Bu həsrətin də sonu bir gün bitər

 

Azərbaycan üçün əsas xarakterik cizgilərdən biri yaşanan sürətli inkişafın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü qabarıq formada büruzə verməsidir. İnsan kapitalının qorunub saxlanması, sağlamlıq, iş yerləri, yaşayış şəraitinin yüksək hala gətirilməsi respublikamızın digər ölkələr içərisində fərqlənməsinə, üstün cəhətlərin inkişafı müasir dünyanın qabaqcıl dövlətləri tərəfindən yenilik kimi qarşılanmaqdadır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə insanların həyat səviyyəsi günbəgün yaxşılaşlır, onların maddi rifah halı yüksələn xətt üzrə inkişaf edir.

Sosial-iqtisadi sferada qazanılan müvəffəqiyyətlər Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin, mənzil-məişət şəraitinin yaxşılaşmasında da özünü aydın şəkildə əks etdirir. Azərbaycan bu gün MDB və Avropada qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə gələn dövlətlərdən biri olsa da, bu qəbildən insanlara ən yüksək şəkildə qayğının göstərildiyi ölkələr sırasında yer alır. Bu qayğının əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Həmin siyasəti davam etdirən Prezident İlham Əliyev ölkənin artan iqtisadi imkanları fonunda qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyət göstərir.

Məcburi köçkünlərə yüksək dövlət himayəsini artıq 20 ildir doğma torpaqlarının həsrəti ilə yaşayan Qubadlı sakinləri də öz üzərlərində hiss edir və bunu real həyatlarında konkret əməldə görürlər. Qubadlı rayonu 1930-ci ildə təşkil edilmişdir. Rayonun ərazisi 802 kvadratkilometr idi və bunun böyük hissəsini meşə və yaşıl zolaq təşkil edirdi. Rayonun əsrarəngiz təbiəti buraya təşrif buyuran hər bir kəsin marağına səbəb olur, bu gözəllikləri seyr etməkdən doymurdular. Bəlkə də sovet dönəmində Qubadlı ən çox turistlərin gəldiyi ərazidir desək, səhv etmərik. İlin bütün fəsillərində burada dünyanın müxtəlif ölkələrindən bura xeyli insan gəlirdi. Qonaqlı-qaralı olan bu rayon barədə keçmiş SSRİ-nin vətəndaşları tərəfindən hörmətlə yad edilirdi.

Qubadlı Ermənistanla 120, Dağlıq Qarabağla isə 40 kilometr həmsərhəd idi. Əkin-biçinlə, heyvandarlıqla məşğul olan insanlar ötən əsrin sonlarında bir daha erməni qəddarlığı ilə üz-üzə gəldilər. İlk günlər heç kim inanmırdı ki, ermənilər yedikləri duz-çörəyi yadlarından çıxara bilərlər. Amma sonralar baş verən hadisələr göstərdi ki, namərdlər onlara edilən yaxşılıqları unudublar. Yerli camaat dinclik üzünə həsrət qaldı. İstili-soyuqlu səngərlərə sinə gərdilər. Ancaq yurd, el-oba qeyrətini çəkən insanların, təəssüf ki, düşmənə cavab vermək imkanları yox idi. Ermənilər müasir raketlərdən atəş açırlar, kompyuterlə idarə olunan tanklarla hücuma gəlirdilər, qubadlılı özünümüdafiə dəstələri isə ov tüfəngi ilə cavab verməyə çalışırdılar. Bu "dayan-doldurum"ları da onlara çox gördülər. 1988-ci ilin payızında Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun xüsusi tapşırığı ilə sərhədlərimizin keşiyində dayananlardan ov tüfənglərinin yığılmasına cəhd göstərildi. Əslində bu, düşmən yoluna yaşıl işıq yandırmaq idi. Beş ildən artıq müddətdə düşmən qubadlılıların başına od ələdi, minlərlə evi, əkin-biçin sahələrini yandırdı. Həmin döyüşlərdə yüzlərlə şəhid verən qubadlılıların qəhrəmanlıq ruhunu qırmaq mümkün deyildi. 1988-ci ilin noyabr ayında ermənilər rayonun ərazisində, Gorus-Qafan yolunun kənarındakı Eyvazlı kəndini yandırdılar. Respublika rəhbərləri yenə də qəflət yuxusundan oyanmadılar.

O ağır günlərdə belə qubadlılılar ümidlərini üzmür, sabahkı günün daha yaxşı olacağına inanırdılar. Hələ o illərdə əhalinin dilindən tez-tez gileylər eşidilirdi: "...Kaş hakimiyyətdə Heydər Əliyev olaydı, bu müsibətlər də başımıza gəlməzdi. Ermənilərin başına nə oyun açardıq onda..."

Beş il qubadlılılar Ermənistandan Qarabağa - Şuşaya, Xankəndiyə, Laçına gedən yolu qorudular. Düşmən tərəfdən nəinki ağır texnika, heç minik maşını da həmin yoldan keçmədi. Məqsədlərinə çatmayan qarşı tərəf hücum istiqamətlərini dəyişdi, hər tərəfdən zərbə vurmağa başladılar. 237 nəfər şəhid oldu, 200 nəfərdən artıq sakin ağır yaralandı. Ancaq bu, özünümüdafiə dəstələrini sarsıtmır, amallarından çəkindirmir, əksinə, daha mübariz olurdular. Cəsur oğullar doğma torpağımızın hər qarışını canlarından üstün tuturdular. Hər bir qubadlılının dilində Əliyar Əliyevin, Aqil Məmmədovun, ümumiyyətlə, 8 nəfər Azərbaycanın Milli Qəhrəmanının, bütün şəhidlərin adı əzbərdir. Onlar həmişə hörmətlə yad olunur, ehtiramla xatırlanırlar.

 1993-cü ilin avqustunda vəziyyət daha da gərginləşdi. Həmin ayın 31-də Qubadlı erməni qəsbkarları tərəfindən işğal edildi. Məcburi köçkünlüyün ilk vaxtlarında problemlər qarşısında qalan rayonun 30 mindən artıq sakininə dövlət qayğısı, xüsusilə də ümummilli lider Heydər Əliyevin şəxsi diqqəti olmasaydı, bu insanların taleyininn necə olacağı məlum deyildi. Hazırda 35 min 200 nəfər Qubadlı sakini respublikanın 42 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Əhalinin əksər hissəsi Sumqayıt şəhərindədir, rayonun icra strukturları, idarə və təşkilatları əsasən burada fəaliyyət göstərir. Belə bir böyük əraziyə səpələnmiş qubadlılıların sosial, kommunal, səhiyyə, təhsil və digər məsələləri ilə məşğul olmaq, onların üzləşdikləri problemləri vaxtında həll etmək üçün icra strukturları xüsusi iş rejimi ilə işləyirlər.

İndiyədək Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən H.Z.Tağıyev qəsəbəsində, 12, 18, 11, 6-cı mikrorayonlarda məskunlaşan əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bundan əlavə, rayon icra hakimiyyətinin təşəbbüsü, ARDNŞ-nin dəstəyi ilə rayon sakinlərinin məskunlaşdığı "Şəfa "sanatoriyasında təmirə başlanmış, uçulub-dağılmaqda olan otaqlar, yeməkxana, pilləkənlər və digər yaşayış sahələri təmir edilmişdir.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Belə ki, Xanlıq 3 saylı, Aşağı Mollu və Dəmirçilər kənd tam orta məktəblərində əsaslı təmir işləri başa çatdırılmışdır. Çaytumas məktəb liseyində şagird sıxlığını nəzərə alaraq orada əlavə korpusun tikintisinə və məktəbin idman zalının döşəməsinin əsaslı təmiri işlərinə başlanmışdır. Bunlardan əlavə, Çardaqlı kənd tam orta məktəbində əlavə tikilmiş 4 sinif otağının dam örtüyü vurulmuş, qalan işlərin yeni dərs ilinə qədər başa çatdırılması nəzərdə tutulur.

Müasir dövrdə ən aktual məsələlərdən biri müalicə, insanların sağlamlığının qorunmasıdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda bu sahəyə geniş yer verilmiş və uğurlu nəticələr əldə edilmişdir. Qubadlı Rayon Mərkəzi Xəstəxanasının yaradılması və fəaliyyət göstərməsi sakinlərin sağlamlıqlarının davamlı müalicəsində əhəmiyyətli məna kəsb edir. Bu xəstəxana 2003-cü ildən fəaliyyət göstərir. Əvvəlki illərdə həmin xəstəxana üçün Sumqayıt şəhərindəki 1 saylı poliklinikada birotaqlı yer ayrılmışdı. Həmin otaqda xəstəxananın yalnız adı var idi. Hazırda Qubadlı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində mama-ginekoloq, terapevt, pediatr, cərrahiyyə, nevropatoloq, kardiologiya və digər müalicə-profilaktika üzrə xəstələrə xidmət göstərilir. Burada hər gün 100-dən artıq ambulator xəstə qəbul edilir. 321 nəfər şəkərli-diabet xəstəsi qeydiyyatdadır ki, onlar da pulsuz dərmanlarla təmin edilirlər.

Xəstəxananın nəzdində 2 tibb məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən biri Sumqayıt mehmanxanası və Kompressorlar zavodu ərazisində, digəri "Şəfa" və "Metallurq" sanatoriyaları istiqamətində məskunlaşmış qubadlılılara xidmət edir. Ümumiyyətlə, bu səhiyyə ocağında onlarla tibb işçisi çalışır. Xəstəxanada müasir tipli ultrasəs müayinə və rentgen aparatları, klinik diaqnostika laboratoriyasında biokimyəvi və yoluxucu xəstəliklərin müayinəsini yoxlamaq üçün texniki avadanlıqlar var. Həmçinin stomotoloji qurğu, ensefaloqraf, exokardioqraf və bir sıra fizioterapiya aparatları xəstələrin xidmətindədir. Əhalinin sıx məskunlaşdığı ərazilərdə 2 tibb məntəqəsi yaradılmışdır ki, bu da mərkəzi xəstəxananın tibb xidməti imkanlarını xeyli dərəcədə artırmışdır.

Qubadlılılar işləməyi sevən, ömürlərini fövtə verməyi sevməzlər. Bir çox rayonların əhalisi sağlam olduqları halda təqaüdə çıxar, vaxtsız qocalığı boyunlarına alarlar. Qubadlı sakinləri isə həmişə çalışmaq, öndə olmaq istəyi ilə yaşayırlar. Bu gün rayon üzrə iqtisadi fəal əhali 11,4 min nəfərdir. Rayonda fəaliyyət göstərən idarəetmə, səhiyyə, təhsil, mədəniyyət, rabitə, kənd təsərrüfatı və digər təşkilatlarda işləyənlərin sayı 3 min 897 olmuşdur.

Əmək qabiliyyətli əhalinin işlə təmin edilməsi daim diqqət mərkəzindədir. Təkcə cari ilin əvvəlindən bəri 167 nəfər işlə təmin edilmişdir. Regionların İnkişafı Dövlət Proqramının qəbulundan ötən dövr ərzində 2737 yeni iş yeri açılmışdır.

Tarixin vaxtında öyrənilməsi, onun faktlarla kitablarda öz əksini tapması keşməkeşli həyat yaşayanların gələcək nəsillər qarşısında bir növ hesabatıdır desək, səhv etmərik. Həyatda insanların qazandığı ən vacibi tarixi keçmişimiz, milli-mənəvi dəyərlərimiz və onların qorunub saxlanmasıdır. Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir kəsin üzərinə ağır vətəndaşlıq yükü qoyur. Dərk olunan vətənpərvərlik daha dayanıqlı və faydalıdır. Qubadlının işğalının 20 illiyi ərəfəsində işğal altında olan torpaqlarımızın ah-naləsini dünyaya çatdırmaq məqsədilə bir neçə kitab nəşr olunub. "20 il Qubadlı həsrəti ilə", "Qubadlı - qədim Azərbaycan torpağı Zəngəzurun qapısı" kitabları son illərin tarixini özündə əks etdirir.

Prezident İlham Əliyevin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyən Qubadlı sakinləri doğma torpaqlarına qayıdacaqları günün də uzaqda olmadığını yaxşı bilirlər. Zəbt edilmiş ərazilər azad olunduqdan sonra isə bu yerlərdə yenə də dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacaq. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Hazırda ölkəmizdə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramından əlavə müxtəlif layihələr həyata keçirilir. Dövlətin uğurlu xarici siyasət, problemin həlli istiqamətində atılan qətiyyətli addımlar isə ümid verir ki, öz vətənlərində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş bu insanların doğma ata-baba torpaqlarına qayıdacaqları günə çox qalmayıb. Buna səmimi-qəlbdən inanan Qubadlı sakinləri Prezident İlham Əliyev ətrafında daha sıx birləşərək Azərbaycanın ümumi inkişafında, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində ön cərgədə yer almağa hər zaman hazırdırlar.

 

 

Malik İSAQOV,

 

Qubadlı Rayon İcra Hakimyyətinin başçısı

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 6.