Sumqayıtın xarici əlaqələri genişlənir

 

Sumqayıt ölkənın müasir sənaye şəhəri kimi formalaşmaqla yanaşı, beynəlxalq əlaqələrini də genişləndirməkdədir. Bu şəhərlə maraqlananların, iqtisadi əlaqələri genişləndirmək üçün bura dünyanın müxtəlif ölkələrindən gələnlərin sayı da artmaqdadır. Bu günlərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  Sumqayıta gələn Polşanın Belostok şəhərinin meri Tadeuş Truskolyaski rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görusdə Sumqayıtla Belastok şəhərləri arasında dostluq munasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi  məsələləri müzakirə edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqlara şəhər haqqında geniş məlumat verərək bildirmişdir ki, Sumqayıt Bakıdan sonra ölkənin Xəzər dənizinin sahilində yerləşən ikinci böyük şəhəridir. Bu gün ölkəmizin hər bir guşəsində olduğu kimi, Sumqayıtın da sosial-iqtisadi inkişafında, sənaye strukturlarının formalaşmasında yüksək inkişaf tempi müşahidə olunur. Bu sənaye şəhərində elm, təhsil, mədəniyyət və iqtisadiyyatın bütün sahələrinin tərəqqisinə ölkə Prezidenti İlham Əliyev xüsusi qayğı göstərir. Gənclərin əldə etdikləri yüksək nailiyyətlər barədə məlumat verən şəhər rəhbəri Sumqayıtda fəaliyyət göstərən mədəniyyət ocaqları haqqında da söhbət açmışdır.

Sonra qonaqlar Sumqayıt şəhəri ilə yaxından tanış olmaq məqsədilə Nəsimi adına mədəniyyət və istirahət parkında olmuşlar. İnsanların istirahət və əyləncəsı üçün yaradılan şəraitlə yaxından tanış olan Polşa nümayəndə heyəti Azərbaycanda gedən sürətli inkişafa, insan faktoruna yerli hakimiyyət orqanlarının ayırdığı diqqətə  heyran qaldıqlarını ifadə etdilər.

Polşalı qonaqlar Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən müxtəlif təyinatlı ən müasir istehsalat müəssisələri, buradakı yeni texnologiyalar ilə böyük maraqla tanış oldular. Sumqayıtın dünyanın inkişaf edən müasir şəhərləri sırasına çıxdığını vurğulayan Polşa nümayəndə heyətinin üzvləri qarşılıqlı əlaqələrin gələcək perspektivlərinə ümid bəslədiklərini bildirdilər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin akt zalında Sumqayıtla Belostok şəhərləri arasında niyyət protokolu imzalandı. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qarşılıqlı əlaqələrin bütün istiqamətlərdə inkişafının vacibliyini vurğuladı. Polşanın Belostok şəhərinin meri Tadeuş Truskolyaski respublikamızda həyata keçirilən uğurlu islahatlara çoxlarının həsəd apara biləcəyini qeyd etdi. Natiq çıxışında Sumqayıt kimi bir şəhərin qısa zaman ərzində qazandığı uğurlara heyranlığını da gizlətmədi. Bildirdi ki, Azərbaycan təkcə regionun deyil, dünyanın aparıcı dövlətinə çevrilib.

Nümayəndə heyətinin rəhbəri Sumqayıtda olduqları müddətdə onlara göstərilən qayğıya görə minnətdarlığını bildirdi. Tədbirdə belə görüşlərin mütəmadi keçirilməsi qərara alındı.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 6.