Azərbaycanın
dövlət müstəqilliyi əbədi və
sarsılmazdır
Ulu
öndər Heydər Əliyevin gərgin mübarizəsindən
sonra 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının
dövlət müstəqilliyini bərpa etmək
haqqında" Bəyannamə qəbul edildi
Müstəqil
yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər
bir xalqın ən böyük arzusudur. Ona görə müstəqillik
həm ayrıca bir vətəndaş üçün, həm
də bütöv xalqlar, millətlər üçün ən
müqəddəs və şirin nemətdir. Bu neməti əldə
etmək, müstəqillik arzusuna qovuşmaq nə qədər
çətindirsə, onu qoruyub saxlamaq bir o qədər
mürəkkəbdir. Biz azadlığımız, müstəqilliyimiz
yolunda çətinliklərdən keçmişik,
apardığımız mübarizələrdə şəhidlər
vermişik.
Hələ
ötən əsrin 80-ci illərinin sonlarından etibarən
keçmiş sovetlər birliyində mərkəzdənqaçma
meyillərinin gücləndiyi proseslərin gedişatı
göstərirdi ki, yalnız yüksək amallara xidmət edən
ideya bu gün haqqında hər birimizin böyük qürur
hissi ilə danışdığımız müstəqil,
dinamik inkişaf edən Azərbaycan reallığını ərsəyə
gətirə bilərdi. Ölkəyə rəhbərlik edənlərin
bundan uzaq olması nə qədər təbii görünsə
də, özlərini milli azadlıq mücadiləsinin lideri
hesab edənlərin də gələcəyə
hesablanmış təkmil ideyaları yox idi.
Xalqların və
millətlərin taleyində, formalaşmasında,
dünyadakı yerinin müəyyənləşdirilməsində
tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin
və müdrik dövlət başçılarının
müstəsna rolu danılmazdır. Heydər Əliyev kimi
nadir dühalar isə özləri bütöv bir salnamə,
tarix yaratmağa qadir olurlar. Azərbaycanın müstəqilliyinə
gedən keşməkeşli yollarda bütün cəbhələrdə
mübarizə aparan Heydər Əliyev çoxşaxəli fəaliyyəti,
ortaya qoyduğu aydın ideyalarla müstəqillik tariximizin hər
bir mərhələsində həlledici rol oynamış,
tarixin gedişatını xalqının və Azərbaycanın
işıqlı gələcəyinə istiqamətləndirmişdir.
Ulu öndər
Heydər Əliyevin xarizmatik liderlik keyfiyyətləri və
milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik
istedadı və dövlətə rəhbərlik
bacarığı, qlobal düşüncə tərzi və
sair bu kimi keyfiyyətləri onun həyatının
mühüm bir mərhələsini təşkil edən
1990-1993-cü illərdəki fəaliyyətində - Azərbaycanın
müstəqilliyi və milli dövlətçiliyi uğrunda
apardığı mübarizə dövründə daha
qabarıq formada üzə çıxmışdır.
1969-1982-ci illərdə Azərbaycanın gələcək
dövlət müstəqilliyinin bünövrəsini qoyan
Heydər Əliyev xalqımızın ciddi və
taleyüklü problemlər qarşısında
dayandığı bir dövrdə öz həyatını təhlükə
qarşısında qoyaraq milli mübarizə meydanına
atılmış, misilsiz tarixi xidmətlər göstərmiş
və Azərbaycanın müstəqilliyinin əldə
olunmasında, dövlətçiliyinin yaşadılmasında,
milli birliyin qorunub saxlanılmasında tarixi missiya həyata
keçirmişdir. Nə qədər ağır və
çətin olmasına baxmayaraq, həmin dövr Azərbaycan
dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini
təşkil edir.
Azadlıq istəyi
xalq hərəkatından başlamışdı. Lakin bu hərəkata
rəhbərlik iddiasında olanların səbatsızlığı
və səriştəsizliyi nəticəsində,
respublikanın dərin böhrana sürükləndiyi bir
vaxtda insanlar getdikcə daha da dərindən əmin olurdular
ki, milli liderə böyük ehtiyacı var. Belə bir tarixi
şəxsiyyət isə yalnız Heydər Əliyev idi. Bunu
o vaxtkı ittifaq və respublika rəhbərliyi də
aydın dərk edirdi. Buna görə də bu nəhəng
insanı, uzaqgörən siyasətçini siyasi təqiblərə,
əsassız böhtanlara məruz qoyur, xalqın onun ətrafında
birləşəcəyindən qorxur, Azərbaycana
qayıdaraq siyasi fəaliyyətlə məşğul
olmasına əngəllər törədirdilər.
Bu mənada Azərbaycanda
dövlət müstəqilliyi yolunda mücadilə 1988-ci ildə
xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə
həlledici proseslər Heydər Əliyevin Azərbaycana
qayıdışından sonra cərəyan etdi. Heydər Əliyevin
1990-cı ilin iyulunda Naxçıvana
qayıdışından sonra başlanan milli dirçəliş
prosesi bütün Azərbaycan siyasi mühitində
aparıcı qüvvəyə çevrilərək milli
dövlətçiliyin bərpası istiqamətində qəti
addımların atılması ilə müşayiət
olundu. Ulu öndərin Naxçıvanda parlament seçkilərinə
qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin
qabaqcıl nümayəndələrinin Naxçıvana
üz tutması, Heydər Əliyevlə təmasa can
atması, insanlarla gündən-günə genişlənən
çoxsaylı və kütləvi görüşlər Azərbaycanda
milli azadlıq hərəkatının vüsət
almasına və getdikcə daha mütəşəkkilləşməsinə
müsbət təsir göstərməyə başladı.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi
ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin
sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin
dirçəlişi prosesinin həyata keçirilməsi ilə
bağlı bir çox məsələlərin müzakirə
olunması, Azərbaycanı müstəqilliyə aparan yolda
tarixi qərarların qəbul edilməsi ilə əlamətdar
oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə
1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi
müstəqilliyimizin əsas atributlarından olan üçrəngli
bayrağımızın Naxçıvan MR-ın dövlət
bayrağı olması barədə qərar qəbul etdi. Qərarda
həmçinin Azərbaycan Respublikasının ali qanunverici
orqanına Azərbaycanın dövlət rəmzləri haqqında
məsələyə baxması respublikamızın milli
tarixi ənənələrə uyğun olaraq yeni dövlət
rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul
olunması təklif edilmişdi. Naxçıvan Ali Məclisinin
sonrakı iclaslarının birində Heydər Əliyevin təşəbbüsü
ilə 1990-cı ilin 20 Yanvar
faciəsinə siyasi-hüqiqi qiymət verildi. Ali Məclisin qəbul
etdiyi qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin
20 Yanvar faciəsinə görə birbaşa məsuliyyət
daşıdıqları göstərildi.
Təbii ki, Azərbaycanın
dövlət müstəqilliyinin bərpası Heydər Əliyevin
başladığı bu prosesin yekun nəticəsi olmalı
idi. Görülən hər bir iş, atılan hər bir
addım isə Azərbaycan xalqını bu nəticəyə
- dövlət müstəqilliyinin bərpa olunmasına
yaxınlaşdırırdı. 1991-ci il fevralın 5-də Azərbaycan
SSR Ali Sovetinin sessiyasında dövlətin adı dəyişdirilərək
"Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan
Xalq Cümhuriyyətinin bayrağı dövlət
bayrağı kimi təsdiq olundu.
Müstəqillik
mövzusu və bu istiqamətdə atılan addımlar ulu
öndərin bütün çıxışlarının
başlıca leytmotivi idi. Xüsusən Azərbaycan Ali
Sovetinin iclaslarında Heydər Əliyev bütün
çıxışlarında Azərbaycanın dövlət
müstəqilliyinin qaçılmaz proses olduğunu bəyan
edirdi. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin
birinci sessiyasında təkidlə söz alan ulu öndər Kommunist
Partiyası hakimiyyətinin sonunun
çatdığını, SSRİ-nin tezliklə
dağılacağını və respublikalarda başlanan
müstəqillik mübarizələrinin qalib gələcəyinin
dönməz bir proses olduğunu bəyan etdi. Ali Sovetin 1991-ci
il martın 7-də keçirilən sessiyasında Heydər Əliyev
Azərbaycanın milli müstəqilliyi və suverenliyi məsələsinə
toxunaraq müstəqilliyə çatmağın
yollarını, əsas vasitələrini, demokratik dövlət
quruculuğunun prinsiplərini göstərdi.
Ali Sovetdəki
tarixi çıxışlarında Heydər Əliyev
respublika rəhbərliyinin
imzalamağa hazırlaşdığı ittifaq
müqaviləsinin Azərbaycan üçün tam yararsız
olduğunu, yeni ittifaqa daxil olmağın və bunun
üçün hər hansı referendum keçirməyin əleyhinə
olduğunu bildirirdi. Azərbaycana rəhbərlik edən
A.Mütəllibov isə dünyada baş verən prosesləri,
respublikamızdakı ictimai-siyasi mühiti, əhalinin müstəqillik
iradəsini düzgün qiymətləndirə bilmir, yeni
ittifaq müqaviləsinə müsbət yanaşırdı.
Onun komandası Azərbaycanın müstəqil dövlətçilik
barədə düşünmədiyini və imperiya
boyunduruğunda yaşamaq istədiyini sübut etmək yolunu
tutmuşdu. Ona milli mənafelərin və xalqın
etirazlarının əksinə olaraq, 1991-ci il martın 17-də
"SSRİ-nin qorunub saxlanması ilə bağlı" Azərbaycanda saxta bir referendum
da keçirdi və guya əhalinin 98 faizinin ittifaqın
saxlanılmasına tərəfdar çıxması
haqqında mərkəzə yalan məlumat verdi.
1991-ci il iyulun
19-da Kommunist partiyası sıralarını tərk edən
Heydər Əliyev Azərbaycan rəhbərliyini xalqın
haqlı tələblərini qulaqardına vurmamağa,
Kommunist partiyasının totalitar idarəçiliyinə son
qoymağa çağırdı. Lakin respublikanın rəhbərliyi
vəziyyəti düzgün qiymətləndirmək qabiliyyətində
deyildi, üstəlik, 1991-ci ilin 19-21 avqust hadisələrində
tamamilə səbatsız mövqe tutdu. Bu hadisədən əksər
müttəfiq respublikalar dövlət müstəqilliyini rəsmən
bəyan edərək müvafiq konstitusion aktlar qəbul etsələr
də, Azərbaycanın o vaxtkı rəhbərliyi qorxaq siyasətə
sadiq idi.
Tarix Heydər Əliyevin
siyasi proseslərin gedişatını böyük uzaqgörənliklə
gördüyünü və haqlı olduğunu sübut etdi.
Hadisələr göstərdi ki, 1990-cı ildən
başlayaraq SSRİ-nin və kommunist idarəçiliyinin
perspektivsizliyi, Azərbaycanın müstəqil, demoktatik
dövlət qurmasının mümkünlüyü və
mütləqliyi haqqında Heydər
Əliyevin uzaqgörən bəyanatları, bunu əsaslandıran
siyasi baxışları öz işini görmüş, gələcək
proseslərin gedişinə həlledici təsir göstərmişdir.
Moskvadakı avqust hadisələrindən dərhal sonra
Naxçıvan ərazisində Kommunist partiyasının fəaliyyəti
dayandırıldı, onun bütün strukturları ləğv
edildi. Bu proses bütün Azərbaycana sirayət etdi və
beləliklə, Mütəllibov iqtidarı xalqın əzmi
qarşısında geri çəkilməli oldu. Proseslərin
gedişatı göstərirdi ki, respublika rəhbərliyi
xalqın milli azadlıq mübarizəsinin, müstəqil və
demokratik dövlətçilik hərəkatının
qarşısında tab gətirmək iqtidarında deyil.
Respublika Ali Sovetinin 1991-ci il avqustun 30-da növbədənkənar
sessiyasında xalq deputatı Heydər Əliyevin də
israrlı tələbləri nəticəsində "Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa
etmək haqqında" Bəyannamə qəbul etmək məcburiyyətində
qalması faktı bu həqiqəti bir daha sübut etdi. Həmin
dövrdə Heydər Əliyev bəyan etdi ki, Azərbaycan
Respublikası bəyannamə ilə kifayətlənməməli,
özünün tam milli dövlət müstəqilliyini əldə
etməli və mövcud SSRİ formatında yaradılacaq
heç bir ittifaqa daxil olmamalıdır.
Ali Sovetin
1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı,
"Azərbaycan Respublikasının dövlət müstəqilliyini
bərpa etmək haqqında" Konstitusiya Aktının layihəsini
iki həftə müddətində hazırlamaq barədə
qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi
iki aya yaxın ləngitdi. Siyasi hakimiyyəti Heydər Əliyev
və Azərbaycan xalqının müstəqil və
demokratik dövlətçilik uğrunda apardıqları mübarizənin
qarşısında tab gətirə bilməyərək
1991-ci il oktyabrın 18-də nəhayət ki, "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktının" qəbul
edilməsinə razılıq verdi. 1991-ci il oktyabrın 19-da
Azərbaycan Ali Sovetinin sessiyasına ünvanladığı
müraciətdə bu hadisəni yüksək qiymətləndirən
Heydər Əliyev yazırdı: "Biz bu gün xoşbəxtik
ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət
orqanı milli azadlıq niyyətlərimizin həyata
keçirilməsi üçün ilk addım atdı".
1991-ci il 18
oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycan
yeni intibahının bünövrəsi demək idi. Fəqət,
müstəqilliyin ilk illərində hakimiyyətdə olan
qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl
edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi
dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin
də məhv olmasına gətirib çıxaracaqdı.
Bir-birini əvəz edən A.Mütəllibov və
AXC-Müsavat iqtidarları, əslində, dövlətçilik
deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından
çıxış edir və beləliklə, hələ
kövrək olan dövlət müstəqilliyini təhlükə
altına salırdılar. 1991-1993-cü illərdə hakimiyyətdə
olanlar yeni yaranan müstəqil dövlətçiliyin
möhkəmlənməsi üçün nəinki bir iş
görmədilər, əksinə, ölkəni dünyada gedən
bütün proseslərdən uzaq salaraq təklənməsinə,
təcrid olunmasına xidmət göstərdilər.
Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin
məhvinə aparırdı. Hakimiyyət çəkişmələrin
məntiqi nəticəsi kimi cəbhədəki
uğursuzluqlar və daxildə separatçı meyillərin
güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin
məhvini qaçılmaz edirdi.
Belə bir vəziyyətdə
Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin
tələb və istəyi ilə hakimiyyətə gələn
xalqımızın böyük oğlu Heydər Əliyev
müstəqil dövlətçiliyimizi, suverenliyimizi
bütün təhlükələrdən, təhdidlərdən
xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik
sükanının arxasına keçən Heydər Əliyev
xilaskarlıq missiyasını müdrikliklə, yenilməz
iradə, qətiyyət və böyük uzaqgörənliklə
yerinə yetirməyə başladı. Müstəqilliyimizin
ilk illərindəki hərc-mərclik və
xalqımızın maraqlarına zidd siyasət,
iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin
talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi.
Ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş
müharibəsi təhlükəsini aradan qaldırdı,
separatçılıq meyillərinə son qoydu, ən əsası
Azərbaycanın dövlət müstəqilliyini təmin
etdi.
Azərbaycanın
dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi
ulu öndər Heydər Əliyevin ideyalarının
başlıca qayəsini təşkil edir. Son 10 ildə
ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində
məhz bu amil dayanır. Heydər Əliyev siyasətini layiqincə
yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində
və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan
Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin
məzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın
dövlət müstəqilliyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu
öndərin neft strategiyasının uğurla
reallaşması, iri enerji layihələrinin işə
düşməsi və yeni iqtisadi layihələrə start
verilməsi, eləcə də regionda cərəyan edən
proseslərlə bağlı ölkə
başçısının müdrik siyasi
baxışları Azərbaycanın müstəqilliyinin daha
da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin
daha da qüdrətlənməsinə xidmət edir. "Azərbaycanın
bugünkü reallıqları bir daha müstəqilliyimizin
üstünlüklərini göstərir. Tarixdə Azərbaycan
heç vaxt bu qədər güclü olmamışdır.
Bunun başlıca səbəbi müstəqil
olmağımızdır. Müstəqillik ən böyük
sərvətdir. Hər bir vətəndaş müstəqilliyi
qorumalıdır, öz işi ilə müstəqilliyimizə
töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan
daim inkişaf yolu ilə getsin", - deyə Prezident İlham Əliyev
bildirmişdir.
Müstəqil
daxili və xarici siyasət yeridən Azərbaycanın
yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan
ölkə kimi tanınması, Prezident İlham Əliyevin həyata
keçirdiyi çoxşaxəli siyasət,
qazandığımız bütün uğurlar əminliklə
söyləməyə əsas verir ki, Azərbaycanın
müstəqilliyi ulu öndər Heydər Əliyevin təbirincə
desək, dönməzdir, əbədidir, daimidir. Bu müstəqilliyi
Azərbaycanın əlindən ala biləcək hansısa bir
qüvvə yoxdur, amma cəhdlər var. Bu, daha çox Azərbaycana
göstərilən təzyiqlər fonunda özünü
göstərib. Amma bizə ümid verən faktor ondan ibarətdir
ki, bu təzyiqlər, zamanlar, hadisələr təkrarlansa da,
Azərbaycan fərqlidir. Bu günün Azərbaycanı istənilən
təzyiqə sinə gərə biləcək gücə
malikdir!
Rəşad
CƏFƏRLİ
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 4.