ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri
müşahidə missiyasının fəaliyyətə
başlaması ilə əlaqədar mətbuat konfransı
keçirilmişdir
Oktyabrın
9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini
izləyəcək ATƏT-in Demokratik Təsisatlar və
İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri
müşahidə missiyasının fəaliyyətə
başlaması ilə əlaqədar avqustun 29-da mətbuat
konfransı keçirilmişdir.
AzərTAc xəbər
verir ki, mətbuat konfransında ATƏT DTİHB-in seçkiləri
müşahidə missiyasının rəhbəri Tana de
Zulueta qeyd etmişdir ki, Azərbaycan ATƏT-in üzv ölkəsi
kimi üzərinə götürdüyü öhdəliklərə
uyğun olaraq, DTİHB-ni seçkilərə müşahidəçi
qismində dəvət etmişdir.
Bildirilmişdir
ki, Bakıda çalışacaq missiya 12 beynəlxalq ekspertdən
və ölkənin müxtəlif regionlarına göndəriləcək
30 uzunmüddətli müşahidəçidən ibarətdir.
Ekspertlər və müşahidəçilər 22 üzv
ölkədən cəlb olunmuşlar. O demişdir: "Bizim
işimiz seçkiləri müşahidə etməkdir. Zərurət
yaranan hallarda vəziyyəti yaxşılaşdırmaq
üçün lazımi tövsiyələrimizi də verə
bilərik".
Tana de Zulueta
vurğulamışdır ki, missiya prezident seçkilərinin
ATƏT qarşısında götürülən öhdəliklərə
və demokratik seçkilər üzrə digər beynəlxalq
standartlara, həmçinin yerli qanunvericiliyə
uyğunluğunu qiymətləndirəcəkdir. Müşahidəçilər
namizədlərin qeydiyyat prosesini, seçki
kampaniyasını, seçki orqanları və müvafiq
qurumların işini, seçki qanunvericiliyini və onun
icrasını, media mühitini və daxil olan şikayətlərə
baxılması prosesini yaxından izləyəcəklər.
Diqqətə
çatdırılmışdır ki, bu müddət ərzində
missiya müvafiq dövlət qurumları və siyasi partiyalar,
namizədlər, vətəndaş cəmiyyəti, media və
beynəlxalq təşkilatların nümayəndələri
ilə görüşlər keçirəcəkdir. Səsvermə
günündə missiyanın nümayəndələri
seçki məntəqələrinin açılmasını,
sesvermə prosesini, səslərin hesablanması və
protokollaşdırılmasını müşahidə edəcəklər.
İlkin
müşahidələr və rəylər üzrə bəyanatın
seçkidən bir gün sonra veriləcəyini deyən Tana
de Zulueta bildirmişdir ki, seçki prosesinin müşahidəsinin
tam nəticələrini özündə əks etdirən
yekun hesabat seçkinin başa çatmasından təxminən
iki ay sonra dərc olunacaqdır.
Sonda jurnalistləri maraqlandıran suallar
cavablandırılmışdır.
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 6.