Azərbaycan-Sloveniya əlaqələri uğurla inkişaf edir

 

Avqustun 29-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Sloveniyanın müdafiə naziri Roman Yakiç ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, son illər Azərbaycan-Sloveniya əlaqələrinin inkişaf etdiyini diqqətə çatdıran Səfər Əbiyev ölkələrimiz arasında imzalanmış hərbi sazişin bu sahədə də əməkdaşlığın tərəqqisinə geniş imkanlar yaratdığını vurğulamışdır.

Nazir sloveniyalı həmkarına bölgədəki gərgin hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bu günədək sülh yolu ilə həll edilməməsinin səbəbləri barədə məlumat vermişdir. Sloveniyanın müdafiə naziri Roman Yakiç də bu münaqişəni yaradan amillər və problemin həllinə maneçilik törədən yanaşmalardan xəbərdar olduğunu bildirmişdir.

Görüş zamanı nazirlər hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini və digər zəruri əlaqələrin inkişafını önə çəkmişlər. Sloveniyanın müdafiə naziri gələn il hər iki ölkənin ortaq qəhrəmanı, əfsanəvi Mixaylonun - Mehdi Hüseynzadənin 95 illiyinin Sloveniyada təntənəli surətdə qeyd ediləcəyini bildirmişdir.

Roman Yakiç Azərbaycanın müdafiə nazirini həmin tədbirdə iştirak etməyə dəvət etmişdir.

Görüşdə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov iştirak etmişdir.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 4.