Geniş oxucu
kütləsinə malik nüfuzlu «BizNewsAsia» jurnalı Azərbaycan
Prezidenti İlham Əliyevi "İlin adamı" elan
etmişdir
Filippində nəşr
olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində
həyata keçirilən uğurlu islahatları, dövlət
başçılarının fəaliyyətini əks etdirən,
geniş oxucu kütləsinə malik "BizNewsAsia"
jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi
"İlin adamı" elan etmişdir.
AzərTAc xəbər
verir ki, jurnalın avqust buraxılışında
"İlham Əliyev: İlin adamı", "Əliyev
erası: Azərbaycanın qızıl dövrü",
"İlham Əliyev builki prezident seçkilərində
Yeni Azərbaycan Partiyasının namizədidir",
"Sosial təminatlar və yüksək maaşlar Azərbaycanda
yoxsulluğu azaltmışdır", "Dünya
Bankının Azərbaycana sualı: Yoxsulluğun
azaldılmasına necə nail olmaq mümkündür?",
"İqtisadiyyatın şaxələndirilməsi
yolları" və digər məqalələr dərc
olunmuşdur.
Məqalələrdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti
və onun rəhbərliyi ilə ölkəmizdə
bütün sahələrdə həyata keçirilən
uğurlu islahatlar, əldə olunan nailiyyətlər
haqqında ətraflı məlumat verilir. Həmçinin
dövlətimizin başçısının ilk dəfə
Prezident seçildiyi 2003-cü illə müasir dövr
müqayisə edilir və ötən illər ərzində əldə
olunmuş uğurlardan ətraflı bəhs olunur.
Prezident
İlham Əliyevin zəngin ictimai-siyasi və dövlətçilik
fəaliyyətinin də yer aldığı yazılarda
ötən on ildə Azərbaycanın daxili və xarici siyasət
sahəsində qazandığı uğurlar konkret faktlar əsasında
şərh edilir. Bildirilir ki, bu uğurlara Azərbaycan
Prezidentinin dövlətçilik bacarığı və rəhbərlik
qabiliyyəti sayəsində nail olunmuşdur. Məhz İlham
Əliyevin Prezidentliyi dövründə Azərbaycan
dünyada özünəməxsus yer tutmuşdur.
Nəşrdə
Prezident İlham Əliyevin rəhbərliyi ilə
iqtisadiyyatın modernləşdirildiyi, işsizlik və
yoxsulluq probleminin aradan qaldırıldığı diqqətə
çatdırılır. Qeyd edilir ki, dünyanı
bürümüş iqtisadi böhran Azərbaycana heç
bir təsir göstərməmişdir. Ölkədə istər
enerji sahəsində, istərsə də qeyri-neft sektorunda,
xüsusilə də təhsil, səhiyyə,
informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı
sahələrində uğurlu islahatlar həyata keçirilir.
Bu ilin əvvəlində Azərbaycan orbitə ilk
telekommunikasiya peykini buraxmaqla kosmik ailənin üzvünə
çevrilmişdir.
Azərbaycanda
qanunun aliliyinin təmin edilməsi, insanların hüquq və
azadlıqlarının qorunması istiqamətində xeyli
işlər görüldüyünü qeyd edən jurnal
oxucuların diqqətinə onu da çatdırır ki,
dünya dövlətləri üçün tolerantlıq
nümunəsi olan Azərbaycanda müxtəlif millətlərin
və dinlərin nümayəndələri sülh,
qarşılıqlı anlaşma şəraitində
yaşayırlar. Böyük enerji resurslarına malik olan Azərbaycan
dünyada həm də zəngin mədəniyyəti və qədim
tarixi ilə tanınır. Şərqdə ilk demokratik
respublika 1918-ci ildə məhz Azərbaycanda
yaradılmışdır.
Nəşrdə
bildirilir ki, Azərbaycan daxili siyasətdə olduğu kimi,
xarici siyasətdə də xeyli nailiyyətlər əldə
etmişdir. Bu ölkə beynəlxalq və regional təşkilatların
fəal üzvüdür. Azərbaycan diplomatiyasının ən
böyük uğuru isə ölkənin BMT-nin Təhlükəsizlik
Şurasının üzvü seçilməsidir.
Jurnalda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı
məlumat verilir. Qeyd edilir ki, Ermənistan Dağlıq
Qarabağı və ona bitişik yeddi rayonu işğal
etmişdir. Bu gün Azərbaycan torpaqlarının 20 faizi
işğal altındadır, bir milyondan artıq azərbaycanlı
isə öz ölkəsində qaçqın və məcburi
köçkün vəziyyətində yaşayır. Ermənistanın
işğalçılıq siyasəti mötəbər beynəlxalq
qurumlar tərəfindən qəbul edilmiş qətnamə və
qərarlarda dəfələrlə pislənmişdir. Rəsmi
Yerevan isə bu sənədlərə məhəl qoymur. ATƏT-in
Minsk qrupunun münaqişənin həlli istiqamətində
göstərdiyi səylər hələ də heç bir nəticə
vermir.
Hakim Yeni Azərbaycan
Partiyasının keçdiyi yol, respublikanın ağır vəziyyətində
bu partiyanı yaradan ümummilli lider Heydər Əliyevin gərgin
əməyini ətraflı işıqlandıran jurnal
yazır ki, müstəqil Azərbaycan dövlətinin
qurulması bu böyük siyasətçinin adı ilə
bağlıdır. 1990-cı illərin əvvəllərində
çətin günlər keçirən Azərbaycanda məhz
onun rəhbərliyi altında sabitlik bərqərar olmuş,
bütün sahələrdə köklü islahatlar həyata
keçirilməyə başlanmış, ölkənin xarici
əlaqələri genişlənmişdir.
Bakının
bir sıra mötəbər forumlara, nüfuzlu konfranslara,
simpoziumlara, müsabiqələrə yüksək səviyyədə
ev sahibliyi etdiyini vurğulayan jurnal Prezident İlham Əliyevin
dünya dövlətlərinin liderləri ilə
keçirdiyi görüşləri, eləcə də Azərbaycanda
aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini
əks etdirən çoxsaylı şəkillərə də
yer vermişdir.
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 3.