqları ilə əlaqəsi yoxdur. Pensiyaçıların
sosial müdafiəsinin gücləndirilməsi məqsədilə
dövlətin həyata keçirdiyi bir sıra tədbirlər,
o cümlədən əmək pensiyalarının baza hissəsinin
mütəmadi artımları, sistemə ödənilən
sosial sığorta məbləğlərinə adekvat olmayan
yüksək pensiya təminatının yaratdığı
öhdəlikləri də bu sıraya aid etmək olar.
Bütün bunlar, öz növbəsində, pensiya sisteminin xərclərinin,
eləcə də dövlət büdcəsindən
ayırmaların artımını şərtləndirmişdir
və hazırda sistem üzərində sığorta prinsiplərinə
əsaslanmayan dövlət öhdəliklərinin maliyyə
yükü təsirli dərəcədə
böyükdür.
Pensiya sisteminin
bölüşdürücü-həmrəylik funksiyası
daşıyan şərti yığıma əsaslanması
sığorta prinsiplərinə söykənməyən
dövlət öhdəlikləri üzrə xərclərin
yaratdığı maliyyə yükünün müəyyən
hissəsinin daxil olan sosial sığorta haqları hesabına
qarşılanmasına imkan verir. Həmin xərclərin
sosial sığorta vəsaitləri hesabına örtülməyən
hissəsi isə dövlət büdcəsindən daxil olan
transfert hesabına maliyyələşdirilir. Lakin bununla
yanaşı, nəzərə alınmalıdır ki,
hazırda daxil olan sosial sığorta vəsaitlərinin
ayrı-ayrı sığortaolunanların fərdi
hesablarında şərti pensiya kapitalları kimi qeydə
alınması, gələcəkdə təyin ediləcək
pensiya məbləğləri üzrə sistemin gizli maliyyə
öhdəliyini də formalaşdırmaqdadır.
Göstərilənlərlə
bağlı sığorta-pensiya sisteminin uzunmüddətli
inkişaf dövrü üçün maliyyə
dayanıqlığına nail olmaq məqsədilə, ilk
növbədə, dövlətin öhdəlikləri ilə
sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi,
sistemin özünəməxsus vəsaitlərinin yalnız
sosial sığorta nəticəsində yaranan xərclərə
yönəldilməsi, yerdə qalan hissəsinin isə gələcəkdə
gözlənilən maliyyə tələbinin
qarşılanması üçün ehtiyata çevrilməsi
zəruridir. Fikrimcə, yalnız bundan sonra sosial
sığortaya əsaslanmayan öhdəliklərin
qarşılanması üçün tələb olunan
dövlət büdcəsinin transferti barədə konkret təklif
vermək məqsədəuyğun olardı.
- Ölkədə avtomatlaşdırılmış
pensiya təyinatının tətbiqinə keçildi. Bu
yeniliyin tətbiqi sahəsində işlər necədir?
Ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun
gündəlik işində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi səviyyəsini necə qiymətləndirirsiniz?
- Müasir standartlara uyğun
avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 30
dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı"nda əksini tapmış mühüm vəzifələrdəndir.
İyul ayının 11-dən etibarən Azərbaycanda Şərqi
Avropa və MDB məkanında ilk dəfə olaraq
pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
təyinatına başlanılıb və bu proses
sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin
məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə
edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı
alqoritminin tam sadələşdirilməsi, ödənilən
sosial sığorta haqlarının fərdi uçotu,
sığorta-pensiya sistemində Avropa standartlarına uyğun
müasir avtomatlaşdırılmış infrastrukturun
qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində
unikal elektron məlumat bazalarının yaradılması kimi
kompleks tədbirlər daxildir. Fondun internet səhifəsində
yaradılmış müştəri xidmətləri sisteminə
istənilən vətəndaş daxil olaraq öz fərdi
hesabı barədə məlumat ala, eləcə də pensiya
kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya
bilir. Həmçinin pensiya yaşına çatmış hər
bir vətəndaş hər hansı sənəd toplamadan və
vaxt itirmədən "Çağrı Mərkəzi"nə
zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı
hüququnu reallaşdırmaq imkanına malikdir.
Avtomatlaşdırılmış qaydada əmək
pensiyası təyinatı aparılan hər vətəndaşa
bir neçə dəqiqə ərzində ona təyin olunan
pensiyanın məbləği və öz plastik pensiya
kartını ala biləcəyi müvəkkil bankın
filialının ünvanı bildirilir. Bu islahat tədbiri
sistemdə şəffaflığın daha da artmasına, əlavə
vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla
fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə,
insan amilinin rolunun son dərəcə azaldılmasına şərait
yaradır. Sistemin tətbiq olunduğu ilk 1 aydan artıq ərzində
245 nəfərə avtomatlaşdırılmış qaydada
pensiya təyinatı aparılıb. Onlardan 92-si Bakı şəhərində,
153-ü isə bölgələrdə yaşayan vətəndaşlardır.
Bir sıra müraciət edən şəxslərə
2006-cı ilədək əmək stajları barədə məlumatları
fondun orqanlarına təqdim etməmələri səbəbindən
avtomatlaşdırılmış qaydada pensiya təyin etmək
mümkün olmayıb. Biz bu barədə dəfələrlə
məlumat vermişik və bir daha vurğulamaq istərdim ki,
buna görə vətəndaşlar öz fərdi
hesablarında məlumatların tam əks olunmasında
xüsusi maraqlı olmalıdırlar. Ölkəmizdə fərdi
uçot sisteminin tətbiqindən əvvəlki dövrə,
yəni 2006-cı ilin 1 yanvarınadək iş
stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər.
Çünki avtomatlaşmış pensiya təyinatı
yalnız sistemdə qeydiyyata düşmüş elektron
göstəricilər əsasında aparılır və təbii
ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında
öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə
alınması texniki baxımdan imkan xaricindədir.
Ümumilikdə götürdükdə isə
hər bir dövlət orqanında olduğu kimi, Dövlət
Sosial Müdafiə Fondunun da gündəlik işini informasiya
texnologiyalarının tətbiqi olmadan təsəvvür etmək
mümkün deyil. 2003-2013-cü illər ərzində bu əsasda
Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazası
tamamilə yenidən qurulmuşdur. Fondun 74 yerli şöbəsində
yeni ofis binaları tikilmiş və əsaslı təmir
edilmiş, "incə müştəri" sistemli 2600
kompyuteri əlaqələndirən yerli lokal şəbəkələr
yaradılmışdır. Bütün orqanlarda müasir
standartlara cavab verən avtomatlaşdırılmış
iş yerləri təşkil olunmuş, lokal şəbəkələr
mərkəzi informasiya sisteminə birləşdirilərək
fondun ümumi korporativ şəbəkəsi
formalaşdırılmışdır. Mərkəzi məlumat
bazasında ölkə əhalisinin 40 faizinə qədər,
yəni 1 270 min nəfər pensiyaçı və fərdi
hesab açılmış 2 581 min nəfər
sığortaolunan barədə elektron məlumatlar
toplanmışdır. Hələ 2010-cu ilin martında
Polşa Respublikasının Varşava şəhərində
keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu
"Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin
"İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi
ilə effektiv idarəetmə" nominasiyası üzrə
Avropa qalibi elan edilmişdir. Ötən ilin sonunda isə
Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının
20 illiyi münasibətilə fondu "Müasir kompyuter
texnologiyalarının imkanlarından istifadə etməklə
köhnəlmiş iş metodlarından yeni iş
metodlarına keçid" nominasiyası üzrə
xüsusi sertifikata layiq görmüşdür. Hazırda
Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə
təqdim olunan elektron xidmətlərin sayı 21-ə
çatdırılmışdır və "elektron
hökumət" portalının statistikasına əsasən,
fondun yerinə yetirdiyi elektron xidmətlər əhalinin ən
çox müraciət etdiyi elektron xidmətlərdəndir.
- Sonuncu sualımız xeyli vaxtdır
gündəmdə olan iş yerlərinin və əməkhaqlarının
leqallaşması məsələsi ilə
bağlıdır. Bu sahədə nəzərəçarpan
irəliləyişlər varmı?
- Bu məsələ sığorta-pensiya
sistemində daha geniş təsirə malikdir. Vətəndaşın
iş yerinin qeydiyyata alınması onun gələcək
pensiya hüququ, əməkhaqlarının tam əks etdirilərək
sosial sığortaya cəlb edilməsi isə pensiya məbləği
deməkdir. Buna görə də problemin həllində təkcə
dövlət orqanları deyil, hər bir işləyən
şəxs maraqlı və aktiv olmalıdır. Azərbaycanda
qurulmuş pensiya təminatı modeli, hər bir şəxs
işlədiyi dövrdə sosial sığorta
haqlarının tam ödənilməsinə nail olarsa, ona
aldığı əməkhaqqının 65-70 faizini pensiya
şəklində qaytarmaq iqtidarındadır. Özü də
fərdi hesaba toplanan məbləğlər hər il inflyasiyaya
uyğun indeksləşdirilir ki, bu da sistemin sosial
sığorta haqqı ödəyiciləri
qarşısında etibarlılığının nümunəsidir.
Digər tərəfdən, bunun ümumi pensiya artımı tədbirlərinə
də birbaşa təsiri var. Çünki bazar
iqtisadiyyatı şəraitində sosial ödənişlərə
yönəldilən vəsaitlər öz mənbəyini real
iqtisadiyyatdan, daha konkret desək, əməkhaqlarının
sosial sığortaya cəlb olunmasından götürməlidir.
İqtisadiyyatdan sosial sığorta haqları şəklində
toplanan vəsaitlər yenidən pensiya ödənişləri
kimi geri qaytarılmalı, yəni maliyyələşmələr
əlavə mənfi fiskal təsirlər yaratmadan
aparılmalıdır. Bu məqsədlə həm
iqtisadiyyatdakı əməkhaqqı məbləğlərinin
tam uçota alınması, həm də sosial
sığortalanmadan yayınmanın aradan
qaldırılması vacib şərtdir.
Bununla bağlı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında
konkret tapşırıqlar vermişdi. Ötən dövr ərzində
həmin tapşırıqların icrası məqsədilə
ciddi tədbirlər görülmüş, müvafiq
orqanların birgə əlaqəli fəaliyyəti təşkil
olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Vergilər
Nazirlyi və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Dövlət Əmək Müfəttişliyi ilə
birgə həyata keçirdiyi tədbirlər nəticəsində
son bir il ərzində 570 mindən çox sığortaolunan
əlavə qeydiyyata alınmışdır. Bu isə, öz
növbəsində, fondun qeyri-büdcə
daxilolmalarının həcminə öz təsirini göstərməkdədir.
Lakin qeyd etdiyim
kimi, bu prosesdə hər bir işləyən şəxsin fəal
iştirakı da vacib şərtdir. Fondun internet səhifəsi
vasitəsilə hər bir şəxsə öz fərdi
hesabında toplanan pensiya kapitalı barədə məlumatı
maneəsiz əldə etmək imkanının
yaradılması bu prosesin mühüm tərkib hissəsidir.
Eyni zamanda, fondda quraşdırılmış xüsusi
avadanlıq vasitəsilə avtomatlaşdırılmış
sistemdə olan hər bir sığortaolunanın fərdi
hesabındakı məlumatların zərfdə məktub
şəklində çap olunaraq öz sahibinə
çatdırılmasına da başlanılmışdır
ki, fikrimcə, bütün bunlar perspektivdə işləyənlərin
öz işəgötürənləri üzərində
ictimai nəzarətə təşviq edilməsini daha da
gücləndirəcəkdir.
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 5.